525.Az

"Azərbaycan regionun təhlükəsizliyində həlledici rola malikdir"


 

"Azərbaycan regionun təhlükəsizliyində həlledici rola malikdir"<b style="color:red"></b>

"Azərbaycan prezidentinin Münhenə səfəri və orda keçirdiyi görüşlər çox mühüm əhəmiyyət kəsb edir. Çünki bu, dünyada təhlükəsizlik sistemlərinə həsr olunmuş məşhur konfranslardan biridir".

Bu barədə Münhen konfransının nəticələrini şərh edən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, prezident BMT-nin baş katibi Antonio Quterreş, İsrailin müdafiə naziri Aviqador Liberman, Türkiyənin baş naziri Binəli Yıldırımla görüşdü: "Bu görüşlərin hamısı Azərbaycan dövlətinin imicinin yüksəlməsində, həmçinin Dağlıq Qarabağ probleminin izah edilməsində çox əhəmiyyətli rol oynadı. BMT-nin Baş katibi ilə görüşü xüsusilə vurğulamaq istəyirəm. Çünki o, bu vəzifəyə yeni seçilib, Azərbaycanın problemlərini o qədər də yaxşı bilmir. Bu baxımdan da onunla görüş həm BMT-nin Qarabağa dair məlum qətnamələrinin xatırladılması, hə də Ermənistanın təcavüzkar dövlət kimi tanıdılmasında çox böyük önəm daşıyır. Libermanla görüş də az əhəmiyyətə malik deyil. Çünki İsrailin baş naziri Netanyahu bu yaxınlarda Azərbaycana səfər etmişdi. İki ölkə arasında bir sıra hərbi sənaye məhsullarının alınması istiqamətində razılaşmalar əldə edilmişdi. Bu proses də gedir. Liberman Azərbaycana yaxın olan şəxslərdən biridir. Sovet İttifaqından getmiş yəhudilərdəndir. Ona görə də Azərbaycana böyük rəğbəti var və həmişə də ölkəmizi təbliğ edir.

Güman edirəm ki, görüş zamanı Azərbaycan üçün çox əhəmiyyətli olan ölkəmizin hərbi sənaye kompleksinin yaradılması məsələlərinə də toxunulub və bu barədə prinsipial razılaşmalar əldə olunub". Politoloqa görə, Türkiyənin baş naziri ilə olan görüşün də əhəmiyyəti böyükdür: "Çünki Türkiyə Dağlıq Qarabağ problemi ilə ciddi surətdə nəinki maraqlanır, proseslərin obyektiv və beynəlxalq hüquqa uyğun getməsi üçün Azərbaycana çox yaxından kömək göstərir. Mən inanıram ki bu görüşün də çox böyük əhəmiyyəti var. Prezident enerji problemlərinə həsr olunmuş dəyirmi masaya da qatılıb və orda Azərbaycanın Avropanı enerji ilə təmin etməsi məsələsinə toxunulub. Bildirilib ki, Azərbaycan bu gün Avropanın ən azı üçdə bir hissəsini neftlə təmin edir, yaxın vaxtlarda isə Avropanın böyük hissəsini mavi qazla da təchiz edəcəkdir. Bütün bunlar Avropa ölkələri üçün prinsipial əhəmiyyətə malikdir. Avropa ölkələri də Azərbaycanın bu missiyasına çox böyük hörmətlə yanaşırlar və bu səbəbdən də prezidentin Münhen səfəri iştirakçılar arasında böyük rəğbət doğurdu. Səfər uğurlu olub və Azərbaycana çoxlu dividentlər gətirəcək".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Azərbaycanın qlobal miqyaslı tədbirlərdə iştirakı artıq çoxillik ənənəyə çevrilib.  Prezidentin Münhen konfransında iştirakı da ölkəmizin dünyada təhlükəsizlik ixracatçısı kimi özünü göstərməsi ilə bağlıdır. Ölkəmiz nəinki özünü, həm də regionun təhlükəsizliyinin təminində həlledici rola malikdir.

Politoloq bildirib ki, regionda proseslərin sabit getməsi Azərbaycanın istəyi ilə bağlıdır.

Münhen konfransını konseptual, strateji baxımdan faydalı hesab edən M. Əhmədoğlu dövlət başçısının sözügedən konfransda mühüm çıxışlar etdiyini xüsusi vurğulayıb: "Prezidentin Münhen konfransında aktivliyi göz qabağında idi. Səfər zamanı ölkə başçısı bir çox görüşlər keçirməklə yanaşı, panellərə, dəyirmi masalara qatıldı. Bundan başqa ölkə başçısı Rusiya-Türkiyə münasibətlərin bərpası ilə bağlı çox mühüm açıqlamalar verdi. Həqiqətən də Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycanın rolu  Qazaxıstanın rolundan az deyil, əksinə bəlkə də çoxdur. Bu əslində  Azərbaycan prezidentinin bacarığının, məharətinin göstəricisidir".

Politoloqun fikrincə, Münhen konfransı Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da böyük əhəmiyyətli oldu : "Dövlət başçısı konfrans vasitəsilə dünyanın təhlükəsizliklə məşğul olan elitasına mesaj verərək bildirdi ki, münaqişənin tənzimlənməsində ikili standartlar aradan qaldırılmalıdır. Bundan əlavə dövlət başçısı bildirdi ki, əgər beynəlxalq ictimaiyyət münaqişənin tənzimlənməsi istiqamətində addım atmazsa, Azərbaycan özü problemin həlli ilə məşğul olacaq. Buna görə də Münhen konfransını həm Azərbaycan, həm də dünya üçün çox faydalı hesab edirəm".   

PƏRVANƏ

 





21.02.2017    çap et  çap et