525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920) 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

(Əvvəli ötən şənbə sayımızda) 

Azərbaycan Məclisi-Məbusanında 12-ci iclasın axırı 

Aşurov - O sistem ki bəyani-ərz etdim düz degil. Biri də təarifəni artırmaqdır. Deyirlər təarifi artıraq. Bu sistem düz degildir.

Təarifi artırmaq özü-özündən sərbəst bir məsələdir. Bu bir başqa funksiyadan asılıdır ki, təarifi nə vəqt və nə qədər artırmaq olar. Bunu nəzərə almalıdır.

Təarifin artırılması heç vəqt mənfəət verməyibdir. Necə ki qabaqda da zərər vermişdir; ayrı cür ola da bilməz. Təarifi o vəqt artırarlar ki, məxaric çox ola, mədaxili də artırmaq mümkün olmaya, onu da öylə artırmalıdır ki, rəqib sənə qalib gələməsin və zərər çıxmasın. Bunun da müəyyən bir sərhəddi var. Bundan ziyadə artıranda daha möhtəkirlik oluyor. Deyirlər ki, dəmiryolu zərər etdiginə görə artırmağa məcburuz. Bu ona oxşar ki, bir az çox pul kəsmək üçün maşının xodunu artıraq. Heç mədaxilin artırılması barəsində bir söz yoxdur. Bu barədə görək mədaxili artıran, məxarici azaldan şeylərin hankı birisi nəzərə alınmışdır. Bən zənn ediyorum ki, xayır bunların heç birisi nəzərə alınmamışdır. Məsələn, dəmiryolu ilə gedirsən, qatar həmişə təxirə düşüyor. Vəhalonki vəqt puldur. Burada neft sərf olunur. Hər saatın qiyməti var. Bunu hələ bir qaidəyə salmayıblar. Halbuki biz biliyoruz apazdaniyanın azalmasının nə qədər əhəmiyyəti var. Hələ bir də biletsiz adamlar gediyorlar, bu da bizim mədaxilimizdən gediyor. Nə biliyoruz ki, təarifi artırsaq, bunlar olmayacaqdır. Bunlara diqqət edilsə, bəlkə heç təarifi artırmağa lüzum görülməz. Bir də baxaq görək yolumuz nə qədər yük apara bilər. Bən bunun nəzərə alındığını görmüyoram. İşlər hələ qabaqkı kibi gediyor. Əlbəttə istibdad zamanı kibi yox, öylə getsəydi xoşbəxt olardıq. Bən təklif edərdim ki, bu sistemdən əl çəkərək təarifi artırmayaq. Əgər məxarici azaldacaq bir yol olmasa, mədaxili artıracaq bir mənbə bulunmasa zərər də eləmiş olsaq, biz təarifi artırmamalıyız. Təarifi artırmaq sağlam bir sistem degildir. Bu daha da mədaxilin azalmasına səbəb oluyor. Yazın ki, dəmiryolu 60 milyon zərər ediyor. Bu daha sağlam sistemdir, nəinki həm təarifi artıraq, həm də zərər çəkək. Məsələn, bən teleqrafda gördüm; orada gündə 3 min manat mədaxil var idi. Sonra teleqraf qiyməti bahalandığına görə imdi çox adam teleqraf vura bilmiyor. Ona görə də mədaxil azalıyor. Madam ki, təarifi artırdıqca mədaxilin azalacağını biliyoruz. Pəs nə üçün tazədən artırıyoruz? Bən demokratiyayı da nəzərə alaraq təklif edirəm ki, təarifi artırmayaq, mədaxilin artmasına, məxaricin azalmasına çalışaq və nə qədər zərər olsa hamısını hökumət öz ayağına götürsün.

Yusif Əhmədzadə - (Bitərəf) Dəmiryol təariflərinin barəsində çox danışıq oldu. Hərgah bən bilsəydim ki, bu təarif daimi olacaqdır, natiqlərin etirazına şərik olardım. Təkrar ərz ediyoram ki, hər hökumətdə olduğu kibi bizdə də bu xərclər müvəqqətidir. Yoxsa daimi olsa buna heç hökumət davam edə bilməz. Çünki qüvvədən xaric xərclərdir. Başqa çarəsi də yoxdur. Əminəm ki, işlər sərəncam olandan sonra bu xərclər də olmaz. Əhali bu məmləkətin birər üzvüdür. Onlardan artıq almaq öz-özümüzdən artıq almaq kibidir. Amma əlac yoxdur. Ona görə məvaciblərin artırılması müqabilində təariflər də müvəqqəti atırılmalıdırlar. Bu qatarlar ilə gedən sərnişinlərin əksəri tacirlərdəndir. Çünki tacir olduğuma görə işlərə bir qədər bələdəm. Hərgah fəhlə qismi gediyorsa, onlar da şəxsi işlərindən ötrü məcbur olub gediyorlar. Onlar üçün də 3 və 4-cü sinif qatarları var. Bir də 18 qəpiklik ətə 18 manat verən fəhlə bir manatlıq biletə 2 manat versə bir şey itirməz. Bir bileti əksiltmək ilə füqəra və fəhlənin işi düzəlməz. Dübarə ərz ediyoram ki, bu da müvəqqətidir. İşlər ümumi qaydaya düşənə qədər bu layihə qəbul olunsun. Ticarətə qalanda zənn ediyoram ki, tacir üçün şey bahadır, bilet bahadır, teleqraf bahadır - bunlar bir şey degildir. Tacirlər çalışırlar ki, mal tez gəlsin, tez mümkün olsun, vəssəlam. Şey tez gələndə təbiidir ki, bazarda mal çox olar, arada bir rəqabət düşər ki, bu da şeylərin ucuzlaşmasına səbəb olar. Bunun üçün də yolların nizama salınmasına fikir vermək lazımdır. Böylə olmasa dövlət xəzinəsi zərər edəcək. Biz də əmri-vaqe qarşısında qalıb məcburən təarifləri artıracağız. Bən deyərdim təriq və məabir nazirindən xahiş olunsun gələcək üçün mədaxillərin artmasından ötrü tədbirlər görüb yollar göstərsin. İmdilikdə təklif ediyoram bu layihə olduğu kibi qəbul edilsin.

Məhəmmədbəyov - (İttihad) Bən təarif həqqində danışmaq istəmiyoram. Ancaq burası var ki, o hökumətdə ki ordu var, onun Hilal Əhmər təşkilatı da olmalıdır. Bən fraksiya namindən təklif ediyoram ki, bu layihə qəbul olunsa da, olunmasa da Hilal Əhmər nəfinə hər manata yarım qəpik vergi təyin edilsin.

Məlikaslanov - (Təriq və məabir naziri) Möhtərəm məbuslar! Sizə məlumdur ki, dəmiryolu nə halda idi, imdi nə haldadır. Biz bir tövr ilə bu yolu düzəltmişik. İmdi yolda hərəkət davam ediyor. Dəmiryolu barəsində danışanda sülh vəqtindəki halı nəzərə almamalıdır. İmdiki hal nəzərdə tutulmalıdır. Bir zamanlar dəmiryolunda gediş-gəliş bilmərrə mümkün degildi. Amma şimdi bu günlərdə dəmiryol hərəkəti yoluna salınmışdır. Bən yenə ərz ediyoram ki, təriq-məabir nəzarəti yolların düzəlməsi barəsində hər dürlü fikir işlədibdir. Dəmiryolunu islah etmək üçün nəzarətdə bulunan texniklər, iqtisadçılar çox çalışıyorlar. Amma nə qədər düzəlsə də yenə çox zərər çəkəcəgiz. Keçən dəfə də ərz etmişdim ki, dekabr hesabı ilə ayda 8 milyon zərər çəkiyoruz. Möhtərəm Əhməd bəy buyurdu ki, yanvar hesabı bizə məlum degildir, bəlkə yanvarda mədaxil artmışdır. Bu suala cavabən bən qabaqda demişdim ki, hələ yanvar hesabı bənə məlum degildir. Sonra olacaqdır. Şimdi bu xüsusda bir qədər məlumat verəyim:

Yanvarda mədaxil həqiqətən bir qədər artmışdır. Gürcüstandakı vaqonların bir qismi əlimizə çatmışdır, bir qismi də ingilislər əlində Batuma və İrəvana getmişdir. Qaytarılan vaqonların bir qismi fəna bir haldadır. İmdi mümkün olduqca onları düzəldiyoruz. Əvvəlki aylara nisbətən yanvarda mədaxil bir milyon 500 min manat artıq olmuşdur. Məxaric həqqində sərih məlumat yoxdur. Amma deyirlər o da artmışdır.

Dekabr ayı barəsində smeta hazırlanmışdır. Mədaxil və məxaric bu qərar ilədir (oxuyur). Bu hesab ilə dəmiryolu ildə 180 milyon manat zərər ediyor. Heç vəqt bu zərəri ümum cəmaət boynuna qoymaq olmaz. Demokratik nəzərilə də bunu edə bilmərik ki, möhtəkirlərin xərcini kəndçilərin boynuna qoyaq. Məlumunuzdur ki, o biri nəzarətlərdə zərər ediyorlar, məsələn ədliyyə, daxiliyyə və qeyrə. Bir-iki nəzarət var ki, mənfəət veriyor. Onlardan biri də təriq və məabir nəzarətidir. Pepinov cənabları bəzi suallar veriyor ki, məsələn, vaqonlar təmir olunsun, paravoz böylə olsun. Bu barədə biz həmişə fikirdəyiz və iş də görülüyor. Aşurovun buyurduğunu qəbul etmək olmaz. Məsələn, o buyuruyor ki, dinclik vəqtində təarif artıranda mədaxil əksiliyor. Şimdi bunu qəbul etmək olmaz. Zira təarif o qədər artırılmıyor ki, mədaxil böyük təfavüt etsin. Nəzərə alınsın ki, sülh vəqti 20 manat məvacib alan bir xidmətçi şimdi 800 manat alıyor. Dəmiryolu üçün qabaqda bir manata alınan şey imdi 150 manata alınıyor. Amma sərnişin biletləri artırılıyor birə 15 dəfə, həm də bu qanun müvəqqətidir. Bir komisyon təşkil edilib, necə ki lazımdır işlərə baxacaqdır. Özgə təariflər hazırlanaraq parlamana idxal ediləcəkdir. Bir də Aşurov diyor ki, vaqon təxirlə gediyor, biletsiz gedən çoxdur. Keçən dəfə də ərz etmişəm, yenə diyoram ki, bu fənalıqlar olmuşdur. Fəqət şimdi bunları bir qədər düzəldiyoruz. İmdi daha mal aylar ilə gözləmiyor. Qabaqlarda gündə 5 vaqon gəliyordu, imdi 60 vaqon gəliyor. Amma bununla bərabər yolun zərərlərini ödəmək başqa cür mümkün degil. Gərək təarifi artıraq. Təarif layihəsnin təsdiqini bir neçə gün də saxladıq. Bir qədər də artıq zərər oldu. İmdi təvəqqe ediyoram bu gün qəbul edəsiniz.

Rzayev - (Məruzəçi) Təariflərin artırılması qanununa hamıdan artıq soldan etiraz olunur. Onlar diyorlar ki, təariflərin artırılması ilə ərzaq şeyləri bahalanacaqdır. Amma bən sübut edərəm ki, böylə degildir. Məsələn, Poyludan Bakıya qabaqca bir manat isə, şimdi 2 manat olsa şeyin qiymətinə təfavüt etməz. Deyirlər ki, dəmiryolu ilə gəlib-getmək kasıb əhali üçün baha olacaq. Amma bən diyoram ki, bunlar üçün 4-cü vaqon var. O da Əhməd Cövdət əfəndinin təsvir etdigi kibi degildir. Bunlar sərnişin qatarı ilə gediyorlar və skamyalı və rahətdirlər. Burada demokratik əsas da nəzərə alınmışdır. Bir də dedilər ki, biletlər artmayıb yük təarifi artırılsın. Gərək sərnişin və yük təarifi hər ikisi artırılsın. Dəmiryolu həmişə mənfəət verərdi. Amma imdi vəqtin təqazasına görə zərər veriyor. Bunu da nəzərə almalıdır ki, layihə qəbul edilsə, yenə zərər tamamilə qapanmayacaq, 8 əvəzinə 5 milyon olacaqdır. Bunu qəbul etməsək, kağız pulları artırmağa məcbur olacağız ki, bununla da pulun qiyməti düşüb şeylər bahalanıyor. Kağız pul nə qədər az olsa, şey də o qədər ucuz olar. Gərək hökumət və parlaman cəmaət içində kağız pulları azaltsın. Maliyyə-büdcə komisyonu bunları nəzərdə tutaraq təarifə layihəsinin qəbulunu təklif ediyor.

Səsə qoyulduqda qanun layihəsi komisyonun göstərdigi kibi qəbul olunur.

“Azərbaycan”, 6 mart 1919, № 130 

Azərbaycan Məclisi-Məbusanında Hərbiyyə nazirinin nitqi 

Azərbaycan ordusu təşkilatı həqqindəki qanun layihəsi müzakirə edilərkən hərbiyyə naziri general Səməd bəy Mehmandarov - şiddətli və sürəkli alqışlar içində kürsiyi-xitbətə çıxaraq şu nitqi irad ediyor:

Bən qabaqca parlamandan üzr istəməliyəm ki, rusca danışacağam. Çox utanıyorum ki, öz dilimi Məclisi-Məbusanda danışmaq qədər bilmədiyimdən rusca söyləməgə məcburam. Bu gün sizə təqdim olunan heyət və maaş miqdarı ən vacib olan əqsamdan tərtib verilmişdir. Bunu müzakirə edərkən şu ərz olunan mülahizələri də nəzərdə tutmalıdır ki:

1- Cəbhədə bulunmuş bütün zabitan ordu trəfindən onlara verilmiş əşya, yer və başqa ləvazimati-hərbiyyə degil, kəndi əşyalarını dəxi tamamən qeyb etmişlər. Bu qism şeyləri yenidən düzəltmək üçün bir manatlıq bir nəsnəyə otuzdan yüz manata qədər pul verilməlidir.

2- Hamıya ağır bir təsir edən bahalıq ziyadəsincə zabitanə suyi-təsir etməkdədir. Ailələrindən uzaq düşüb kənd və kəsəklərdə yaşamağa məcbur olan zabitan iki ev məsarifi təəyyüş məcburiyyətindədirlər.

3- Əskərə təlim və ölümə kibi varmağa hazırlıq tərbiyəsi üçün dəvət olunmuş zabitan əskər nəzərində sahibi-nüfuz və şərəf olmalıdır. Bunun üçün zabitan yalnız irq cəhətincə degil, zahirən dəxi əskərə hüsni-təsirbəxş olmalıdır. Onun əlbəsəsi daima təmiz və faxir olması vacibdir.

Zabitan əlbəsəsi üçün nə qədər bahalı şeylər gərək olduğu hamının məlumudur.

4- Azərbaycanın iqtidarlı və təcrübəli zabitanə ehtiyacı ziyadədir. Müstəqil yaşayan millət ordusuna rus ordusunda məmuriyyətdə bulunmuş yabançı millətlərdən zabitan dəvəti məcburiyyətindəyiz. Bu xüsusda olduqca diqqətli intixab lazımdır.

Baş əskərlərin ədəmi-mövcudiyyətini və əskərlik tərbiyəsi görməmiş əhalidən əskər toplanmasını nəzərə alırsaq, yeni ordu təşkilatı üçün ən təcrübəli və iqtidarlı zabitan lüzumiyyəti icab edər və bu növ iqtidarlı və təcrübəli zabitan üçün hər bir hökumət dairəsində artıq maaşlar məmuriyyət mümkün olduğu üçün bunları hərbiyyə məmuriyyətinə gətirmək və gətirib də saxlamaq üçün artıq maaş ilə maraqlandırmaq vacib olacaq.

5- Əski müsəlman ərkani-hərbiyyə tərəfindən əski qərar üzrə zabitanə beş aydan bəri verilən maaş sentyabr ayında artıq görünüyordu isə də hal-hazırda zabitanın zəruri ehtiyaclarını güc ilə təmin edə bilir.

Xırda zabitan üçün isə heç bir vəchlə bu maaş kafi olamaz. Hal-hazırda qiymətlərin anbaan təzayüd etdigindən bu yaxın vəqtdə maaşların azalması degil, bəlkə artması məsələsinin qalxması möhtəməldir.

6- Maaş alanlara maaşın azlığı daima suyi-təsir etməkdədir və şübhə yox ki, keçirdigimiz vəziyyət nəticəsində olan əhalinin haləti tərəddüdi və qarışığı dəxi az maaş alanların fəaliyyətinə dəxi suyi-təsir edəcək.

7- Zabitanın fəaliyyəti hərb zamanında degil, təbii halda dəxi ağır bir vəziyyət içərisində keçir. Əksər ovqat nasalim mahallarda bəzən (manevrə zamanları) açıq havada, qar və yağmura baxmayaraq, bəzən ac və susuz yaşamağa məcbur olan zabitan vətən üçün afiyətləri degil, canlarını belə qurban edir. Bu da yalnız əsnayi-hərbdə degil, əksərən təbii bir zamanda dəxi böylədir, şimdiki halda əhalinin həyəcanına səbəb olan əsassız şayiələr nəticəsində əksər ovqat düçari-bəla olanlar zabitandır. Hətta onların həyati-bəşəriyyəsinə olmasa da, onların sərbəst dolanmasına oluyor.

Fövqündəki təsəvvürləri nəzərə alıb ərkani-hərbiyyə tərəfindən qərarə alınmış maaşların bu bəyannaməyə əlavə olunmuş layihə üzrə göstərilən təbəddülatı nəzərə almaq şərtilə baqi olmasına hökumətdən müsaidə istəməlidir.

İmza: Komisyon sədri general-leytenant Şıxlinski

General mayor - Qacar
General mayor - Telexas
Üzvlər: Miralay - Məhəmməd Mirzə
Miralay - Ağalarov
Minbaşı - Vəkilov
Komisyonda iştirak edənlər:
Miralay: Səlimov
Miralay: Serebrannikov
Ərkani-hərbiyyə rəisi: Səlimov

(Ardı var)

 





27.02.2017    çap et  çap et