525.Az

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısı


 

PREZİDENT İLHAM ƏLİYEV: "AZƏRBAYCANIN LİDERLİYİ İLƏ HƏYATA KEÇİRİLƏN “CƏNUB QAZ DƏHLİZİ” ENERJİ VƏ MİLLİ TƏHLÜKƏSİZLİK LAYİHƏSİDİR"

 “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısı <b style="color:red"></b>

Dünən Bakıda Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Prezident İlham Əliyev toplantıda iştirak edib.

AZƏRTAC-ın məlumatına görə, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxış edən prezident İlham Əliyev tədbirdə müxtəlif ölkələrdən mötəbər qonaqların iştirak etdiyini qeyd edərək Azərbaycanın Avropa Komissiyası ilə bu mühüm layihənin həyata keçirilməsində sıx əməkdaşlıq qurduğunu bildirib.

"Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik", - deyən dövlət başçısı "Cənub Qaz Dəhlizi" layihəsinin icrasının gələcək əlaqələr üçün də çox vacib amil olduğunu diqqətə çatdırıb.

Azərbaycanın enerji siyasətinin tarixindən danışan prezident İlham Əliyev 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"nin gələcək enerji layihələrinin həyata keçirilməsindəki əhəmiyyətli rolundan bəhs edib, müasir Azərbaycanın nailiyyətlərinin bunun sayəsində mümkün olduğunu bildirib. “Cənub Qaz Dəhlizi”nin icrasında "Şahdəniz" qaz yatağının əhəmiyyətini vurğulayan, bu yatağın verdiyi imkanların Azərbaycanın özünü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanıtmasında mühüm rol oynadığını deyən dövlət başçısı çıxışında layihə üzrə regional əməkdaşlığın əhəmiyyətli olduğunu qeyd edib, uzun illər ərzində Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən icra olunan enerji dəhlizlərini buna misal çəkib.

Cənub Qaz Dəhlizinin həyata keçirilməsində bir neçə il öncə Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinin icrasına dair imzalanan sazişin, həmçinin Transadriatik boru kəməri (TAP) layihəsinin əhəmiyyətini vurğulayan prezident İlham Əliyev bu cür toplantıların layihənin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində xüsusi rol oynadığını deyib. Ötənilki görüşdən sonra bir çox irəliləyişlərin olduğunu, "Şahdəniz-2" layihəsinin 90 faiz səviyyəsində həyata keçirildiyini, TANAP və TAP layihələrində də mühüm uğurların müşahidə edildiyini deyən Prezident İlham Əliyev Azərbaycanın "Abşeron" qaz yatağının işlənilməsinə başladığını, bunun da ölkəmizin qaz potensialının yalnız "Şahdəniz"lə məhdudlaşmadığını göstərdiyini deyib.

XXI əsrin layihəsi olan “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini vurğulayan dövlətimizin başçısı Avropa maliyyə təşkilatlarının da layihənin icrasında yaxından iştirak etməsinin əhəmiyyətli olacağını bildirib. "Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir", - deyən Prezident İlham Əliyev bu sahədə mövcud beynəlxalq əməkdaşlığı qarşılıqlı etimadın nümunəsi adlandırıb, layihə çərçivəsində nəzərdə tutulan ekoloji məsələlərin yüksək standartlara əsaslandığını bildirib və konfransın işinə uğurlar arzulayıb.

Azərbaycanın energetika naziri Natiq Əliyev Prezident İlham Əliyevin təlimat və tövsiyələrinin "Cənub Qaz Dəhlizi" layihəsinin icrasında mühüm rol oynadığını, bu cür toplantıların layihə üzrə həll variantlarını tapmağa imkan verdiyini deyib.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç prezident İlham Əliyevə Azərbaycanın üçüncü dəfə bu toplantıya evsahibliyi etdiyinə görə minnətdarlığını bildirib, ötənilki görüşdən sonra layihə üzrə böyük irəliləyişlərin olduğunu deyib.

Maroş Şevçoviç prezident İlham Əliyevin Brüsselə son səfərinin əhəmiyyətli olduğunu, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı nəzərdə tutan çərçivə sazişinin imzalandığını, enerji təhlükəsizliyi ilə bağlı səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb. "Cənub Qaz Dəhlizi" layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır və onun Avropa üçün nə dərəcədə vacib olduğunu hamımız anlayırıq", - deyən Maroş Şefçoviç də qitənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bu layihəyə Avropa maliyyə təşkilatlarının da diqqət göstərməsinin vacibliyini vurğulayıb, layihənin vaxtında icra olunacağına əminliyini ifadə edib.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısının keçirilməsi çox vacib hadisədir: "Çünki xeyli müddətdir TAP-ın reallaşması ilə bağlı müəyyən problemlər var idi. Bu barədə Avropa Komissiyası, xüsusilə bəzi İtaliya qurumları tərəfindən açıqlamalar səsləndirilirdi. Bu mənada, toplantıda müzakirə olunan məsələlər məhz birbaşa TAP və "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasına yönəlməklə, həm Avropa İttifaqı, həm də Azərbaycanın mövqeyini ortaya qoydu. Nəzərə alsaq ki, Avropa Komissiyasının vitse-prezidenti də Cənub Qaz Dəhlizinin Avropa üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. Bu da onu göstərir ki, Avropa İttifaqı bu layihənin reallaşmasında maraqlı olan tərəfdir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına kifayət qədər töhfə verəcək".

V.Bayramov bildirib ki, layihə üzrə birinci mərhələdə Türkiyə bazarına təxminən 6 milyard kub-metr, Avropaya isə 10 milyard kub- metr mavi qaz nəql ediləcək: "Növbəti mərhələdə isə Avropa bazarına çıxarılacaq mavi qazın həcmi 20 milyard kub-metrə çatdırılacaq. Nəticədə bu, imkan verir ki, Cənub Qaz Dəhlizi Avropanın təbii qaza olan ehtiyacının ödənilməsində xüsusi paya sahib olsun. Bu baxımdan, Bakıda keçirilən toplantı həm Azərbaycan, həm Avropa İttifaqı, o cümlədən, iştirakçı ölkələr olan Türkiyə və Gürcüstan üçün böyük əhəmiyyətə malikdir. Bu görüşdə prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq bu istiqamətdə işlər sürətləndirilir. Təsadüfi deyil ki, dövlət başçısı bu layihəni 21-ci əsrin layihəsi kimi qiymətləndirib".

İqtisadçı alim deyib ki, bu layihə Azərbaycanın dövlət gəlirlərini kifayət qədər artıracaq: "Cənub Qaz Dəhlizi”ndən Azərbaycan 100 milyard dollardan artıq vəsait əldə edəcək".

V.Bayramovun sözlərinə görə, ümumilikdə layihənin həyata keçirilməsində ciddi bir çətinlik yoxdur: "Bu, onu deməyə əsas verir ki, qısa zaman ərzində Azərbaycan qazının Avropa bazarlarına çıxarılması mümkün olacaq".

İqtisadçı ekspert Rəşad Həsənov isə qeyd edib ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı layihənin həyata keçirilməsində ölkəmizə maneə olan qüvvələrə birlik nümayişi kimi qiymətləndirilə bilər. O, SİA-ya bildirib ki, hazırda dünya iqtisadiyyatında baş verənlər ölkəmizin maliyyə sistemində də müəyyən gərginliklər yaradıb: "Bu vəziyyət "Cənub Qaz Dəhlizi" kimi iri layihələrin həyata keçirilməsində beynəlxalq maliyyə institutları, iştirakçı ölkələr tərəfindən maliyyə dəstəyinə ehtiyac yaradır. Belə bir şəraitdə son həmrəyliyin Bakıda nümayiş etdirilməsi, Azərbaycanın növbəti dövrlərdə avantajlarını artıracaq, eyni zamanda layihənin icra edilməsi zamanı ortaya çıxacaq texniki, iqtisadi, siyasi problemlərin həllində ortaq mövqeyin əldə edilməsinə imkanlar açacaq".

Ekspert qeyd edib ki, sözügedən tədbiri protokol çərçivəsində son toplantı adlandırmaq olar, lakin  "Cənub Qaz Dəhlizi"nin tikintisi başa çatmadığı üçün bu kimi görüşlər format dəyişməmək şərti ilə növbəti dövrlərdə də mütəmadi olaraq  davam etdiriləcək: "Məlumdur ki, "Cənub Qaz Dəhlizi"nin tikintisi hələ başa çatmayıb. Onun ikinci mərhələsi hesab olunan TAP-la bağlı bölümün 2020-ci ildə tikilib təhvil verilməsi gözlənilir. Lakin Azərbaycan, eləcə də region qazının uzun müddət dünya, eləcə də Avropa bazarlarına çatdırılması ilə bağlı müxtəlif layihələr ortaya çıxıb. Misal üçün Nabucco daha geniş, bir çox ölkələrin  maraqlarını əhatə edən layihə olsa da, onun ortaya çıxma dövrü müəyyən mənada uğursuz oldu. "Cənub Qaz dəhlizi" layihəsi çərçivəsində Xəzər  hövzəsi  ölkələrinin qazının gələcəkdə hansısa formada daşınmasının  təşkil olunması masa üzərində əsas təkliflərdən biridir. Amma buna baxmayaraq, aparılan danışıqlar hələ də öz nəticəsini vermir. Bu baxımdan bugünkü görüşü sənəd üzərində yekun adlandırsaq da, bu cür görüşlər növbəti dövrlərdə də davam etdiriləcək. Amma ümumilikdə bugünkü görüşün layihənin həyata keçirilməsində birmənalı olaraq siyasi dəstəyin olması baxımdan mühüm  əhəmiyyəti var".

Ceyhun ABASOV

 





24.02.2017    çap et  çap et