525.Az

"Azərbaycan zəngin tarixi olan ölkədir"


 

AVSTRALİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ CEYMS MARTİN LARSEN: "AZƏRBAYCANLILAR İNANILMAZ DƏRƏCƏDƏ QONAQPƏRVƏRDİR"

"Azərbaycan zəngin tarixi olan ölkədir"<b style="color:red"></b>

Müsahibimiz Avstraliya İttifaqının Azərbaycandakı səfiri (iqamətgahı Türkiyə) Ceyms Martin Larsendir. O, 2014-cü ildən ölkəsinin Azərbaycanda səfiri vəzifəsində çalışır.  

- Cənab Larsen, Azərbaycanla Avstraliya arasında münasibətlərin səviyyəsini necə dəyərləndirirsiniz?

 - Azərbaycanla Avstraliya arasında siyasi münasibətlər dostluğa əsaslanır. Düzdür, iqtisadi əlaqələrimiz o qədər də inkişaf etməyib. Lakin biz iki ölkə arasında əlaqələrin təşviqi, inkişafı üçün çalışırıq. Hesab edirəm ki, iki dövlətin münasibətində mədəniyyət sahəsi mühüm yer tutur. Çünki başqa məkanlar, xalqlarla yaxından tanış olmaq üçün mədəniyyət sahəsində fəaliyyət çox vacibdir. Məsələn, avstraliyalıların çoxu Azərbaycan deyərkən yəqin ki, ilk növbədə 2012-ci ildə Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsini yada salırlar. Hesab edirəm ki, oxşar vəziyyət Avstraliya üçün də eynidir - yəni bizim də film və musiqilərimiz Azərbaycan auditoriyasına gəlib çatıb.

- Mədəniyyət sahəsində əlaqələrin önəmini qeyd etdiniz. Bu sahədə inkişafa nail olmaq üçün hansı adımların atılması zəruridir?

- Əlbəttə ki, əməkdaşlığın ən yaxşı yolu insanların bir-birilərini yaxından tanımaları, ünsiyyət qurmalarıdır. Bu münasibətlərin içində biznes əlaqələri, təhsil mübadiləsi və hər iki istiqamətdə turizm axını olmalıdır. Təhsil əlaqələrinə gəlincə, bu, bizim əməkdaşlığı genişləndirmək istədiyimiz sektordur. Biz daha çox azərbaycanlı tələbəni Avstraliyanın universitetlərində görmək istəyirik. Eyni zamanda biz avstraliyalı tələbələrin Bakıda təhsil almalarını arzu edirik.

- Avstraliyada Azərbaycan icması da yaşayır. Maraqlıdır, onlar materik-ölkənin cəmiyyətinə necə uyğunlaşa biliblər?

- 2011-ci il siyahıyaalmasına görə, Avstraliyada 450 nəfər Azərbaycan mənşəli insanın yaşadığı təsdiq olundu. Deyərdim ki, azərbaycanlılar iki ölkə arasında biznes və investisiya bağlarının təbliğində və təşviqində böyük işlər görürlər. Xoşagələn hal həm də ondan ibarətdir ki, ölkəmizdə Avstraliya-Azərbaycan-Türkiyə Dostluq Assosiasiyası fəaliyyət göstərir və hətta onların "Azərbaycanın səsi" radiosu da yayımlanır.

- İki ölkə arasında turizm əlaqələri barədə nə demək olar? Yəqin ki, burada da məsafə uzaqlığı bir problem kimi ortaya çıxır?

-Hava əlaqələrini inkişaf etdirməklə turizm əməkdaşlığını da genişləndirmək olar. Hazırda Avstraliyaya getmək elə də çətin deyil. Bakıdan Sidneyə 20 saata getmək mümkündür. Ümid edirəm ki, Avstraliyadan Azərbaycana və Azərbaycandan da Avstraliyaya gələn xeyli sayda turist görə biləcəyik.

-Avstraliya təbii gözəllikləri olan ölkədir. Bu baxımdan azərbaycanlı turist üçün hansı maraqlı məkanları qeyd edə bilərsiniz?

- Həqiqətən də, insanlar daha çox Avstraliyanın təbii gözəlliklərini görməyə meyl edirlər. Buraya "Böyük Sədd rifi" - dünyanın ən böyük sualtı mərcan qayalıqlarının olduğu əsrarəngiz məkan, gözəl çimərlikləri, Avstraliya faunası - kenquru və koalalar və s. daxildir. Sidney və Melburn kimi böyük kosmopolit şəhərlər də turistləri cəlb edir. Bundan başqa, Avstraliya min illər əvvələ dayanan yerli mədəniyyəti ilə də zəngindir.

- Sonda Azərbaycan barədə fikirləriniz bilmək maraqlı olardı. Ölkəmizlə tanışlıq sizdə hansı təəssüratı yaradıb?

- Azərbaycanda heç vaxt olmadığım üçün çox həyəcanlı idim. Ölkəniz haqqında geniş məlumata malik deyildim. Lakin bu vəzifəni yerinə yetirməyə başladıqdan sonra Bakıya dörd dəfə səfər etmək xoşbəxtliyini yaşadım və bu səfərlərimin birində Naxçıvana da getdim. Naxçıvan mənə füsunkar məkan təsiri bağışladı. Ölkənizə səfər etməzdən öncə düşünürdüm ki, Azərbaycan Türkiyəyə bənzəyir. Lakin gedib gördükdən sonra anladım ki, bu ölkələr arasında kifayət qədər fərq var. Məsələn, Bakıda gözəl binalar və geniş xiyabanlar insanda sanki bir Avropa hissi yaradır. Azərbaycan zəngin tarixi olan ölkədir, azərbaycanlılar isə qürur duyulası insanlardır, inanılmaz dərəcədə qonaqpərvərdirlər. Yəni hər dəfə Azərbaycandan belə bir xoş təəssüratlarla ayrılıram.

PƏRVANƏ

 





21.02.2017    çap et  çap et