525.Az

İkinci şəhərimiz özünün MDB-nin Mədəniyyət Paytaxtı statusunun icrasına başlayır


 

İL ƏRZİNDƏ GƏNCƏDƏ KEÇİRİLƏCƏK TƏDBİRLƏR MÜZAKİRƏ EDİLDİ

İkinci şəhərimiz özünün MDB-nin Mədəniyyət Paytaxtı statusunun icrasına başlayır<b style="color:red"></b>

Məlum olduğu kimi, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının Qırğızıstanın paytaxtı Bişkekdə ötən il sentyabr ayının 16-da keçirilən zirvə görüşündə Azərbaycan Respublikasının Gəncə şəhəri 2017-ci ii üçün MDB-nin Mədəniyyət Paytaxtı elan olunub.

Bu şərəfli statusa yiyələnməsi ilə bağlı respublikamızın ikinci şəhərinin ictimai-mədəni həyatında cari il ərzində baş verəcək yeniliklər və təşkil olunacaq tədbirlər ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə olunub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilməsinin Azərbaycanı, o cümlədən Gəncəni təmsil etmək, tarixi mədəni irsimizin, maddi və mənəvi dəyərlərimizin təbliği baxımından çox mühüm hadisə olduğunu bildirib. Keçiriləcək tədbirlər zamanın mədəni həyatımızın, ədəbiyyatımızın, elmimizin, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinin təqdim  edilməsinin vacibliyini vurğulayan şəhər rəhbəri qeyd edib ki, bütün bu işlərin yüksək  səviyyədə görülməsi baxımından Gəncə ictimaiyyətinin üzərinə böyük məsuliyyət düşür.

Toplantıda Gəncənin Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı layihəsinin açılış mərasiminin martın 18-də baş tutacağı qərara alınıb.

Hazırlıq işlərinə dair birinci iclasda həmçinin, 107 nəfər üzvdən ibarət Qərargah da yaradılıb, keçiriləcək 30-a yaxın tədbirə aid konkret tapşırıqlar verilib. “Gəncə - MDB-nin Mədəniyyət Paytaxtı -2017” layihəsinin loqosu üzrə təqdim edilmiş eskizlərin ən yaxşısı bir neçə gündən sonra keçiriləcək ikinci iclasda müəyyənləşdiriləcək.

Zakir MURADOV
Gəncə

 





18.02.2017    çap et  çap et