525.Az

“...üzün yadımdan çıxacaq”


 

“...üzün yadımdan çıxacaq”<b style="color:red"></b> “Bakıdan gəlirsən? Qağa, dənizdə su çox olur, helə?! Dey ha bu kanal da dənizə tökülür? Kanal balıqları dənizdə boğulmaz ki?”
 
Neçə yaşında olduğunu bilməyən bir çoban uşaq idi. Bundan üç il öncə Ağcabədidə-Qarabağ kanalının qırağında oturub tilovlara baxa-baxa söhbət eləyirdik.
 
Məmləkətimin talış cocuğu Qarabağ ləhcəsi ilə danışırdı taleyini, böyük qardaşı onu gətirib bir kənd fermasına verib ki, işləsin. Ayrılmaq istəmirmiş “qaqa”sından, oğlan balaca Vüqarı huşunu itirənəcən döyüb.
 
Adının mənasını bilir məmləkətimin çocuğu: “Pis olma dana, maa burda yaxşı baxırlar. Hər şey verirlər. Fermadakıların maa yazığı gəlir, vallah! Bakıdan danış ey... Deyir orda böyük binalar var, xarici maşınlar...”
 
Mən o gün Vüqara heç nə danışa bilmədim. “Doqquz ildir, kəndə aparmır qardaşım məni. Ay qağa, anamın üzü yadımdan çıxır ey...” - deyən yurd qoxulu bu insana nədən söz aça bilərdim ki?! Vüqar hər şeyi məndən yaxşı bilirdi. Onun alnının qırışları mənə rəhmətlik babamı xatırladırdı.
 
Dünən gecə yuxuda Vüqarı gördüm. İrəvanda idik. Əl-ələ tutub dayanmışdıq meydanda. Bizi daşlamağa başladılar. Bir az keçdi, gördük ki, atdıqları daş yox, möhürdür. Üzümüz başımız qan içində qaçdıq, qaçdıq... Düz Ağcabədiyə qədər. Babamın uyuduğu qəbiristanlığa girdik.
 
Ağlamağa başladım. Vüqar tanınmaz hala düşmüş üzünü mənə tutub “Anamın sifətini xatırladım, qağa!” - dedi, - Qara gözləri ilə elə hey maa baxır. Təndirdə çörək bişirir. Mənim üçün də ayrıca balaca xamır qayırıf...”
 
Gözlərimi açandan bir xeyli sonra Ankarada olduğumu anladım. Bu gün babam Seyid Bəhram Ağanın vəfat etdiyi gündür. Məmləkətimin qoxusu burnumda yataqdan qalxdım.
 
Telefona baxanda gördüm ki, anam mesaj yazıb: “Skype-a gir, oğlum, üzün yadımdan çıxacaq ))”
 





22.04.2013    çap et  çap et