525.Az

Livanlı yazıçı Əmin Rihaninin 140 illiyinə töhfə


 

Livanlı yazıçı Əmin Rihaninin 140 illiyinə töhfə<b style="color:red"></b>

Bugünlərdə ərəb məhcər ədəbiyyatının (xaricə mühacirət etmiş ərəb yazıçı və şairlərinin yaradıcılıq məhsulları belə adlanır) görkəmli nümayəndələrindən olan Əmin Rihaninin elmi, bədii və publisist yazılarından ibarət "Rihaniyyat" külliyyatından seçilmiş inciləri Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, inadkar elmi tədqiqatçı Əfsanə Məmmədova tərəfindən Azərbaycan dilinə tərcümə edilərək ilk dəfə toplu şəklində nəşr olunub.

Kitabda ümumilikdə otuz beş əsər tam, on altısı isə qısa parçalar şəklində yerləşdirilib. Kitab geniş ön söz ilə başlayır. Daha sonra oxucuya müəllifin həyat və yaradıcılığı barədə, əsərlərinin motivləri, o dövrün xüsusiyyətləri haqqında kifayət qədər məlumat verilir. Beləliklə, oxucu Əmin Rihanini başa düşmək, anlamaq üçün əvvəlcədən psixoloji baxımdan hazırlanır.

Yazıçı, publisist Əmin Reyhani Azərbaycan oxucularına vaxtilə Azərbaycan Şərqşünaslar Assosiasiyasının prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru olmuş, nüfuzlu elm xadimi, professor, məşhur ərəbşünas Aida İmanquliyevanın ilk elmi tədqiqat obyektlərindən biri kimi ərəbşünas şərqşünaslara tanışdır. Bir çox elmi tədqiqatların müəllifi olan Aidə xanım İmanquliyeva hər zaman Şərqlə Qərbi mənəvi birliyə, ortaq düşüncəyə, ümumi ictimai-siyasi baxışa dəvət edən ərəb yazıçıları ilə öz həmrəyliyini bildirmiş, onların yaradıcılıqlarını tədqiq və təbliğ edərək ictimaiyyətə çatdırmış, bu qaydanın düzgünlüyü uğrunda elmi aləmdə öz sözünü demişdir. Nə zamansa mədəniyyət və sivilizasiyaların qovuşacağına - ideya və məfkurə birliyinə, gələcəyinə Aida xanım bütün qəlbi ilə inanırdı. Bu səbəbdən də Şərq-Qərb ədəbi-fəlsəfi, mədəni dəyərlərinin sintezindən yaranan əsərləri, Ə. Rihani kimi işıqlı insanların ideyalarını geniş formatda, Sovet məkanında uğurla təbliğ edirdi.

"Əmin ər-Rihani livanlıdır. Ərəb ədəbiyyatında romantizmin banilərindən biridir. Rəngarəng janrlarda müxtəlif əsərlər yazmışdır. O, şair, nasir, publisist, tənqidçi, tarixçi, tərcüməçidir", - deyən Aida xanım İmanquliyeva Ə.Rihaninin hərtərəfli yaradıcılığa, dünyagörüşə malik bir şəxs olduğunu faktlarla sübut etməklə onun simasında Şərqin kamilliyə çox yaxın olan ziyalısının obrazını canlandırırdı. Tərcüməçi Əfsanə Məmmədovanı da ruhlandıran, yəqin ki, həm Ə.Rihaninin, həm də Aida xanıma olan hörmət və əminlik hissi olmuşdur.

Dahi mütəfəkkir Ə. Rihaninin 140 illik yubileyi ərəfəsində nəşr olunan "Rihaniyyat" külliyyatından seçmələr Azərbaycan ərəbşünaslığı, şərqşünaslığı üçün böyük töhfə kimi qiymətləndirilə bilər. Topluda Rihaninin ərəb və ingilis dillərində yazılmış müxtəlif kitablarında yer almış çoxsaylı fəlsəfi ideya və fikirləri bir araya gətirilib. Əsərlər əsasən insan hüquq və azadlıqları, tolerantlıq, mənəvi və ictimai intibah, Şərq və Qərb fəlsəfi fikri, ruh və cism vəhdəti ideyası və s. kimi mövzuları əhatə edir. Kitabda öz əksini tapmış əsərlərdə cəmiyyətin inkişafında elmin rolu yüksək qiymətləndirilir və tərəqqinin təməlinin təlim-tərbiyədə, təhsilin, maarifçiliyin inkişafında olduğu göstərilir. Maarifçilik ideyalarını bütün əsərlərində təbliğ edən Ə. Rihani insanın ancaq elm vasitəsilə cəhalət və fanatizmdən qurtularaq kamillik zirvəsinə yüksələ biləcəyini deyirdi. Qeyd edilən mövzu bu gün də çox aktualdır və inkişafın elmə əsaslandığını daha bariz şəkildə göstərir. Elm və mənəviyyat - həyatın cövhəridir desək, yəqin ki, yanılmarıq. Yalnız bunların vəhdəti inkişafı təmin edir.

Şərq və Qərb fəlsəfəsi demişkən, Rihani öz yaradıcılığında iki cərəyanı birləşdirən unikal formalar axtaran, cəmiyyətə təqdim edən yazıçı idi. O, Şərq romantizmində ifrat sentimentallığı tənqid edir, eyni zamanda Qərb proqmatizminin əxlaqi, ictimai və mənəvi dəyərlər baxımından geridə qaldığını vurğulayırdı. Rihaniyə görə, kamil insanın həyatı iki qanuna tabedir: ilahi qanunlar və insan təxəyyülünün məhsulu hesab edilən əxlaq normaları. Onun fikrincə, mənəvi dəyərlər sistemindən məhrum olan millət məhvə məhkumdur. Romantik Şərqlə praktik Qərb arasında dərin uçurumu görən yazıçı Şərq mənəviyyatını Qərbə, Qərbin maddi-texniki tərəqqisini isə Şərqə gətirməyə çalışırdı. Özü də o, bu çətin missiyanın öhdəsindən Şərq və Qərb dəyərlərini ideallaşdırmaqla yox, onların müsbət cəhətlərini tapıb vəhdət yaratmaq yolu ilə gəlməyin mümkünlüyünü qeyd edirdi. Ə. Rihani əsərlərində Qərbdə əxlaqi və mənəfi keyfiyyətlərin, xürafat və mövhumata qapılmış Şərqdə isə yeni ideoloji və elmi hərəkatın getdikcə zəiflədiyini təəssüf hissi ilə qeyd edirdi. Ədib Şərqlə Qərb arasındakı uçurumu bəşəriyyətin faciəsi hesab edərək bunun acı nəticələrinin hələ irəlidə olduğunu söyləyirdi. Onun bu proqnozunun nə dərəcədə düzgün olduğunu indi biz anlayırıq. Şərqlə Qərb arasında yaradılmış uçurumun dərinliyini görür, onların hətta müharibə meydanında belə toqquşmasının şahidi oluruq. Problemdən çıxış yolunu yazıçı hər iki mədəniyyətin qarşılıqlı mübadiləsində, dözümlülükdə görürdü. Ə. Rihani yazırdı: "Şərq və Qərbin yekcins olmayan ümumi mədəniyyətindən doğan həqiqi və sağlam qurtuluş dini, ictimai və siyasi xəstəliklərə qarşı yeganə çarədir. Elə isə qərbli Allaha üz tutmalı, şərqli isə çiyinlərindəki bəzi ideoloji-mənəvi ağırlıqları yüngülləşdirməlidir".

Müəllifin seçib tərcümə etdiyi nümunələrdən görünür ki, o, həm Ə.Rihaninin həyat və yaradıcılığını, həm də onun qələmindən çıxmış əsərləri dərindən öyrənib və bu biliklərin nəticəsi olaraq tərcümə maksimum dərəcədə orijinalı əks etdirir. Tərcümənin dili səlis, anlaşılan və oxunaqlıdır. Əsas odur ki, tərcümə olunan Divan bu günümüzün problemləri ilə həmahəngdir. Deməli, günümüzdə ortaya çıxan çətin məsələlərin həllini tapmağa da yardımçı ola bilər.

Kitab eyni zamanda Azərbaycan və Livan xalqları və ölkələri arasında ikitərəfli siyasi-iqtisadi əlaqələrin ədəbiyyat zəminində də möhkəmlənməsinə, genişlənməsi və dərinləşməsinə töhfə kimi qiymətləndirilə bilər. Ümid edirik ki, dahi mütəfəkkirin 140 illik yubileyi ərəfəsində bu toplu Azərbaycan şərqşünaslığına qiymətli töhfə kimi geniş oxucu kütləsinin və elm adamlarının marağına səbəb olacaq.

Rafiq ƏLİYEV
fəlsəfə elmləri doktoru, professor

 





23.02.2017    çap et  çap et