525.Az

Paris - könülü və xəyalı fəth edən şəhər


 

Paris - <b style="color:red">könülü və xəyalı fəth edən şəhər</b>

(Əvvəli ötən şənbə sayımızda)

Paris təkcə küçələrdən ibarət deyildir, həm də çox sayda meydanlar şəhəridir.

Bu meydanların xeyli hissəsi XIX əsrin ikinci yarısında baron Osmanın şəhəri yenidən qurması, planlaşdırması nəticəsində meydana gəlsə də, köhnədən qalanları da vardır. Bunlardan biri Konkord (“Razılıq”) meydanıdır. Bu meydan 1775-ci ildə yeni kral XVI Luinin şərəfinə yaradılmışdı, orada kralın at üstündəki heykəli qoyulmuşdu. 14 il sonra baş verən Böyük Fransa inqilabı dövründə heykəl dağıdıldı, onun yerində isə Terror illərində doktor Giyetenin bir neçə il əvvəl icad  etdiyi edam aləti - ölüm silahı olan gilyotina quruldu. Gilyotina bir sıra tanınmış xadimlərin həyatına son qoydu. Burada 1793-cü ildə kral XVI Lui, onun arvadı Mariya-Antuanetta, 1794-cü ildə inqilabın görkəmli rəhbərləri Jorj Danton və Maksimilian Robespyer edam edildilər. Robespyerdən bir qədər əvvəl böyük kimyaçı alim Antuan Loran Lavuazyenin də boynu burada vurulmuşdu. 1793-1794-cü illərdə davam edən Terror vaxtı inqilab artıq düşmənləri ilə yanaşı, Kronos kimi öz övladlarını da udurdu. Robespyer tərəfindən təqib edilən Dantona xilas olmaq naminə mühacirət etməyi məsləhət görən dostlarına demişdi ki, vətənin torpağını ayaqqabının altındakı tozla birlikdə aparmaq mümkün deyildir. O, vətənini tərk etmədi və edam edildi. Belə deyirlər ki, edama aparılarkən yol üstündə onun qətlinin təşəbbüsçüsü olan Robespyeri gördükdə ona qışqırmışdı ki, tezliklə o dünyada səninlə görüşərik. Onun öncəgörməsi düz çıxdı, az sonra, 1794-cü ilin iyulunda Maksimilian Robespyerin də gilyotina bıçağı ilə başı kəsildi.

Sonralar meydan keçmişin ziddiyyətlərini yaddan çıxarmaq məqsədilə Razılıq meydanı adlandırıldı. İndi bu meydan nə kral heykəlinə malikdir, nə də edam məkanıdır. Meydanda Misirin Luksor məbədindən gətirilmiş obelisk ucalır. Bir tərəfdə isə müşahidə çarxı qurulmuşdur.

Vandom meydanı isə orada ucaldılan Romadakı Trayan sütununu andıran Vandom sütunu ilə məşhurdur. 1805-ci ildə Austerlitsdə heyrətamiz qələbə çalan Napoleon öz qələbələri şərəfinə düşmən qoşunlarından qənimət götürülmüş topları əritdirərək, onların metalından sütun ucaltdırmışdı. Minnətdar fransızlar sonralar dahi hərb xadimini şərəfləndirmək üçün sütunun başında Napoleonun heykəlini quraşdırmışdılar. Sütun və heykəl metaldan olduqlarından, oksidləşmə onları açıq-göyə çalan rəngə salmışdır.

Kaputsin bulvarı isə mənə Klod Monenin “Parisdəki Kaputsin qadınlarının bulvarı” tablosundan tanış idi. Rəssam küçədəki binaları, ağacları, gəzişən adamları realistcəsinə təsvir etmişdir. Buranı qadınların bulvarı adlandırmaq da təsadüfi deyildir. Parisin müasir qadınları, cavanlığından və yaşlılığından asılı olmayaraq, kosmetikaya o qədər də meyl göstərmirlər, daha doğrusu onun əsirlərinə çevrilmirlər. Sifətində kosmetik əməliyyat aparılmış qadınlara da rast gəlmək çətindir, deyəsən, onlar süni cavanlaşma qayğısına qalmırlar və ya onun bəd nəticələrinə görə bu ağılsız təcrübədən uzaqlaşmışlar. Qadınlardan söhbət düşmüşkən, fransızların onların barəsində dedikləri bir zərb-məsəli azacıq dəyişərək demək istəyirsən ki, hər şəhərin özünə məxsus şarmı, lətafəti vardırsa, Parisin belə lətafətləri onlarla, yüzlərlədir. Luvrdakı məşhur incilərdən birinin adından istifadə etsək, Parisi “Avropanın füsunkarlıq fatehi” adlandırmaq olar. Buradakı qadınlar da köhnə ənənəyə sadiq qalaraq öz lətafətlərini qoruyub saxlayırlar.

Paris heyranlıq mənbəyi olan qadınların və onlarla ünsiyyətə can atan kişilərin arı pətəyinə bənzəyir. Bu şəhər həm də əsl incəsənət mərkəzidir.Səfər dostlarımızdan biri Opera binasının- Qrand Operanın gözəlliyinə valeh olduğundan, onu hər dəfə görəndə az qala uşaq sevinci keçirirdi.  Baron Osman şəhəri yenidən quranda 1852-ci ildə indiki Osman bulvarının Opera avenyusuilə kəsişdiyi meydanda yeni Opera evi tikildi. Bu, görkəmli arxitektor Şarl Qarnyenin layihəsi əsasında yeni Barokko üslubunda inşa edilmiş əzəmətli bir binadır. Qrand Opera İkinci İmperiyanın ən məşhur abidəsi hesab olunur. Qədim yunan mifologiyasına görə, Piqmalion mərmərdən Qalateya adlandırdığı qızın gözəl heykəlini yaratmış və sonra ona vurulmuşdu. Öz xahişi ilə ilahə Afrodita ona nəfəs verib canlandırmış və Piqmalion Qalateyaya evlənmişdi. Qarnye də öz yaratdığı binaya beləcə vurulmuşdu, axı bu möhtəşəm məbədə vurulmağa dəyər. Arxitektor yaratdığı möcüzəni hər cür təsirlərdən, əlavələrdən qorumağa çalışırdı. Binanın ətrafında  küçədə ağacların əkilməsinə icazə verməmişdi ki, ağacların kölgəsi binanın gözəlliyini ört-basdır edə bilər. Təsadüfi deyildir ki, Qrand Opera təkcə Parisdə deyil, dünyada ən böyük teatr binası kimi tanınır.

Fransız baletmeysteri Marius Petipa rus baletinə yeni nəfəs vermiş, onun gələcək şöhrətinin əsasını qoymuşdu. Bir çox məşhur rus baletlərinə o, quruluş vermişdi. Ruslar bunu cavabsız qoymadılar. Artıq Parisdə yaşayan Sergey Dyaqilev 1911-ci ildə burada Rus balet truppasını təşkil etdi və 18 il ərzində Fransada baletin inkişafı naminə böyük xidmətlər göstərdi. İki ölkənin mədəniyyət sahəsindəki qarşılıqlı əməkdaşlığı olduqca yaxşı bəhrələr verdi.

 Paris incəsənət mərkəzi olmaqla yanaşı, həmçinin əsrlər ərzində inqilablar məskəni kimi şöhrət tapmışdır. Şəhərdə kütləvi zorakılıqların baş verməsi faktları vardır, son illərdə isə islam radikalistləri paytaxtda terror hadisələri törədirlər. Lakin bu xoşagəlməz hallar Parisin mülayim ovqatına xələl gətirə bilmir.

Parisi bəzəyən cəhətlərdən biri elə Sena çayının özüdür. Axı şəhərin əsası çayı şimaldan cənuba yarıb keçən yolun üstündəki adada qoyulmuşdur. Əslində isə Senanı cazibədar edən onun şəhər daxilindəki hissəsidir, kənarda isə o adi bir çaydır. Fransız filosofu Blez Paskal demişkən, “Budaq anlamağa qadir deyildir ki, o yalnız ağacın bir hissəsidir”. Sena da öz şərəfinə görə məhz Parisə borcludur.

Şəhərlə münasibətini heç vurğulamadan da belə, Sena Parisə fəsadlar da bəxş etmişdir. 1910-cı ildə çayın daşması şəhərə böyük ziyan vurmuşdu. Yarım əsr sonra Florensiya şəhərinin içərisindən axan Arno çayı da daşarkən özünü daha təhlükəli aparmışdır. Senanın üzərində 32 körpü vardır, onların bir çoxu gözəldir, şəhərə yaraşıq verir. Onların içərisində gözəlliyinə, heykəllərlə bəzədildiyinə görə III Aleksandr körpüsü seçilir. Körpünün bünövrə daşını onun oğlu, gənc Rusiya çarı II Nikolay 1897-ci ildə qoymuşdur. Üç il sonra metal körpünün tikintisi başa çatmışdır. Digər biri isə “Yeni körpü” adlanmaqla, onun tikintisi 1604-cü ildə, kral IV Henrinin hökmranlığı dövründə yekunlaşmışdı. Körpüdə şəhərlilər gəzməyə çıxarmışlar. Onun möhkəmliyi isə zərb-məsələ çevrilmişdir, parislilər indiyədək “Yeni körpü kimi möhkəm” ifadəsini işlədirlər. IV Henri nəcib kral hesab edilsə də, taxt-taca çıxması çətinliklərlə üzləşmiş, həyatını da qətlə yetirilməklə başa vurmuşdur. Kral III Henri 1789-cu ildə öldürüldükdən sonra IV Henri taxt-taca yiyələnsə də, onu beş il ərzində Parisə buraxmamışdılar. Parisə daxil olmaq üçün o, huqenotluqdan yenidən katolikliyə qayıtmış, “Paris messaya dəyər” sözləri ilə şəhərə girmişdi. Messa katolik kilsəsinin baş ibadətidir, bazar günlərində keçirilir.

Əvvəllər Henri Navarralı adlanan IV Henri iki dəfə evlənmişdi, əvvəlcə II Henrinin və Yekaterina Mediçinin qızı olan Marqaritaya (o, həm də kraliça Marqo kimi tanınır, Aleksandr Düma-ata bir romanını onun bu adı ilə adlandırmışdı) evlənmişdi, onların toyu 1572-ci ilin avqustundakı qırğınlarla əlamətdar olan Varfolomey gecəsinə təsadüf etmişdi. Onların nikahını sonralar Roma papası ləğv etmişdi. 1600-cü ildə isə o, Yekaterina Mediçinin qohumu Mariya Mediçiyə evlənmiş, onların altı uşağı olmuşdu. IV Henri sonrakı varisləri kimi məşuqələrdən də xali deyildi. Bir məşuqəsinin Parisi tərk etməsi onu ehtiyatlılığını unutmağa sövq etdi və bir fanatik tərəfindən karetasında qətlə yetirildi.

(Ardı var)

 





20.02.2017    çap et  çap et