525.Az

Sülh adamı


 

Sülh adamı<b style="color:red"></b>

Bu həftə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müsəlmanları Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə Bakıda toplaşdı. İştirakçılar Azərbaycan və postsovet məkanı üçün vacib hesab edilən “sülh və sabitlik” mövzusu ətrafında fikir mübadiləsi apardılar. Konfrans QMİ və onun rəhbəri Hacı Allahşükür Paşazadənin region üçün əhəmiyyət kəsb edən və həssas mövzu ilə bağlı keçirdiyi ilk toplantı deyil. Belə ki, regionda sülhün bərqərar olması məsələsi Dağlıq Qarabağ münaqişəsi başladığı vaxtdan qurum və şəxsən onun üçün prioritet mövzu olub. Artıq uzun illərdir ki, Şeyx bu mühüm missiyanı öz rütbəsinə uyğun, səlahiyyəti çərçivəsində yerinə yetirir.

Beynəlxalq konfranslarda, eləcə də dini liderlər və dövlət başçıları ilə görüşlərdə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıran Hacı A.Paşazadə bölgədə sülhün möhkəmləndirilməsində hər dəfə yeni-yeni təşəbbüslərlə çıxış edir. Ermənistanın dini rəhbəri ilə dəfələrlə danışıqlar aparması da buna sübutdur. Danışıqlarda işğal altındakı Azərbaycan torpaqlarında ermənilərin mədəni-dini abidələri dağıtmasını önə çəkir. Bu yaxınlarda bütün Qafqazın Şeyxi ermənilərin Şuşa və İrəvan məscidlərini dağıdaraq heyvanxanaya çevirmələrinə etirazını bir daha kəskin şəkildə bildirib. İnsanlığa, həmçinin heç bir dövlət qanunlarına sığmayan bu hərəkətlərin qətiyyətlə pislənildiyi Şeyxin xəbərdarlıq məktubu erməni dini liderinə çatdırılıb.

A.Paşazadənin fəaliyyəti dini sahədə problemlərin həlli sahəsindəki çalışmalarla bitmir, ölkənin ictimai-siyasi həyatına da töhfəsini vermək üçün mümkün vasitələrdən maksimum istifadə edir. O, qanlı tariximizlə bağlı, xüsusən də 20 Yanvar faciəsinin, Xocalı və 31 Mart soyqırımları ilə əlaqədar hər il dünya ölkələri rəhbərlərini, parlamentlərini, beynəlxalq təşkilatları erməni vəhşiliklərinə hüquqi qiymət verməyə çağırır.

Xatırlatmaq yerinə düşər ki, 20 Yanvar faciəsi baş verdiyi dönəmdə xalqını tək qoymayan Hacı A.Paşazadə şəhidlərimizin torpağa tapşırılmasında yaxından iştirak edib və onların dualarını şəxsən özü oxuyub. Qanlı faciədən sonra da Şeyx çaşqın və matəm içində olan Azərbaycan xalqını tək qoymadı, hətta qısa müddətə olsa da, başsız qalmış xalqa rəhbərlik etməklə onu əlavə gözlənilməz təhlükələrdən qorudu.

Azərbaycanla yanaşı Şeyx, bütün Qafqazda sabitliyin hökm sürməsinə çalışır. 20 il əvvəl Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıgeyin din xadimləri tərəfindən yekdilliklə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilən Qazqafın dini lideri, Çeçenistan və İnquşetiyada qızğın döyüşlər getdiyi bir vaxtda dinc əhalinin müdafiəsinə qalxdı. O, qan tökülməsinin, eləcə də silahlı radikal qüvvələrin dinc əhaliyə qarşı yönəlmiş əməllərinin, çeçen xalqının məhv edilməsinin qarşısını almaq istiqamətində fəal və səmərəli, eyni zamanda tarixi rol oynadı.

A.Paşazadə İraq, Fələstin, Livan və münaqişə aparılan digər müsəlman ölkələrində də hərbi təcavüzə qarşı etiraz səsini ucaldıb və bu yolundan bir addım da geri çəkilməyib. Döyüş gedən ərazilərdə, xüsusilə, İraqdakı müqəddəs ziyarətgahların qorunması üçün dəfələrlə beynəlxalq təşkilatlara, dövlətlərə müraciət edib. Onun səyləri və nəzarəti nəticəsində Azərbaycan vətəndaşları hər il rahat şəkildə müqəddəs torpaqları Həcc, Ümrə, habelə, digər ziyarətgahları maneəsiz və heç bir təhlükə yaşamadan, rahat şəkildə ziyarət edirlər.

Bütün varlığı ilə Həcc ziyarətinə getməyi arzulayan, amma maddi imkanı məhdud insanların istəyinin reallaşmasına da Şeyxülislam həmişə həssaslıqla yanaşıb. Bilavasitə onun yaxından köməyi sayəsində neçə-neçə jurnalistə də müqəddəs torpaqları ziyarət etmək qismət olub. Bu cür xeyirxah və savab əməllər onun çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir.

Bütün Qafqazın Şeyxinin əməyini, sülhsevər missiyasını əksər xalqlar və dövlətlər yüksək qiymətləndiriblər. Bunun nəticəsidir ki, o, bir çox dini və beynəlxalq təşkilatlara həmsədr və üzv seçilib. Onların arasında Ümumdünya İslam Konqresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, “Vicdana çağırış” Beynəlxalq Fondu, Katolik-Pravoslav məzhəblərarası əlaqələr Komissiyası, İordaniya İslam Mədəniyyəti Kral Akademiyası, Beynəlxalq Fiqh Akademiyası, YUNESKO yanında yaradılan din xadimlərinin məşvərət qrupu və s.var. A.Paşazadə MDB-nin Dinlərarası Şurasının həmsədri, qurumun müsəlman Məşvərət Şurasının sədridir.

Şeyxin təbii ki, Azərbaycanda xüsusi çəkisi, nüfuzu var. O, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan Respublikası Prezidenti yanında Əfv və Ali Attestasiya Komissiyalarının Ekspertlər Şurasının üzvüdür. Onadək kitabın elmi redaktoru, bir çox məqalələrin müəllifidir. “Şeyxülislam ordeni”nin və Bakı İslam İnstitutunun təsisçisi A.Paşazadə ölkə rəhbərliyi və dünya dövlətləri tərəfindən 30-a yaxın medal, onlarla mükafatla təltif edilib, haqqında kitablar yazılıb, filmlər çəkilib.

Beynəlxalq konfranslarda xristian və digər icmaların rəhbərləri Azərbaycanda dövlət – din münasibətləri sahəsində, etiqad azadlıqlarının təminatı, dini icmaların sərbəst fəaliyyəti, milli azlıqların dinc şəraitdə yaşaması istiqamətində əldə olunmuş uğurlarda Şeyxin əməyinə yüksək qiymət verirlər. Roma Papası II İohan Pavel, Moskva və bütün Rusiya Patriarxı,  II Aleksi və digər dini xadimlər, eləcə də nəhəng dövlətlərin başçıları Şeyxin təkcə öz bölgəsinə deyil, bütün dünya xalqlarına dəstək və köməyini xüsusi vurğulayıblar.

Son dövrlər dünyada dini tolerantlıq zəminində problemlər yaşanır, amma Azərbaycanda vəziyyət fərqlidir. Bizdə bu sahədə mövcud durum bir çox məsələlərdə dünyaya öz sözünü diktə edən nüfuzlu dövlətlər üçün nümunədir və bu, onların özləri tərəfindən də etiraf edilir. Regiondakı gərginliyə baxmayaraq, Azərbaycanda dini zəmində heç bir münaqişə baş qaldırmayıb. Bu işdə dövlətin yürütdüyü uğurlu daxili və xarici siyasətlə yanaşı, Hacı A.Paşazadənin də rolu danılmazdır. Ölkə, “din dövlətdən ayrıdır” prinsipi ilə addımlasa da, QMİ-i həmişə dövlətin mənafeyini qorumağa çalışır. Bunun da nəticəsində respublikada dini sahədə vəziyyət daim sabitdir.

Azərbaycanda tolerantlığın daha da möhkəmləndirilməsi sahəsində çoxsaylı işlər görülür, milli azlıqlara, başqa dinlərə mənsub vətəndaşlara münasibətə görə ölkə artıq dünyada multikulturalizm məkanı kimi tanınır. Bu səbəbdəndir ki, bir çox mühüm dini konfrans və forumlar rahat şəkildə məhz Azərbaycanda keçirilir.

Azərbaycanda bütün dinlərin nümayəndələrinin öz dini ayinlərini azad şəkildə icra etməsi nümunəvi tolerantlıq modelidir. İslam dininə məhəbbəti aşılayan, onu olduğu kimi sevdirməyə və bu sevgini digər insanlara ötürməyi öyrətməyə çalışan A.Paşazadə Aşura günündə vətəndaşların savab qazanmalarının təşəbbüskarıdır. Onun sayəsində artıq neçə ildir həmin gün, simvolik qan çıxarılması ayininin mahiyyətini saxlamaq şərtilə, qan xəstəliklərindən əziyyət çəkən insanların, xüsusən də, talassemiyalı uşaqların ehtiyaclarının ödənilməsi məqsədilə qanvermə aksiyaları təşkil edilir.

Uzun illər sülh və sabitlik uğrunda işgüzar və səmərəli fəaliyyəti nəticəsidə Hacı A.Paşazadə Qafqaz müsəlmanlarının XI qurultayında ömürlük Şeyxülislam seçilib. Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin onun haqqında dediyi sözləri xatırlamaq yerinə düşür: “Şeyxülislam Allahşükür Paşazadə təkcə Azərbaycanda və ümumən Qafqazda deyil, bütün beynəlxalq aləmdə geniş tanınan, çağdaş dünyamızın nüfuzlu din xadimləri və dövlət adamları tərəfindən ehtiramla qəbul edilən, böyük hörmətə və nüfuza sahib olan şəxsiyyətdir”.

Tofiq VƏZİROĞLU

 





19.04.2013    çap et  çap et