525.Az

“Sevdim səni” eşq haqqında qiymətli söz çələngidir” - Fotoreportaj


 

“KİTABEVİM.AZ”DA PƏRVİNİN YENİ KİTABININ İMZA GÜNÜ OLUB

“Sevdim səni” eşq haqqında qiymətli söz çələngidir” - <b style="color:red">Fotoreportaj</b>

Yazıçı Pərvinin bu yaxınlarda çapdan çıxmış “Sevdim səni” kitabının daha bir təqdimatı və imza mərasimi 14 fevralda “Kitabevim.az”da keçirildi.

Mərasimdə tanınmış ədəbiyyat adamları, eləcə də xeyli sayda kitabsevər, Pərvinin yaradıcılığını diqqətlə izləyən insanlar iştirak edirdilər...

Pərvin oxucular üçün, demək olar, ara vermədən kitab imzalayır. Ancaq, sözsüz ki, sona qədər belə davam edə bilməz. Çünki onun oxucuları, həmçinin tədbirə qatılanlar sırasında tanınmış imzalar, qələm adamları var. Onların isə, əlbəttə, deməyə sözləri, bölüşməyə fikirləri var. Bu səbəbdən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid imza gününə toplaşanları elə oradaca yığcam bir müzakirəyə dəvət edir. Öz çıxışında bildirir ki, unudulmaz eşq şeirlərindən antologiya çap etmək təkcə ölkəmizdə deyil, xarici ölkələrdə də yayğındır: “Ümumən, yazarların sevdiyi şeirlərdən antologiya hazırlamağı bizlərə tanışdır. Bunun nümunələri çoxdur. Azərbaycanda da son illər bu ənənə yayılmağa başlayıb. Pərvinin kitabında seçdiyi şeirlər və onlara yazılmış esselər, təəssüratlar yer alıb. Sevginin ən müxtəlif halları bu esselərdə əks olunub. Kitabda, İzzəddin Həsənoğludan tutmuş Sabir Rüstəmxanlıya, Ramiz Rövşənə, İlqar Fəhminin yaradıcılığına qədər, poeziyamızın onlarla seçmə nümunəsinə yer verilib. Hər bir şeirin ovqatına uyğun xüsusi yozum, yazıçı yanaşması da əlavə olunur. Bu isə, əlbəttə, asan deyil. O mənada kitabı Pərvinin bir yazıçı kimi növbəti uğuru hesab etmək olar”.

Söz Xalq şairi Sabir Rüstəmxanlıya verilir. O, Pərvinin intellekti və mütaliəsindən söz açır: “Pərvini mən ilk Gənc Ədiblər Məktəbindən tanımışam. Sonradan mətbuatdan yazılarını izləmişəm. Pərvinin dünyası, vətəndaşlıq mövqeyi, ədəbi yanaşmaları ona görə sevilir ki, onlarda bir Azərbaycan qadınının ruhu hiss olunur”.

S. Rüstəmxanlı “Sevdim səni”nin məzmunu barədə deyir: “Sevgi o dərəcə unikal, qeyri-adidir ki, haqqında bir ömür yazmaq mümkündür. Əlbəttə, burda şəxsi həyati elementlər də önəmlidir. Ayrılıqlar yaşamaq, həsrət çəkmək, sevmək-sevilmək və bütün bu yaşantıları qələmə almaq. Amma bunları qısa bir zamanda ortaya qoymaq bir az da təcrübə istəyir. Anadilli şeirimizin bütöv tarixini əhatə etmək, geniş spektiri canlandırmaq, onları mənalandırmaq və bunları böyük enerjiylə yazmaq son dərəcə böyük yaradıcı güc, bacarıq tələb edir. Məncə, Pərvin Azərbaycan poeziyası haqda zərif bir dastan yaradıb”.

Oxucular arasında qızların çox olması S. Rüstəmxanlının gözündən qaçmır: “Mən baxıram ki, Pərvindən imza almaq üçün sıraya düzülənlərin çoxu qızlardır. Bu, onu göstərir ki, xanımlarımız, qızlarımız daha çox oxuyurlar. Mədəni mühitimizdə qadınların rolu artıb”.

Şair əlavə edir ki, ailələlərimizdə vətən sevgisinin, yurd sevgisinin aşılanması ən çox anaların üzərinə düşür: “Azərbaycan mətbuatında bu gün çox istedadlı gənc xanımların nəsli, silsiləsi var. Şübhəsiz, onların ən istedadlılarından, öncüllərindən biri Pərvindir”.

Şair Elçin Mirzəbəyli kitaba daxil edilən şeirlərin müəllifin yüksək zövqündən xəbər verdiyini dedi: “Azərbaycan ədəbiyyatında bu gün qadın imzalar daha parlaq görünür. Doğrusu, buna çox böyük ehtiyac da var. Hesab edirəm ki, qadın sevgi duyğularını daha dolğun, dərin şəkildə hiss etdirməyi bacarır. Onlar parladıqca, üzə çıxdıqca poeziyamızda sevginin mahiyyəti də dərinləşir. Esse janrı xeyli çətindi. Xüsusi yaradıcı potensial, fərdi yanaşma tələb edir. Pərvinin üstünlüyü də elə budur. Onun müraciət etdiyi nümunələr həm də yüksək zövqünün ifadəsidir”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu cür görüşlərin əhəmiyyətini vurğulayır: “Biz insanlara kitabı sevdirməliyik. Bunun üçünsə müəyyən addımlar atmalıyıq. Kitab mağazalarının açılması, ədəbi görüşlərin, təqdimatların tez-tez keçirilməsi vacibdir, beləliklə kitablar həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Pərvinin bugünkü qaynar, maraqlı imza mərasimi də bu anlamda nümunəvidir”.

Publisist Zemfira Məhərrəmli də fikirlərini bölüşür: “Belə mərasimləri görəndə içimdə bir rahatlıq yaranır ki, kitaba məhəbbət artmaqdadır. Son dövrdə müxtəlif proseslər, əsasən də internet bizi kitablardan uzaq salıb. Daha çox da gənc nəsli. Ancaq bu tədbir həmin vəziyyətin əksini göstərir. Bu gün biz Pərvin xanımın yaradıcılığının, mənəviyyatının işığına  yığışmışıq. Çox şadam ki, jurnalistikamızda və ədəbiyyatımızda Pərvin xanım kimi ciddi qələm sahibləri var. Pərvin mənim gənc həmkarımdır. Onun yazıları ilə daim maraqlanmışam. Pərvinin Anar müəllim haqda kitabı başda olmaqla bütün kitabları məndə maraq doğurub. Ancaq bu kitabı xüsusi bir hadisədir. “Sevdim səni” məhəbbət, eşq haqqında qiymətli bir söz çələngidir”.

Professor Cahangir Məmmədli deyir ki, kitab müqəddəsdir, o cümlədən, istedadlı müəllif də: “Pərvin də mənim müqəddəs yazıçılarımdandır. Ona “Pərvinim” - deyirəm, “Yazıçım” - deyirəm. Çünki yazdıqları mənim qəlbimdən xəbər verir, ruhumu oxşayır. Pərvini çoxdan kəşf etmişəm. “Anar dünyası” kitabıyla tanış olandan sonra isə onu bir ədəbiyyatşünas, tənqidçi kimi də tanıdım. Ədəbiyyatın bütün sahələrində onu uğurlu imza kimi görmək olar və bu məni çox sevindirir”.

Naşir və alim Şəmil Sadiq Pərvinin kitabına olan rəğbət və marağın yüksək olduğunu, bunun həm də çağdaş Azərbaycan kitabçılığı baxımından önəm daşıdığını bildirir.

İmza günündə “Sevdim səni” kitabına böyük maraq olduğu özünü həm də bununla göstərdi ki, qısa bir vaxtda nəşrin bütün nüsxələri alındı.

Müşfiq ŞÜKÜRLÜ

 





18.02.2017    çap et  çap et