525.Az

Gülə-gülə, sevgili Ülkü xalam!..


 

Gülə-gülə, sevgili Ülkü xalam!..<b style="color:red"></b>

Dünyaya gəldiyi andan yaşamaqçün çabalayır insan.

Sevgiylə, ümidlə, ehtirasla, əzmlə bərk-bərk həyata sarılmağa çalışarkən ölümün də yaşamla birgə yürüdüyünü unuduruq. Amma "ölümlə həyat bir-birini tamamlayan əksliklərdir" - Oktavio Pazın yazdığı kimi.

Uzun illər əvvəl Ataköy ibtidai məktəbində şagirdkən yaşadığım çox gözəl xatirələrlə ilə yanaşı, təəssüf ki, həyatın gətirdiyi ölüm kimi hüznlü hadisələr də yadımdan çıxmır. Vaxtaşırı sevinc və kədər qarışıq duyğular içində xatırlayıram.

Həmin məktəbin qarşısından ötərkən gözümün önündən nələr keçir, nələr... Ardınca hər şeyi bu qədər incəliyinə qədər yadımda saxladığıma görə öz-özümə gülümsəyirəm.

Yaşadığımız xoşbəxt uşaqlığımızı, təəssüf ki, artıq dünyasını dəyişmiş ailəmizə borclu olduğumuzu fikirləşəndə, bir an da olsa, bizi uzaqlardan izlədikləri düşüncəsini gözardı etmirəm.

Kimya mühəndisi olan sevimli Ülkü xalamı itirdiyimiz xəbərini İzmirə getməkçün təyyarəyə minəndə aldım.

Hava limanının səs-küyü, gurultusu sanki içimə girmişdi. Ürəyim elə tez döyünürdü ki... Göz yaşlarımı saxlaya bilmirdim... Çox-çox əvvələ qayıtdım. Almaniyada kimya mühəndisliyi oxuyan Ülkü xalam və memarlıq oxuyan yeznəmiz Rolf... Bir-birlərini nə qədər sevdikləri uşaqlığımın ən gözəl xatirələrindəndir. Onları görəndə həmişə o ilk zamanları canlanır gözlərimin önündə.

Almaniyada Kimya Mühəndisliyi fakültəsindən məzun bir kimya mühəndisi... Ağıllı, çalışqan, bacarıqlı və çox praktik insandı xalam. Hər problemə həll tapar, hər kəsi xoşbəxt etməyə çalışardı. Son il yarımda xəstəliyinə rəğmən həyata qarşı güclü dayanması, çevrəsinə göstərdiyi diqqət və sevgi heç dəyişməmişdi. Çox sevdiyi həyat yoldaşı, qızı, kürəkəni, nəvəsi, bacıları və biz bacıuşaqları, bizim uşaqlarımız... 

Həftə içi Schvarzvalda tətilə getmişdilər. Həftə sonu qayıdacaqdılar. Amma təəssüf ki, Ülkü xalam yuxudan bir daha oyana bilməmişdi... "Ölüm yuxunun qardaşıdır" - deyib axı Oskar Uayld... Bax elə eynən o cür... 

Bizli pozitivə kökləyən, bacardığı qədər təbəssüm bəxş edən, sevgiylə saran ən kiçik xalamız dünyasını dəyişmişdi... "İnsan yalnız qəlbiylə yaxşı görür, önəmli şeylər gözlə görülməz" - deyib "Balaca şahzadə" kitabının müəllifi Antuan de Sent de Ekzüperi. Bu cümləni oxuyanda xalamın mənə göndərdiyi kitabları düşündüm. Hər yolladığı kitaba həyatla bağlı insana təsir edən düşüncə, duyğu və xəyallarını ifadə edən bir neçə cümlə yazmağı heç unutmazdı. 

Bir-birimizdən kilometrlərlə uzaqda yaşamağımıza rəğmən sevgi bağımız qüvvətliydi. Məsafələri qısaltmışdıq. Bir-birimizlə danışacaq, paylaşacaq çox şeyimiz olurdu, heç bir şey olmasa sevgimizi, yaxşı xəbərləri bölüşürdük. Əsla yaşanmış anları və xatirələri unutmadan... "Ölüm yaşayacağını yox edə bilər. Yaşadığını deyil!" - demişdi dəyərli şairimiz Fazıl Hüsnü Dağlarca 1996-cı ildə bir müsahibəmiz əsnasında. Həqiqətən də elə deyilmi?

Gülə-gülə, sevgili Ülkü xalam! Səndən ötrü çox darıxacağıq...

Çevirən: Cavid QƏDİR

 





23.02.2017    çap et  çap et