525.Az

Ermənistan aprel döyüşlərinin təkrarlanmasından qorxur


 

"ERMƏNİ HƏRBÇİLƏRİ DAĞLIQ QARABAĞ ƏTRAFINDAKI ƏRAZİLƏRİ TƏRK ETMƏDİKCƏ İŞĞALÇININ CANLI QÜVVƏSİ VƏ HƏRBİ TEXNİKASI VURULACAQ"

Ermənistan aprel döyüşlərinin təkrarlanmasından qorxur<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, fevralın 22-də Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan Moskvaya səfər edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşən Nalbandyan ikitərəfli münasibətləri, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla birgə mətbuat konfransında qeyd edib ki, ATƏT-in Minsk qrupunun hazırkı formatda işinin alternativi mövcud deyil: "Əgər tərəflər həqiqətən də münaqişənin məqbul həll yolunu tapmaqda prinsipial razılaşmaya sadiqdirlərsə, o zaman ATƏT-in Minsk qrupunun cari formatda işinin alternativi yoxdur. Rusiya Dağlıq Qarabağ münaqişəsində bütün tərəflərin qəbul edə biləcəyi həll yolunun axtarışlarını davam etdirəcək".

Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki,  Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Edvard Nalbandyanı qısa zaman ərzində ikinci dəfə Moskvaya çağırmasının səbəbi məlumdur: "Lavrov Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında iki fikri xüsusi vurğulayıb. Rusiya xarici işlər naziri əvvəlcə deyib ki, Azərbaycan və Ermənistan Minsk Qrupu həmsədrlik institutunun fəaliyyətini imzaları ilə təsdiq edib. Lavrov bunu ona görə deyib ki, Azərbaycan prezidenti İlham Əliyev həmsədrlərin fəaliyyətindən narazılığını hər zaman bildirir və bunu son dəfə Münhen təhlükəsizlik konfransında da təkrarlayıb. Yəni, Lavrov Nalbandyan vasitəsilə Azərbaycana cavab mesajı göndərib. Beləliklə, Moskva ilə Bakı arasında qiyabi prolemika davam edir. Lavrov iki həftə öncə demişdi ki, "Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil". 10 gün sonra İlham Əliyev Lavrovun adını çəkmədən "Dağlıq Qarabağ Azərbaycanın daxili işidir" dedi. İndi də Lavrov Azərbaycan dövlət başçısına cavab verdiyini düşünür".

Politoloq hesab edir ki, Lavrovun Nalbandyanla keçirdiyi mətbuat konfransında Bakıya bir başqa mesajı da var idi: "Sirr deyil ki, bir çoxları yaxınlaşmaqda olan aprel ayında cəbhə bölgəsində gərginliyin artmasından danışır. Lavrov isə Moskvadan bizə belə bir mesaj göndərib: "Münaqişənin danışıqlar yolu ilə həllindən başqa alternativi yoxdur". Bunu da cavabsız qoymaq olmaz. İlham Əliyevin bir neçə dəfə təkrarladığı "erməni hərbçilərinin Ağdamda, Füzulidə nə işi var" fikrini Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat formasına gətirməli və əsas fikir də bu olmalıdır: "Erməni hərbçiləri Dağlıq Qarabağ ətrafındakı əraziləri tərk etmədikcə işğalçının canlı qüvvəsi və hərbi texnikası vurulacaq".

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da Rusiyaya səfəri planlaşdırılır. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bu məsələ Lavrovun müavini Qriqori Karasinlə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu arasında keçirilən görüş zamanı müzakirə olunub.

Ceyhun ABASOV

 





24.02.2017    çap et  çap et