525.Az

BANM-də Xocalı soyqırımının qurbanları yad edildi


 

BANM-də Xocalı soyqırımının qurbanları yad edildi<b style="color:red"></b>

Dünən Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı soyqırımı XX əsrin insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətidir.

Onun sözlərinə görə, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıb. E.Qasımov qeyd edib ki, bu gün eyni siyasət prezident İlham Əliyev tərəfindən həyata keçirilir.

BANM-in ingilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev Xocalı soyqırımının tarixi aspektləri haqqında danışıb, bu qanlı hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu deyib. O bildirib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhəri işğal edildi. Mühasirəyə alınan şəhər yandırıldı. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.

Daha sonra BANM-in Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Şəmsi Musayev “Xocalı tarixi və soyqırımın səbəbləri” mövzusunda, Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Fuad Əlizadə isə “Xocalı soyqırımının baş verməsi və nəticələri” mövzusunda çıxış ediblər.

BANM-in tələbələri tərəfindən ingilis dilində hazırlanan və Xocalı Soyqırımına həsr olunmuş maraqlı və təsirli sosial videoçarx nümayiş olunub.

S.QARAYEVA

 





25.02.2017    çap et  çap et