525.Az

Şagirdlər üçün elmi-populyar mühazirə və seminarlar keçiriləcək


 

MİSİR MƏRDANOV: "MƏQSƏDİMİZ ŞAGİRDLƏRİN RİYAZİYYATA MARAĞINI ARTIRMAQDIR"

Şagirdlər üçün elmi-populyar mühazirə və seminarlar keçiriləcək<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarların keçirilməsinə başlayıb.

Bu barədə 525-ə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov məlumat verib. Professor bildirib ki, orta məktəb şagirdlərinin riyaziyyata marağının artırılması, istedadlı uşaqların vaxtında aşkar olunub seçilməsi və onların riyazi biliklərə daha dərindən yiyələnməsi məqsədilə təşkil olunan elmi-populyar seminar, mühazirələr dünyanın bir çox elmi mərkəzlərinin praktikasında geniş yayılıb.

Riyaziyyatın yaradıcılıq və tətbiq imkanlarının şagirdlərə izah edilməsi, orta məktəb kursuna daxil olmayan əlavə mövzuların şərhi və şagirdlərin elmi yaradıcılığa cəlb edilməsi məqsədi ilə təşkil olunan seminar və mühazirələri Riyaziyyat və Mexanika İnstitutunun elmi əməkdaşları aparır:
 
"Layihə haqqında institutun veb saytında elan verdik. İlk seminarı fevralın 23-də institutun akt salonunda keçirdik. Layihə qısa müddət ərzində Bakı şəhərinin orta məktəb şagirdləri və müəllimləri arasında böyük marağa səbəb olmuşdu. İlk seminarda 100-dən çox şagird və müəllim iştirak edirdi".

Misir Mərdanov vurğulayıb ki, ölkədə riyaziyyat sahəsində müasir tələblərə uyğun elmi-pedaqoji və digər mütəxəssis hazırlanması baxımından hazırda gənc nəsil arasında riyaziyyat elminin təbliğinin böyük əhəmiyyəti var:
 
"Layihə çərçivəsində şagirdlər arasında riyaziyyatın geniş təbliğini və populyarlaşdırılmasını təşkil etmək, gələcəkdə elmi yaradıcılığa meyilli şagirdlərin seçilməsi və onlara riyazi biliklərə yiyələnməkdə yardım etmək, istedadlı uşaqların seçilməsi və müəyyən elm və təhsil fondlarının onların təhsilinə yardımını təşkil etmək əsas hədəflərdəndir. Həmçinin müəllim-pedaqoji kollektivlərlə bu sahədə əməkdaşlıq etmək, riyaziyyat və fəlsəfə üzrə elmlər doktoru və professorları şagirdlərin riyaziyyat sahəsində təhsilinə cəlb olunması nəzərdə tutulub. Bununla yanaşı, layihə əsasən elmi-populyari dərgi və kiçik kitabçaların (broşurların) nəşri və tərcüməsi, şagirdlərlə xüsusi seminarların, riyaziyyat olimpiadalarının keçirilməsi planlaşdırılır".

S.QARAYEVA

 





22.02.2017    çap et  çap et