525.Az

"Frexit"in ayaq səsləri: Marin Le Pen Avropanı silkələyir


 

"Frexit"in ayaq səsləri: <b style="color:red">Marin Le Pen Avropanı silkələyir</b>

"Brexit" və Amerikada prezident seçkisinin nəticələri Qərbin siyasi mühitini qarışdırıb. İndi bir sıra siyasi dairələr "qoca qitə"nin prinsipcə yeni geosiyasi reallıqlara ehtiyacının olduğu qənaətindədirlər.

Onların sırasında Avropanın ifrat sağ təmayüllü millətçi qüvvələri xüsusi yer tuturlar. Yanvarın 21-də həmin cərəyan tərəfdarları Almaniyanın Koblents şəhərində növbəti qurultaylarını keçiriblər. Orada siyasətçilər qlobal miqyasda geosiyasi mənzərəyə təsir edə biləcək fikirlər ifadə ediblər. O cümlədən fransız sağçı, hamıya məlum Marin Le Pen Avropa İttifaqının taleyi ilə əlaqədar düşündürücü tezislər ortaya atıb. Ayrıca, bu siyasətçi xanım "Frexit"ə start verilməsi zərurətini vurğulayıb. Belə görünür ki, Avropa yeni bir siyasi dalğanın vüsət alması ərəfəsindədir. Qlobal siyasət üçün əhəmiyyətli olan bu məqamların analizi vacib görünür.

Populist sağçıların mesajları: Aİ-nin yeni "siyasi sancıları"

Almaniyanın Koblents şəhərində Avropa Parlamentinin sağ fraksiyası olan, populist "Milliyyətlər və Azadlıq Avropası"nın qurultayı olub. Tədbirdə minə yaxın nümayəndə iştirak edib. Onların sırasında Fransanın "Milli cəbhə" partiyasının lideri Marin Le Pen, Hollandiyanın Azadlıq partiyasının sədri Gert Vilders, İtaliyanın "Şimal Liqası"nın rəhbəri Matteo Salvini və Almaniyanın "Almaniya üçün alternativlər" partiyasının sədri Frauke Petri iştirak ediblər (bax: В Германии проходит съезд правых популистских партий / www.rus.err.ee, 21 yanvar 2017).

Qurultayın əsas şüarı "yeni, azad Avropa" olub. Adından da göründüyü kimi, AP-nin sağ populist fraksiyası indiki Avropanı azad və müasir hesab etmir. Onlar belə fikirləşirlər ki, Avropanı yalnız köklü siyasi islahatlar hesabına yeniləşdirmək və həqiqi mənada azad etmək mümkündür. Ekspertlər üçün məsələnin ən maraqlı, aktual və eyni zamanda, həyəcanlı tərəfi bundan ibarətdir. Çünki ifrat sağçıların irəli sürdüyü tezislər, ifadə etdikləri etirazlar Avropa İttifaqını əməlli-başlı silkələyir. Bu dəfə də Fransa nümayəndəsi M.Le Pen söylədiyi fikirlərlə "qoca qitə"nin siyasi şüurunda təlatüm yaradıb. İsteblişment sağların populizmindən çox narahat olmağa başlayıb.

Tədbiri şərh edən ekspertlərə görə, avropalı populistlər qarşıdakı seçkilərdə ABŞ-da Donald Trampın qələbəsini təmin edən üsullardan istifadə etməyə çalışacaqlar. Bu, bir tərəfdən D.Trampla həmin qüvvələr arasında siyasi yaxınlığın olduğuna dəlalət edirsə, digər tərəfdən Aİ-nin struktur-funksional transformasiyası ehtimalının az olmadığını göstərir.

Bu bağlılıqda ekspertlər üçün maraqlı məqam qurultay iştirakçılarının Avropa İttifaqına və miqrasiya siyasətinə mənfi münasibət bəsləməsindən ibarətdir. Ayrıca qeyd edək ki, qurultaya Avropanın bir sıra ölkəsindən – Böyük Britaniya, Polşa, Çexiya, Rumıniya, Belçika, İtaliya, Almaniya, Avstriya və digərlərindən göndərilmiş nümayəndələr iştirak ediblər ki, bu da sağların mövqelərinin xeyli güclü olması anlamına gəlir (bax: əvvəlki mənbəyə).

Bunların fonunda bir məqamı da unutmaq olmaz. Avropanın populist hərəkatları monolit deyil. Onlar arasında fikir ayrılığı da mövcuddur. Məsələn, Almaniyanın "Almaniya üçün alternativlər" (AfD) hərəkatının üzvləri Fransanın "Milli cəbhə"sinin sosializmə yaxınlığını qəbul etmirlər. Almanlar M.Le Penin Moskvaya olan simpatiyasını ciddi tənqid edir, azad bazar iqtisadiyyatı modelinə üstünlük verirlər. Ancaq bu fərqlər sağların Avropa İttifaqına neqativ münasibəti fonunda ortaq hərəkət etmələrinə hələ mane olmur.

Budur, Koblentsdə M.Le Pen Aİ ölkələrini Böyük Britaniya və Amerikadan nümunə götürməyə çağırıb. Çünki Qərbin bu iki ölkəsində 2016-cı ildə sağ mühafizəkar qüvvələr qalib gəlib, indi "yeni dünya nizamı"nı qurmağa başlayıblar (bax: Марин Ле Пен призвала страны ЕС последовать примеру Великобритании и США / ТАСС, 21 yanvar 2017). Fransız sağçı hətta fikirlərini daha da konkretləşdirərək deyib: "Mən iddia etmirəm ki, bütün Avropa dövlətləri avrozonanı tərk etməlidirlər... Ancaq hər bir ölkə üçün bunu etmək imkanı tanınmalıdır" (bax: əvvəlki mənbəyə). Bu əsasda M.Le Pen qurultayda bəyan edib ki, "Brexit" Avropada "domino effekti" yaradacaq. Yəni bir-birinin ardınca ölkələr Aİ-ni tərk edəcək.

Bu fikrini təsdiq etmək üçün fransız milliyyətçilərin lideri maraqlı tezis irəli sürüb. O deyib: "2016-cı il anqlo-saksların oyanış ili olub. Mən əminəm ki, 2017-ci ildə kontinental Avropa xalqları da oyanacaqlar. Biz bir dünya nizamının sonunu və yenisinin yaranmasını yaşayırıq" (bax: əvvəlki mənbəyə).

Yeni dünya nizamının böhranı: Qərb dilemma qarşısında

Məhz bu tezislərin fonunda Marin Le Pen Aİ-nin indiki rəhbərliyinin miqrant siyasətini "istibdad" ("tiraniya") adlandıraraq, xüsusilə Almaniyanın kansleri Angela Merkeli kəskin tənqid edib. Onu deyək ki, M.Le Pen uzun müddətdir ki, bu mövqedədir. Keçən ilin dekabrında o, bir yunan qəzetinə verdiyi müsahibədə açıq bildirmişdi ki, ""Frexit" mənim siyasətimin bir hissəsi olacaq" (bax: Кандидат в президенты Франции Марин Ле Пен назвала Frexit частью своей политики / www.rus.err.ee, 24 dekabr 2016).

Çünki Avropa İttifaqı Avropa dövlətlərinin "milli suverenliyinin qəlbinə saplanmış bıçaqdır, avro isə Brüsselin istifadə etdiyi şantaj vasitəsidir" (bax: əvvəlki mənbəyə).

Koblents qurultayında Le Pen daha dərin fikirləri ilə yadda qalıb. O, Almaniyanın "Bild" nəşrinə verdiyi müsahibədə çox konkret ifadə edib ki, "Avropa İttifaqı ölüb, lakin özü hələ bunu bilmir – bütün istiqamətlərdə iflasa uğrayıb: iqtisadi, sosial, təhlükəsizlik sferaları bərbad haldadır" (bax: Marine Le Pen: "Europa ist tot, aber weiß es noch nicht" / www.bild.de, 22 yanvar 2017).

Deməli, fransız "Milli cəbhəsi"nin lideri hesab edir ki, Aİ həyat qabiliyyətini itirib və sonu tam məhv olmaqdır. Çünki bu təşkilatın fəaliyyət və struktur fəlsəfəsi yeni dünya nizamının ruhuna uyğun deyil. Etiraf edilməlidir ki, kifayət qədər ciddi olan bu ittiham qlobal təsiri ola biləcək prosesdən xəbər verir.

Bu səbəbdəndir ki, M.Le Pen bu ilin yazında seçkidə qalib gəlsə, "Frexit"ə start verəcəyini bəyan edir. O, aşağıdakı 4 bənd – sərhədlər, valyuta, iqtisadiyyat və hüquq üzrə müstəqilliyin qaytarılmasını Brüsseldən tələb edəcəyini söyləyib. Ya Aİ bununla razılaşıb, keyfiyyətcə yeni struktur-funksional sistemə keçəcək ki, bu da Avropa xalqlarının real ittifaqının yaranması deməkdir, ya da "mən fransızlara deyəcəm ki, biz Avropa İttifaqını tərk etməliyik və səsvermə təklifində bulunacam" (bax: əvvəlki mənbəyə).

Ekspertlərin diqqətini çəkən məqam odur ki, bunları ifadə edən fransız siyasətçi müasir Qərbdə "millət və xalqlara böyük qayıdış başlayıb" tezisini əsas hesab edir (bax: əvvəlki mənbəyə). Konkret desək, Avropanın sağçı populistləri həmin fikrə siyasi mövqelərinin Qərbdə vüsət alan yeni geosiyasi reallıqların məzmun və məqsədinə uyğunluğu ilə haqq qazandırmağa çalışırlar. Onlar hesab edirlər ki, Aİ-nin indiki rəhbərliyi köhnə ideoloji və siyasi konseptə əsaslanırlar. Məsələnin bu tərəfi kifayət qədər düşündürücüdür.

Beləliklə, Avropa ifrat sağçıları hələ də narazı kütlə üçün cəlbedici siyasi dairə olaraq qalırlar. Onlar Avropa İttifaqının hazırkı formada mövcudluğunu qəbul etmirlər. Eyni zamanda, təşkilatın köklü yeniləşmələrə hazır olmasına da inanmırlar. Çıxış yolunu üzv dövlətlərin tədricən təşkilatı tərk etməsində görürlər. Bu da Aİ-nin gələcək taleyi ilə bağlı xeyli suallar meydana çıxarır.

Məsələn, Avropa İttifaqının illərdir apardığı "yeni qonşuluq", yaxud "Şərq tərəfdaşlığı" kimi proqramlarının səmərəsizliyi öz təsdiqini tapırmı? Bir sıra postsovet məkanı dövlətlərinin Aİ-yə assosiativ üzv olmasının hansısa real əhəmiyyəti qalırmı? Çünki həmin ölkələr bu seçimi etməklə faktiki olaraq geosiyasi xarakterli addım atıblar. İndi bu mövqedən çəkilmək şansı mövcuddurmu? Hələlik bu kimi sualların heç birinin cavabı yoxdur. Avropanın populist sağçıları isə belə görünür ki, məqsədlərindən çəkilmək fikrində deyillər. Yəni Qərb növbəti səviyyədə ciddi geosiyasi ziddiyyətlər burulğanına düşə bilər.

Newtimes.az

 





20.02.2017    çap et  çap et