525.Az

İzdiham–şüurun qara qutusu


 

İzdiham–şüurun qara qutusu<b style="color:red"></b>

Aygün Əliyeva
Qafqaz Universiteti II kurs
magistr tələbəsi 

“İzdiham” – düşünən hər kəs üçün onun müəllifini təhlil etməyə sonsuz imkanlar yaradır”, yaxud, “bu əsər şüuraltı yaddaş xatırlamasıdı...” kimi açıqlamalar forma və üslub, həmçinin, mövzu və məzmun baxımından fərqli nəsr nümunəsi kimi nəzər-diqqəti cəlb etmiş bu romanın çoxplanlı və çoxcəhətli ilmələrində azıb qalmış oxuculardan xəbər verir.

Roman ətrafında aparılan çoxsaylı təhlillər, yazılan məqalələr arasında əsəri qorxulu yuxu (ujas) janrına aid edənlərlə yanaşı (Ə.Cahangir “Yoldan başqa yol yoxdur”), təkliyin faciəsindən, ekzistensializmdən söhbət açanlar da oldu.

Əsərin riyazi düsturunu isə Ramiz Rövşən müəyyənləşdirdi:

“...Sadəcə, eyni mənzildə doğma adamlar bir-birinə mane ola-ola, sürtüşə-sürtüşə, hər təmasda bir-birindən nə isə qopara-qopara, ala-ala, amma əvəzində heç nə verməyə-verməyə yaşayırlar. Bu adamların təkcə bir-birinə hirsi və nifrəti yox, sevgisi və mərhəməti də dağıdıcıdır”.

“Afaq Məsud – şəxsiyyətin təkliyi və ekzistensial yadlaşmadan çəkilən əzabları təsvir etmək baxımından müasir nəsrimizdə bir çox maraqlı nümunələr yaratdı. Onun yazı tərzindəki ironik çalarlar (özünü ironiya) bəzən tragizmi, fəci məqamları yumşaldır. Bəzən oxucuya elə gəlir ki, müəllif özü bu tragizmi təsvir etməkdən qorxur və çəkinir”.  (N. Əliyeva. “Tək və İzdiham”)

Bizə isə məlum olur ki, müəllif, nəinki, bu səhnələri təsvir etməkdən çəkinir, əksinə, bundan hətta zövq alır.

“Ədəbi qəhrəmanlarımı ... psixoloji labirintlərdə  dolandırmağıma gəlincə, bilirsiz ki, psixoloji nəsr yazıram. Bu üslub geniş oxucu kütləsi üçün rahat həzm olunan əsərlər yetirmir və ola bilsin, qəhrəmanlarıyla bir, yarıqaranlıq labirintlərlə, mistik dəhlizlərlə dolaşan müəllif kənardan qorxu və iztirablar içində qovrulan insan təsiri bağışlayır. Lakin bu heç də belə deyil. Həmin o dərinliklər, yarıqaranlıq, qapalı məxfiliklər mənim çoxdandan bəri temperaturuna öyrəşdiyim doğma yerlərdir”. (A. Məsud. Seçilmiş əsərləri)

Yəqin ki, mən də əvvəli və finalı, kuliminasiya nöqtəsi və sonu cənazə daşımaqdan yorulan, bir az da qocalan insanların müxtəlif hallarda üzə çıxması ilə müşayiət olunan “İzdiham” barədə elə də yeni bir söz deməyəcəyəm. Sadəcə, romanın canında duyduğum dörd sözün axtarışına çıxacağam. Qeyri-ənənəvi yazının  tənqidi və təhlil metodu da fikrimcə, qeyri-ənənəvi olmalıdır. Əks halda, Həqiqətdən – Həyat Həqiqətindən uzaqlaşmış olarıq.    

İlk olaraq, bundan başlayaq ki, əsərin qəhrəmanı – evi, işi, normal ailəsi olan bir qadındır. Adını əsərin sonuna qədər öyrənə bilmədiyimiz bu qadın, əslində, təhtəlşüurun diktəsi ilə ətə-qana dolmuş real bir insandır... (Axı, təhtəlşüurun özü də realdır). Lakin o, nə iləsə o birilərindən fərqlidir. Bu dünyadakı yaşayışı, qəbul olunmuş çərçivələrə sığmayan hərəkətləri, sevgisi, nifrəti, gülüşü, doğmalara və yadlara münasibəti ilə tam başqadır.

Bu qadın körpəlikdən, bəlkə hətta lap ondan da əvvəl ata-anasının, nənə-babalarının, onların da ata-analarının... yaşadığı nifrətin, sevginin, qorxunun mənəvi və fiziki daşıyıcısıdır. Amma nədənsə, elə onlar tərəfindən də xəstə, anormal hərəkətlər edən birisi kimi qəbul edilir. Hamı ona məsləhət verməyə, başına ağıl qoymağa tələsir, canfəşanlıq edirlər. Hətta atasının tabutunu göz bəbəyi kimi qoruya-qoruya çiyinlərində daşımaqdan yorulmayan qaranlıq izdihamın içində olanlar belə...

Bizim bu binəva qəhrəman isə, əvvəl hər hərəkətinin məntiqi izahını verməyə, özünü qorumağa çalışırsa da, getdikcə, qüvvəsinin tükəndiyini, məsləhətlərdən və ibrətlərdən bezib yorulduğunu, bütün cəhdlərinin mənasız və əbəs olduğunu anlayır və artıq kimsənin danlağına, təpkisinə məhəl qoymadan, bildiyi şəkildə yaşamağa çalışır. Sadəcə, çalışır... Qarmaqarışıqlığında azıb qaldığı bu dünyanın, anasını axtardığı qəbrin dibindən tapdığı min bir xırdavat, yəni heçlik olduğunu anladıqca, Həqiqi Reallıqda – cansız varlıqların hərəkətə gəldiyi, insanların cansızlığa çevrildiyi, Qiyamət Gününün nişanəsi olan “bütün qohumluq əlaqələrinin kəsildiyi”, doğmaların domino daşlarına çevrildiyi qatda yaşamağına davam edir...

Romanı fərqli ədəbi nümunəyə çevirən cəhətlər – əsər boyu izlənən ən ağlasığmaz çevrilmələrin və yerdəyişmələrin real məntiqə dayaqlanması, obrazların, hadisə və situasiyaların sürrealist priyomlar və elmentlərlə təsviri, zahirən sanki heç bir məntiqi izahı olmayan absurdluğun alt qatındakı həqiqilik, bütün bu ağlasığmazlıqların riyazi sistemliliklə ifadəsi və sair və ilaxırdır.

Zəncirvari ardıcıllıqla üzə çıxan bütün qeyri-adiliklər bizləri, işıq şüasından, səsdən, atmosferdə gedən ən xırda dəyişkənlikdən təlatümə düşən bu qadının bir reallıqdan başqa reallığa, bir vəziyyətdən başqa vəziyyətə düşdüyünün şahidinə çevirir. Bu sirli çevrilmələr təkcə qəhrəmanın  zahirində yox, onun hiss və düşüncələrində, davranışında da baş verir. Və bu baxımdan, Afaq Məsudun qəhrəmanının bəxti, onunla tez-tez müqayisə edilən Kafkanın Zamzasından daha çox gətirir. Belə ki, Kafkanın Zamzası zahirən həşərata çevrilsə də (hissi hallüsinasiya səviyyəsində), şüur etibarı ilə insan olaraq qalır. Yəni ətafında baş verənləri insan kimi qavrayıb, düşünə bilsə də, insan kimi hərəkət edə bilmir. (Bu, ayrı bir söhbətin mövzusudur ki, ona bu məqalədə toxunmuruq.) Bizim qəhrəman isə, ən ağlasığmaz hissi çevrilmələrlə yanaşı, həm də cismində asanlıqla baş tutan operativ metamorfozların daşıyıcısına çevrilir. Bu sayaq çevrilmələr onun ətrafında da (izdiham, məktəb direktoru, müəllimlər, nənəsi, anası və xalaları və sair) baş versə də, sonradan bunların zahiri, yəni görüntü xarakteri daşıdığı, qəhrəmanın yaşadığı ikili ölçüyə çatmadığı məlum olur. Yəni kimsə pişik kimi miyoldayırsa da, pişik ola bilmir və sair və ilaxır.

Bu adsız qadın-qəhrəman isə unikal cisim və ruh vəhdəti ilə budaqda almaya, bələkdə çağaya çevrilə bilir. Bu, yalnız onda alınır... Ötəri bir hal, yaxud, hadisə onu bir məkandan ayrı məkanlara və zaman ölçülərinə salır.     

Ən qəribə olanı isə onun, hər cəhətdən ona yöndəmsiz gələn bu qəddar sosiumda da, heç nə baş verməmiş kimi, rahat yaşamaq qabiliyyətidir...  

Bu yaşamaq imkanını ona, qocalıb ölmüş palıdın oyuğunda göbələk bişirib yedirən cırtdan-adamın, yaxud, uşaq bağçasında onu gözlərindən tanıyan girdəbaş oğlanın yaratdığını da düşünmək olar. Bunun, onun taleyinə yazılmış alın yazısı – “lilepudlar ölkəsində” yaşamaq məhkumluğu olduğunu da...

Dahi Lev Tolstoy yazırdı ki, “insan haqqında ən yanlış mülahizələr ondan ibarətdir ki, biz insanı aqil, səfeh, rəhmdil, zalım, qüdrətli, zəif adlandırırıq, insan isə bütün bu cəhətləri özündə birləşdirən dəyişkən varlıqdır”. Bu mənada, Afaq Məsudun bu qadın qəhrəmanının da cəmiyyət tərəfindən, hətta ən yaxın doğmaları tərəfindən qəbul olunmamasının səbəbi – onun, sadalanan bütün cəhətləri  ilə yanaşı, həm də mütəmadi dəyişkənliyə uğraması, fərqli bir varlıq olaraq, oxucunu öz həyat həqiqətinə inandırmasıdır.

Romanın “İzdiham” adı da, düşünürəm, təsadüf deyil. İzdiham, həm də iztirabın özüdür... İzdihamda var olmağı bacaran bu qadın – müxtəlif ziddiyyətli hissləri eyni anda özündə yaşadan, eyni anda sevib, eyni anda nifrət etməyi, eyni anda zəifləyib – yüksəlməyi bacaran möcüzəvi bir varlıqdır.

Əsərdə baş verənlər bir sıra tədqiqatlarda (həmçinin, “İzdiham” dan şüuraltı reallığa keçid”. – 1996, Qərbi Berlin, Ədəbiyyat Evi) real həyat və yuxu qisimlərinə bölünsələr də, baş qəhrəmanın əsər boyu cəmi bir neçə dəfə gördüyü yuxu mənzərələri əsərin janr “təmsilçisinə” çevrilmir. Burda yuxu ilə reallıq arası məsafələri konkret detallarla ayıran bədii təsvir və ştrixlərin qabarıqlığı qəhrəmanın təhtəlşüurunda baş verən hadisə və situasiyaların (nə vaxtsa baş vermiş, yaxud, baş verməkdə olan real həyat hadisələrinin) yuxu kimi qəbul olunmaması üçün kifayət qədər imkan yaradır.

“Romanının digər fərqli cəhəti – yazıçı təhkiyəsinin aparıcılığı, baş verən bütün ağlasığmazlıqların obyektiv yanaşma bucağından nəqlidir. Məhz bu səbəbdən hekayəçinin, onunla bərabər, baş qəhrəmanın da həqiqiliyi oxucuya hakim kəsilir”. (Muxtar İmanov – Müasir Azərbaycan nəsrində psixologizm (60-70-ci illər.)

Həqiqətən də, “İzdiham” zərrə qədər də olsun, reallıqdan qaçmır.” –desək, yanılmarıq. Əks halda, əsərdə obyektivliklə təsvir olunanlarda uyğunsuzluqlara təsadüf etmiş olardıq. Burda isə bunun əksi ilə rastlaşırıq. Baş qəhrəmanın şüuraltısındakı zədələr fərdlərarası qırılmış mənəvi bağların bərpası cəhdlərində üzə çıxır. Fərdin (baş qəhrəmanın) şərti metamorfozlarla təsviri ilə yanaşı, onun daxili dünyasının reallıqları, baş verən hadisə və situasiyalara obyektiv baxış bucağında təzahür edir.

Cəmiyyətdə baş verənlərin, ictimai münasibətlərin dərinliyinə varmağın vasitələrindən biri, fərdin daxili dünyasının Dostoyevskisayağı realistcəsinə təsviridir. A.Məsudun özünün bu barədə fikirləri də maraqlıdır:

“Ədəbiyyatın insanların sarsıntı və ağrılarını  müalicə etmək gücü var. Daha doğrusu, əslində bu, onun birbaşa vəzifəsidir. İnsanlar doğulan andan ölənəcən yaşadıqları real həyatlarında da, öz iç dünyalarında da baş verən qəzalardan yayına bilmirlər. Və ən qorxunc qəzalar çox vaxt insanın öz içində – rahat kreslosuna yayxanıb televizora baxdığı, yaxud, çarpayısında uzanıb xəyala daldığı məqamlarda baş verir”.

İnsanın iç dünyasında baş verən hadisələr, gizli reallqlar “İzdiham” romanında çevrilmələr vasitəsi ilə üzə çıxır. Ayrı cür desək, yazıçı bundan ədəbi priyom kimi istifadə edir. Çevrilmənin özünə gəlincə, bu, bir varlıqdan başqa bir varlığa çevrilmə məqamı – psixoloji bir akt, tam qeyri-şüuru, fitri bir olaydır. Bu, eyni zamanda, həm də mifoloji hadisədir. Lakin yazıçı baş verənlərin metamorfozasını açıqlamır. Oxucunu, eləcə də romanın baş qəhrəmanını faktlar qarşısında qoyur. Səbəbləri izah etmədən, sadəcə, təsvir edir.

Kafka insan taleyini, mənasız və absurd adlandırdığı həyat qarşısında aciz və çılız təsvir etməklə kifayətlənirsə, A.Məsud baş verənlərin mahiyyətini qəhrəmanın gizli psixoloji qatlarında, “şərti həqiqətlər” reallığında axtarır. Və məhz bu səbəbdən onun qəhrəmanı soxulcana, almaya, çağaya çevrilirsə də, son ucda məhvə düçar olmur. Bayaqdan bura ona diktə edib səhvlərini, ayıblarını tutanları, yol göstərib, tənbeh edənləri havaya vızıldatdığı ayaqqabısının bir tayı ilə domino daşları kimi yerə sərir.

Bütün bu şərtiliklər hərəkət və məkan şərtilikləri ilə yanaşı zaman şərtiliyini də ehtiva edir. Elçinin “Mahmud və Məryəm”, Yusif Səmədoğlunun “Qətl günü” romanlarında da bu sayaq zaman şərtiliklərinə rast gəlinsə də, “İzdiham”dakı zaman və məkan keçidlərinin sürətliliyi, fantasmaqorik düşüncə və təsvir imkanları tam fərqlidir. Burada həyat üçölçülü reallıqda təsvir olunur (dünya rəssamları iki ölçüdə işləyirlər) şərti-metaforik qəhrəman həmin bu üç ölçünün hər birində ayrı-ayrılıqda üzə çıxır ki, buna əsaslanaraq, A. Məsudun şərti-metaforik psixoloji nəsrin yaradıcısı olduğunu deyə bilərik. 

Romandakı lokaniklik də maraq doğuran fərqli üslub, müstəsna ədəbi hal kimi nəzər-diqqəti cəlb edir. “...Liftin qapıları bağlandı və onlar havasızlığın içində boğulub sıxıla-sıxıla harasa yuxarı qalxdılar...” (A.Məsud “İzdiham”) Göründüyü kimi, yazıçı üçün qəhrəmanının liftə necə mindiyi, ora hansı formada keçdiyi maraqlı deyil. “...Liftin qapıları açılanda onlar güzgü döşəməli geniş zala keçdilər...” deyən yazıçı ətraflı təsvirə ehtiyacı olan bu səhnəni qısaca bir ştrixlə verməklə kifayətlənir.

Əsərləri, yaradıcı baxışları tez-tez müqayisə olunan Kafkanın qəhrəmanı əsərin sonunda ölsə də, Afaq Məsudun qəhrəmanı yaşamağa davam edir. Üstəlik, yazıçının digər əsərlərinə də ayaq açıb, başqa adlarda və formalarda üzə çıxır. Bu keçidlər hərfi mənada yox, ruhsal-duyğu köçürmələri ilə baş verir. Bizim bu qadın-qəhrəman şüalanır... Ona yazıçının növbəti əsərlərində, ayrı forma və məzmun çalarlarında, ayrı zaman və məkan ölçülərində yenidən rast gələcəyik...

İzdiham da qayıdacaq... Onu yazının əvvəlində axtarışına çıxdığımız dörd söz geriyə qaytaracaq. İzdiham, İztirab, Olum və Ölüm...

 





22.04.2013    çap et  çap et