525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur (davamı)


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur<b style="color:red"> (davamı)</b>

Müttəfiqlər Şimali Afrikada sahilə çıxdılar, Çörçill və Ruzvelt arasında yeni bir görüş baş verdi. Görüş 1943-cü ilin yanvarında Kasablankada keçirildi. Stalin Moskvada qalmağın vacib olduğunu əsas götürərək konfransda iştirak etmədi. Ruzvelt və Çörçill müttəfiqlərin qoşunlarının 1943-cü ilin iyulunda Siciliyada sahilə çıxarılmasına razılaşdılar. Bu plan yalnız Çörçillə xoş gəlirdi, onun xeyrinə idi. Ruzvelt İtaliya, Yaponiya və Almaniyanın danışıqsız təslim olmasını və ideologiyanın məhv edilməsini tələb etdi. Bu ideologiya ilə digər xalqların işğal və qul edilməsi məqsədindən irəli gəlirdi. Beləliklə, müttəfiqlər hansısa bir alman hökuməti ilə, hətta Hitler devrilsə belə, barışıq imkanını istisna etdilər.

Çörçillin uzun müddətli səfəri, bura Tripoli və Əlcəzair daxil idi, onu  sətəlcəmlə xəstələndirdi. May ayında o, yenidən Vaşinqtonda idi, avqustda isə Kvebekdə oldu, burada o, “Overlord” planı üzərində işləyirdi, bu La-Manşı keçməklə hücum demək idi. Eşidəndə ki, amerikanlar 1944-cü ildə Birmaya müdaxilə planlaşdırırlar, o, qorxdu ki, birləşmiş resurslar “Overlordun” uğurlu olması üçün adekvat olmayacaqdır. 1943-cü ilin noyabrında Qahirədə o, Ruzveltlə Aralıq dənizindəki sonrakı hücumların prioritet əhəmiyyət daşıdığını sübut edirdi.

28 noyabr – 1 dekabr 1943-cü ildə Tehranda SSRİ, Böyük Britaniya və ABŞ hökumət başçılarının konfransı keçirildi. Burada Almaniyaya qarşı müharibədə birgə hərəkətlər etmək və müharibədən sonrakı əməkdaşlıq məsələləri müzakirə edildi.

Tehranda “böyük üçlüyün” ilk görüşündə Çörçill Ruzveltin birləşmiş ingilis-amerikan cəbhəsinə tərəfdarlığını saxlamaqda uğursuzluğa düçar oldu. Ruzvelt Stalinlə özəl qaydada məsləhətləşməsinə baxmayaraq, Çörçillə təklikdə görüşməkdən imtina edirdi. Onların bütün dostluğu ilə yanaşı, burada həmçinin iki Qərb liderinin arasında rəqabət elementi də var idi və Stalin bundan məharətlə istifadə edirdi.

Ümumiyyətlə Stalin bolşevizmə nifrətinə, inqilabi Rusiyaya müdaxilənin təşəbbüskarı olduğuna görə Çörçillə o qədər də loyal münasibət bəsləmirdi və daim onu cırnatmağa səy göstərirdi. Tehran konfransında Ruzveltlə daha yaxşı münasibət quran Stalin Çörçilli hövsələdən çıxartmaq imkanını da əldən buraxmırdı. Baxmayaraq ki, Çörçill sovet ordusunun Stalinqraddakı böyük qələbəsinə görə kralın hədiyyəsi olan qılıncı ona təntənəli şəraitdə təqdim etmişdi və xoş sözlər söyləmişdi, Stalin yenə də ona sataşmaqdan əl çəkmirdi. Sovet səfirliyində Stalin iki dövlət rəhbərinin şərəfinə ziyafət verdikdə, birdən bəyan etdi ki, Almaniyanı tam sülh şəraitinə qaytarmaq üçün qələbədən sonra 50 min yüksək rütbəli alman hərbi cinayətkarını güllələmək kifayət edəcəkdir. Çörçill buna öz etirazını bildirdi ki, məhkəməsiz heç kəsi cəzalandırmaq, güllələmək olmaz. Bu ədalətə ziddir və ingilislər bununla heç cür razılaşmazlar. Stalin yenə öz təklifində israr etdi. Çörçill bildirdi ki, o, buna razılıq verə bilməz, çünki parlament qarşısında məsuliyyət daşıyır. Bu vaxt Ruzvelt söhbətə qarışıb, Çörçilli hiddətləndirmək üçün istehza şəklində bildirdi ki, 50 min yox, 49 min alman hərbi xadimini güllələmək kifayətdir. Bu vaxt Çörçill bildirdi ki, özünün güllələnməsinə razı olar, ancaq belə ədalətsizliyə razılıq verməz. O, incik halda zalı tərk edib, qonşu otağa keçdi, bura isə qaranlıq idi. Az sonra kiminsə əlinin çiyninə dəydiyini hiss etdi, bu SSRİ-nin xarici işlər naziri V.M.Molotov idi. Sonra Stalin də ona yaxınlaşıb bunun zarafat olduğunu dedi və onu ziyafət süfrəsinin arxasına qaytardı. Çörçill bu hadisəni özünün məşhur fundamental əsəri olan “İkinci Dünya müharibəsi” kitabında təsvir etmişdir.

Tehran konfransında Avropanın cənubuna müttəfiqlərin hücum yürüşü barədəki təklif məsələsində də Çörçill təklikdə qaldı. Bu səfərdən də o, sətəlcəmlə qayıtdı. Sağalma tez getsə də, o, yalnız 1944-cü ilin yanvarında tam sağaldı. May ayında o, təklif etdi ki, D-Day (desant günü) hücumunu döyüş kreyserindən müşahidə etsin. Yalnız şəxsən kral onu bundan çəkindirə bildi.

Hərbi uğurlar Çörçillin siyasi məşğulluğa heç də biganə qalması demək deyildi. 1944-cü ilin sentyabrındakı Kvebek konfransından sonra o, Moskvaya uçdu ki, Rusiyanı və Polşanı barışdırmağa cəhd etsin və Balkanlarda nüfuz sferalarının bölünməsini razılaşdırsın. Yunanıstanda o, Britaniya qüvvələrini kommunistlərin hakimiyyətə gəlməsinə mane olmaq üçün istifadə etdi və Milad bayramında Afinaya uçdu ki, məsələnin həllinə kömək etsin.

1945-ci ilin 4-11 fevralında Yaltada Krım konfransı keçiriləndə Uzaq Şərq məsələsi həll olundu, bununla yalnız Ruzvelt və Stalin razılaşdı, Çörçill isə müdaxilə etmədi. O, polyakları müdafiə etmək üçün döyüşürdü, lakin gördü ki, Sovetləri öz vədlərini yerinə yetirməyə məcbur etməyin heç bir yolu yoxdur. Sonra o, Birləşmiş Ştatlardan xahiş etdi ki, Rusiya ordusu girməmişdən əvvəl müttəfiq qüvvələrinin nə qədər mümkünsə o qədər Şərqi Avropaya girməsinə icazə versin, çünki alman hakimiyyəti oranı tərk etdikdən sonra ruslar vakuumu dolduracaqlar. Lakin o, nə Ruzvelti, nə sonralar Trumeni, nə də onların generallarını öz nöqteyi-nəzərinə inandıra bilmədi. Krım konfransının rəsmi məlumatında qeyd olundu ki, “natsist Almaniyası məhvə məhkumdur”.

12 aprel 1945-ci ildə natsist Almaniyası üzərindəki qələbənin kandarına çatılmış və militarist Yaponiya üzərində isə yaxınlaşan qələbənin müəlliflərindən biri, hərbi və maddi yardımı ilə həm Britaniyaya, həm də SSRİ-yə böyük kömək göstərmiş ABŞ prezidenti Franklin D.Ruzvelt vəfat etdi. Müharibə dövrünün ağırlığı və aramsız iş onun səhhətini pozmuşdu və artıq Yalta konfransında onun taqətdən düşdüyü hiss olunurdu. Ruzvelt erası “izolyasionizmdən” faşizm üzərində qələbəyə qədər uzanmışdı.

Hələ 1944-cü ildə qələbə perspektivi aydın görünəndə İngiltərədə partiyaların siyasi fəallığı xeyli canlandı və 1945-ci ilin mayında müharibə dövründə koalisiyada olmuş bütün partiyalar vaxtından əvvəl seçki keçirilməsi istəklərini bildirdilər. Çörçill isə koalisiyanın ən azı Yaponiyanın məğlubiyyətinə qədər davam etməsini istəyirdi. Leyboristlər öz müstəqilliklərini təzələmək istəyirdilər. Çörçill qələbənin populyar arxitektoru kimi məğlubedilməz tək görünürdü, lakin o, seçki kampaniyasını aparanda özünü özünün ən pis düşməni kimi göstərdi. Biverbrukun dediyi kimi, o, Leyborist partiyasının qələbəsinin dəhşətli bir nəticə olacağı barədə qeyri-adi peyğəmbərliyə girişdi və özünü bütünlüklə mühafizəkar kimi göstərdi. Onun seçki kampaniyasına həsr olunmuş turları zəfər qaydasında inkişaf edirdi, lakin o, partiya lideri deyil, müharibə lideri idi, onu camaat, adətən, alqışlarla qarşılayırdı. Leyborist partiyasının isə ehtiyatlı, lakin geniş iqtisadi və sosial islahat proqramı milli rəğbəti qazanmaq yarışında, Çörçillin parlaq çıxışlarından daha təsirli idi. Seçkilərdə onun partiyasının mövqeyi parlamentdəki ümumi 640 yerdən 213 yeri tutmaqla nəticələndi. Platon yazır ki, “İnsanlar öz bədbəxtliklərində taleyi, allahları və özlərindən başqa istənilən hər şeyi günahlandırmağa meyl edirlər”. Çörçill də bu qaydadan kənara çıxmırdı.

Alman faşizmi üzərində qələbə miqyasına görə müqayisə edilməz idi. Çörçillin bəlkə də buna hamıdan çox sevinməyə haqqı var idi. Lakin o, bədbin hisslər də yaşayırdı. Müharibə başa çatanda Çörçill yazmışdı: “İndi Avropa nədir? Qaraguruh yığını, qəbir,  zəhəri çoxalan və kinli torpaq”.

Millət tərəfindən inkarolunma Çörçillə ağır təsir göstərdi. Markiz Astolf de Kyustin yaxşı demişdi ki, “Tarix tərifli söz deyildir və ən böyük kişiləri də kamil kimi təqdim etmir”. Çörçill öz üzərinə parlament müxalifətinin lideri rolunu götürməli oldu. O, heç vaxt Vətənində bütünlüklə bu rolda olmamışdı. Daxili siyasətdə aparıcı rol oynayan iqtisadi və sosial məsələlər heç də onun maraqlarının mərkəzində deyildi. Öz imperial baxışına görə Hindistana və Birmaya müstəqillik verməkdə gözə çarpan, özünün “kömür vedrəsi” adlandırdığı leyborist siyasətini bəyənə bilərdi. Lakin xarici siyasətdə nöqteyi-nəzərlərə görə skamyalar arasında geniş fərqlər var idi və bu, Çörçillin əvvəldən özünü həsr etdiyi bir sfera idi.

5 mart 1946-cı ildə Çörçill ABŞ-da, Missuri ştatındakı Fultondakı universitetdə prezident Trumenin iştirakı ilə çıxış edərkən müharibədən sonrakı dünyaya baxışın iki mərkəzi mövzusuna toxundu: Sovet kommunizminin təhlükəsinə qarşı sülhün mühafizəçiləri kimi Britaniyanın və Birləşmiş Ştatların birliyinə olan ehtiyac barədə danışdı, bu, Avropanın sifətini çarpaz qaydada bürümüş “dəmir pərdəni” aradan götürməlidir.

Fultondakı çıxışında o, “dəmir pərdənin” azad dünyanı kommunist imperiyasından ayırdığını iddia edirdi. Çörçill SSRİ-ni “müharibənin bəhrələrindən” istifadə etmək və öz qüdrətinin və doktrinasının qeyri-məhdud qaydada yayılması imkanını əldə etmək arzusuna görə ittiham edirdi. SSRİ-nin ekspansiyası və onun özünə yeni müttəfiqlər cəlb etmək cəhdləri barədə Çörçillin ideoloji postulatlarından Qərb “soyuq müharibənin” məqsədləri üçün istifadə edirdi.

1941-ci ildə Uinston Çörçill demişdi: “Mən Əlahəzrətin baş naziri ona görə olmamışam ki, Britaniya imperiyasının ləğvinə başçılıq edim”. 1946-cı ilin martında isə amerikan auditoriyası qarşısında çıxış edən keçmiş Britaniya baş naziri bəyan etmişdi ki, bütün qitə boyu “dəmir pərdə” salınmışdır, Almaniya və Avropa iki düşmən cəbhəyə bölmüşdür. Stalin Çörçillin çıxışını “Sovet İttifaqı ilə müharibəyə çağırış” kimi qiymətləndirdi. Bu sözlərdən yalnız bir neçə ay sonra dünya yenidən daha acı şəkildə bölünmüş kimi görünürdü. Belə bir fikir yaranırdı ki, görəsən Qərb sivilizasiyasının XX əsr böhranı heç vaxt qurtarmayacaqdırmı?

Fultonda Çörçill demişdi:

“Baltik dənizi üstündəki Ştettindən Adriatik dənizi üstündəki Triestədək qitə üzərinə dəmir pərdə çəkilmişdir. Xəttin arxasında Mərkəzi və Şərqi Avropa dövlətləri qalmışdır, onların əhalisi sovet sferasına düşmüşdür. Bu, təkcə sovet təsiri deyildir, çox yüksək və artan dərəcədə Moskvanın nəzarəti deməkdir”.

Çıxışının daha təsirli olması üçün o, boyaları tündləşdirməkdən də çəkinmirdi. Əlavə etmişdi ki, “Avropanın on qədim paytaxtı indi “dəmir pərdə” arxasındadır. Qitənin böyük hissəsi asılılıqdadır. Onlar natsizmdən yalnız ona görə yaxa qurtardılar ki, kommunizmin ifratçılığı altına düşsünlər”.

Hitlerin və onun dostlarının gətirdiyi alman irqi nəzəriyyəsi belə bir nəticəyə gəlirdi ki, yalnız tam yararlı millət olan almanlar digər bütün xalqlar üzərində ağalıq etməli, onları idarə etməlidir. Çörçillin irəli sürdüyü ingilis irqi nəzəriyyəsi isə belə bir nəticəyə gəlirdi ki, ingilis dilində danışan millətlər tam yararlı millətlər olmaqla, dünyanın qalan digər xalqları üzərində ağalıq etməli, onları idarə etməlidir. Eyni qızğınlıqla o, Avropa birliyinin tərəfdarı kimi çıxış edirdi.

Altı ay sonra, 19 sentyabr 1946-cı ildə isə İsveçrədəki Sürixdə o, “Avropa Şurasının” yaradılmasının vacibliyini sübut edirdi və özü 1949-cu ildə Şuranın Strasburqda keçirilən ilk yığıncağına gəldi. Özəl həyatında bu vaxt o, böyük tarixi əsəri olan altı cildlik “İkinci Dünya müharibəsi” kitabını yazırdı (1948-1954-cü illər).

1950-ci ilin ümumi seçkilərində Çörçill şəxsi mandat qazanmaq üçün uzun müddət gözlədiyi imkandan istifadə etməli oldu.

Seçki hücumu leyboristləri silkələdi, lakin onları yenidən hakimiyyətdə saxladı. Bu, Çörçillin dediyi kimi “daha bir dəfə qalxmaq” olub, 1951-ci ilin oktyabrında ikinci seçkilərdə onları məğlubiyyətə apardı. İranda Britaniya neft şirkətinin özəlləşdirildiyinə  görə orada yaranan böhran üçün hökumətə təzyiq göstərilirdi.

Mühafizəkarlar 26 səs çoxluğu ilə yenidən qayıtdılar və Çörçill ikinci dəfə baş nazir oldu. Onun təşkil etdiyi hökumətdə liberal mühafizəkarlar üstünlüyə malik idi. Entoni İden xarici işlər naziri oldu.

Yerli leyboristlər və administrasiyadakı döyüşlər Çörçillin maraq dairəsindən uzaq idi. O, artıq qoca idi, qüvvəsini xarici işlər, sülh və müharibə məsələləri üçün qoruyub saxlayırdı. Britaniya Koreya müharibəsində iştirak etmədi, diqqətini Almaniyanın yenidən silahlanmasına yönəltmişdi.

1953-cü ildə kraliça II Elizabetə tac qoyulması mərasimi baş verdi. Həmin ili Çörçill iki müxtəlif mükafat aldı – Qarter ordeninin sahibi və ədəbiyyat üzrə Nobel mükafatı laureatı oldu. O, müttəfiq orduların köhnə baş komandanı Duayt Eyzenhauerin prezident kimi Ağ Evə gəlməsinə çox sevindi. İden aprel ayında xəstələndikdə Çörçill xarici işlər naziri vəzifəsini də öz üzərinə götürdü. 27 iyulda onu insult zərbəsi vurdu və bədəni müəyyən dərəcədə iflic oldu. Buna baxmayaraq, o, sağala bildi və oktyabrda yenidən işinə qayıtdı.

(Ardı var)

 





22.04.2013    çap et  çap et