525.Az

Prezident Münhendə ciddi mesajlar verdi


 

"AZƏRBAYCAN DÜNYADA YENİ TƏHLÜKƏSİZLİK SİSTEMİNİN FORMALAŞMASINDA MÜHÜM ROL OYNAYIR"

Prezident Münhendə ciddi mesajlar verdi<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, fevralın 16-da prezident İlham Əliyev 53-cü Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya rəsmi səfər etmişdi.

Dövlət başçısı beynəlxalq konfrans çərçivəsində bir sıra ölkələr və şirkətlərin rəhbər şəxsləri, yüksəksəviyyəli nümayəndələri ilə görüşlər keçirib, qarşılıqlı-faydalı əlaqələrin inkişafı istiqamətində danışıqlar aparıb.

Fevralın 18-də isə prezident İlham Əliyev Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edib. AZƏRTAC-ın məlumatına görə, ölkə başçısı çıxşında qeyd edib ki, Azərbaycan Asiya ilə Avropa arasında yerləşir və coğrafi mövqeyinə görə, regionda geosiyasi vəziyyəti müəyyən edir: "Azərbaycan əsrlər boyu sivilizasiyaların qovuşduğu bir məkan, ölkə olub və bu gün biz tarixi irsimizi qoruyub saxlayırıq. Biz dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilməyimizlə qürur duyuruq. Coğrafi mövqeyimiz, eyni zamanda, qonşularımızla yaxşı münasibətlərimiz bizə regionumuzda yaşayan insanların mənafeyinə xidmət edən təşəbbüslər irəli sürülən bölgədə çox etibarlı tərəfdaş olmaq imkanını verdi. Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaşdır. Biz gənc ölkəyik. Ötən il müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etmişik. Bu qısa müddət ərzində hesab edirəm ki, bu gün Azərbaycan dünyada hörmət edilən ölkədir. Bunun ən yaxşı nümunəsi bir neçə il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatında nümayiş olunub. O zaman Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Beləliklə, bu, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin bizim fəaliyyətimizə verdiyi həqiqi qiymət, bizə göstərilən etimad və hörmət əlaməti idi. Biz islahatlar aparmaqla iqtisadiyyatımızı planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçirdik. Bu gün iqtisadiyyatın özəl sektorunun ümumi daxili məhsulda payı 80 faizdən artıqdır. Azərbaycan qonşularla regional əməkdaşlığın yeni formatını tətbiq etdi. Eyni zamanda, 20 ildən də artıq müddətdən əvvəl təşəbbüskar qismində çıxış etdiyimiz enerji və nəqliyyat layihələri bu gün nəinki təkcə bizim üçün, həmçinin, region üçün də yaxşı nəticələr verir. Bu gün enerji təhlükəsizliyi məsələlərinə milli təhlükəsizlik məsələsindən ayrı baxıla bilməz. Siyasətimiz birinci növbədə qonşularımızla, eyni zamanda, müsəlman dünyası, - biz müsəlman dünyasının bir hissəsiyik, - və Avropa ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Biz bu yaxınlarda Avropa İttifaqı ilə bir çox əməkdaşlıq sahələrini əhatə edəcək yeni razılaşma üzərində danışıqlara başlamışıq".

Prezidentin sözlərinə görə, Azərbaycan nadir ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür: "2015-ci ildə biz ilk Avropa Oyunlarını təşkil etdik. Bu il biz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. Beləliklə, bu, bizim niyyətlərimizi göstərir və biz sivilizasiyalar, mədəniyyətlər arasında dialoqa çoxlu töhfə veririk".

İlham Əliyev vurğulayıb ki, üzləşdiyimiz problemlərdən ən böyüyü Ermənistan tərəfindən Azərbaycan ərazisinin davamlı işğalıdır: "Bu da Ermənistan tərəfindən etnik təmizləmə və ərazimizin 20 faizinin işğalı ilə nəticələnib. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr iyirmi ildən artıqdır ki, kağız üzərində qalmaqdadır. Bütün münaqişələrin həlli eyni prinsipə, eyni yanaşmaya əsaslanmalıdır. Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan və Azərbaycan arasında münaqişə həmçinin region üçün ən böyük təhlükədir. Bizim konstruktiv siyasətimiz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır".

Son illərdə ölkəmizdə bütün sahələri əhatə edən islahatların həyata keçirildiyini, Azərbaycanın təşəbbüsü ilə iri enerji və nəqliyyat layihələrinin icra olunduğunu diqqətə çatdıran prezident İlham Əliyev hazırda ölkəmizin qədim "İpək Yolu"nun bərpasında yaxından iştirak etdiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkildiyini, bu yolun fəaliyyətə başladığı təqdirdə Azərbaycan ərazisindən daşınmaların artacağını və təbii ki, bunun da milli iqtisadiyyatımıza müsbət təsir göstərəcəyini bildirib. Dövlət başçısının sözlərinə görə, tranzit təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir: "Çünki təbii sərvətlər gec və ya tez tükənəcəkdir. Tranzit üçün etibarlı və müasir infrastrukturunuz varsa, siz ərazinizdən və yatırdığınız sərmayələrdən faydalanaraq pul qazanacaqsınız. Buna görə nəqliyyat infrastrukturunun birləşdirilməsi bizim üçün ən vacib çağırışlardan biridir. Yeri gəlmişkən, biz indi Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşasını aparırıq. Onun yükaşırma qabiliyyəti 25 milyon ton və 1 milyon konteynerdir. Biz dəmir yollarımızı təmir edirik. Biz Bakı gəmiqayırma zavodunda artıq bütün növ gəmiləri istehsal edirik ki, həm öz ehtiyaclarımızı ödəyək, o cümlədən, Xəzəryanı ölkələri müasir avadanlıqla təchiz edə bilək. Limanın yaxınlığında biz xüsusi azad zona yaratmışıq və bu coğrafi yerləşmədən istifadə edərək şirkətləri sərmayə yatırmağa dəvət edirik".

Tədbirin aparıcısının təyyarənin vurulması hadisəsindən sonra kəskinləşən Rusiya-Türkiyə münasibətlərinin qısa müddətdə necə düzəlməsi və bu məsələdə rəsmi Bakının mövqeyi ilə bağlı sualına cavab verən prezident İlham Əliyev bildirib ki, Azərbaycanın öz qonşuları olan İran, Türkiyə və Rusiya ilə yaxşı münasibətləri var və bu, qarşılıqlı hörmətə əsaslanır.Qonşularımız arasında baş verən gərginliklərin Azərbaycanı da narahat etdiyini və bu cür halların regional sabitliyə təhlükə yaratdığını deyən dövlət başçısı Azərbaycanın Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında fəal iştirak etdiyini bildirib. Bu məqsədlə həm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Rusiya prezidenti Vladimir Putinlə danışdığını, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də vasitəçilik prosesində iştirak etdiyini deyən İlham Əliyev Türkiyə və Rusiya dövlət başçılarının vəziyyəti qiymətləndirib düzgün qərar verdiklərini vurğulayıb. Artıq Azərbaycanın sabitləşdirici amil kimi rolunun artdığını və bunun getdikcə beynəlxalq ictimaiyyət tərəfindən daha çox tanındığını deyən prezident İlham Əliyev bir neçə gün bundan əvvəl ABŞ və Rusiya Baş qərargah rəislərinin Bakıda keçirilən görüşünü şərh edərək bildirib ki, onlar ilk dəfə bizim ölkədə görüşüblər. Bakının seçilməsi qərarı bizim deyildi. Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik. Bizə yaxınlaşaraq bizim buna razı olub-olmamağımız soruşulmuşdu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik olan ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də daha geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaq".

Münhen Təhlükəsizlik Konfransında prezident İlham Əliyevin çıxışına münasibət bildirən Milli Məclisin deputatı Tahir Mirkişili qeyd edib ki, Azərbaycan prezidentinin səyləri dünyada yeni təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır: "Münhendə keçirilən 53-cü təhlükəsizlik konfransı ənənəvi olaraq dünyanı narahat edən məsələlərin müzakirəsinə həsr olunmuşdu. Əsas müzakirə edilən məsələlər NATO və Avropa Birliyinin gələcəyi, Qərb və Rusiya arasında olan münasibətlər, Suriyada müharibə, terrorçuluqla mübarizə, Ukraynada böhran, Asiya-Sakit Okean regionunun problemləri və s. olub. Konfransda dünyanın aparıcı siyasi xadimləri və biznes elitası nümayəndələri iştirak ediblər.

Konfransda Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ölkəmizin dünya təhlükəsizlik sisteminin yenidən qurulmasında yaxından iştirak etmək istəyini hər kəsə nümayiş etdirib".

T.Mirkişili hesab edir ki, prezident İlham Əliyevin həm müxtəlif ölkə başçıları, həm də aparıcı biznes qurumların rəhbərləri ilə görüşlərində əsas müzakirə olunan məsələlər Azərbaycan qarşısında olan çağırışlar ilə bağlı idi: "Hərtərəfli iqtisadi islahatlar aparan Azərbaycanın dünya biznes strukturları üçün daha da açılması və iqtisadi cəlbediciliyin mümkün qədər bütün auditoriyalarda bəyan edilməsi əsas hədəflərdəndir: "Ölkə başçısı bu dəfə də beynəlxalq imkanlardan məharətlə istifadə edib. Ölkəmizin Qərb və Şərq arasında iqtisadi və mədəni körpü olmasını artıq bütün dünya qəbul edir və ölkə prezidentinin qatıldığı panel-müzakirələrində ona ünvanlanan suallar və bu sualların cavabları bunu bir daha ortaya qoyub".

Deputat bildirib ki, dünyanı və Azərbaycanı əsas narahat edən məsələlərdən ən önəmlisi təhlükəsizlik məsələləridir: "Azərbaycan uzun illərdir ki, Ermənistan işğalından əziyyət çəkir, ölkəmizə qarşı hazırkı dövrdə də erməni diversiyaları törədilir. Eyni zamanda regionda baş verən hərbi hadisələr, aparıcı dövlətlər arasında ziddiyyətlərin yaranması dünya təhlükəsizlik sisteminin əsasını zəiflətməkdədir. Digər tərəfdən beynəlxalq hüquq normalarına hörmət edilməməsi və ikili standartlar bu ziddiyyətlərin daha da dərinləşməsini təmin edir. Azərbaycan prezidenti bütün çıxışlarında dünyada təhlükəsizlik sisteminin yenidən qurulmasına ehtiyacın olduğunu qabartmaqla, bunun üçün beynəlxalq hüquq normalarına, ərazi bütövlüyünə bütün ölkələrdə hörmət edilməsinin, bir standartın tətbiq olunmasının vacib olduğunu iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda, regionda təhlükəsizliyin təmin olunmasında, aparıcı dövlətlər arasında olan ziddiyyətlərin aradan qaldırılmasında Azərbaycanın rolunu bir daha izah edərək bu səylərin bütün dünyanın təhlükəsizliyinə xidmət etdiyini izah edib".

Deputatın sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransı bir çox sarıdan Azərbaycan üçün əlamətdar olub: "İlk növbədə beynəlxalq platformadan istifadə edilərək Azərbaycan həqiqətləri, Ermənistanın işğalçı siyasətinin davamı və bunu bütün dünya üçün nə dərəcədə təhlükəli olduğu bir daha iştirakçıların diqqətinə çatdırılıb. Digər tərəfdən iqtisadi görüşlər keçirməklə Azərbaycan prezidenti hər imkanda ölkəmizin iqtisadi inkişafını dünya aparıcı biznes strukturları ilə inteqrasiya formasında gördüyünü nümayiş etdirib. Eyni zamanda bu, Azərbaycanın həm regional, həm də dünya miqyasında aparıcı rolunu bir daha sübut edir. Azərbaycan prezidentinin səyləri dünyada yeni təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır. Bu rol həm dəfələrlə nümayiş etdirilir, həm də hər kəs tərəfindən qəbul olunur".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, Münhen konfransının nəticələri Azərbaycan üçün bütövlükdə uğurlu hesab oluna bilər. O, SİA-ya bildirib ki, Azərbaycanın mütəmadi olaraq təmsil olunduğu Münhen konfransı dünyada təhlükəsizliyin təmin olunması istiqamətində mühüm platformalardan biridir:"Ümumiyyətlə, Münhen konfransında çox önəmli məsələlər müzakirə edilir. Budəfəki mövzu da Avrasiya məkanında təhlükəsizliklə bağlı idi. Bildiyiniz kimi, Avrasiya məkanında çoxlu problemlər var ki, onlardan da biri Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Hər zaman olduğu kimi, Azərbaycan prezidenti Münhenə səfəri zamanı da ölkəmizin maraqlarını, ərazilərimizin işğala məruz qaldığını və yaranan vəziyyətin təkcə dövlətimiz üçün deyil, region, eləcə də Avrasiya məkanı üçün təhlükə olduğunu xüsusilə vurğuladı. Azərbaycan prezidentinin Münhen konfransında çıxışları və irəli sürdüyü prinsiplər eyni zamanda ölkəmizin dialoq üçün açıq məkan olmasını vurğulaması, beynəlxalq münasibətlərdə tənzimləyici funksiyasını qeyd etməsi böyük önəm daşıyır".

Ceyhun ABASOV

 





21.02.2017    çap et  çap et