525.Az

Dövlətqaçqınkom köçkünlərlə bağlı fərmana dəyişiklik haqda məlumat yaydı


 

“PREZİDENTİN İMZALADIĞI FƏRMAN MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL MÜDAFİƏSİNƏ İSTİQAMƏTLƏNMİŞ YENİ BİR ADDIMDIR”

Dövlətqaçqınkom köçkünlərlə bağlı fərmana dəyişiklik haqda məlumat yaydı<b style="color:red"></b>

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 fevral tarixli Fərmanı ilə əlaqədar olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkə Prezidentinin imzaladığı bu fərman məcburi köçkünlərin sosial müdafiəsinə istiqamətlənmiş yeni bir addımdır: “Sözügedən fərmanda müəyyən dəyişiklik edilməsi aidiyyəti dövlət qurumlarına əvvəlcədən məlum idi və bu barədə ölkə prezidenti məlumatlandırılmışdı. Məlum idi ki, təbii qazla təmin olunmayan yataqxanalar, tikintisi yarımçıq qalmış binalar, pansionatlar və digər obyektlərdə sayğacların quraşdırılması texniki və istismar baxımından mümkün deyil. Buna görə də ölkə prezidenti tərəfindən hələ keçən ilin dekabr ayında Dövlətqaçqınkoma, kommunal xidmət təşkilatlarına, yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinə tapşırıq verilmişdi ki, belə obyektlərdə 2017-ci ilin yanvar ayı ərzində məcburi köçkünlərin adambaşına elektrik sərfiyyatı üzrə monitorinq aparılsın. Bununla əlaqədar olaraq Dövlətqaçqınkom, kommunal xidmət təşkilatları və aidiyyəti icra hakimiyyətləri ilə birlikdə monitorinq aparıldı və təbii qazla təmin olunmayan obyektlərdə adambaşına 1 ay ərzində istifadə olunan elektrik enerjisinin hazırkı dövr üçün real sərfiyyatı müəyyənləşdirildi. Həmin monitorinqin nəticələri barədə ölkə prezidenti İlham Əliyevə məlumat verildi”.

Həmçinin, məlumatda qeyd olunub ki, fevralın 14-də imzalanan fərmanın 1.1-ci bəndində fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx, kompakt müvəqqəti məskunlaşma yerlərində ( yataqxana, pansionat və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar cari ilin yanvarın 1-dək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatlarına ödəniləcək: “Bunun üçün yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri, kommunal xidmət təşkilatları göstərilən obyektlərdə faktiki yaşayan məcburi köçkünlərin adlı siyahılarını təcili olaraq Dövlətqaçqınkoma təqdim etməlidirlər.

Fərmanın 1.2-ci bəndinə uyğun olaraq fərdi qaydada təbii qazla təmin olunmayan sıx, kompakt müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq cari ilin fevralın 1-dən dövlət hesabına mərkəzləşmiş qaydada “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, su ilə bağlı ödənişlər isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ödəniləcək”.

Əlavə olaraq bildirilib ki, həm fərdi qaydada sayğaclar quraşdırılması mümkün olmayan, həm də təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkünlərə ayda 20 manat həcmində müavinət ödəniləcək.

Ceyhun ABASOV

 





18.02.2017    çap et  çap et