525.Az

Əflatun Amaşov: "Bir-iki şeir paylaşan gənc düşünür ki, dahidir"


 

Əflatun Amaşov: "Bir-iki şeir paylaşan gənc düşünür ki, dahidir"

Pərvinin həmsöhbəti Mətbuat Şurasının sədri Əflatun Amaşovdur.


Pərvin: Əflatun müəllim, yəqin ki, insan həyatında həlledici məqamlardan biri sənət seçmək mərhələsidir. Seçdiyiniz sənətdə yüksək vəzifəyə qədər ucalmısınız. Uşaqlıq illərindən arzuladığınız, xəyal etdiyiniz həyat bu idimi?

Əflatun Amaşov: (gülür) Suala dəqiq cavab verə bilmərəm. Əslində uşaqlıqda kosmosa, kosmonavtikaya meylim jurnalistikadan daha artıq idi. Kosmonavtların həyatı məni həmişə düşündürüb. Məncə, bu bütün sovet uşaqlarını maraqlandıran sahə idi. Xatırlayıram ki, “Lunaxod”un ay səthinə enməsini televizorda göstərmişdilər. O  səhnə heç yadımdan çıxmır. Son günlərdə də nədənsə o uşaqlıq xəyallarım yenidən baş qaldırıb, tez-tez düşünürəm bu barədə.

Pərvin: Bəlkə də uşaqlıq düşüncələrinizə qayıtmağınıza Ay səthinə ilk dəfə enmiş Nil Armstronqun ölümü səbəb olub... Onun vəfatı, dənizin dibində dəfn olunması ilə bağlı yazılar dünya mətbuatını “zəbt” edib son vaxtlarda... 

Əflatun Amaşov: Razıyam. Armstronq uşaqlığımızın qəhrəmanı idi. Məhz onun vəfatından sonra, yayın axırlarında kosmos haqqında xeyli düşündüm. Görəsən o, Ayı necə hiss etmişdi və öləndən sonra kimsənin çatmadığı yüksəklikdə gəzmiş adamın dənizin dibində əbədi lövbər salmasında nə kimi fəlsəfə var?! Baxın, bunlar əslində çox maraqlıdır. Zənnimcə, təkcə mən yox, bir çox adamlar paralel dünyalar barədə düşünürlər. Sanki bəşəriyyət özünə bir həmdəm, yar axtarır.

Pərvin: Sizcə “yarının axtarışında olan bəşəriyyət” hansı cinsdəndir? 

Əflatun Amaşov: Məncə, bəşər kişi kimi yaradılıb. Amma getdikcə həlimləşməkdə, mülayimləşməkdədir. Təbii ki, bu, insanların təsirindəndir. Bəşəriyyət Ali Varlığın yaratdığı ən uca varlıqdır. Qalan bütün canlılar isə insan üçündür. Çağdaş dünyaya baxanda görürsən ki, hər cür şərait var. İnsan isə hələ də axtarır... Dediyim kimi, son zamanlarda mənə elə gəlir ki, yer paralel dünyaların peşindədir...

Pərvin: Amma mənə elə gəlir ki, bu axtarışın əsas səbəbi indiki dünyada hər şeyin “əlçatan” olmasıdır. Texnika inkişaf etdikcə bütün uzaqlıqlar insana yaxın gətirilib. Min kilometrlərlə uzaqda olan doğmamızla sadəcə, kompyüterin qarşısında oturub “üz-üzə” söhbət edə bilirik. Kitabxanaya getmədən istədiyimiz kitabı elektron şəkildə oxuyuruq. Poçt, yaxud ödəmə məntəqəsi axtarmadan vergiləri ödəyirik. Sanki dünya ancaq evimizin içindən ibarətdir. Məncə, insanlığın göyə üz tutmasına səbəb budur. Hər şeyin əl altında olmasından yorulub insan. Paralel dünyalara maraq “əlçatmazlığ”a meyldir əslində...

Əflatun Amaşov: Razıyam. Dediklərinizi təsdiq etmək üçün yüzlərlə misal gətirmək olar. Dünyanın inkişafı həyatı nə qədər asanlaşdırıbsa, bir o qədər də maraqsızlaşdırıb. Əgər statistikaya nəzər salsaq, Avropa ölkələrində intihar halları durmadan artır. Norveçdə körpülər var ki, insanların onlardan keçməsinə qadağa qoyulub. Varlı ölkələrdə yaşamaq daha asandır, dediyiniz kimi, hər şey əlçatandır. Yəqin ki, bunun özü də həmin adamlar üçün həyatı mənasız edib. Bir növ bədbəxtliyi dərk etmək üçün boş vaxtları çox olur onların. Texnika insanları da robotlaşdırır. Bu da məni xeyli təəssüfləndirir. Elə öz həyatımdan bir misal gətirə bilərəm. Oğlum Londonda yaşayır, orada təhsil aldı, indi də işləyir. Hər axşam skaypda “üz-üzə” oturub söhbət edirik. Əvvəllər ara-sıra gedib görüşürdük, yaxud o gəlirdi Bakıya. Onda görüşlərin ləzzəti, həyəcanı, sıcaqlığı tamam başqa idi. İndi axşam xeyli söhbətləşəndən sonra səhər təyyarəyə minib gedirik və görüşəndə sanki dünən birgə olmuşuq kimi hiss yaranır. Baxın, texnikanın insan ruhuna təsiri budur.

Pərvin: Sizcə, bu “robotlaşma” prosesindən çıxış yolu nədədir?

Əflatun Amaşov: Çıxış yolu insanın ruhunu zənginləşdirən, biliyini artıran nələrəsə tapınmaq və limiti qorumaq, gözləməkdir.

Pərvin: Biliyi artırmaq deyirsiniz, bu sahədə yaş senzi var? Məsələn,  insan əsasən bu yaşına qədər bilik qazanmalıdır, bundan sonra “qazandıqlarını xərcləməlidir”...

Əflatun Amaşov: Bioloji mənada yaş senzi yoxdur. İnsan 70 yaşında da ruhən gənc ola bilər. Hesab edirəm ki, bədənimiz, cismimiz ruh üçün kirayə götürdüyümüz bir məkandır. Onun necə qalması, necə görünməsi ruhun vəziyyətindən və bizim o “məkan”a qulluğumuzdan asılıdır.

Pərvin: Uşaq vaxtı oxuduğum nağıllardan “dirilik suyu”, “gənclik iliksiri” kimi ifadələr yadımda qalıb. İndi ruhu gənc saxlamaq dediniz bu yadıma düşdü. Sizcə, ruh üçün “gənclik iliksiri” nədir?

Əflatun Amaşov: (düşünür) Bəlkə də əksəriyyət bu suala “sevgi” - deyə cavab verər. Belə deməyəcəyəm. Məncə, sevgi gəncləşdirə də bilər, qocalda da.

Pərvin: Maddiyyatın necə, təsiri varmı?

Əflatun Amaşov: Xeyr! Maddi rifahın ruha “qida verməsi” qeyri-mümkündür. Olsa da, çox qısa müddətlidir. Söhbətimizin əvvəlində inkişaf etmiş ölkələrdə intihar hallarının artmasından danışdıq. Statistik hesablamalara fikir versəniz görərsiniz ki, məhz belə, varlı dövlətlərdə əhalinin vaxtından əvvəl qocalması barədə də məlumatlar var. Təbii ki, insanın rahatlığı üçün, yalnız sosial təminatı düşünüb kitabdan, elmdən, sənətdən uzaq düşməməsi üçün maddi şərait  mütləq olmalıdır. Amma təkcə bu kifayət eləmir. Hər halda ruhu tərbiyə etmək, onu qidalandırmaq hər bir insanın öz əlindədir, özündən asılıdır. Hər kəs bir cür edir bunu. Bu yaxınlarda şahidi olduğum kiçik bir hadisəni misal gətirə bilərəm. Bir dostumla söhbət edəndə ingilis dilində söz yadımıza düşmüşdü. Dostum nə qədər çalışdısa, tərcüməsini yadına sala bilmədi. Bir neçə gün sonra mənə danışdı ki, evdəki lüğətlərdən həmin sözü tapa bilməyib, çox narahat olub. Səhər kitabxanaya gedib və tərcüməsini tapandan sonra özünü çox rahat və xoşbəxt hiss edib. İlk baxışdan sadə, bəsit bir hadisədir bəlkə də. Amma bunun özündə insanın hədəfə çatması var. Məncə, ruh insan hədəflərə çatdıqca rahatlaşır, qidalanır. Bu hədəflər də hər kəsdə bir cür ola bilər.

Pərvin: Hədəflərə çatmağın asan və çətin yolları olur. Hansı yolla getməyin fərqi var, sizcə? Yəni seçdiyin yol xoşbəxtliyin keyfiyyətinə təsir edirmi?

Əflatun Amaşov: Əlbəttə, edir! Bu artıq dəqiqləşmiş bir fikirdir ki, insan nəyəsə çətinliklə çatanda nailiyyəti daha şirin sayır, özünə güvəni artır.

Pərvin: Mətbuat Şurası hədəf idi sizin üçün?

Əflatun Amaşov: (gülür) Deməzdim. Ümumiyyətlə, hesab etmirəm ki, həyatda bütün arzuladığım hədəflərə çatmışam. Əlbəttə, Mətbuat Şurasının sədri olmağın məsuliyyətini də, çoxları üçün hədəf ola biləcəyini də dərk edirəm. Amma insan psixologiyası elə qurulub ki, hədəflər hər gün artmaqdadır. Elə bu vəzifənin özü də yeni hədəflər yaradır. Deyək ki, jurnalistikamızı daha çox inkişaf etdirmək, mətbuatın nüfuzunu, təsir gücünü, insanların mediaya inamını artırmaq və s.  

Pərvin: Ədəbiyyatda maraqlı bir “senzor” obrazı var. Özü də bu obraz daha çox mənfi “qəhrəman” kimi təsvir olunur. İnkişafa mane olan yazıçıların, şairlərin mövzu seçimində sərbəstliyi pozan, əsərləri “kəsib-doğrayan” və s. Mətbuat Şurasının fəaliyyətində də müəyyən bir senzorluq elementləri var. Siz bu vəzifəyə təyin olunanda özünüzü həmin mənfi obrazın yerində hiss etmədiniz ki?

Əflatun Amaşov: Maraqlı sualdır. Düzü düşünməmişəm bu barədə. Mən özüm senzuranın necə məhdudlaşdırıcı, məyusedici çərçivə olduğunu jurnalist fəaliyyətimdə görmüşəm. Hərçənd bu da bir həqiqərdir ki, bir çox bəşəri əsərlər məhz qadağalar mühitində yaranıb. Yəni belə desək, Gertsenin “Senzura nə qədəq güclü olarsa, bədii ədəbiyyat da o qədəq güclü olar” deyimi özünü real həyatda təsdiqləyib. Buna baxmayaraq sovetlər dönəmində içərimdə senzurasız yaradıcı mühitə qovuşmaq arzusu yaşanıb. “RUH” Jurnalistləri Müdafiə Komitəsinə rəhbərlik edərkən də başlıca qayəmizdən ən ümdəsi senzuranın ləğvi üçün sonadək mübarizə aparmaq olub. Elə isə baxış və məqsədlərimizin kəsişdiyi yüzlərlə həmkarımızla birgə təsis etdiyimiz Mətbuat Şurasını necə senzuranın varisinə döndərə bilərdik? Bizdə qadağalar yox, tövsiyələr var. Kimsə bunu nəzarət kimi qəbul edirsə, məntiqli saymıram. Mətbuat Şurası nə deyir, nə tövsiyə edir? Gəlin birgə qəbul etdiyimiz Peşə Davranışı Qaydalarının prinsip və bəndlərinin tələblərinə sayğı ilə yanaşaq, insanların şərəf və ləyaqətinin təhqirinə, vulqar ifadələr işlədilməsinə yol verməyək, balansı gözləyək və sair. Təbiidir ki, qələm qəzəbli əldə olanda, mövzular xam, yaxud iddialı, təmənnalı  təqdim ediləndə bu normalar istər-istəməz pozulur. Belələrinin müəyyən qismi iradları, tövsiyələri qəbul etmək istəmir, ictimai qınağa “senzura” adı verir.

Pərvin: Əflatun müəllim, amma sizin rəhbərlik etdiyiniz qurum yalnız mövzulara nəzarət edə bilir. Məncə, hazırda daha çox keyfiyyətə nəzarət gücləndirilməlidir...

Əflatun Amaşov: Doğrudur! Ayrı-ayrı qəzetlərdə keyfiyyətə müəyyən mənada nəzarət olunur. Amma indi daha çox yayılmış internet mediaya, yəni on-layn yayılan materialların keyfiyyətinə nəzarət təəssüf ki, çox çətindir. Əvvəllər televiziyada bədii şura fəaliyyət göstərirdi, amma indi o cür qurumlar yaratmaq mümkünsüzdür. Çünki internet hüdudsuz bir məkandır. Oradakı materiallar, yazılar hər an yenilənir. Bu məsələyə də nikbin yanaşıram. Hesab edirəm ki, ölkəmiz hələ çox gəncdir. Cəmisi 21 il əvvəl  müstəqil olmuşuq. Bu qısa zamanda xeyli nailiyyətlərimiz var. Vaxt keçdikcə mətbuatda da arzuolunan keyfiyyəti əldə edəcəyik. Sadəcə,  düşünmək və ümumiyyətlə gəncliyi, yetişməkdə olan nəsli düzgün istiqamətə yönəltmək lazımdır. Məsələn, deyək ki, çağdaş  medianın keyfiyyətini artırmaq üçün yalnız jurnalistika fakültəsində iş aparmaq düzgün deyil. Cəmiyyət bütövlükdə maarifləndirilməlidir.  Bu da təbii ki, kitabın, səviyyəli musiqinin, sənətin təbliğatı yolu ilə həyata keçirilə bilər. 

Pərvin: Yeri gəlmişkən, kitablara aid fikrinizi bilmək istərdim. Əsasən hansı mövzularda oxumağa üstünlük verirsiniz? Məsələn, son zamanlarda nə oxumusunuz?

Əflatun Amaşov: Deməzdim ki, lap çox oxuyuram. Amma kitabsız da günüm olmur. Əsasən səfərlərə gedəndə rahat mütaliə imkanı əldə edirəm. Çantamda mütləq bir neçə kitab olur. Son səfərimdə üç kitab götürmüşdüm özümlə. Cənubi Afrika Respublikasının prezidenti olmuş Nelson Mandela, Şahzadə Diana və idmançı Maykl Cordan haqqında idi. Bilirsiz, son zamanlar tarixdə müxtəlif yönümdə iz buraxmış insanlar haqqında oxumağa marağım yaranıb. Bəlkə də başqa xalqların həyat tərzini öz yaşayışımızla müqayisə etmək üçün. Eyni zamanda müxtəlif insanların həyat hekayələrindən xeyli maraqlı məsələləri öyrənmək və ibrət götürmək mümkündür. Məşhurlar haqqında daha çox oxuduqca əmin oldum ki, istənilən insanın içərisində bir yalqızlıq var. Saysız-hesabsız dostu, qohumu olan da yalqızdı, milyonların sevgisini qazananlar da, axşam evinin qapısını özü açıb qaranlıq otağa girənlər də... Dünyada ən böyük əsərlər də məhz tənhalıqdan yaranıb.

Pərvin: Sözlərinizdə qəribə bir pessimist ton var. Bu konkret öz həyatınızla bağlı bədbinlik deyil ki?

Əflatun Amaşov: Özümü bədbin adam hesab etmirəm. Bəlkə müəyyən mənada yaşla bağlıdır bu. Əslində təklənmək duyğusu insanın özünü daha yaxşı tanımağa başlamasından, həyatı daha dəqiq dərk etməyə çalışmasından yaranır. Amma tənhalıq yazıqlıq deyil. Onun üstünlükləri də çoxdur. Hesab edirəm ki, tənhalığın ən gözəl nəticəsi, “məhsul”u şeir olur. Poeziya təklikdən yaranır.

Pərvin: Yəqin ki, sizin də təkliyinizdən yaranan şeirlər var.

Əflatun Amaşov: (gülür) Var. Şair olmasam da, bütün duyğulu insanlar kimi mənim də düşüncələrim nə vaxtsa poetik misralara çevrilib. Nagahan gəlib. Heç həmin vaxtlarda şeir yazmaq fikrim də olmayıb. Gələni qovmazlar.  Xüsusilə o sətirlərdə özünü, yaşantılarını görəndə. Keçək mətləbə. 1990-ci il idi. Mitinq ab-havası, azadlıq istəyi sanki daxilimizə hakim kəsilmişdi. Elə yaxşı ki, belə idi. Yoxsa indiki müstəqillikdən sizinlə necə söhbət edə bilərdik?  Qələm-kağız götürdüm və yazdım. Söyləməzdən əvvəl nədən təsirləndiyimi deyim. Həyat yoldaşım xəstəxanada yatırdı. Oğlum da qohumlarımgildə idi. Öyrənmişdim ki, işdən qayıdanda üzümə qapı açılar, çay-çörək gətirələr, bir az da olub-keçəndən söhbətləşək. İndi az qala ev üstümə gəlirdi. Atılmış paltarlar, qab-qacaq zavallı və miskin bir mənzərəyə şahidlik edirdi...
    
          Nərgizə məktub
    
Ev də tənhalıqdan təngə gəlibdi,
Televizor gördüyün televizor deyil.
Elə bil hər şeyə qəm ələnibdi,
Mən də o deyiləm, vallah, elə bil.
    
Kitablar həsrətdən baş-başa verib,
Qəzetlər kədərdən sarılaşıbdı.
Çirklənmiş paltarlar dözə bilməyib
Tez cumub hamamda sıralaşıbdı.
    
Yuyulmaq istəyən qablar yetimtək
Boş vanna önündə durmuş diz-diz.
Guya ki, mitinqdi, tələb edərək
- Tez qayıt, - deyirlər sən evimizə.

- Tez göndər, ay həkim, Nərgizi bizə,
Kədər qəlbimizə izin salmamış.
Tez göndər, hər şeyi yerbəyer etsin,
Bu evdə Nərgizsiz evlik qalmamış.

Zənn edirəm ki, insanın tənhalıqdan, yaxud elə xoşbəxtlikdən dilə gələn duyğusu poeziyadır. Sadəcə bu duyğunu “bişirib” sözə çevirmək var. Məncə, ruhu olan adam bir azca da şairdir. Təbii ki, hər yazılan şeir Əli Kərimin, Vaqif Səmədoğlunun, yaxud Ramiz Rövşənin incilərindən olmayacaq...

Pərvin: Əflatun müəllim, son vaxtlarda ən çox diqqət çəkən məqam yaşlı jurnalistlərimizə münasibətinizdir. Bu mövqeyinizdə bir az da gəncləri tərbiyələndirmək, yaşlı adamlara hörməti onlara göstərmək var?

Əflatun Amaşov: Təbii. Ümumiyyətlə, xalqımızda yaşlı adamlara hörmət ənənəsi həmişə var. Biz gənclərə də diqqət göstəririk. Onların da qayğısını çəkirik, amma yaşlılara, jurnalistikamıza öz töhfələrini vermiş deyək ki, Şirməmməd müəllim kimi korifeylərə xüsusi münasibət, hörmət mütləq olmalıdır. Biz Mətbuat Şurasında yaşlı həmkarlarımızı bir yerə toplayıb Ahıl Jurnalistlər Məclisi  yaratmışıq. Onların ad günləri, yaradıcılıqları ilə bağlı, yaxud başqa hansısa əlamətdar hadisələrlə əlaqədar tədbirlər keçiririk. Məqsədimiz bu insanlara onların cəmiyyət üçün nə qədər lazımlı olduqlarını xatırlatmaq, həm də Siz deyən kimi, gənclərə də örnək olmaqdır. Bu yaxınlarda veteran qələm sahiblərimizdən biri mənə yaxınlaşdı.: “ Əflatun müəllim, - dedi, - nə yaxşı ki, bizim də məclis yarandı. Yoxsa yəqin ömrümüzün sonuna kimi bizi bir yerə yığan olmayacaqdı. Ən başlıcası tənhalığın bu mənada daşını atmışıq”. Bunu həm təşəkkür, həm də etiraf kimi qəbul etdim.

Pərvin: Son olaraq soruşmaq istərdim ki, gəncliyi oxuyursunuzmu? Ümumiyyətlə, çağdaş yaradıcı gənclərimizdən razısınızmı?

Əflatun Amaşov: İmkanım daxilində izləyirəm gəncləri. AYB üzvləri olanları da, olmayanları da oxuyuram. İndi istedadlı gənclər çoxdur. Amma bəzən ulduz xəstəliyinə tutulmaları, özlərindən böyüklərə münasibətləri məni qane etmir. Sosial şəbəkədə bir-iki şeir paylaşan gənc düşünür ki, dahidir və Anar, Ramiz Rövşən, Vaqif Səmədoğlu kimi şəxsiyyətlər haqqında söz deyə bilər. Bu məsələlər məni çox narahat edir. Lakin  bədbin deyiləm. Hesab edirəm ki, istedadı ilə yanaşı, tərbiyəsi, ziyası gözəl olan gənclər də az deyil. Ümidvaram ki, illər keçdikcə onların arasından da görkəmli sənətkarlar yetişəcək.  

 





30.09.2012    çap et  çap et