525.Az

“Gözüm, canım, əfəndim...”- Unudulmaz sevgi şeirləri


 

PƏRVİNin təqdimatında

“Gözüm, canım, əfəndim...”- <b style="color:red">Unudulmaz sevgi şeirləri</b>

... Fikrin kimə aid olması yadımda deyil. Bəlkə də, hansısa əsərdən, kitabdan, ya filmdən çıxardığım nəticədi. Sonradan özüm üçün aforizmə çevirmişəm. Hələ bir müəllif də tapmışam buna. Deyəcəksiz ki, ola bilməz, heç vaxt belə iş tutmazsız? Hərdən mənə elə gəlir, yüzlərlə atalar sözü və aforizmlərdən nə ataların xəbəri var, nə də o kəlamların müəlliflərinin: bunlar, sadəcə, gündəlik həyatın, oxuduğumuz kitabların, baxdığımız kinoların hansı bir məqamdasa bizdə yaratdığı ovqatın təəssüratıdı.

Sadəcə inandırıcı olsun deyə (təkcə başqalarına yox, həm də özümüzə) həmin fikirləri müdriklərin adına yazmışıq.

...Tərif ən yaxşı tərbiyədir, deyirlər! Amma kimin üçün? Axı, tərifdən başı gicəllənən, tərbiyəsi pozulan adamlar da az deyil... Ona görə, məncə, səmimi tərif kübar, dərin, mənən zəngin insana (müsbət impuls) yaxşı təsir edər... Qalanları heç. Füzuli olan yerdə, onlardan danışmaq yersizdi. Eşq filosofunun “Pərişan halin oldum, sormadın hali-pərişanım” misrası ilə başlanan mürəbbesinin qəribə bir mistikası var. Əvvəla, şairin gözəl xanıma “Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım...” – deyə müraciəti şeirin elə ilk bəndindən coşqu yaradır. Bu xitabların biri bəs edər ki, insanın ruhu qanadlansın və üzüyuxarı pərvazlanmağa başlasın. Amma... Axı, bu, Füzulidi... Qadının bir sözüylə divan yazan Füzuli! “Məcnundan füzun aşiqlik istedadı” olan Füzuli. Hə... Elədi! Haqqında danışdığım mürəbbe də məhz böyük aşiqlik istedadına sahib söz xiridarının dilindən çıxıb. Əsərin ilk misralarından gözəl xanımdan gileylənən şair düşdüyü dərdi, çəkdiyi əzabı sözün bütün rəngləri ilə təsvir edir. Hətta bəzi məqamlarda aşiqə “vəfasız çərx yayından” dəyən oxların yaraları da aydın görünür. Bütün mürəbbe boyu isə şair sevdiyini zalımlıqdan əl çəkməyə, mürüvvət göstərməyə, aşiqə lütf etməyə, məzlumu incitməməyə çağırır. Və həmin ifadələr istər-istəməz Qəddar Qadını təsəvvürə gətirir. Məncə, Füzuli “gözəl xanımı” zalımlıqda sadəcə, biganəliyinə görə qınaya bilərdi.  Lakin ən maraqlısı budu ki, o, şikayətini də əzizləyə-əzizləyə edir... Sanki Xanımı sözləri ilə sığallayır. Və elə bu yolla da tərbiyələndirir.  Sevə-sevə, tərif edərək... “Sənin tək nazəninə nazənin işlər münasibdir...”, “Səni tərk etməzəm çün mən, məni sən dəxi tərk etmə!” – deyərək.

... Və indi, həmin mürəbbeni yenidən, təkrar-təkrar oxuyanda düşünürəm ki, “Sevgi adamı Adam eləyən ən gözəl duyğudu” aforizmini ürəklə Füzulinin adına yazmaq olar...  

Füzuli:
“Sənin tək nazəninə, nazənin işlər münasibdir...”
 

Pərişan halin oldum, sormadın hali-pərişanım,
Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım,
Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl xanım!
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!

Əsiri-dami-eşqin olalı, səndən vəfa görmən,
Səni hər qanda görsəm, əhli-dərdə aşina görmən,
Vəfavü aşinalıq tərkini səndən rəva görmən,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım.

Dəyər hərdəm vəfasız çərx yayından mənə bir ox,
Kimə şərh eyləyim kim, möhnətü ənduhü dərdim çox,
Sənə qaldı mürüvvət, səndən özgə hiç kimsəm yox,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım! 

Gözümdən dəmbədəm bağrım əzib yaşım kimi getmə!
Səni tərk etməzəm çün mən, məni sən dəxi tərk etmə!
İkən həm zalım olma, mən kimi məzlumu incitmə!
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım! 

Qatı könlün nədən bu zülm ilə bidadə rağibdir,
Gözəllər nisbəti olmaz cəfa, səndən nə vacibdir.
Sənin tək nazəninə, nazənin işlər münasibdir,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!

Nəzər qılmazsan əhli-dərd gözdən axıdan seylə,
Yamanlıqdır işin üşşaq ilə, yaxşımıdır böylə?
Gəl, allahı sevirsən aşiqə cövr etmə, lütf eylə,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım! 

Füzuli şiveyi-ehsanın istər, bir gədayindir,
Dirildikcə sənin kuyin yolunda xaki-payindir,
Gərək öldür, gərək qoy, hökm – hökmün, rəy – rəyindir,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!

 





22.04.2013    çap et  çap et