525.Az

Cəza siyasətinin humanistləşdirilməsi qarşıya qoyulan əsas vəzifədir


 

YENİ YARADILACAQ ƏDLİYYƏ NAZİRLİYİNİN PROBASİYA XİDMƏTİ PENİTENSİAR XİDMƏTDƏN FƏRQLİ OLARAQ, ŞƏRTİ VƏ ALTERNATİV CƏZALARIN ÇƏKİLMƏSİNƏ NƏZARƏTİ HƏYATA KEÇİRƏCƏK

Cəza siyasətinin humanistləşdirilməsi qarşıya qoyulan əsas vəzifədir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, fevralın 10-da prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb.

Sənədə əsasən, həyata keçiriləcək tədbirlərdən biri penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi istiqamətində olacaq. Eyni zamanda, Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılacaq. Xidmətin başlıca vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasıdır.

Həmçinin, sərəncama uyğun olaraq cəzaların icrası və qət-imkan tədbirlərinin tətbiqi zamanı elektron nəzarət vasitələri tətbiq olunacaq. Bundan başqa, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın qanuna uyğun şəkildə çəkilməsi, məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması təmin ediləcək. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrasında korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması üçün ciddi tədbirlər görüləcək. Bunlarla yanaşı, penitensiar xidmətin kadr korpusunun təkmilləşdirilməsi, bu sahəyə peşəkar kadrların cəlb olunmasının təmin edilməsi nəzərdə tutulub. Habelə, penitensiar müəssisələrin etibarlı mühafizəsi təşkil ediləcək, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən həbs qərarının verilməsində qanunvericiliyin tələblərinə ciddi əməl olunması təmin olunacaq, şəxsi cəmiyyətdən təcrid etmədən alternativ cəza tədbirlərinin tətbiqi genişləndiriləcək.

Cəza siyasətinin humanistləşdirilməsi qarşıya qoyulan əsas vəzifədir. Cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəzaların tətbiqinin genişləndirilməsi, mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, cinayətin ictimai təhlükəliliyi amilinə diqqət artırılması: maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan cəza tədbirinin tətbiq edilməsi, azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək. Eyni zamanda, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi, şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması nəzərdə tutulub.

Məsələ ilə bağlı fikirlərini bildirən Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərov qeyd edib ki, dünyada və regionda ölkələrin inkişafına neqativ təsirə malik faktorların mövcudluğuna baxmayaraq, respublikamızın dayanıqlı tərəqqisi prezident İlham Əliyevin həyata keçirdiyi müdrik dövlət siyasətinin, hərtərəfli və genişmiqyaslı mühüm islahatların nəticəsində mümkün olub. O, AZƏRTAC-a bildirib ki, təsadüfi deyil ki, bu islahatlar ölkə həyatının bütün sahələrini, dövlət idarəetməsini, hüquq sistemini, normativ tənzimetməni və sair məsələləri əhatə etməklə daha intensiv şəkildə həyata keçirilir: “Azərbaycan prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı vaxtında qəbul edilmiş, mühüm məsələləri əhatə etməklə onların həlli yollarını müəyyənləşdirən proqram xarakterli çox aktual bir sənəd olmaqla, ölkədə ardıcıl həyata keçirilən sistemli hüquqi islahatların növbəti mərhələsinin əsasını qoyub. Sərəncamın məzmunundan və mahiyyətindən də göründüyü kimi bu mühüm sənədin əhəmiyyəti qeyd olunanlarla məhdudlaşmır. Sərəncam ölkənin hüquq sistemin müasir dövrün ən yüksək tələbləri səviyyəsində yenilənməsinin və təkmilləşdirilməsinin strateji istiqamətlərini müəyyən edən, bu sahədə yol xəritəsi əhəmiyyətinə malik dövlət sənədidir. Burada dövlətimizin həyata keçirdiyi sosialyönümlü siyasətə tam uyğun olaraq insan və vətəndaşın əmin-amanlığına və mənafeyinə xüsusi önəm verilir”. N.Əsgərov deyib ki, sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması, yəni, cinayət hesab edilməyərək həmin əməlləri törədən şəxslər barədə daha yüngül məsuliyyət növlərinin tətbiqi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutur: “Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olan bu sərəncamın əsas tələbi ondan ibarətdir ki, cinayət təqibi və cəzaların icrası prosesində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan vasitələrindən daha çox istifadə edilməklə həbslə bağlı tədbirlərin tətbiqi məhdudlaşdırılsın. Sərəncamda nəzərdə tutulan bir sıra mühüm məsələlər prokurorluq orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olduğundan qarşımızda çox ciddi vəzifələr müəyyən edilib”.

Baş prokurorun müavini onu da qeyd edib ki, bu mühüm əhəmiyyətə malik dövlət sənədinin bütün tələblərinin tam və dəqiq icrasının təmin olunması istiqamətində intensiv tədbirlərin həyata keçirilməsi davam etdirilir.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova isə qeyd edib ki, prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı məhkumların hüquqlarının qorunması istiqamətində atılan humanist addımdır. O, “Trend”ə bildirib ki, dövlət başçısının bu addımı, həmçinin insan hüquqlarının qorunması üçün nümunəvi təşəbbüsdür: “Bu prosesdə az ağır cinayət törədən şəxslərin həbs yox, ictimai işlərə cəlb edilməsi alqışlanmalıdır. Yəni, təqsirləndirilən şəxs az ağır cinayət törədibsə, niyə həbs olunmalıdır?”

İ.Cavadova hesab edir ki, prezidentin sərəncamından sonra bu proses təkmilləşdiriləcək və bu sahədəki problemlər aradan qaldırılacaq.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Azay Quliyev isə qeyd edib ki,  Azərbaycan prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı Azərbaycanın hüquq sistemində yeni bir yanaşmanın əsasını qoyub.

A.Quliyev qeyd edib ki, cəza siyasətinin humanistləşdirilməsi bu sahədə bir inkişaf mərhələsi olacaq: “Mən bunu çox yüksək qiymətləndirirəm. Birinci növbədə onu qeyd etmək lazımdır ki, azadlıqdan məhrumetmə cəzasına alternativ cəzalar müəyyənləşdiriləcək. Bu o deməkdir ki, əgər indiyə qədər hər hansı bir cinayətə görə mütləq azadlıqdan məhrumetmə cəzası tətbiq olunurdusa, indi buna alternativ cəza düşünüləcək. Bu, şərti cəza və ya digər alternativ cəzalar ola bilər. İkinci məsələ ondan ibarətdir ki, həbs qət-imkan tədbirlərinə də müəyyən alternativ tədbirlər nəzərdə tutulacaq. Elə cinayətlər var ki, onlarla bağlı dərhal həbs qət-imkan tədbiri görülür. İndi isə məsələn, girov müqabilində həbs qət-imkan tədbirinin dəyişdirilməsi, yaxud ev dustaqlığının verilməsi kimi alternativ cəzaların tətbiqi üzərində işləniləcək”.

Deputatın sözlərinə görə, prezident İlham Əliyev öz sərəncamı ilə Milli Məclisə tövsiyə edib və aidiyyəti qurumlara tapşırıqlar verib ki, Azərbaycan qanunvericiliyinə yeniliklər gətirilsin, ümumiyyətlə, yeni qanun layihələri işlənib hazırlansın: “Həmin qanun layihələri ilə xüsusilə ictimai təhlükə törətməyən cinayətlərin, o cümlədən, iqtisadi cinayətlərin dekriminallaşdırılması həyata keçirilməlidir. Yəni, hər hansı iqtisadi cinayətə görə əvvəllər azadlıqdan məhrumetmə cəzası tətbiq olunurdusa, indi artıq buna alternativ düşünüləcək. Digər mühüm məqamlardan biri budur ki, Azərbaycanda yeni bir xidmət yaranacaq - Ədliyyə Nazirliyinin Probasiya Xidməti. Penitensiar Xidmətdən fərqli olaraq, bu xidmət şərti və alternativ cəzaların çəkilməsinə nəzarəti həyata keçirəcək. Göründüyü kimi, bunun da müəyyən mexanizmləri hazırlanıb”.

A.Quliyev vurğulayıb ki, ən mühüm dəyişikliklərdən biri də ilk dəfə olaraq Azərbaycanda istintaq altında olan şəxslərə elektron nəzarət sisteminin tətbiqi olacaq: “Belə təcrübə bir çox ölkələrdə var. Bu, müxtəlif texniki vasitələrin köməyi ilə həmin şəxslərin rahatlıqla nəzarətdə saxlanmasına imkan verəcək”.

Deputat əlavə edib ki, bütövlükdə Azərbaycanda cəzaların humanistləşdirilməsi Azərbaycan dövlətinin və prezidentinin humanist siyasətinin uğurlu davamıdır: “Bu, cəmiyyətdə ictimai barışa, sülh və əmin-amanlığa, vətəndaş və dövlət arasında münasibətlərin inkişafına böyük töhfə verməyə, hər hansı bir səbəbdən cinayət, xüsusilə böyük ictimai təhlükə törətməyən cinayət işləmiş şəxslərin cəmiyyətdən təcrid olunmasını minimuma endirməyə imkan verəcək. Əfv Komissiyasının üzvü kimi deyə bilərəm ki, bu, bütövlükdə Azərbaycanda məhkumluq həyatı yaşamış vətəndaşların gələcəkdə belə bir səhv etmədən, normal həyata qovuşaraq fəaliyyətini davam etdirməsi üçün yeni bir stimul yaradacaq. Bütün bunlar Azərbaycan dövlətinin humanist siyasətinin təntənəsi olacaq”.

Ceyhun ABASOV

 





18.02.2017    çap et  çap et