525.Az

Qafqazşünaslıq elminə dəyərli yeniliklər gətirən alimlə müsahibə


 

Qafqazşünaslıq elminə dəyərli yeniliklər gətirən alimlə <b style="color:red">müsahibə</b>

Müsahibim BDU-nun “Qafqaz xalqlarının tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycanın Əməkdar müəllimi İradə Mehtiqulu qızı Hüseynovadır. 

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspertlər Şurasının, Rusiya Federasiyası Pedaqoji Akademiyasının və Nyu-York Akademiyasının həqiqi üzvü, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetində YAP Qadınlar Şurasının sədridir. 2002 – 2011-ci illərdə  Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan–Belarus və Azərbaycan–Moskva şəhəri arasında hökumətlərarası komissiyalarının üzvüdür.

“Azərbaycan bayrağı” və “Qızıl qələm” mükafatlarına layiq görülüb. “Sokrat” mükafatını alan  ilk azərbaycanlı qadın alimdir. 2007-ci ildə Avropa Komissiyası TEMPUS Fərdi səfərlər qrantının qalibi, 160-dan çox elmi əsərlərin,  monoqrafiyaların və dərsliklərin müəllifidir.

– İradə xanım, Siz Ümummilli liderimiz  Heydər Əliyev irsinin tədqiqatçısı kimi tanınır və bu sahədə ilk  doktorluq dissertasiyası müdafiə edən alimsiz . Təbii ki, H. Əliyev elə tarixi şəxsiyyətlərdəndir ki, haqqında bundan sonra da neçə-neçə elmi, siyasi, bədii əsərlər yaranacaq. Bu sahədə  Sizin apardığınız elmi tədqiqatlar Azərbaycanın bu günü və gələcək tarixi üçün ən samballı əsərlər hesab edilə bilər. Azərbaycan xalqı tarix boyu bəşəriyyətə böyük dühalar bəxş edib. Görkəmli şəxsiyyətlər sırasında Heydər Əliyev zirvəsini bir vətəndaş kimi necə səciyyələndirərdiz?

– Mən Ümummilli lider Heydər Əliyev irsinin tədqiqatçısı olan alim, eyni zamanda Azərbaycanın sıravi vətəndaşı olaraq qətiyyətlə deyirəm, – XVI əsrdə Azərbaycanı vahid  dövlət kimi dünya siyasətində tanıdan Şah İsmayıl Xətainin davamçısı Heydər Əliyevi XX əsrdə Azərbaycan dövlətinin banisi və qurucusu hesab edirəm. Onun  xalq, tarix qarşısında xidmətlərindən biri də  parçalanmaqda olan Azərbaycanın dövlətçiliyini bərpa etdi, müstəqilliyimizi qoruyub saxlaya bildi. Bu gün ölkə boyu vüsət alan quruculuq işləri, sivil, demokratik, müstəqil AZƏRBAYCAN  Heydər Əliyev dühasının şah əsəridir. Bu baxımdan Müstəqil Azərbaycan Respublikasının keçdiyi qısa tarixi yolu dərindən dərk etmək və gələcək perspektivləri müəyyənləşdirmək üçün Heydər Əliyevin dövlət idarəçiliyi işinin elmi cəhətdən araşdırılması və geniş ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə apardığım tədqiqatlar, gördüyüm işlər göz qabağındadır. Nəticələr məni qane etməklə, eyni zamanda daha fundamental əsərlərə imza atmağa səfərbər edir. Heydər Əliyev ideyalarına xidmət etmək, dahi şəxsiyyətin irsini tədqiq və təbliğ etmək həyatımın başlıca məqsədidir.

– Siz qafqazşünaslıq sahəsində  bir sıra fundamental elmi araşdırmaların müəllifisiz.  Vaxtilə “Qafqaz evi” yaradılması ideyası ətrafında gərgin mübahisələr, elmi  diskussiyalar, siyasi müzakirələr aparılırdı. Qafqazşünaslıq elmində bu ideyanın irəli sürülməsində  və formalaşmasında  Ümummilli liderin fəaliyyəti hansı yeri tutur?

– Bütün tarixi reallıqları, zəmanəmizin gerçəkliklərini, çağdaş dünyada baş verən qlobal və regional hadisələri düzgün qiymətləndirən Heydər Əliyevin xarici siyasət kursunda “Vətəndə sülh, bölgədə sülh, dünyada sülh” konsepsiyası mühüm yer tutur. Həmin konsepsiya əsasında həyata keçirdiyi qlobal tədbirlər sayəsində Heydər Əliyev “Ümumi Qafqaz evi” ideyasının əsas müəlliflərindən biri, “Ümumqafqaz evinin ağsaqqalı” kimi nəinki Qafqazda, eləcə də dünyada tanınmış və şöhrət qazanmışdır. Geniş oxucu kütləsi və həm də tələbələr üçün nəzərdə tutulmuş bu kitab Cənubi və Şimali Qafqaz xalqlarının XIX əsrin 20–60-cı illərində müstəmləkəçilik əleyhinə, eləcə də  XX əsrin əvvəllərində milli-azadlıq uğrunda apardıqları mübarizənin tarixi köklərinin çox qədimliyindən söhbət açılır. Bütün bu tarixi, sosial-siyasi, iqtisadi və mədəni amillər onu deməyə əsas verir ki, Heydər Əliyev modeli bu gün beynəlxalq aləmi düşündürən, dünyanı narahat edən qlobal problemlərdən biridir. Məncə Azərbaycanda bu istiqamətdə hələ çox işlər görülməlidir.

Bakı Dövlət Universitetində “Qafqaz xalqları tarixi” kafedrasının yaradılmasını Qafqazşünaslıq elminin tədrisi istiqamətində çox vacib bir mərhələ hesab etmək olar. Ümumiyyətlə qafqazşünaslığa dünya miqyasında – Amerikada, Kanadada, Avropa ölkələrində çox böyük önəm verilir, çünki bu gün Qafqaz regionu dünya siyasətində əhəmiyyətli və aparıcı mövqelərə malikdir. Yeraltı, yerüstü sərvətlərinin zənginliyi, Avropa ilə Asiyanın – Qərblə Şərqin birləşdiyi bir məkan olduğundan geostrateji və coğrafi mövqe baxımından da əhəmiyyəti çox böyükdür. Müasir dövrdə artıq bu məsələ gündəmə gəldi. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə  İpək yolunun bərpası ilə bağlı Azərbaycanda bir çox vacib beynəlxalq əhəmiyyətli toplantılar, layihələr həyata keçirildi. TRASEKA proqramının işıq üzü görməsi, qaz  və neft ixracı ilə bağlı böyük proyektlərin reallaşması regionun əhəmiyyətinin yüksəldilməsindən xəbər verir.

Qafqazın tarixinin, mədəniyyətinin öyrənilməsi son dərəcə vacib məsələdir. Azərbaycanda gedən bütün ictimai-siyasi hadisələrin, elmi nailiyyətlərin önündə gedən təhsil ocağı Bakı Dövlət Universiteti  bu istiqamətdə ali məktəblərin flaqmanı olub. Universitetdə Qafqaz xalqları kafedrası təşəkkül tapıb və bu kafedranın nəzdində erməni araşdırmaları laboratoriyası fəaliyyət göstərir. Qafqaz xalqları tarixinin ayrı-ayrı dövrlərinin tədqiqi, ermənilərin Qafqaza köçürülmə xalq olması, onların Azərbaycana qarşı ərazi iddiaları, qonşu dövlətlərə qarşı təcavüzkar siyasəti, tarixi türk torpaqlarının işğalı  kimi məsələlərin obyektiv tədqiq edilməsi bu gün son dərəcə aktualdır. “Qafqaz xalqlarının tarixi” kafedrasının müdiri, alim, pedaqoq olaraq hesab edirəm ki, mənim qarşımda kifayət qədər məsul vəzifələr durur.

– Həyatınızı elmə, tədqiqatlara, pedaqoji fəaliyyətə həsr etmisiz. İndi də Sizin üçün doğma olan Bakı Dövlət Universitetində gənclərin əhatəsindəsiz. Müasir Azərbaycan gəncliyinin düşüncəsi, onların elmə, təhsilə  münasibəti  Sizi qane edirmi?

– Bizdə  istedadlı gənclik formalaşmaqdadır. Sadəcə, onları zəhmətə, elmə, biliyə  həvəsləndirmək,  potensialından səmərəli istifadə etmək, bu günki informasiya bolluğunda düzgün istiqamətləndirmək lazımdır. Tarix boyu hər bir xalq üçün elm, təhsil və mədəniyyət strateji mahiyyət daşıyıb, bu gün də belədir. Bu sahədə ölkədə mühüm işlər görülür, dövlətin  gənclərə qayğısı kifayət qədər yüksəkdir.

Müasir gənclikdə  yüksək qiymətləndirdiyim cəhət sosial sifarişi öncədən təyin etmək, gələcəyə açıq gözlə baxmaq bacarığıdır. Gənclik dünyada gedən prosesləri  kifayət qədər düzgün təhlil edir və bu proseslərə sürətlə qoşulur, inteqrasiya olunur. Heydər Əliyevin gənclər siyasəti bu gün uğurla həyata keçirilir. Mən gələcəyimizə çox nikbin baxıram.

– İradə xanım, ictimai işlərə, elmi yaradıcılığa elə qapanmısız, adama elə gəlir ki, bu xanım özünə, şəxsi həyatına sərf etməyə vaxt tapa bilməz...  Vaxt Sizin üçün nədir?

– Sonuncu sualınızdan başlayaq. Vaxt mənim üçün şürətlə axan dağ çayıdır. Qarşısını ala bilmirsən. Vaxt qəddardır, amansızdır. Biganəliyi, tənbəlliyi, məsuliyyətsizliyi bağışlamır. Eyni zamanda, həyatda bir insan ömrünə ayrılan vaxtı dəyərləndirmək üçün elə bir qiymətli nəsnə yoxdur. Odur ki, ömürdən saymazyana ötüb keçir. Amma zaman vaxtın qiymətini bilənləri, səmərəli fəaliyyət göstərənləri həmişə mükafatlandırır. Ona xalq məhəbbəti, hörmət və ucalıq bəxş edir...(Fikrə gedir).

Bilirsiniz, hesab edirəm ki, mənim üçün yarım əsr hardasa bir həyati hesabat,  keçilən yola  nəzərdir. Düşünürəm  ki, ürəyimdən keçən bir çox arzularım çin olmaq mərhələsindədir. Xarakter etibarilə hər zaman usanmadan işləmişəm, çalışmışam, maneələrə, şərtlərə baxmayaraq inkişafa doğru istiqamətlənmişəm. Bu, yəqin ulu Tanrının mənə bəxş etdiyi  həyat tərzidir. Hesab edirəm bu daha düzgündür.Vay o günə ki, insan dünyaya nə üçün gəldiyinin mahiyyətini anlamasın, ideyasız, süstlük və durğunluq içində yaşasın, həyatda izi olmasın, dünyadan köçəndə yeri görünməsin.

50 ili  hardasa cavanlığın müdrik çağı və ya yeni bir mərhələnin başlanğıcı adlandırırlar. Mən bu dövrü yeni yaradıcılıq ideyalarının, emosiyaların sıçrayışlı şəkildə həyata keçirilməsi, yeni işlərə təkan dövrü kimi qarşılayıram. Necə deyərlər, ikinci nəfəs dövrü başlayır.      Cavanlıq dövründəki çılğınlıq, enerji, qüvvət bir qədər səngisə də, indiki yaşda həyat təcrübəsi artıq mənim fəaliyyət arsenalıma daxildir. İndi səriştə, hadisələrə analitik baxış, müdrik və təmkinli mülahizə əvvəlki çılğınlığı, emosional enerjini əvəz edir. Baş verən olaylara təmkinlə yanaşmağa başlayır,özüm üçün bir çox həqiqətləri aşkar edirəm...

Ailəmə xanımlıq, övladlarıma analıq borcumu bir an da unutmuram. İki qız övladım elmi işlə məşğuldur. Bütün  ev sahibələri kimi qayğılarım var. Xeyir-şərdən qalmıram. Mənə ehtiyacı olanlardan diqqətimi əsirgəmirəm. Bədii ədəbiyyatı, musiqini sevirəm. Muğamlarımızın vurğunuyam, xalq mahnılarımızın çoxunu əzbərdən bilirəm. Bəzən tək olanda özüm üçün asta-asta zümzümə də edirəm...(Gülür).

– Eyni coşqu ilə müxtəlif işləri görmək iqtidarında olan İradə xanımı hər biri özlüyündə böyük məsuliyyət daşıyan paralellər  yormur ki?

– Xeyr, bu artıq  vərdişdir, mənim həyat tərzimdən qaynaqlanır...

– Uzun illərdir BDU-YAP Qadınlar Şurasının sədrisiniz. Bir çox beynəlxalq tədbirlərdə qadınların hüquqlarının müdafiəçisi kimi çıxış edibsiz. Maraqlıdır, özünüz ailədə bu balansı qoruya bilirsinizmi?

– Qadın hüququ və güzəştlər. Yaxşı bir tandemdə qoyursunuz bu məsələni. Çünki qadının hüquqi tələbləri ifrat dərəcəyə çatanda, necə deyərlər, əndazədən çıxanda mən artıq onu hüquq deyil, hardasa başqasının (kişiləri nəzərdə tutur) hüququnun pozulması kimi qəbul edirəm. Bu məsələyə  dərrakə ilə yanaşılmalı, burada da bir tarazlıq olmalıdır. Qadın ana, qadın həyat yoldaşı, qadın nənə, qadın ziyalıdır. Qadın əmək fəaliyyəti ilə məşğul olur, gənc nəsli formalaşdırır, sevir-sevilir, qadın incə məxluqdur. Təbii ki, o bütün bu keyfiyyətləri özündə təcəssüm etdirməyi, bir toplum halında həyata keçirməyi bacarmalıdır. Onun ambissiyaları ailədə problem yaradırsa, hesab edirəm ki, bu düzgün yanaşma deyil. Ailədə də, işdə də bu məsələləri tənzimləyən, problemlərdən düzgün çıxış yolu tapmağı bacaran qadın olmalıdır. Yəni qadın həmişə sülhün carçısı kimi  özünü təsdiq edib. Ümumiyyətlə, ailə məfhumu mənim üçün çox müqəddəsdir. Bunların üzərinə nəvələrin şirinliyi də gələndə insan cavanlaşır...

– İradə xanım, Siz qadın, ana məsuliyyətindən danışdıqca,  bir neçə il bundan əvvəlki görüşümüz yadıma düşdü. Rəhmətlik ananız Sona xanımın nurlu siması indi də gözümün önündədir. Açdığı süfrənin gözəlliyi, bişirdiyi  plovun ətri məni valeh etmişdi. Hətta şuxluq edib zarafatla  dedim: Sona xanım, sizin məşhur, şəfqətli  həkim olduğunuzu eşitmişdim, amma bu cür ətirli plov bişirdiyinizi bilmirdim. Bundan sonra xəstə olduğumu bəhanə edib hər həftə sizə gələcəm...       

–  (Kövrəlir)... Hə... Yaddan çıxmaz analı günlərim...Yaşadıqca, həyatı dərk etdikcə çalışmışam ki, anamın mənə verdiyi öyüdü, nəsihəti, tərbiyəni, aşıladığı ideyaları başa düşüm, qəbul edim, həyatda reallaşdıra bilim. Böyüyə hörmət, başqasına pislik etməmək, imkan olduqca insanlara əl tutmaq,  arxa durmaq – bizim ailəmiz bu əzmdə yaşayıb...

( Bu yerdə 11 iyul 2008-ci il tarixli “Mir jenşinı” qəzetində jurnalist Tamilla Siracın İradə xanımın ailəsi ilə bağlı xatırlamaları yadıma düşdü. Tamilla xanım yazır: “...Xalam deyirdi ki, İradə xanımın nənəsi Tubu xanımın bütün qızları gözəl və ağıllı idi, ancaq Sona xanım hamısından fərqlənirdi. O çox gözəl olmaqla bərabər, yüksək intellektə malik, öz ixtisasını mükəmməl bilən həkim idi. Kollektivdə böyük nüfuzu vardı. Uzun müddət Həkimlərin Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasına rəhbərlik edib. Atası tanınmış alim Mehtiqulu müəllim, əmisi Meşə Təsərrüfatı İnstitutunun direktoru, alim  Ələddin Hüseynov, babasının qardaşı Xalq Təsərrüfatı İnstitutunda uzun müddət dekan işləyən professor Abas Nəbiyev, elə  əmiuşaqlarının əksəriyyəti elmlə məşğul idilər.

Yaxşı yadımdadır, bizim gənclik illərində Raya xala İradənin babası İsrafil kişi ilə nənəsi Tubu xanımın toyundan mənə danışıb. Sevgilisini ona verməyəcəklərindən ehtiyatlanan İsrafil kişi elçiləri göndərərkən ən yaxın dostu Üzeyir Hacıbəyovu da ağsaqqalların tərkibinə daxil edir. Əlbəttə, Üzeyir Hacıbəyovdan heç kəs heç nəyi əsirgəməzdi. Tubu xanımın atası Mirmehdi Talıbov isə çox sayılıb-seçilən və varlı adam olub. Elmə həvəs göstərən gənclərə həmişə köməklik göstərərdi. Onun qayğısı nəticəsində bir çox  gənclər elmin müxtəlif sahələrində tanınmış mütəxəssislər oldular...”)

– Sizə gözləmədiyiniz bir sual verəcəm, 100 yaşınızı necə təsəvvür edirsiz?

– İnsana ömür payını Allah verir. İnsanın nə qədər yaşamaq imkanı qalıbsa gərək onu faydalı işlərə sərf eləsin ki, həyatdan köçəndə onun haqqında xoş sözlər desinlər. Eyni zamanda  o özündən sonra böyük bir irs – hər hansı  bir  elmi məktəb yaratsa, hər hansı bir uzun perspektiv illərə tuşlanan işlər görə bilsə özünü hardasa realizə etmiş hesab edəcək. İnsan hər zaman harmoniyada, daxilən özü və ətrafı ilə barışda olmalıdır. Məhz belə müstəvidə, belə tandemdə o bütöv bir şəxsiyyət kimi fəaliyyət göstərə bilər. İnsan xasiyyətini dəyişə bilmir. Sizə deyim ki, elə indi necəyəmsə, 100 yaşımı da o cür təsəvvür edirəm.

– İradə xanım, Sizə yeni yarıməsrliyin başlanğıcında yüzilliyə doğru uzaq bir yolu müdrikcəsinə layihələndirməyi və bu yolda qətiyyətli addımlar atmağı arzulayıram. İnanıram ki, ulu öndər Heydər Əliyev kimi dahi bir şəxsiyyətin məktəbini keçmiş bir insan istədiklərinə şərəflə, ləyaqətlə nail olacaq!

Saminə Hidayətqızı

 





19.04.2013    çap et  çap et