525.Az

Onun böyük uğurları hələ qarşıdadır


 

Onun böyük uğurları hələ qarşıdadır<b style="color:red"></b>

Müstəqillik illərində respublikamızda həyata keçirilən uğurlu gənclər siyasəti öz səmərəli nəticələrini verib.

Ölkədə əqidəli, vətənpərvər, cəsarətli, yüksək intellektual səviyyəyə və  hərtərəli qabiliyyətə malik  sağlam ruhlu gənclər nəsli yetişib.Bu gün onlar istehsalatda,quruculuq işlərində, döyüş meydanlarında, elm, təhsil,idman sahələrində  nəyə qadir olduqlarını inamla sübut edirlər.Haqqında söhbət açdığımız Fərid Abuşzadə də belə gənclərdəndir.

O,1996-cı ildə Ağcabədidə ziyalı ailəsində anadan olub. Yaşıdlarından qeyri-adi bilik və bacarığı ilə fərqlənən Fərid təhsil aldığı Camal İbrahimov adına 8 saylı şəhər tam orta məktəbində müəllimlərin diqqətini çəkib. Atası Fuad da bu səbəbdən onunla ciddi məşğul olmağa başlayıb, qayğı və dəstəyini əsirgəməyib. Odur ki, istedadlı şagird aşağı siniflərdən bir çox məktəb və rayon tədbirlərinə cəlb olunub.Sonralar o,bölgədə təşkil olunan müxtəlif yarışmalarda müntəzəm iştirak edib.Fərid məktəb komandasının tərkibində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bilik yarışmalarında, eləcə də bölgə və region üzrə "Cəsurlar" hərbi-idman oyunlarında dəfələrlə qalib gələrək respublika birinciliklərində rayonu layiqincə təmsil edib.Əldə etdiyi bu nəticələr onun gələcək yüksək uğurlarından xəbər verib.Torpaqlarımızın erməni tapdağı altında qalması ilə barışmayan Fərid orta məktəbi bitirdikdən sonra hərbçi kimi vətənə xidmət göstərmək istəyib. Lakin sonralar yüksək bilik və qabiliyyətlə də düşmən üzərində üstünlük qazanmağın mümkün olduğunu düşünüb.Ona görə də dərslərini daim  yaxşı oxuyub, öz üzərində səylə çalışıb. Təsadüfi deyil ki, sonuncu sinifdə oxuyarkən o, ingilis dili fənni üzrə məktəblilərin rayon olimpiadasının qalibi olub.Bu nailiyyətlərin əldə olunmasında Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun ona göstərdiyi dəstək də mühüm  rol oynayıb.

Orta məktəbi müvəffəqiyyətlə bitirən F.Abuşzadə 2014-cü ildə qəbul imtahanlarında yüksək nəticə göstərib, 608 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinə daxil olub. Ali təhsil illərində Fəridin istedadı,qabiliyyəti daha qabarıq üzə çıxıb. O,qeyd edilən  dövrdə böyük uğurlara imza atıb. Özünün dediyi kimi 1-ci  kursdan bu nüfuzlu ali təhsil ocağında intellektual yarışmalarda, sinxron çempionatlarda, ictimai işlərdə yaxından iştirak edib. Daha sonralar isə akademiya tələbələrindən,eləcə də Ağcabədi rayonunun gənclərindən ibarət komandaların heyətlərində müxtəlif bilik yarışmalarına, müsabiqələrə qatılıb. Həmin dövrdə o, təhsil aldığı akademiyada keçirilən "Debat" turnirində 150 nəfər iştirakçı arasında finala çıxıb və adı "Ən yaxşı on natiq" sırasına daxil edilib.İstedadlı tələbə növbəti il burada təşkil olunan natiqlik müsabiqəsinin çempionu olub, "Ən yaxşı 3-cü natiq" adını qazanıb. Bundan başqa,Fərid 2015-2016-cı illərdə paytaxtda ali məktəblər arasında təşkil olinan Debat Formlarının final mərhələlərinə yüksəlib. Ötən il o,həmin yarışmada təhsil aldığı akademiyanın şərəfini layiqincə qoruyaraq Bakı şəhəri üzrə ilin qalibi elan olunub. Bu yüksək nəticələr onun regionlar üzrə qaliblər müsabiqəsində iştirak etməsinə imkan yaradıb. Fərid 2016-cı ilin sonunda Gəncə şəhərində təşkil olunmuş respublika Gənclər Debat Forumunun qalibi adına layiq görülüb. O, həmin il Az.TV-nin yayımladığı "Mən azərbaycanlıyam"intellektual respublika bilik yarışmasında da ilin qalibi seçilib.F.Abuşzadə bununla bərabər, "İrəli" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə yay istirahət düşərgəsinə vəsiqə qazanıb. Burada müvafiq layihə çərçivəsində təşkil olunan "Simuliyasiya modeli" müsabiqəsində onun üzv olduğu komanda birinci yer tutub, özü isə ən yaxşı natiq adına layiq görülüb.

Fərid 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları zamanı təşkilatı işlərdə respublikanın  fəal könüllü gənclərindən biri kimi nümunəvi xidmətlər göstərib. Onun 2015-2016-cı illərdə respublika "Breyn Rinq" yarışmalarında uğurlu çıxışlarını da bu nailiyyətlər silsiləsinə daxil etmək olar. Təhsil aldığı akademiyada əla qiymətlərlə oxuyan Fərid Abuşzadə yüksək  intellekt səviyyəsi, davranış və mənəvi keyfiyyətləri, uğurları ilə müəllim və tələbə yoldaşları arasında böyük hörmət və nüfuz qazanıb.

Hazırda 3-cü kurs tələbəsi olan Fərid Abuşzadə sabaha doğru əzmli, qətiyyətli addımlar atır, gələcəyin yüksək ixtisaslı mütəxəssis kimi yetişərək vətənə,xalqa xidmət etmək üçün bütün bilik və bacarığını sərf edir.Onu qarşıda hələ daha böyük nailiyyətlər gözləyir.

Yəhya PAŞAZADƏ

 





23.02.2017    çap et  çap et