525.Az

Fransa və ABŞ-da Xocalı soyqırımı ilə bağlı tədbirlər


 

Fransa və ABŞ-da Xocalı soyqırımı ilə bağlı tədbirlər <b style="color:red"></b> Fransa və ABŞ-da Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
 
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan Evi” təşkilatı Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar uşaqlar iştirakı ilə “Sülh üçün rəsm çəkək” adlı tədbir təşkil edib.
 
“Azərbaycan Evi”nin sədri Mirvari Fətəliyeva çıxışı zamanı Fransada doğulub böyüyən gənc nəslə xüsusi diqqət göstərdiklərini və bu gənclərə tarixi həqiqətlərin çatdırılmasının vacibliyini vurğulayıb.
 
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov isə belə tədbirlərin təşkilinin böyük əhəmiyyəti olduğunu qeyd edib.
 
Tədbirdə iştirak edən əməkdar rəssam Əsmər Nərimanbəyova və rəssam Nigar Nərimanbəyova uşaqlara Xocalı və sülh mövzusu ilə bağlı rəsmlər çəkilməsində öz məsləhətlərini veriblər. Uşaqların çəkdiyi rəsmlər Azərbaycan Mədəniyyət Mərkəzində sərgilənib.
 
Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları isə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin baş qərargahı qarşısında etiraz aksiyası keçiriblər. Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Azərbaycan Nyu-York Assosiasiyasının birgə təşkil etdiyi aksiyada Azərbaycan həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər nümayiş etdirilib, şüarlar səsləndirilib və Xocalı soyqırımı haqqında ətraflı məlumatın əks olunduğu vərəqələr yerli əhaliyə paylanılıb.
 
Nyu-York Azərbaycan Evində isə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyev, Azərbaycanın ABŞ-dakı səfirliyinin təmsilçiləri, Nyu-Yorkda fəaliyyət göstərən müxtəlif icmaların nümayəndələri və şəhərdə yaşayan soydaşlarımız iştirak ediblər. Tədbirdə “Xocalıya ədalət” kampaniyası çərçivəsində litvalı rejissor Andreas Broksanın çəkdiyi "Sonsuz dəhliz" (Endless corridor) sənədli filmi nümayiş etdirilib.
 





27.02.2017    çap et  çap et