525.Az

IV Beynəlxalq Multikulturalizm qış məktəbinin yekunları ilə bağlı mətbuat konfransı


 

IV Beynəlxalq Multikulturalizm qış məktəbinin yekunları ilə bağlı mətbuat konfransı <b style="color:red"></b>

Fevralın 19-da IV Beynəlxalq Multikulturalizm qış məktəbinin yekunları ilə bağlı mətbuat konfransı təşkil edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri, qurumun baş məsləhətçisi Sevinc Mürvətqızı bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətə başladığı 3 ilə yaxın müddət ərzində çoxsaylı əhəmiyyətli layihələr gerçəkləşdirir:

“Mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamı kimi həyata keçirilir. Tədris layihəsi çərçivəsində dünyanın 15 və ölkəmizin 40 qabaqcıl universitetində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri olaraq öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə əyani şəkildə görmələrinə imkan yaratmaqdır.

Beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq sevgiyə çevrilməkdədir. Bu sevginin təzahürüdür ki, III Beynəlxalq multikulturalizm məktəbində “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu yarandı və hazırda 200-dən artıq üzvü ilə fəaliyyət göstərir. Klubun üzvlərinin timsalında artıq xaricdə Azərbaycanı sevən, haqq işini dəstəkləyən lobbi formalaşıb, yeni əməkdaşlıqlar və dostluqlar yaranıb. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, “İndi dünyada Azərbaycanın həqiqətlərini ölkəmizin dostları müdafiə edir”.

13-20 fevral 2017-ci il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” devizi altında Bakı şəhəri və Şəki, Oğuz, Qəbələ, Qax rayonlarında IV Beynəlxalq Multikulturalizm qış məktəbi təşkil edib.

Qeyd edək ki, IV Beynəlxalq Multikulturalizm qış məktəbində Azərbaycanın ali təhsil müəssisələri ilə yanaşı Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyanın tanınmış universitetlərində təhsil alan tələbələr iştirak edib. IV Beynəlxalq multikulturalizm məktəbində “İslam həmrəyliyi bizə nə verir” mövzusunda geniş video-təqdimat nümayiş etdirilib, yerli mütəxəssislər və xarici alimlərin təqdimatında ölkəmizdəki milli və dini müxtəliflik, islam həmrəyliyinin vacibliyi, Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi, Azərbaycan Respublikasının multikulturalizm siyasəti mövzusunda mühazirələr dinlənilib.

Qış məktəbi ərzində iştirakçılar Azərbaycanın multikultural və çoxkonfessiyalı Şəki, Qax, Qəbələ və Oğuz kimi unikal məkanlarına səfər ediblər, görkəmli dövlət və din xadimləri, eləcə də ölkəmizdə yaşayan müxtəlif dini və etnik icmaların nümayəndələri ilə görüşlər keçiriblər”.

Xatırladaq ki, indiyədək adıçəkilən qurumların təşkilatçılğı ilə 2015-ci il 22 iyul-1 avqust, 2016-cı il 8-15 fevral, 2016-cı il 18-27 iyul tarixlərində də Beynəlxalq multikulturalizm məktəbləri fəaliyyət göstərib.

 





19.02.2017    çap et  çap et