525.Az

“Sərbəstlik ən böyük xoşbəxtlikdir!” (Müsahibə)


 

“Sərbəstlik ən böyük xoşbəxtlikdir!” <b style="color:red">(Müsahibə)</b>

Pərvinin həmsöhbəti Bədən tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili, professor Ağacan Abiyevdir. 

Pərvin: Ağacan müəllim, həyatınızın böyük bir hissəsi idmanla bağlıdır. Necə oldu ki, məhz bu sahəyə meyliniz, marağınız yarandı?

Ağacan Abiyev: Əvvəla onu deyim ki, mənim atam neftçi idi. Suraxanı neft mədənlərində işləyirdi. Böyük qardaşım boksla məşğul olurdu, ona baxıb həvəsləndim. 16 yaşımdan məşq etməyə başladım və bir il sonra yeniyetmələr arasında Bakı birinciliyini qazandım. Bu mənim üçün böyük stimul oldu, boksa daha da möhkəm bağlandım. Ürəyimdə boksa elə böyük istək yaranmışdı ki, başqa heç nə ilə məşğul olmaq istəmirdim. Amma ali məktəbə qəbul məsələsi ortaya çıxanda ailəm, daha çox da atam İdman İnstitutuna sənəd verməyimə etiraz etdilər. Atam çox zabitəli idi. Hamımız qorxurduq ondan (gülür). Ona görə də sənədlərimi indiki Neft Akademiyasına verdim və qəbul oldum. Riyaziyyatı yaxşı bilməyim çox kömək olurdu mənə. Bütün tələbələr “Tərsimi həndəsə” fənnindən çətinlik çəkirdilər, amma mənim üçün cox asan idi. Müəllimimiz professor Mirzəbəyli idi. Demək olar ki, o, məni assisenti kimi qəbul edirdi. Bir neçə imtahan və məqbulları mexaniki almışdım.

Pərvin: Amma bütün bunlar idmanı, boksu fikrinizdən çıxartmadı...

Ağacan Abiyev: Elədir. Gündüzlər oxuyurdum. Axşamlar isə özüm məşq edirdim. Amma bu çox çətin idi... Gecəm-gündüzüm yox idi. Həm də insan üçün istəmədiyi, arzulamadığı işlə məşğul olmaq çətin olur. Mən də neftçi olmaq istəmirdim. İdman İnstitutuna girmək arzulayırdım. Nəticədə qərar verdim ki, institutu atım... Belə də elədim!

Pərvin: Bəs atanız? Onu necə razı saldınız?

Ağacan Abiyev: (gülür) Hə. Bax bu çox çətin məsələ idi. Ailədə kimə yaxınlaşıb fikrimi deyirdimsə, deyirdi ki, get dədəyə de. Atamıza dədə deyirdik. Mən razıydım məni döysün, amma icazə versin. Ona görə həyəti, filanı tərtəmiz yığışdırmışdım, gül-çiçək əkirdim, qulluq edirdim ki, bir az yumşalsın. Amma axırda onun da razılığını ala bildim və növbəti 1956-cı ildə İdman İnstitutuna daxil oldum. Sərbəstlik ən böyük xoşbəxtlikdir. Sərbəst qərar verdiyim üçün xoşbəxt idim və 1957-ci ildə o dövrdə hər bir idmançının arzusu olan “SSRİ idman ustası” adını aldım. Oxumağa çox həvəsli idim. İdman İnstitutunu bitirəndən sonra 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablayıcı texnika” fakültəsinə daxil oldum.

Pərvin: Və bu sahədə kifayət qədər böyük uğurlar əldə etdiniz. Bütün uğurlarınızla paralel olaraq idmandan, boksdan da əl çəkməməyiniz, uzaqlaşmamağınız qeyri-adi görünür.

Ağacan Abiyev: Mən boksu sevirdim. İnsan sevdiyi işdən necə uzaqlaşa bilər?! Politexnik İnstitutunu bitirənə qədər yarışlarda iştirak edirdim.

Diplom alandan sonra Politexnik İnstitutunda Avtomatika və hesablama texnikası fakültəsində müəllim kimi çalışmağa başladım. Daha sonra 1967-ci ildə Moskvada ixtisasım üzrə aspiranturaya daxil olub 1970-ci ildə elmlər namizədi dissertasiyası müdafiə etdim. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, sonra isə kafedra müdiri vəzifəsində çalışırdım. Orada 10 ildən çox işlədim. Heç bir maddi problemim yox idi, evlə də təmin olunmuşdum.

Pərvin: Buna baxmayaraq, Bakıya qayıtdınız və uğurlarınız burada da səngimədi.

Ağacan Abiyev: Bakıya qayıtmağım mütləq idi. Ömrüm boyu xaricdə qala bilməzdim. Rusiyada ailəmlə yaşayırdım. Tətillərdə valideynlərə baş çəkməyə gəlirdik. Bir gün anam dedi ki, Ağacan, Bakıya dönmək vaxtıdı, qızların böyüyüb, orada qalıb rusla ailə qurmaq fikrinə düşərlər........... biabır olarıq. (gülür)

Pərvin: Belə bir fikrə düşsəydilər, mane olmayacaqdız?

Ağacan Abiyev: Adam sevirsə, ona nə demək olar ki? Sadəcə şərait yaratmaq lazım deyil. Ona görə də anamın sözü ağlıma batdı. Bakıya qayıtdıq. 1983-cü ildə hələ Lipetskdə işləyərkən o zamankı Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və Elektronika kafedrasının müdiri vəzifəsinə müsabiqəyə sənədlərimi verdim və keçdim. 1987-ci ilə qədər bu işdə çalışdım. O illərdə rektorları seçkiylə seçirdilər. 1987-ci ildə Bədən tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsinə müsabiqə elan olunmuşdu. Mən də müsabiqəyə qoşuldum və rektor seçildim. Və bildiyiniz kimi hal-hazıra kimi bu vəzifəni icra edirəm.

Pərvin: Məncə, sizin işiniz ən çətin işlərdən biridir. İdmançılar bəzən  dəcəl, çərçivəyə sığmayan olurlar. Onlarla çalışmaq, onları yola gətirmək də çox çətindir. Sizin bu sahədəki uğurunuzun sirri nədədir?

Ağacan Abiyev: Tamamilə haqlısınız! İdmançıları zaldan sonra toparlamaq, auditoriya aurasına uyğunlaşdırmaq sadə iş deyil. Şübhəsiz, təcrübəli müəllimlərimiz işin böyük hissəsini görürlər. Amma mənim üçün bir rektor kimi bütün bu işlərə rəhbərlik eləmək hər şeydən öncə məsuliyyətdir. Sualınıza gəldikdə isə deyə bilərəm ki, əsas sirrim idman sahəsini, tədris və pedaqoji üsulları yaxşı bilmək və bir də səbrli olmağımdır. Təkcə bu yox, bütün işlərdə beləyəm. Səbrlə istənilən dolaşıq işi açmaq, həll etmək mümkündür, həm də səbr problemləri həll etmək üçün insana əlavə zaman da verir.

Pərvin: Ağacan müəllim, keçdiyiniz yola nəzər saldıqca bütün bunlara nail olmuş adamın möhkəm, iradəli xarakteri açıq-aydın görünür.

Ağacan Abiyev: İlk növbədə qismət, tale məsələsidir. Mən sadəcə yaxşı idmançı və məşqçi olmaq arzulayırdım. Amma həyat özü hər şeyi yönləndirdi, öz axarına saldı. Mənimsə xidmətim budur ki, zəhmətdən qorxmadım. Hər bir insanın getdiyi yolda qarşısına müxtəlif maneələr, çətinliklər çıxır. Bax məhz burda insan xarakteri özünü göstərir. Zəhmətkeş adam qorxmur, geri çəkilmir, əziyyət çəkib o baryeri aşır. Mənim də həyatımda, xüsusən gəncliyimdə belə məqamlar olub. Çox yorulduğum anlar az olmayıb. Amma heç vaxt yolumdan dönməmişəm, çətinlikdən qorxmamışam.

Pərvin: Ümumiyyətlə, idman insan xarakterinə necə təsir edir?

Ağacan Abiyev: Maraqlı sualdır... Sağlam bədəndə sağlam ruh olar deyirlər. İdman insanı möhkəmləndirir, özünə inamını gücləndirir, iradəli edir. Amma bu bir resept deyil. İdmançının iradəsizliyinin də şahidi olmuşuq. Xarakteri formalaşdıran bir çox başqa amillər də var...

Pərvin: İdmançı iradəsizliyindən danışanda bir sual yerinə düşür. Bəzən idmançılar bir-iki uğur qazanandan sonra bu sahədən uzaqlaşırlar... Sizcə, bu, nə ilə bağlıdır?

Ağacan Abiyev: Bunu da iradəsizlik hesab etmək olar. Bir də özünə inamsızlıq. İdmançı uzun müddət əziyyət çəkir, məşq edir, uğur qazanır. Deyək ki, dünya, yaxud Olimpiya çempionu və ya mükafatçısı olur. Amma bu uğuru davam etməyə gücü çatmır. Həm də özünə tam əmin olmadığından fikirləşir ki, növbəti illərdə eyni nəticəyə nail ola bilməyəcək. Ona görə idman arenasından qalib kimi ayrılmaq istəyir. Amma mən həmişə bu idmançılara deyirəm ki, əvvəl bir hazırlaşırdınsa, indi daha artıq məşq elə, hazırlaş, yenə də böyük uğurların olacaq. Bu isə güc, zəhmət, səbr tələb edir. Bəzi idmançılarımız bunu edə bilirlər, bəziləri isə yox.

Pərvin: Ümumiyyətlə, Azərbaycanda idmanın vəziyyətindən razısınız?

Ağacan Abiyev: Bilirsiz, məncə, bəzi insanlarda idmana münasibətdə bir qədər qeyri-dəqiqlik var. Elə düşünülür ki, bu il Olimpiadada 3 medal qazanmışıqsa, gələn dəfə bu say artmasa, deməli geriləmişik. Amma elə deyil. İdman ətalət qanunu ilə irəliləyir. Hökumət ölkədə idmanın inkişafı üçün bütün lazım olan şəraiti yaradıb. İstər paytaxtda, istərsə də bölgələrdə tikilmiş Olimpiya kompleksləri göz qabağındadır. Yəni bu gün məşq etmək, bacarıqlarını artırmaq istəyən hər bir gəncə lazımi imkanlar yaradılıb. Bütün görülən işlər də öz nəticəsini verir. İdmançılarımız dünya, Avropa və Olimpiya yarışlarından medallarla qayıdırlar. Lakin yaxşı idmançı hər ay, hər il yetişə bilməz. İstedadlı gəncləri arayıb axtarmaq, necə deyərlər üzə çıxarmaq lazımdır. Bu isə əsasən, məşqçilərin üzərinə düşən vəzifədir. Lakin bir daha vurğulamaq istəyirəm ki, idman sahəsində uğurlarımız yetərincədir.

Pərvin: Amma nədənsə komanda idman növlərində nəticələrimiz zəifdir. Siz bir mütəxəssis kimi bunu nə ilə əlaqələndirərdiniz?

Ağacan Abiyev: Bu sualla əlaqədar sizə bir məqamı söyləyim. Dünyanın bir çox ölkələrinə səfərlərimdə onların mədəniyyəti ilə tanış olmaq üçün ilk öncə muzeylərinə, tarixi abidələrinə baş çəkir və əsasən də şəhər gəzintilərində daha diqqətli olmağa çalışıram. Bu gəzintilərdə diqqətimi hər zaman bir məqam çəkirdi. Heç bir xarici ölkədə evlərin ətrafında tikilmiş hündür hasarlara rast gəlmədim. Biz də isə həyətlərimizə 3-4 metrlik daş hasarlar çəkərək, cəmiyyətdən, adamlardan uzaq dururuq. Təbii olaraq bu cox düşündürücü və psixoloji faktordur. Əgər biz gündəlik həyatda insanlarla normal ünsiyyət qura bilmiriksə və aramızdakı  sərhədlərin hündürlüyünü gündən günə artırırıqsa, o zaman hansı komanda oyunundakı uğurlardan danışmaq olar? Amma mən çox inanıram ki, bu da müvəqqəti haldır və zamanla millətin psixologiyasında dəyişiklik baş verəcək və həmin məsələ də həll olacaq. Buna inanıram!

Pərvin: İdman sahəsindəki uğurlardan, idmana diqqətdən danışdınız. Məncə, idmana aid böyük işlərdən biri də İdman telekanalının yaradılması oldu. Siz özünüz İctimai televiziyanın Yayım Şurasının üzvüsünüz. Ümumiyyətlə, televiziyanın, medianın idmana münasibətindən razısınızmı?

Ağacan Abiyev: Əlbəttə, İdman telekanalının yaradılması və fəaliyyəti idmana böyük fayda verir. Əvvəl başqa kanallar xəbər verilişlərinin sonunda 3-5 dəqiqə idman xəbərlərinə vaxt ayırırdılar. İndi isə bir kanal bütün günü idmandan danışır. Şübhəsiz ki, bu gənclər arasında idmana marağın yaranmasına, meylin artmasına da kömək olur. Həm də idman insanda pozitiv ovqat yaradır. Tamaşaçı  oyunlara baxanda, kiminsə qalibiyyət sevincini görəndə özünün də əhvalı yaxşılaşır. İdman telekanalı idmançılarımızın, xüsusən xarici ölkələrdəki qələbə sevincini bütün ölkəmizə, idman sevərlərə çatdırır. Başqa telekanallarımız da idmana kifayət qədər yer verirlər. Lakin məncə təkcə mənim yox, çoxlarının bəzi  kanallarımızdan müəyyən narazılıqları var. Bu da şit, bayağı proqramlara yer verilməsiylə bağlıdır. Mən bəzən təəccüb edirəm, bütün bunlar kimə maraqlıdır, kimin üçündür, anlaya bilmirəm. Məsələn, falçıları efirə buraxıb, boş, mənasız mövzularda, cin-şeytandan danışdırmaq nəyə lazımdır? Hər kəs bilir ki, bu cadu, fal, filan boş söhbətdi... Amma nədənsə telekanallar bunlara geniş yer verirlər, hətta bəzilərini reklam edirlər, qabağa çəkirlər. Mən bu məsələni iclaslarda hər zaman qaldırıram və ümid edirəm ki, tamaşaçıları səhv istiqamətləndirən verilişlər efirdən yığışdırılacaq.

Pərvin: Bədən tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti... Bütün bu işləri necə çatdırırsınız?

Ağacan Abiyev: (gülür) Gənclik illərindən dinamik həyata öyrəncəliyəm. Yəni bir işdən o birisinə tələsməyə... İndi də işlərimi yalnız ciddi rejimin hesabına çatdıra bilirəm. Səhərdən işə başlayıram. Akademiyadan evə ən tez getdiyim vaxt axşam 8-dən sonra olur. O da ancaq nəvələrimə görə. Həftə sonları onlarla vaxt keçirmək üçün işdən 8-də çıxıram. Amma qalan günlər saat 10-a kimi işdə oluram. Çalışıram tempdən düşməyim. Passivlik adamı qocaldır. Hələ bütün bu dediyiniz işlərdən başqa əlavə məşğuliyyətlərim də var. Məsələn, rəsm çəkmək...Amma bunlar bayram və bazar günlərinə təsadüf edir.

Pərvin: Siz mənim sualımı qabaqladınız... Bilirəm ki, rəssamlıqla da məşğul olursunuz. Nə vaxtdan başlamısız rəsm çəkməyə?

Ağacan Abiyev: Özümü rəssam adlandıra bilmərəm. Bu, sadəcə hobbimdir. İncəsənətin müxtəlif sahələri ilə maraqlanıram və yenilikləri araşdırıram. Bir müddət əvvəl professor Fərhad Bədəlbəyli ilə söhbətdən sonra Bakı Musiqi Akademiyasında bu barədə mühazirə ilə çıxış etdim. Çox böyük maraqla qarşılandı.

Pərvin: Maraqlıdır, yeniliklər nədən ibarətdir?

Ağacan Abiyev: Yəqin musiqi ilə müalicə eşitmisiniz. Mən bu müalicə növünün qaydasını, yəni musiqinin, rəsm əsərlərinin insana necə, hansı yolla təsir etməsini tapmışam...Deyim ki, mənim özümün rəssamlığa “yoluxmağım” həmin  məsələləri araşdırarkən baş verdi. Gördüm ki, incəsənətə aid bilmədiyimiz xeyli maraqlı məqamlar var. Onları axtarıb tapmaqdan, öyrənməkdən zövq alıram. İndi soruşacaqsınız ki, bunları nə zaman çatdırıram... Ona görə sizi bir daha qabaqlayıb deyirəm:  – Nə yaxşı ki, insanın ürəyi və beyni 24 saat işləyir.

Pərvin: Ağacan müəllim, maraqlı, səmimi söhbətə görə sizə təşəkkür edirəm. Son olaraq idmana aid arzularınızı eşitmək istərdik...

Ağacan Abiyev: (gülür) Bütün tərcümeyi-halımı öyrəndiniz. Mən də sizə təşəkkür edirəm. İdmanımıza isə yalnız inkişaf etməyi, yüksəlməyi diləyirəm. Çoxlu qələbələr, nailiyyətlər arzu edirəm. Ümidvaram ki, belə də olacaq.

 





22.04.2013    çap et  çap et