525.Az

"Mehriban Əliyevanın I vitse-prezident təyin edilməsi tarixi hadisədir"


 

"BİRİNCİ VİTSE-PREZİDENT ÖLKƏ BAŞÇISININ APARDIĞI İQTİSADİ İSLAHATLARIN UĞURLA HƏYATA KEÇİRİLMƏSİNİ SÜRƏTLƏNDİRƏCƏK"

"Mehriban Əliyevanın I vitse-prezident təyin edilməsi tarixi hadisədir"<b style="color:red"></b>

Dünən prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilib.

Bu məqsədlə dövlət başçısının sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İlham Əliyev şura üzvlərinə Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ilə bağlı qərarını açıqlayıb.

Ölkə rəhbəri iclasda qeyd edib ki, Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır... Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcək".

Öz növbəsində Mehriban Əliyeva çıxış edərək bildirib ki, bu vəzifəyə təyin olunmaqla öhdəsinə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edir: "Mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağıma inanıram".

Azərbaycanda yeni yaradılan vitse-prezidentlik institutuna ilk təyinatla bağlı fikirlərini bildirən Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qeyd edib ki, ötən il keçirilən referendumun nəticələrinə görə təsis edilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində, heç şübhəsiz hamı Mehriban xanım Əliyevanı görürdü: "Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq".

Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, Azərbaycanın taleyüklü məsələlərinin həllində, mədəniyyətimizin inkişafında və beynəlxalq arenalarda təbliğində, xeyriyyə işlərinin həyata keçirilməsində əvəzsiz fəaliyyəti olan və ehtiyacı olan insanlara bir ümüd qapısı olmuş Heydər Əliyev Fondunun prezdenti, İSESKO və YUNESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva 1-ci vitse-prezdent təyin olunması ölkə başçısının apardığı iqtisadi islahatların uğurla həyata keçirilməsini sürətləndirəcək.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Mehriban Əliyevanı vitse-prezident təyin etməsi gözlənilən qərarlardan biri idi: "Çünki Mehriban Əliyeva prezidentin həyat yoldaşı olmaqla bərabər, həm də dövlət işlərində fəal fiqurlardan sayılır.

Mehriban Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik etdiyi müddətdə dövlət işində xeyli təcrübə qazanıb. Mehriban Əliyeva ölkə daxilindəki proseslərin bilavasitə iştirakçısıdır. Mehriban Əliyeva bugünə qədər humanitar sahədəki fəaliyyətinə görə məşhurdur, bu sıraya insanların səhiyyə problemlərinin həllini, mədəniyyət və idman tədbirlərinin keçirilməsi, əfv fərmanlarının verilməsi və digər məsələlər aiddir. İndi isə Mehriban Əliyevanın fəaliyyət arenası genişlənəcək".

E.Şahinoğlu qeyd edib ki, Mehriban Əliyeva ictimaiyyət arasında populyardır: "Digər mühüm məsələ prezidentin birinci-vitse prezidentə hansı səlahiyyətləri etibar edəcəyidir. Bunlardan biri səhiyyə sahəsindəki islahatların sürətləndirilməsi ola bilər. Azərbaycan vətəndaşlarının ən çox əziyyət çəkdiyi və şikayətləndiyi sahələrdən biri səhiyyədir. Mehriban Əliyeva həm bu sahədə korrupsiyanın ortadan qaldırılmasına, həm xidmətin keyfiyyətinin artırılmasına, həm də yaxın müddətdə bütün vətəndaşların icbari tibbi sığortasına nail olmalıdır. Dövlət başçısı başqa sahələrdə islahatların sürətləndirilməsini də birinci-vitse-prezidentə həvalə edə bilər".

Politoloq hesab edir ki, Mehriban Əliyevanın beynəlxalq aləmlə əməkdaşlıqda da lazımi təcrübəsi var: "Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban Əliyevanın bir sıra xarici ölkələrdə həyata keçirdiyi humanitar aksiyalar, zəlzələdən əziyyət çəkən Pakistanda məktəblərin tikintisi və həmin məktəblərin texniki avadanlıqla təchizi, Fransa və Vatikanda muzeylərin təmiri və sair addımları onu beynəlxalq arenada tanıtdırıb. Ona görə də birinci vitse-prezident olaraq Mehriban Əliyevanın dünya liderləri ilə təmas qurması, ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparması ona çətin olmayacaq".

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə qeyd edib ki, Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin siyasi həyatında mühüm tarixi hadisədir. O, "Milli.az"a bildirib ki, Mehriban Əliyeva Azərbaycanın prioritet kimi müəyyənləşdirdiyi məsələlərlə bağlı ardıcıl və çoxşaxəli fəaliyyət göstərən ictimai-siyasi xadim kimi tanınır: "Azərbaycanın birinci xanımı ölkəmizin tarixini dərindən bilən, onun maddi abidələrini, mənəvi sərvətlərini ləyaqətlə qorumağı bacaran, Azərbaycanın musiqi həyatından başlamış siyasi həyatınadək bütün sahələrdə imzası olan, ölkəmizi həm də beynəlxalq miqyasda uğurla təmsil edən, dünyada nüfuz və hörmətə malik olan ictimai-siyasi xadimdir. Onun humanitar fəaliyyətinin coğrafiyası Pakistandan Albaniyaya, siyasi fəaliyyətinin coğrafiyası isə Azərbaycandan Avropa İttifaqı ölkələrinə qədər uzanır".

Deputat deyib ki, Mehriban Əliyeva istər Heydər Əliyev Fondunun prezidenti, istərsə "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, istərsə də millət vəkili kimi bu zamana qədər Azərbaycan xalqının və dövlətinin maraqları əsasında uğurlu fəaliyyət göstərib və cəmiyyətimiz Azərbaycanın birinci xanımının fəaliyyətini olduqca yüksək qiymətləndirir: "Məhz bütün bunları nəzərə alaraq deyə bilərik ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezident təyin edilməsi məhz Azərbaycan cəmiyyətinin arzusunun reallaşdırılması, xalqımızın istəyinin ifadəsidir. Bu, həmçinin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar strategiyası çərçivəsində atılmış ən uğurlu addımlardan biridir. Şübhəsiz ki, yeni institusional islahatların həyata keçirilməsində Mehriban Əliyevanın dəst-xətti özünü göstərəcək".

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə qeyd edib ki, 1-ci vitse-prezident təsisatının yaradılması ilə ölkədə ali hakimiyyət pillələrində 2-ci şəxs baş nazir yox, 1-ci vitse-prezident Mehriban Əliyevadır: "Vitse- prezidentlik bizim üçün yeni bir institutdur. Güman ki, artıq bu təsisatın səlahiyyətləri və idarəetmədəki roluna aid hüquqi sənədlər də hazırdır. Bundan sonra yəqin ki, Nazirlər Kabinetini də əvvəlki formatında saxlamaq lazım gəlməyəcək. Ümid edirəm və əminəm ki, vitse-prezidentlik təsisatımız daha çevik və daha effektiv idarəetmə strukturu olacaq".

O.Gündüz hesab edir ki, iqtisadi sıxıntılar dövründə, qeyri-neft sektorunun inkişafının yetərincə formalaşmadığı, büdcənin vəziyyətinin elə də yaxşı olmadığı bir zamanda, həmdə aktiv müharibənin də labüd olduğu bir zamanda bu cür məsuliyyətli bir yükün altına girmək təbii ki, asan olmayacaq: "Əlbəttə, düşünürəm ki, indiyədək qazanılan təcrübə və imic, ölkədə və qlobal dünyada təşkil olunan çoxsaylı beynəlxalq tədbirlərin əsas təşkilatçısı olması, hökumət qurumlarının 1-ci şəxslərindən ibarət yüksək ranqlı komissiyalara uğurla rəhbərlik etməsi, beynəlxalq əlaqələri, həm də 1-ci xanım titulu yeni dövlət vəzifəsinin icrasında Mehriban xanıma ciddi kömək olacaq. Düşünürəm ki, prezidentin 2-ci şəxs seçimi dövlətimizin daha da möhkəmlənməsi, dövlət intizamının daha da gücləndirilməsi və ölkənin inkişafı üçün uğurlu addımdır".

Ceyhun ABASOV

 





22.02.2017    çap et  çap et