525.Az

Sözün işığında


 

Sözün işığında<b style="color:red"></b>

Professor Qəzənfər Paşayevin “Elçin haqqında düşüncələrim”kitabına yazılmış ön söz

Yazıçılıq istedadı insanda hardan və necə yaranır? Yəqin ki, bu sualın dünyada olan yazıçıların sayı qədər cavabı var. Amma çox güman ki, yazıçılıq oxuculuqdan, bir qədər də konkretləşdirsək, oxunan ilk cümlədən başlanır. Yəni sən artıq anlayırsan ki, çay kimi axıb gedən bu həyatı, bu zamanı tutub saxlamaq da olarmış. Bəli, yazıçılıq məhz zaman içində öz zamanını yaratmaq istəyidir. Beləcə, illər, qərinələr ötür və gələn nəsillərə Homer dövrü, Nizami dövrü, Füzuli dövrü, Mirzə Cəlil dövrü və s. kimi zaman adalarına səyahət etmək imkanı yaranır. Və  artıq deyə bilərik ki, bu sırada Elçin dövrü adlı bir ada da var. O adanın sakinləri – Elçinin təxəyyülündən doğulan obrazlar, qəti əminliklə vurğulaya bilərik ki, artıq zamanın sınağından çıxmış, ədəbiyyatda əbədiyyət statusu qazanmış obrazlardır. Çünki Elçinin əsərlərində, nə bir qurama hadisəyə, nə də bir qurama personaja rast gələ bilərsən. Hadisələr həyatın özü qədər həyati, obrazlar insanın özü qədər diri, canlıdır. Oxucu o hadisələri sanki gerçəkdə baş vermiş, hətta deyərdim ki, öz başına gəlmiş bir vaqeə kimi yaşayır, o personajları isə nəinki tam aydınlığı ilə görür, hətta onların nəfəsini, qoxusunu belə hiss edir. Mən bu məziyyətləri hətta yazıçının “Mahmud və Məryəm”, “Ölüm hökmü”, “Ağ dəvə” kimi tarixi mövzularda yazılmış əsərlərinə də aid edərdim.

Yazıçının fitri istedadıyla yanaşı,  onun peşəkarlığını da xüsusi qeyd edərdim. Çox vaxt güclü nasir heç də dramaturq kimi özünü həmin səviyyədə təsdiqləyə bilmir. Yaxud da əksinə. Elçin Azərbaycan ədəbiyyatında nadir simalardandır ki, hansı janrda yazırsa-yazsın, istər roman, hekayə, hətta uşaq hekayələri, nağıllar olsun, istərsə də pyes, yaxud da ssenari olsun – bu əsərlərdə oxucu hər cümlədə o fitri istedadı cilalayan peşəkarlığı hiss edir. Görünür bunun əsas səbəblərindən biri, bəlkə də birincisi Elçinin təkcə Azərbaycan deyil, bütün dünya ədəbiyyatını dərindən bilməsi, sözün böyük mənasında ədəbiyyatçı olmasıdır.

Bu barədə oxucular professor Qəzənfər Paşayevin Xalq yazıçısı Elçinin yaradıcılığına işıq tutan bu dəyərli kitabını oxuduqca daha ətraflı  anlayışa sahib olacaqlar. “Elçin haqqında düşüncələrim” adı altında bir kitabda toplanmış, müxtəlif vaxtlarda yazılıb dərc olunmuş bu silsilə məqalələrin bəziləri ilə mən əvvəldən də tanış idim. Onları yenidən kitab halında oxumaq isə bu tanışlığı necə deyərlər, dostluğa çevirdi. Və məndə belə təəssürat yarandı ki, bu məqalələr müəyyən fasilələrlə ayrı-ayrı vaxtlarda yazılsa da,  ilk cümləsindən son cümləsinə qədər sanki nə vaxtsa belə bir kitabın yaranacağını, hiss edirmiş. Bu təəssüratı məndə oyadan isə təbii ki, bu kitabı bütöv, tam halda görə bilməyim oldu.

Mənim təsəvvürümdə hansısa qəzet və jurnallarda dərc olunan yazılar hardasa kirayənişin ömrü yaşayır. Bu mənada, nə vaxtsa adda-budda yazılmışları bir araya toplayan, onlara sığınacaq verən kitabı hardasa ev də adlandırmaq olar.

Qəzənfər Paşayevin uzun illəri əhatə edən bu ev-kitabında Elçinin çoxşaxəli yaradıcılığının demək olar ki, bütün istiqamətləri araşdırılır, yazıçının yalnız bədii deyil, həmçinin elmi əsərləri də geniş təhlil olunur. “Elçinin folklor dünyası”, “Kərəm yanğısı ilə”, “Aşıq poeziyamızın açılmamış qatı” və s. başlıqlar altında verilmiş məqalələrdə oxucu Elçinin ədəbiyyatı konseptual şəkildə mənimsəməsinin, yalnız dünya deyil, Azərbaycanın şifahi və yazılı ədəbiyyatına dərindən bələd olmasının bir daha əyani təsdiqini görür. Yəqin bu mükəmməl savadın bəhrəsidir ki, demək olar, bütün məqalələrində Elçin çox dəqiq paralellər aparmaqla ümumilikdə ədəbiyyatın keçdiyi yolu, Azərbaycan ədəbiyyatı ilə dünya ədəbiyyatı arasındakı inteqrasiyanın bütün istiqamətlərini nəinki mərhələ-mərhələ, hətta deyərdim ki, addımbaaddım təhlil və təqdim edir. Kitabda bu haqda geniş bəhs olunduğundan, təfərrüata varmadan bu yığcam kitaba yazdığım bu qısa ön sözümü bir fikirlə yekunlaşdırmaq istəyirəm.

Professor Qəzənfər Paşayevin “Elçin haqqında düşüncələrim” kitabı müəllifin özünün də dediyi kimi, Xalq yazıçısı Elçinin 70 illik yubileyinə kiçik bir töhfədir. Yubileyinə ən gözəl töhfəni isə ustad yazıçımız özü edir. Belə ki, Elçin müəllim son vaxtlar bəlkə də həmişə olduğundan da məhsuldar yaradıcılıqla məşğuldur. Onun ssenariləri əsasında çəkilən filmlər artıq dünya ekranlarına çıxır, pyesləri dünyanın ən nüfuzlu teatrlarında oynanılır. Bu sıradan Elçin müəllimin məqalələri, tərcümələri ilə yanaşı, bu yaxınlarda qələmə aldığı iki nəsr əsərini – “Kölgə” hekayəsini və “Kaşeyin taleyi” kiçik povestini xüsusi qeyd edərdim. Bu iki əsəriylə Elçin müəllim Azərbaycan ədəbiyyatının xəritəsini xeyli genişləndirdi. Bu mənada, deyə bilrərik ki, qarşıdan gələn illərdə yazıçı Azərbaycan ədəbiyyatı adlı mənəvi ərazimizi neçə-neçə mükəmməl əsərləriylə daha da zənginləşdirəcək və növbəti yubileyi ərəfəsində biz artıq Elçin müəllimin digər yeni əsərlərinin ab-havasının ovsununa düşəcəyik.

Bunun üçün isə bizlərə yalnız ustad yazıçıya möhkəm can sağlığı arzulamaq qalır.

 





22.04.2013    çap et  çap et