525.Az

İctimai Teleradionun baş direktoru hesabat yayıb


 

İctimai Teleradionun baş direktoru hesabat yayıb<b style="color:red"></b>

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov www.itv.az saytında hesabat yayıb. Hesabatda deyilir: “Səmimi olaraq etiraf edim ki, səkkiz il bundan öncə fəaliyyətə başlayanda çox iddialı olmağımıza baxmayaraq bu qədər uğur qazanacağımızı təsəvvür etmirdim. Amma onu əminliklə deyə bilərəm ki, görülən hər bir işin ərsəyə gəlməsi üçün sözün birbaşa mənasında gecə-gündüz çalışmışıq.

İctimai Teleradio sıfırdan qurulub. Bu şirkətin tək adından başqa heç nəyimiz yox idi. Bir stula, bir kasetə, bir nəfər peşəkar kadra belə ehtiyacımız var idi. Amma arxalandığımız bir güc-qüvvə var idi - millətimizin, dövlətimizin iradəsi. 2005-ci ildə keçirilən parlament seçkisindən öncə efirə çıxacağımıza heç kim inanmırdı. Amma biz inanırdıq və bu inamla İctimai Televiziyanı yüz günə yaratdıq. Bu müddətə biz həm studiyalarımızı tikdik, həm onları avadanlıqla təchiz etdik, həm yaradıcı kollektivi formalaşdırdıq, həm də ilk gündən fasiləsiz efir vermək üçün proqramlar hazırladıq. Proqramların sınaq yayımı üçün zaman yetmirdi və biz 2005-ci il avqustun 29-da birbaşa efirə çıxdıq. Həyatını televiziyaya bağlamış insanlar yaxşı bilir ki, bu, reallıqdan çox əfsanəyə bənzəyir. Bizimlə görüşən ictimai xadimlər, siyasətçilər, diplomatik korpusların rəhbərləri öz təəccüblərini gizlətmirdilər. Həmin dövrdə ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş mənə dedi ki, Amerikada 100 günə əyalət televiziyasını bir binadan o birinə köçürməyi belə çatdırmazlar”.

İsmayıl Ömərov qeyd edib ki, İctimai Teleradionun özü ilə Azərbaycan mediasına gətirdiyi yeniliklərdən biri onun məhz ilk addımdan ictimaiyyətin üzünə açıq olması idi: “Siyasi mövqeyindən, kimin yanında olmasından asılı olmayaraq xalqın rəğbətini qazanmış, ziyalı adı daşıyan hər kəs İctimai Televiziyaya öz evi kimi gəlməyə başladı. Uzun müddət ekranlarda görünməyən Cavanşir Quliyev, Məmməd İsmayıl, Musa Yaqub, Ramiz Rövşən, Flora Kərimova və başqaları kimi ədəbiyyat, mədəniyyət xadimlərimiz geniş tamaşaçı kütləsi ilə görüşə bizim efirdən gəlməyə başladı. Bu bizim fəaliyyətimizdə davamlı konsepsiyaya çevrildi və məncə, biz xalqın ziyalısına fərq qoymadan onları bir araya gətirməklə öz efirimizdə əsl plüralizm, milli həmrəylik yaratdıq.

Siyasi plüralizmə gəlincə isə biz peşəkar mövqeyimizi fəaliyyətimizin ilk aylarında 2005-ci il Milli Məclisə deputat seçkilərində ortaya qoyduq. Bütün siyasi düşərgələrin nümayəndələri İctimai Televiziyanın efirində bərabər yer aldı, onların fəaliyyəti eyni dərəcədə işıqlandırıldı. Bu cür yanaşmamız onunla nəticələndi ki, həm parlament, həm beynəlxalq təşkilatlar səviyyəsində ölkədəki seçkilərin İctimai Teleradioda işıqlandırılması qəbul olundu. Bu günədək bütünlüklə yayımladığımız  referendum, prezident, parlament, bələdiyyə seçkilərində müşahidəçi beynəlxalq təşkilatlar tərəfindən bizə heç bir ciddi səhv, irad tutulmayıb. Çünki biz milyonlarla seçicinin marağına xidmət edən bu prosesi daim tam qanunauyğun şəkildə aparmışıq.

Siyasi yanaşmalar mətbuatda ən çox qabardıldığına görə mən onu önə çəkdim. Amma ümumən qeyd etmək istəyirəm ki, bizim proqram siyasətimiz ictimai yayımçının prinsiplərinə tam cavab verən, cəmiyyətin tələb və təkliflərinə hesablanmış mükəmməl bir modeldir. Və bu elə ilk gündən cəmiyyətin qəbul etdiyi, bəlkə də çoxdan gözlədiyi və arzuladığı bir modeldir. Elə buna görə də İctimai Televiziya teleradio məkanında ən gənc olsa da öz yerini və mövqeyini çox qısa zamanda tutdu və möhkəmlətdi.

Teleradio məkanında başqa bir yeniliyimiz maarifçilik missiyamızla bağlıdır. Əminliklə deyə bilərəm ki, İctimai Teleradio indi ən kamil maarifləndirici bir kanal kimi tanınır. Bir çox proqramların aparıcı mövzusu təhsilimiz, qəhrəman gəncliyimizdir. Ayrı-ayrı aktual mövzular, cəmiyyəti narahat edən problemlər ictimaiyyətin bütün tərəflərinin iştirakı ilə geniş auditoriya qarşısında müzakirə olunur. Hər hansı məsələdə ən radikal mövqelərdə duran siyasi tərəflər belə İctimai Televiziyanın efirində “Orta məxrəc”ə gəlirlər. Bu, ictimai yayımçının əsl mahiyyətidir.  Bu yaradıcılıq xəttini tutanda bizə irad tutanlar, hətta təzyiq göstərənlər belə oldu. Amma zaman keçdikcə bu bizim davamlı konsepsiyamıza çevrildi, debatlar daha da mükəmməlləşdi.

İşıqlandırdığımız bütün mövzuları yalnız ictimai maraqları əks etdirən problemlərdən götürdük və milli maraqlarımıza zidd olan, cəmiyyətdə ayrı-seçkilik salan, intriqa yaradan proqramların efirimizə ayaq açmasına imkan vermədik. Biz bütün məsələlərdə daim peşəkar mövqeyimizi qoruduq və heç bir hadisədən şou düzəltmədik, ucuz dividend arxası ilə qaçmadıq. Hər kəsdə bu polemikalara böyük bir maraq yarandı və həm ictimaiyyət, həm də ayrı-ayrı siyasi tərəflər bu formatı qəbul etdilər.

Bir jurnalistin “İTV-nin ən böyük layihəsi hansıdır” sualına “İctimai Televiziyanın ən böyük layihəsi onun kollektividir” deyə cavab vermişdim. Aradan bir neçə il keçməsinə baxmayaraq görürəm ki, bu fikir həmişə öz təsdiqini tapır. Bu komandanın yaradıcılığı hər mənada sərhəd tanımır.  Məsələn, bu gün İctimai Televiziyanın “Carçı” Yaradıcılıq Birliyinin çəkdiyi bədii və sənədli filmlər bəlkə də son illərdə ölkədə istehsal olunan filmlərdən daha çoxdur. Bu filmlər həm də məzmun və keyfiyyət baxımından fərqlənirlər. Ramiz Rövşən, Muğanna, Anar kimi yazarlarla işləyən bu yaradıcı heyət artıq “Qarabağnamə” kimi tarixi məsuliyyət dolu bir film ərsəyə gətirir. İctimai Teleradio həm də əməlləri ilə cəmiyyətə ötürdüyü ideyalara necə sadiq olduğunu nümayiş etdirir”.

İsmayıl Ömərov hesabatını bu sözlərlə bitirib: “İctimai Teleradionun komandası daim şövqlə çalışır və birgə işimizdən zövq alır.  Bu komanda böyük bir mənəviyyat daşıyıcısına çevrilib. Azərbaycanın layiqli ictimai yayımçısını formalaşdıran bu gənc komanda ilə fəxr edir və bu əvəzsiz fəaliyyətlərinə görə onların hər birinə dərin təşəkkürümü bildirirəm”.

Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar aprelin 4-dən müsabiqə elan edib. Baş direktor postuna namizədliyini irəli sürmək istəyənlər üçün aprelin 19-dək vaxt verilib. Şirkətin hazırkı baş direktoru İsmayıl Ömərov aprelin 19-da bildirib ki, o, müsabiqədə iştirak etməyəcək, buna görə də yenidən namizədliyini irəli sürməyib.

İsmayıl Ömərov 2005-ci aprel ayının 16-dan İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorudur.

 





20.04.2013    çap et  çap et