525.Az

“Beşinci fəsil”in pıçıltıları


 

Professor Cahangir Məmmədliyə açıq məktub

“Beşinci fəsil”in pıçıltıları<b style="color:red"></b>

Hörmətli Cahangir müəllim.

Əslində, belə açıq məktubları yazmağın mahir ustası sizsiniz. Bu mənada sizə bu üsulla müraciət etməyin özü də cəsarət tələb edir. Ancaq mən ən uyğun üsul elə bunu bildim. Məsələ burasındadır ki, məktub qiyabi də olsa, qarşındakını ünsiyyətə dəvətdir. Sizi öz hisslərinizi, hətta bəzən elmi fikirlərinizi də ünsiyyət vasitəsilə çatdırmaq istəməyiniz hər şeydən əvvəl sizin səmimiyyətinizdən irəli gəlir. Mənim sizə məktub yazmağımın isə başqa bir səbəbi də var. Sizin yubileyinizlə bağlı Mədəniyyət TV-də nümayiş olunan “Beşinci fəsil” filminə baxandan sonra mən də məktub yazmaq fikrinə düşdüm. Düzdür, sadəcə zəng edib, hətta kafedraya gəlib öz fikirlərimi söyləyə bilərdim. Ancaq etmədim, edə bilmədim. Çünki əvvəllər də hər hansı bir  essenizi oxuyub sizə zəng edəndə o yazıdan ürəyimdə doğulan hissləri boğazımdakı düyün tam ifadə eləməyə imkan vermirdi. Buna görə də çox vaxt qısaca: “Cahangir müəllim, çox gözəl yazıbsınız, çox təsirli idi”, - deyib tələm-tələsik telefonu yerinə qoyurdum. Çox yüksək, ülvi hisslərlə ifadə olunan dərin duyğularınızı cansız bir sözlə incitməkdən qorxurdum. “Beşinci fəsil”ə baxanda isə heç o iki kəlməni də tapa bilmədim. Var olsun qələmi, dadıma yetdi.

Cahangir müəllim, mən filmin təsirli ssenarisindən, usta rejissor və operator işindən danışmayacam. Sadəcə öz işlərini vicdanla və yüksək səviyyədə yerinə yetirdiklərinə görə, onlara minnətdarlıq edə bilərəm. Onu da yazım ki, mən sizi tanıyandan sonra elə bilirəm, Azərbaycandakı bütün jurnalistlərin müəllimi siz olmusunuz. Yəqin həqiqətən də belədir - bəzilərinə özünüz, bəzilərinə tələbələriniz dərs deyib, bəzilərinə isə şəxsiyyətiniz bir nümunə olub. Filmdə Aqil Abbasın dedikləri əslində mənim gümanımı əminliyə çevirdi. Belə olan halda, sizin tələbələrinizin çəkdiyi bir filmin belə yüksək səviyyəli olması nəinki təəccüblü deyil, hətta qanunauyğunluqdur. Ancaq indi mənim məktubum, müraciətim sizin tələbələrə deyil, sizədir.

Mənə sizi nəinki şəxsən tanımaq, hətta dönə-dönə səmimi söhbətlərinizdə iştirak etmək nəsib olub. Siz bizim Fəlsəfə Mərkəzimizin ən əziz qonağı, daha dəqiq desək, sakini idiniz. Maraqlı bir yazı, mürəkkəb bir məsələnin həlli, sevincli bir günümüz olanda ilk adı çəkilən, ilk bölüşülən insan siz olubsunuz. Özünüzün gəlməyə imkanınız olmayanda belə, telefonla “səsinizi, xoş sözünüzü göndərirdiniz”. Mən sizin sevincinizi də görmüşəm, kövrək anlarınızı da. Sizin səsinizin xoşbəxtlikdən uçduğunu da eşitmişəm, dərd yükündən əzildiyini də. Sizin doğmalarınıza da, dostlara da, hətta haqqınızda neqativ söz deyən birinə də mehribançılığınızın şahidi olmuşam. O şirin danışığınızla “Nənə,” - deyə müraciət etdiyiniz qızlardan biri də mənəm. Buna görə də, filmə baxmağa başlayanda tanıdığım, hörmət etdiyim bir şəxsiyyətin həyat hekayəsini gözləyirdim. Amma elə ilk kadrdan tamam başqa bir sehrə düşdüm: gecənin qaranlığında doğulan bir işıq məndə tamamilə fərqli düşüncələr, duyğular yaratdı.

İlk kadr mənim yadıma Qurani Kərimin Nur surəsindən bir ayəni saldı: “Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə Şərqə və ya təkcə Qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir”. Sizin şəxsiyyətiniz də, həyat tarixçəniz də Allahın insanlara çəkdiyi bir nümunədir - Yaradanın nuru öz kiçik bəndəsinin könlündə doğuldu. O körpə böyüdükcə, o işıq da böyüdü, artdı, sevdi, sevildi. O nuru daşıyan körpə qaranlıqda, tənhalıqda doğulduğuna görə, sonralar qarşısına çıxan istənilən çətinliyi keçmək onun üçün rahat oldu.

Sizin kövrək, amma şükür dolu bir səslə: “Bəzən Tanrı məni unudub,” - deməyiniz yadıma vaxtilə oxuduğum bir hekayəti saldı: “Bir şəxs yuxusunda Yaradanı ilə rastlaşır. Uca Tanrı: “Sənə gəldiyin həyat yolunu göstərimmi?” - deyə soruşur. “Göstər,” deməsi ilə gözləri qarşısında iki qoşa iz canlanır. Adam təəccüblə Yaradanına baxır. O: “Biri sənsən, biri Mən,” - cavabını verir - Mən həmişə sənin yanında olmuşam”. Adam bəzi yerlərdə izin birinin itdiyini görür və yenə sual dolu gözlərini Uca Tanrıya dikir. “Bunlar sənin ağır, çətin günlərindir,” - cavabı səslənir. Adam o günlərini xatırlayıb, gözləri dolur və pıçıldayır: “O günlər məni tək qoymusan...” Yaradandan səda gəlir: “Xeyr, həmin günlər səni qucağımda aparmışam”. Məncə, Tanrı sizi heç vaxt unutmayıb, xüsusilə, o balaca atasız-anasız körpəni, çünki içində Ona aid bir nur payı var idi.

Film boyu kövrək təbəssümlə yetimliyinizdən danışırsınız. Allah heç bir körpəni atasız-anasız qoymasın. Ancaq sizin həyatınız məndə fərqli bir assosiasiya yaratdı. Yəqin bilirsiniz, “tək, tənha” mənasında olan “yetim” sözünün ərəb dilində daha bir mənası var: “unikal”, “nadir” və buna nümunə kimi, okeanın dibində bir qum dənəsindən yaranan inci dənəsini göstərirlər. “Beşinci fəsil”də bu sözün hər ikisi mənası elə aydın, elə gerçək şəkildə göstərilir ki, tamaşaçıya o “incinin” yetişməsini heyranlıqla izləmək qalır. Qum dənəsindən yaranan mirvari elə bir parıltıya və duruluğa sahib olur ki, ona baxan heç o qumu xatırlamır. Sizdəki o nuru Sona xanım Vəliyeva çox gözəl ifadə edir: “Günəşə baxıb gözləri qamaşan insan”. Bəli, həqiqətən də, siz ətrafınızda hər şeyə, hər kəsə içinizdəki o işıqla, o sevgi ilə baxırsınız deyə, gözləriniz qamaşır.

Sizin ömür-gün yoldaşınızı itirdiyiniz vaxtlarda bizim Fəlsəfə Mərkəzində də bir hüznlü sükut çökmüşdü. Sizə olan hörmətimiz, sevgimiz nə qədər çox olsa da, onların itkinizin ağırlığını yüngülləşdirməyəcəyini bilirdik və nə edəcəyimizə şaşırmışdıq. O dərdlə ilk dəfə Mərkəzə gələndə mən bütün gücümü və möhkəmliyimi toplayıb sizinlə söhbət eləməyə başladım. Siz bütün dərdinizlə, elə açıq, elə səmimi idiniz ki, sanki bu dərdinizi anlatmağa məqam axtarırdınız. Mənim anamın öz oğlu haqqında dediyi bir ifadəsi var: “Ülvimin dərdi də özü kimi gözəldi”. Bənzər ifadəni filmdə sizdən də eşitdim. Siz təəccüblə: “Dərdin də şirini olurmuş,” - deyirsiniz. Yəqin itirilən şəxsə duyulan sevgi, həsrət o qədər güclü olur ki, adamın ona dərd deməyə dili gəlmir. Cahangir müəllim, sizin üçün ağır olan, məncə, 20 yaşdan 75 yaşa kimi yaşayan, böyüyən bir sevgini Səkinə xanım olmadan tək daşımaqdır. Axı o sevgi iki nəfər üçün nəzərdə tutulub. İki nəfərdən biri dünyasını vaxtsız dəyişəndə o boyda sevgi bir könülün çiyinlərinə düşür. Buna görədir ki, “həyatınızın ən duyğulu anını” o xatirə, sevgi dolu otaqda yaşayırsınız. Çünki orda dərd də şirinəşir, gözəlləşir. Ancaq Cahangir müəllim, bu hisslər “insanı bu dünyadan tez aparmaq üçün deyil”, daha yüksək yaradıcılığa sövq etmək üçündür. Bu gözəl, ülvi sevginın deyəcəyi çox söz var axı. Sizin sonuncu kitabınızın adı “Dünya sözə qalacaq”dır. Siz də bilirsiniz ki, “dünya məhz SEVGİDƏN doğulan sözə qalacaq”. O sevgi də, o söz də sizdə var. Dünyamızı var edin, gözəlləşdirin o zaman.

Sizin “Payız gülləri” əslində ayrıca bir məktubun, daha dəqiq desəm, essenin mövzusudur. Ona xüsusi yer ayırmaqları filmə ecazkar bir rəng qatır. O “Payız güllərini” mən lap başdan tanıyırdım, sizin kövrək səsinizlə eşitmişdim. Ancaq nə onu dinləyəndə, nə də sonra onu qəzetdə oxuyanda ürəyimdən keçənləri söyləyə bilməmişdim. Essedəki sevgi, həsrət, səmimiyyət o qədər güclü, o qədər nüfuzedici idi ki, oradakı hər şey sanki gözlərimin qabağında canlanırdı. Səsimi çıxartmağa, o essedəki insanın öz sevgisi ilə pünhan ünsiyyətinə mane olmağa cəsarətim çatmamışdı. Bəlkə də o vaxt esse ilə bağlı öz fikrimi bildirməməyim sizi təəccübləndirmişdi, axı biz Fəlsəfə Mərkəzində çıxan yazılarımızı, məqalələrimizi müzakirə edərdik. Bu dəfə 1-2 növbətçi kəlmə ilə susduq. Səbəbini indi deyim. 

Almaniyanın Bayreyt şəhərində böyük alman bəstəkarı Richard Vaqnerin öz opera evi varmış. İlk dəfə o, özünün “Parsifal” musiqili dramının nümayişində səhnəyə çıxmış və tamaşaçılara hissələr arasında əl çalmağı qadağan etmişdi, çünki yad səslər “Dramın xüsusi ab-havasına xələl gətirirdi”. Sonralar bu təcrübə uğurlu addım kimi təkrar olunmağa başlamışdı və dramın, operanın hissələri arasındakı susqunluğa “bayreyt səssizliyi” adı verdilər. Ən vacibi isə, bu səssizlik ancaq yüksək hissləri, ideyaları ifadə edən musiqi əsərində mümkün idi, kütləvi tamaşalarda deyil. Sizin essenizlə bağlı bizim susqunluğumuz məhz xüsusi auranı pozmamaq istəyi, “bayreyt səssizliyi” idi. 

Cahangir müəllim, sizin Vətən sevginiz də içimdə çoxdan səssiz duran bir sarı simi dilləndirdi. Doğma evini itirmək hissini mən hələ beş yaşımda - Göyçədən Daşkəsənə köçəndə hiss etmişəm. Düzdür, o vaxtlar əmin-aman vaxtlar idi, ancaq biz köçəndə evimiz, bağımız və itimiz o kənddə qaldı, sanki mənim balaca dünyamın bir hissəsi qopdu. Bir il sonra ailəmiz təkrar o kəndə qonaq kimi gedəndə mən lap uzaqdan durub evimizə baxdım - dəmir torla çəpərləmişdilər. Elə yazıqlaşdım, uzaqdan mənə hürən itimizə elə həsrətlə baxdım ki, sanki uşaqlığımı əlimdən almışdılar, qalmışdı çəpərin o üzündə. Sonralar qara qüvvələr Göyçədən hamını - bütün azərbaycanlıları köçməyə məcbur elədi. Sanki mənim balaca dünyama çəkilən o dəmir tor indi bütün Göyçəyə, Qərbi Azərbaycana çəkildi. Vətənimizin daha bir hissəsi qürbətdə. Sizinlə tanış olanda və sizin Qarabağ, Şuşa, Novruzlu kəndinin nisgilini görəndə uşaqlığımdakı o sızıldı təkrar keçdi içimdən. Hər dəfə Fəlsəfə Mərkəzinə gələndə mən sizin Ağdama gedib-getmədiyinizi maraq edirdim. Bilmirəm, bəlkə siz də mənim marağımı hiss edirdiniz deyə, Ağdam səfərinizdən təfsilatı ilə, həvəslə danışırdınız. Sizin o təpədən öz kəndinizə baxmağınızı elə aydın təsəvvür edirdim ki... Göyçə həsrəti ilə yazılmış çox şeirlər oxumuşam, ancaq mənə tanış, doğma nisgili - uzaqdan durub çəpərlənmiş doğma evinə boylanmağı sizin təsvirlərdə tapırdım. O filmdə çox düzgün deyirsiniz: “Gözəl Vətənimin hər yeri gözəldir və bir-birinə çox oxşayır. Əcdadlarımız bu torpağı məxsusi seçiblər.” Amma təəssüf ki, bu oxşarlıqları ortaya çıxaran nisgilimiz, həsrətimiz, dərdimiz olur.

Cahangir müəllim, şükürlər olsun ki, bu dünyada mənim bəxtim müəllimlər sarıdan çox gətirib. Həm orta məktəbdə, həm universitetdə, həm də aspirantlıq dövrümdə ən sayılan-seçilən insanlar mənə dərs keçib, mənə həm həyat, həm də elm yolunda doğru bələdçilik ediblər və hələ də etməkdə davam edirlər. Düşünürəm ki, onların şəxsiyyətlərinin ucalığı mənim təfəkkürümün inkişafı üçün geniş, hətta sonsuz üfüqlər açmaqlarındadır. Mənim müəllimlik etalonum da məhz onların sayəsində formalaşıb. Əminəm ki, sizə qarşı olan hörmətimin, sevgimin, doğmalığımın səbəbi həm də sizin o etalona tam uyğun gəlməyinizdir. Adam lap heyran qalır - bir fakültənin müəllim sarıdan bəxti nə gözəl gətirib! Bu fakültənin tələbələrinin baxış bucaqlarını işıqlandıran, aydınladan nə mahir bələdçisi var!

Son olaraq mən yenə Müqəddəs Kitaba üz tutmaq istəyirəm. Allah dönə-dönə bəndəsinə xatırladır ki, O, “dilədiyinə hesabsız ruzi verir”. Onun ədalətini nəzərə alsaq belə qənaətə gəlmək olar ki, mömin, əziz bəndələri üçün Onun verdikləri aldıqlarından xeyirli olur. Cahangir müəllim, filmin sonunda siz etiraf edirsiniz ki, həyata 1:0 hesabla gəlsəniz də, indi 5:0 siz irəlidəsiniz. Məncə, sizin nə qədər irəlidə olmağınız hesabsızdır. Bəli, Allah sizin atanızı aldı, amma sizi atalığın ən şərəfli məqamına 5 qat artıq ucaltdı, sizə yetimliyin acısını yaşatdı, ancaq zərrə-zərrə yetişib, möhkəmlənib inci dənəsi kimi sizi dəyərli etdi, sevdiyiniz qadını vaxtsız aldı, ancaq o sevgi ağacının üstü pöhrə, çiçək dolu beş budağını ərsəyə gətirdi. Ən vacibi isə, Yaradan sizə Onun qatında müqəddəs hesab edilən Qələm və o Qələmlə təmasa girə biləcək ürək, bu dünyada qala biləcək söz demək qüdrəti verdi! Bəli, Allah əziz bəndələrini Özü qoruyur, Özü qayğısını çəkir, ruzisini ona hesabsız verir.       

Cahangir müəllim, yubileyiniz qeyd olundu, ancaq mənim zaman haqqında öz mülahizələrim var deyə, rəqəmlər əhəmiyyətli olmur mənim üçün, heç yadımda da qalmır. Onlar ancaq statistikadır. Əhəmiyyətli olan varlıq və yoxluqdur. Var olan milləti üçün canı yanan, millətinin imzasının heysiyyətini hər şeydən üstün tutandır. Yox olan isə heyvani ruhunun tələblərindən yuxarı qalxa bilməyib mövcudluğunu sürdürənlərdir. Siz varsınız və varlığınız bu millətə baş ucalığı, qürur gətirir. Allah sizi illərdən, zamandan asılı olmayaraq var etsin.

 





27.02.2017    çap et  çap et