525.Az

Aİİ-də çəkişmələr: Belarus-Rusiya münasibətlərinin ziddiyyətli məqamları


 

Aİİ-də çəkişmələr: <b style="color:red">Belarus-Rusiya münasibətlərinin ziddiyyətli məqamları</b>

Belarus prezidenti A.Lukaşenkonun fevralın 3-də keçirdiyi mətbuat konfransında Moskvanın ünvanına söylədiyi fikirlər ciddi rezonans doğurub.

İki qardaş ölkə arasında problemlərmi yaranıb? Onlar nə dərəcədə ciddidir? Bu kimi sualları ekspertlər analiz edirlər. Belarus və Rusiya mütəxəssisləri baş verənlərin mahiyyəti ilə bağlı fərqli tezislər ifadə edirlər. Ancaq onların hamısı bir şeydə yekdildirlər ki, Moskva-Minsk xəttində gərginlik meydana gəlib. A.Lukaşenkonun irəli sürdüyü ittihamlar real faktlara əsaslanır. Moskva da öz arqumentlərini ortaya qoyur. Bununla da Aİİ daxilində müəyyən fikir ayrılığının olduğu haqqında nəticə çıxarmaq olar. Bu prosesin dərinləşməsi təhlükəsi mövcuddurmu? Ekspertlər bu suala cavab axtarır, fərqli proqnozlar verirlər. Ancaq ümumilikdə qeyri-müəyyənliyin aradan qaldırılması yolu barədə danışan yoxdur.

"Batka"nın iradları: Minsk-Moskva xəttinin çətinlikləri

Belarus prezidenti Aleksandr Lukaşenko bu ilin fevralın 3-də keçirdiyi mətbuat konfransında söylədikləri ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) gələcəyi ilə bağlı xeyli sualların əsasını qoyub. O, jurnalistlərlə görüşündə daha çox Rusiya-Belarus münasibətlərindəki problemlərə toxunub, lakin faktların birbaşa Aİİ-dəki vəziyyətə aid olduğunu görmək çətin deyil (bax: Евразийский союз споткнулся на Лукашенко / "Свободная пресса", 4 fevral 2017).

Maraqlıdır ki, Belarusun dövlət başçısı iki ölkə arasında münasibətlərin kəskinləşdiyini açıqca vurğulayıb. Hətta onun izahını belə verib: "Kəskinləşmə (Rusiya ilə münasibətlərdə – Newtimes.az) ona görə baş verir ki, Rusiya Belarusun Qərbə doğru gedə biləcəyindən ehtiyatlanır" (bax: Лукашенко: Россия испугалась, что Белоруссия уйдет на Запад / "Expert Online", 3 fevral 2017).

Bunları ciddi qarşılayan hər iki ölkə ekspertləri dərhal reaksiya veriblər. Qiymətləndirmələr fərqlidir. Məsələn, Belarusun özündə bir sıra ekspertlər A.Lukaşenkonun konkret, ədalətli və real danışdığını vurğulayırsa, digərləri əksini söyləyirlər (bax: məs., Оголтелая Батьковщина / "Lenta.ru", 7 fevral 2017). Lakin bütün hallarda hər kəs iki qardaş dövlət arasında müəyyən problemlərin və hətta anlaşılmazlıqların mövcud olduğunu qəbul edir. Aİİ-nin geosiyasi taleyi də məhz bu müstəvidə müəyyən suallar yaradır.

Belarus prezidenti, əslində, keçirdiyi mətbuat konfransında problemlərdən konkret danışıb. Onlar əsasən iqtisadi-ticari sahəni əhatə etsə də, eyni zamanda, başqa sferalarda da müşahidə olunur. Belarus Aİİ-yə daxil olandan A.Lukaşenkonun dediyinə görə, 15 milyard dollar ziyana düşüb. Aİİ-nin ticarət dövriyyəsində Belarusun payı 2015-ci ildə 40%, 2016-cı ildə isə 18% azalıb (bax: Евразийский союз споткнулся на Лукашенко / "Свободная пресса", 4 fevral 2017).

Bundan başqa, A.Lukaşenko vurğulayır ki, Moskva onlara 24 milyon ton neft verəcəyini vəd etmişdi, lakin bu rəqəm bir qədər sonra 18-ə, indi isə 12-yə enib. Qaz satışında da fikir ayrılığı var. Rusiyanın qaza tələb etdiyi qiymət Minski razı salmır. Bununla bağlı hətta iki ölkə arasında məhkəmə çəkişməsi də meydana çıxa bilər. Belarus tərəfi Rusiyanın ona güzəşt etməli olduğunu bəyan edir, Moskva isə artıq kiməsə güzəştə getmək imkanının olmadığından danışır (bax: Из-за чего Александр Лукашенко ссорится с Россией / "РБК", 3 fevral 2017).

Bunların fonunda Belarus iqtisadiyyatının vəziyyəti getdikcə daha da ağırlaşır. 2015-ci və 2016-cı illərdə ölkənin Ümumi Daxili Məhsulunun həcmi aşağı düşüb – müvafiq olaraq 3,8% və 2,6% (bax: əvvəlki mənbəyə). Büdcədə maliyyə çatışmazlığı hiss olunur, müxtəlif sferalarda inkişaf müşahidə edilmir. İnsanların həyat səviyyəsi yüksəlmir. Təbii ki, belə bir vəziyyət cəmiyyətdə narazılığı artırır. Bir sıra ekspertə görə, A.Lukaşenko məhz sosial narazılığı başqa istiqamətə yönəltmək üçün Rusiya məsələsini ortaya atıb.

Kremlin yeni qadağaları: Aİİ-nin çatları artır

Bunun belə olub-olmadığını demək çətindir, ancaq meydana çıxan yeni faktlar proseslərin kökünün daha dərində olduğuna işarə verir. Bu ilin yanvar ayında Minsk 80 ölkə ilə vizasız rejim tətbiq etmək barədə sənəd qəbul edib. Onların sırasında ABŞ və digər Qərb ölkələri də var. Yeni qaydaya əsasən, xarici ölkə vətəndaşları 5 gün müddətində vizasız qala bilərlər. Moskva buna etiraz edir. Ayrıca Federal Təhlükəsiz Xidməti (FTX) ölkənin Belarus ilə sərhəd bölgələrində gediş-gəlişə nəzarəti gücləndirib. Bundan sonra Rusiya Belarusdan gələn xarici ölkə vətəndaşlarından əlavə sənəd tələb edəcək. Həmin qayda Belarus və Rusiya vətəndaşlarına aid deyil.

Aleksandr Lukaşenko həmin qaydaya da etirazını bildirib. Hətta FTX-nin şefi Aleksandr Bortnikovu tənqid atəşinə tutub. Minsk hesab edir ki, 5 günlük vizasız rejim heç bir təhlükə törətmir. Onun əsas məqsədi Belarusa turist axınını artırmaqdan ibarətdir. Belarus rəhbərliyi bununla Moskvaya əməkdaşlığın elə də müsbət nəticə vermədiyi mesajını çatdırır.

Bütün bunların fonunda ekspertlər Aİİ-də ziddiyyətlərin daha da artdığı nəticəsini çıxarırlar. RF hökuməti nəzdindəki Maliyyə İnstitutunun dekanı A.Şatilova görə, Aİİ-də iqtisadi sahədə müəyyən durğunluq vardır. Ancaq bunun səbəbi məmurların pis işləməsi ilə bağlı deyil, əsas olaraq qanunvericilik təkmilləşdirilməyib. Məsələn, Rusiya-Ukrayna münasibətlərində qeyri-müəyyənlik çoxdur. Bu da təbii ki, bütün Aİİ məkanına təsir göstərir, ilk növbədə bunu Belarus öz üzərində hiss edir (bax: Евразийский союз споткнулся на Лукашенко / "Свободная пресса", 4 fevral 2017).

Mövcud vəziyyətə Qərbin geosiyasi məqsədləri də öz təsirini göstərməkdədir. O cümlədən Ukraynanı Aİİ-dən məhz Avropa uzaqlaşdırdı. Çünki Kiyev də bu quruma daxil olsaydı, 250 milyonluq əhali ilə beynəlxalq aləmə yeni bir güc çıxacaqdı. Bunun qarşısı alındı. Həmin aspektdən baxdıqda, demək olar ki, Belarus məsələsinin məzmunu Ukraynanın seçəcəyi geosiyasi xətdən asılı olacaq. Ukrayna Aİİ-yə daxil olsa, A.Lukaşenkonun bütün iradları sona yetəcək.

Lakin başqa mövqedə olan ekspertlər də vardır. Onlar hesab edirlər ki, mahiyyətcə, Aİİ bir qurum olaraq daxilən ziddiyyətlidir. Quruma daxil olan ölkələrin fərqli maraqları vardır. Ermənistan və Qırğızıstanın iqtisadi sistemi olduqca zəifdir. Təşkilatın başqa analoji qurumlarla rəqabət aparmaq imkanı çox azdır.

Aİİ-nin belə bir vəziyyətdə olması Belarusun iradlarının yalnız Ukrayna məsələsi ilə əlaqəli olmadığını göstərir. Bundan başqa, ekspertlər onu da vurğulayırlar ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev də bir zamanlar Aİİ-dəki ticarətdən ziyana düşdüklərindən danışmışdı. Deməli, qurumun daxili qanunlarında boşluqlar mövcuddur. Onların necə aradan qaldırılması məsələsi isə hələ aydın deyil. Onda Belarus-Rusiya münasibətlərini konkret şəxslərə bağlamaq reallığı əks etdirmir.

Burada geosiyasi reallıqları da nəzərə almaq lazımdır. Qərbin Rusiyaya təzyiqləri artır. Sanksiyalar azalmır. Paralel olaraq, Avropa Belarusla əlaqələrə ciddi fikir verir. Xüsusilə Ukrayna məsələsi ilə bağlı Minskə böyük diqqət yetirilir. Təbii ki, Aİİ-dən ala bilmədiklərini Minsk başqa təşkilatların hesabına kompensasiya etməyi düşünə bilər.

Digər tərəfdən, Moskva Minsklə münasibətlərində bəzən sanksiya dilindən də istifadə edir. Fevralın 8-də "Rosselxoznadzor" Belarusdan ət məhsullarının gətirilməsinə qadağa qoyub. Səbəb kimi, həmin məhsulların Aİİ-nin müəyyənləşdirdiyi meyarlara cavab verməməsi göstərirlir. A.Lukaşenko isə Rusiyanın bu qurumunun başçısı Sergey Dankvertə qarşı ciddi ittihamlar irəli sürür, hətta onun dövlətə vurduğu ziyana görə həbs olunmasını da tələb edir (bax: Москва ударила Лукашенко "по мясу" / "Свободная пресса", 9 fevral 2017).

Baş verən proseslərin fonunda Belarus və Rusiya prezidentlərinin fevralın 9-a təyin edilmiş görüşünün təxirə salınmasını ekspertlər gərginliyin davam etməsi əlaməti sayırlar. Görünür, doğrudan da problemlər dərinləşir və onları aradan qaldırmaq üçün daha ciddi cəhdlərə ehtiyac yaranır. Bütün hallarda Aİİ-nin taleyi sanki qeyri-müəyyənliyə bürünüb. Bu vəziyyətdən təşkilatın necə çıxacağı aydın deyil. Qısa desək, Aİİ ciddi çəkişmələr məkanına çevrilməkdədir.

Newtimes.az

 





18.02.2017    çap et  çap et