525.Az

“Cənub Qaz Dəhlizi” ilə Azərbaycan Avropada təsir gücünə malik olacaq


 

“DÖVLƏTİMİZ BU TƏSİR GÜCÜNDƏN İSTİFADƏ EDƏRƏK DAĞLIQ QARABAĞ PROBLEMİNİN BEYNƏLXALQ HÜQUQ ÇƏRÇİVƏSİNDƏ HƏLLİNƏ NAİL OLA BİLƏR”

“Cənub Qaz Dəhlizi” ilə Azərbaycan Avropada təsir gücünə malik olacaq<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, fevralın 23-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib.

Toplantıda çıxış edən prezident İlham Əliyev tədbirdə müxtəlif ölkələrdən mötəbər qonaqların iştirak etdiyini qeyd edərək Azərbaycanın Avropa Komissiyası ilə bu mühüm layihənin həyata keçirilməsində sıx əməkdaşlıq qurduğunu bildirib: “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik. “Cənub Qaz Dəhlizi” layihəsinin icrası Avropa ilə gələcək əlaqələr üçün də çox vacib amildir”.

Azərbaycanın enerji siyasətinin tarixindən danışan prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin icrasında “Şahdəniz” qaz yatağının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu yatağın verdiyi imkanlar Azərbaycanın özünü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanıtmasında mühüm rol oynayır.

“Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində bir neçə il öncə Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinin icrasına dair imzalanan sazişin, həmçinin, Transadriatik boru kəməri (TAP) layihəsinin əhəmiyyətini vurğulayan prezident İlham Əliyev bu cür toplantıların layihənin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində xüsusi rol oynadığını deyib. Ötənilki görüşdən sonra bir çox irəliləyişlərin olduğunu, “Şahdəniz-2” layihəsinin 90 faiz səviyyəsində həyata keçirildiyini, TANAP və TAP layihələrində də mühüm uğurların müşahidə edildiyini deyən dövlət başçısı Azərbaycanın “Abşeron” qaz yatağının işlənilməsinə başladığını, bunun da ölkəmizin qaz potensialının yalnız “Şahdəniz”lə məhdudlaşmadığını göstərdiyini deyib.

XXI əsrin layihəsi olan “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini vurğulayan ölkə rəhbəri Avropa maliyyə təşkilatlarının da layihənin icrasında yaxından iştirak etməsinin əhəmiyyətli olacağını bildirib: “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaradıb”.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç isə qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır: “Bu layihənin Avropa üçün nə dərəcədə vacib olduğunu hamımız anlayırıq. Qitənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bu layihəyə Avropa maliyyə təşkilatlarının da diqqət göstərməsi vacibdir. Əminliklə deyə bilərəm ki, layihə vaxtında icra olunacaq”.

“Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycan üçün siyasi və iqtisadi əhəmiyyətindən danışan keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “525”ə bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası Azərbaycanın Avropa ölkələrində nüfuzunu, imicini daha da yüksəldəcək: “Ən başlıcası isə bu layihə Azərbaycanı çox ciddi enerji mənbəyi və dəhlizinə çevirəcək”.

Politoloq qeyd edib ki, Azərbaycan 2020-ci ilə qədər Avropa bazarına 30-32 milyard kub metr həcmində mavi qaz nəql edəcək: “Əldə olunan dövlət vəsaiti neftdə itirilən gəlirləri artıqlaması ilə ödəyəcək. Yəni, “Cənub Qaz Dəhlizi”nin işə düşməsi ilə Azərbaycan büdcəsinə çox ciddi və mühüm gəlir mənbəyi əlavə olunacaq. Bütün bunlar imkan verəcək ki, Azərbaycanın iqtisadi inkişafı daha da sürətlənsin, ölkədə quruculuq işləri ardıcıl olaraq davam etdirilsin”.

Q.Hüseynli hesab edir ki, Avropa ilə əlaqələrin inkişafı Azərbaycana həm də Dağlıq Qarabağ problemi ilə bağlı siyasi dividentlər qazandıracaq: “Yəni, Azərbaycan Avropada siyasi və iqtisadi təsir gücünə malik olacaq. Dövlətimiz bu təsir gücündən istifadə edərək Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinə nail ola bilər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli isə qeyd edib ki, “Cənub Qaz  Dəhlizi” layihəsi 1994-cü ildə başlanılan siyasətin yeni əsrdə sanballı davamıdır. O, SİA-ya bildirib ki, Bakı-Tbilisi -Ceyhan Azərbaycan üçün nə qədər böyük əhəmiyyət  kəsb edirdisə, “Cənub Qaz Dəhlizi”də bir o qədər önəm danışır: “Cənub Qaz Dəhlizi” Azərbaycanın müstəqilliyinə real məzmun verilməsi baxımından çox ciddi əhəmiyyət kəsb edir. Biz həm neft, həm qaz, həm də infrastruktur baxımından XXI əsrin energetika siyasətinə korrektə etmişik. Neft hasilatının Azərbaycanda artırılması, onun Bakı- Tbilisi-Ceyhan boru xətti ilə Avropaya nəql edilməsi ölkəmizin energetika sahəsində vacib rolunun olmasını ortaya qoyub. Bundan başqa “Cənub Qaz Dəhlizi” çərçivəsində “Şahdəniz 2” layihəsinin reallaşması ölkəmizin bu sahədə əsas oyunçu olduğunu sübut edib”.

Ə.Məsimli deyib ki, sözügedən layihə regional səviyyədə əməkdaşlığın yeni mərhələyə çıxmasında da mühüm rola malikdir: “Layihə Azərbaycan, Gürcüstan və Türkiyənin strateji əməkdaşlığının yeni mərhələsini ortaya qoyacaq. Burada növbəti əhəmiyyət kəsb edən məsələ layihənin iqtisadi, sosial tərəfləridir. Belə ki, layihə burada iştirak edən ölkələrin hər birinə iqtisadi divident gətirməklə yanaşı, 30 mindən çox yeni iş yerlərinin açılmasına səbəb olacaq”.

Deputat əlavə edib ki, Azərbaycanın öz gücü və vəsaiti hesabına belə bir böyük layihə həyata keçirməsi, bir zamanlar məşhur olan Nabucco layihəsini dəbdən salıb: “İlkin mərhələdə 16 milyard kub metr qazın nəqlindən söhbət gedirsə, ikinci mərhələdə bu, ikiqat artacaq. Əgər layihəyə Xəzəryanı ölkələr də qoşulsa, o zaman Qərbin buna marağı daha da artacaq. Bu da gəlirin ilkin rəqəmlərdən bir neçə dəfə artmasına səbəb olacaq”.

Ceyhun ABASOV

 





25.02.2017    çap et  çap et