525.Az

Əkbər Qoşalı: “Eşqin, ədəbin, istedadın uyuşmursa, yazmamalısan...”


 

SUALLARIMIZI TANINMIŞ ŞAİR, DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ MƏSLƏHƏT ŞURASININ BAŞQANI ƏKBƏR QOŞALI CAVABLANDIRIR

Əkbər Qoşalı: “Eşqin, ədəbin, istedadın uyuşmursa, yazmamalısan...”<b style="color:red"></b>

- Əkbər müəllim, 2016-cı il sizin üçün daha çox nə ilə yadda qaldı?

- 2016-cı ildə atamı itirdim - bilmirəm, bundan əlavə nəsə deməyin anlamı varmı?.. 

Doğrudan da, bu sözdən sonra duruxuram. Amma nəsə demək lazımdı axı... Başsağlığı verməyi bacarmır, kədərli söhbətlərdə ilk musiqi dərsində “mi bemol major”la qarşılaşan yeniyetmə kimi oluram. Köməyimə yenə müsahibim çatır... Bir neçə qırıq cümlədən sonra müsahibəyə davam edirik.

- Son zamanlar, deyəsən, yaradıcılığa az vaxt ayırırsız. Yeni şeirlər gözə dəymir.

- Baxır, yaradıcılıq deyəndə nəyi nəzərdə tutursan. Konkret olaraq, şeir, hekayə yazmaqdan danışırıqsa, məhsuldar olmadığım aşkardır... Ancaq yaradıcılıq prosesindən kənarda deyiləm. Əgər bir ədəbi qurumun məsləhət şurasının başqanı kimi az qala hər gün müxtəlif suallara cavab arayır, problemlərlə uğraşır, müəyyən uğurlara imza atır, ədəbiyyat “təsərrüfatı”mızı canlandırmağa çalışır, o cümlədən, antologiyalar hazırlayırıqsa, vaxt elə yenə yaradıcılığındır... Bu anlamda, yaradıcılıq prosesindən arda qalan zamanımız azdır... Bax, həmin o arda qalan zaman da fərdi yaradıcılıq üçün olmalıydı, əslində... Bəlkə də, rəhmətlik Fikrət Sadıq demiş, əslində əslində əslində deyil...

- Məsləhət Şurasının başqanı olduğunuz DGTYB-nin xətti ilə keçən il “Qəlbdəki və qələmdəki Qarabağ”, Türk Dünyası gənc yazarlarının Bakı Toplantısı və əsərlərindən ibarət antologiyanın nəşri, "Yeni tatar şeiri antologiyası"nın çapı, Türk Dünyasının mədəniyyət paytaxtı Şəkidə görüş kimi bir neçə layihə gerçəkləşdirib, tədbirlər keçirdiniz...

- Bəli, gücümüz çatanlardan vaxt, enerji əsirgəməmişik. “Qəlbdəki və qələmdəki Qarabağ”ın mahiyyəti adından bəllidir - elə o biri layihələrimizin, tədbirlərimizin də adı mahiyyətini nişan verir... Bilirsiz, ayaqda qalmağı bacarmalıyıq. Bir ictimai qurum necə ayaqda durur - təşəbbüslərlə çıxış edərək, o təşəbbüsləri ideyaya çevirərək, ideyaları layihələndirərək və layihələri icra edərək; başqa sözlə desək, hər hansı ictimai problemə yaradıcı yanaşıb, ondan iş çıxararaq. Bir sözlə, arasıkəsilmədən çalışaraq. Büdcədən maliyyələşməyən qurumlar könüllülük prinsipi ilə işlədiyi üçün hər işimizin davamlılığını düşünmək zorundayıq. Əlbəttə, bu zorunluluq inzibati xarakter daşımır, bizi kimsə məcbur etmir, biz könüllülərimizlə, birliyin seçkili orqanları və fəalları ilə yolumuzla irəliləyirik. Üstəlik, yaradıcı şəxsləri birləşdirən, özü də gənc yazarların cəm olduğu birlik olmaq etibarı ilə yenilikçi olmasaq, fərqliliklərə imza atmasaq, gənclərin istəklərinə, gələcəyə baxışlarına biganə qalsaq, eləcə də nəsil dəyişimi olmasa, DGTYB olaraq bu məqama çata bilməzdik... Dediyin layihələr, qarşımıza qoyduğumuz vəzifələr yalnız arzuların, həvəsin deyil, işə məsuliyyətli yanaşmağın  ifadəsidir.

Bəzən dostlar “Könüllülərlə peşəkarların iş birliyi” mövzusunda soruşurlar, deyirəm, “könüllülüy”ün kökündə könül durur - hətta “könül vurur” deyərdim... Yaradıcı şəxslərin birliyində peşəkar da könlünü dinləmirsə, yaxud iş könlüncə deyilsə, nəticə əldə etmək çətin olar. Könüllü də öz könlü, işə həvəsli yanaşmasını peşəkarların təcrübəsi ilə uzlaşdıra bilirsə, iş tamamdır...  Uğur əldə edə bilməyən QHT-lərimiz zəif yönlərini məhz belə anlayışı yarada bilib-bilməmələrində aramalıdır...

- Əkbər müəllim, söhbətimizin bu yerində sual etmək istərdim: Bəs Azərbaycan ədəbiyyatının ən zəif yönü hansıdır, sizcə?

- Təklikdə götürsək, birində zəif gördüyümüz yönlər, başqasında olmaya bilər, yaxud birinin uğurlu yönləri çoxlarına aid edilməyə bilər və sairə. İstər yaşlı, orta, istərsə də gənc nəsildən güclü şair və nasirlərimizin varlığı mübahisə mövzusu deyil. Mübahisə mövzusu etirafla bağlı ola bilər...

Ədəbiyyatımızda isə müxtəlif dillərə tərcümə, xarici tədbirlərdə təmsilçilik, ölkə daxilində verilən ödüllərə təqdimat, büdcədən maliyyələşən ədəbi orqanlarda çap edilmə intensivliyi və sairə - bu sahədə layiqliliyin və ədalətliliyin prinsipial şəkildə qorunması özünə diqqət tələb etməkdədir, deyə düşünürəm.

- Son iki ildə Nobel mükafatını təqdim edən İsveç Kral Akademiyası Ədəbiyyat üzrə nominasiyada tamamilə gözlənilməz qərarlar qəbul edir. Ödülü 2015-ci ildə publisist, 2016-cı ildə rokçu alıb. Fikirləriniz maraqlıdır.

- Yəqin bu səfər də rəssama verərlər (gülür). Bilmirəm, “gözlənilməz” demək, üstəlik də “tamamilə gözlənilməz” demək nə qədər doğrudur... Kiminçünsə gözlənilməzdirsə də, ödülün yeni sahibini müəyyənləşdirənlər üçün düşünülmüş yanaşmadır. Üstəlik, alternativsizlik olanda belə “qeyri-səlis” qərarlarla rastlaşmaq təbiidir. Bu onların qərarıdır; əgər “Nobel” səviyyəsində başqa mükafat olsaydı, rəqabət olardı, qərarverənlər də təbii olaraq daha məsuliyyətli davranardı.

Məsələnin başqa tərəfi isə yaxşı əsəri publisistin, ya rokçun yazması deyil axı...

Mənə qalsa, İsveç Kral Akademiyasının daha öncəki bir sıra seçimləri də mübahisələndirilə bilər və qıraqda qalan xeyli yazıçının, şairin adı çəkilə bilər ki, laureatlardan gücsüz deyillər...  Bu, Tanrı seçimi deyil ki, qüsursuz ola, bəndə seçimində qüsur olması təbiidir...  

- “Necə yazmalı?” sualına çoxlu cavablar var, bəs necə yazmamalı?

- Necə yazmamalı? - öz soy-kökünə sayğısızca yazmamamlı, hardan gəldiyini, hara getdiyini bilmədən yazmamalı; kiməsə bənzəməkçün, kiminsə ikincisi olaraq yazmamalı; öz könlünü səmimi şəkildə qələmə-kağıza danışa bilmirsənsə yazmamalı; eşqin, ədəbin, istedadın uyuşmursa, yazmamalısan... Ancaq kim öz ayranına turş deyər, bu sözlərə birinci alqış deyənlər bu “tələb”ləri ödəməyənlər olacaq, bəlkə... Bu iki sual “medalın iki üzü” kimidir... Birinə verilən cavab, o birini də cavablamış olur.

- “Literaturşina məsələsi” barədə siz nə düşünürsüz?

- Ustadlar ustadı Nizami demiş, “... artıq içiləndə dərd verir su da...” - “Bir inci saflığı varsa da” sözdə, onunla da gərəyincə uğraşmaq lazımdır. Hər şey ədəbiyyat üçün deyil, həyat ancaq ədəbiyyatdan ibarət deyil. Ən qiymətli işə də gərəyindən artıq vaxt ayırdıqda adam “quruçanaqçılıq” etmiş olur... Uzun sözün qısası, ədəbiyyatçılar özlərini toplumun ən ali təbəqəsi sayıb, dikbaş gəzməməlidir - başları dik olsun, yetər... Başqa sənət, peşə sahələri arasında sağlam rəqabət də, söz güləşdirmə də olub, olacaq - bunu da problemə çevirməyə ehtiyac yoxdur...

- Türkçülük ideologiyasının tərəfdarısız. Sizcə, bu, bir növ “ari irq” məsələsinə bağlanmır?

- Amerika əsilli meksikalı yazar Gene Matlokun “Ey insanlar, hamınız türksünüz!” adlı əsəri var - 2015-ci ildə bizim dilə də çevirilərək, nəşr edilib. Qısaca deyim, əsərdə türklərin, meksikalıların, hind xalqlarının ortaq mədəniyyəti, dili və dini olduğu tutarlı faktlarla sübuta yetirilib; bu üç xalqın (soyun) qədim dilindəki sözlərin qaynağından yola çıxaraq Tanrının yerə göndərdiyi ən saf millətin türklər olduğunu, onlara verilən ilahi güc və işıq vasitəsilə dünyanın saflaşdırıldığını ilginc şəkildə təqdim edib. Kitabın azərbaycancaya çevrilməsinin təşəbbüsçüsü və redaktoru dosent Şəmil Sadiqdir. Soyumuzu “ari irq” adlandırmağımızdansa, belə müəllifləri, belə əsərləri üzə çıxarmağımız, yaymağımız özü türkçülüyə daha yaxşı xidmət deyilmi?!

- Bütün millətlərin tarixi “inkişaf və çöküş” arasında cərəyan edir. Türkün tarixi hara doğru gedir?

- Dirçəlişə - yenidən doğuluşa doğru gedir.

- Turançılıq ideyası ətrafında birləşmək, möhkəmlənmək üçün hansı təklifləriniz var?

- Turançılıq türklərin alın yazısıdır. Bu gün turançılıq türk ölkə, topluluqlarının ən əsas problemlərini zəruri ardıcıllıqla çözməkdir. Məncə, birinci yerdə Qarabağ adı ilə kodlaşdırılmış Ermənistan və havadarlarının Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsdi, düşmənin elan olunmamış savaşı, bu savaşın acı nəticələrinin aradan qaldırılması gəlir. Hər türk respublikasının öz torpağında güclənməsi əsas şərtlərdəndir. Türkologiya elmi yeni üfüqlər qazanmalıdır. Türk Xanədanının İslam dinini qəbul etməsində Çin faktoru; Osmanlı sarayında, osmanlıcada farscanın gərək olduğundan daha yüksək mövqe qazanmasının qeyri-obyektiv səbəbləri; ərəb və fars dillərinə keçmiş türk sözləri (ərəbləşdikdən, farslaşdıqdan sonra yad söz kimi yenidən dilimizə qayıdan doğma sözlərimiz); Çin və Vatikan qaynaqlarında türkcə yazılı abidələrimiz; İslamın Qafqaza gəlişindən sonra yeni dini qəbul etməmiş türk mənşəli əhalinin aqibəti və sairə yeni yanaşmalarla tədqiq edilməlidir.

- Əkbər müəllim, yenə ədəbiyyata qayıdaq, yazmağa çəkindiyiniz mövzu olubmu, varsa nədir?

- Bilirsiz, mənli-mənsiz, belə çəkingənliklər, yazmaq istədiyinin ictimai məzmun daşıyıb-daşımaması, ictimai fikrə xeyir yerinə ziyan yükləyə biləcəyi ilə bağlı olur. Zamanı gəlməmiş sözü, fikri ictimailəşdirməkdənsə, hər sözün öz zamanını, hər zamanın öz sözünü dəyərləndirmək daha düzgündür. Ancaq o söz ki illah deyilməlidir, o sözü ki məndən daha yaxşı, daha tutarlı yazan yoxdur və bundan toplumumuza, xalqımıza ziyan gəlməz, onu yazmaqdan başqa yol yoxdur...

- Gənc qələm sahibləri haqqında nə fikirdəsiz? Kimləri oxuyur, kimləri təqdir edirsiz?

- Müxtəlif janr, mövzu izləyən cavanlarımız var. Çoxu elə DGTYB-də birləşib. Üzə demək olmasın, biri sənin özün, eləcə də, Tural Turan, Tural İrfan, Turan Teymur, Gülsadə, İntiqam Yaşar, Taleh Mansur, Zamir Erkin, Savadsız Arzuman, Könül Səid, Yeqzar Cəfərli, Elmin Nuri, Ülkər Piri, Şəfa Vəli; Türkiyədə Talat Özər, Zeynəb Tək, Xədicə Üzgül, Özbəkistanda Şohista və Mahfuza Artuk(ova) bacıları, Muhammədəmin Tuxli, Sevinc Norqobil, Qazaxıstanda Erkinbek Serikbay, Tanagöz İlyass, Makpal Mısa, Bahıtgül Babaş, Davren Berikkacıoğlu; Qırğız Respublikasında Altınbek İsmail, Kaliça Jakup, Narsuluu Qurqubay; Tatarıstanda Lenar Şeyx, Rifat Salah, Fanil Gilaji, Bulat İbrahim, Alsu Nurqatina, Alyona Kərim, Aydar Camal, Daniya Nağimullina, Fidail Məjit, Gülnaz Vəli, Rüzəl Mühəmmədşin, Yıldız Minnullina, Başqurditsanda Aygiz Baymuxammet, Makedoniyada Mehmet Arif, Qaqauz Elində Alla Büük,  Moskvada Nilufər Şıxlı (Abdulla) və başqaları istedadları ilə seçilirlər - bu yeni nəsil aydınlarından yalnız ədəbi deyil, elmi çalışmalarda da uğur qazananların olması könül xoşluğu yaradır.

 





18.02.2017    çap et  çap et