525.Az

Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibinə bəraət istəndi


 

Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibinə bəraət istəndi<b style="color:red"></b> Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, mənimsəmədə təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
 
APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə M. Həşimovun vəkili Elçin Sadıqov müdafiə nitqi ilə çıxış edib.
 
O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə böhtan atılıb və ortada heç bir cinayət əməli yoxdur: "Müğdət Həşimov verilən 700 min manat pulun 693 min manatını təsisçilərə verib. Yəni, burada mənimsəmədən söhbət getmir. Eyni zamanda M. Həşimov öz vəsaitindən 40 min manat klinikaya pul ayırıb".
 
Vəkil M. Həşimova bəraət istəyib.
 
Təqsirləndirilən şəxs son söz üçün məhkəmədən vaxt istəyib.
 
Proses martın 2-də davam etdiriləcək.
 
Qeyd edək ki, prokuror M. Həşimova 11 il həbs cəzası istəyib.
 
Xatırladaq ki, "Medi Sina” klinikasının sahibi Muğdət Həşimov dələduzluq maddəsi ilə həbs edilib. İttihama görə, o, iş adamı Ramazan Zeynalovun (Hacı Mazan) 163 min manat vəsaitini mənimsəyib. Belə ki, R. Zeynalov müqavilə əsasında klinikanı M. Həşimova icarəyə verib.
 
Xatırladaq ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi.
 
“Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib. Qərara görə, “Medi Sina” klinikası 40, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10, anestezioloq Firuz İbrahimov 15, asistent Fərəcullah İdrisov isə 10 min manat cərimələnib. İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.
 





27.02.2017    çap et  çap et