525.Az

Paris - könülü və xəyalı fəth edən şəhər


 

Paris - <b style="color:red">könülü və xəyalı fəth edən şəhər </b>

(Əvvəli ötən şənbə sayımızda)

Fransanın kralları heç də həmişə qüdrət sahibi olmamışdılar.

Orta əsrlər Fransasında mərkəzi hakimiyyət gücsüz idi, knyazlar öz ərazilərinə mütləq ağalıq edir, krallarla hesablaşmaq istəmirdilər. Hətta bir knyaz krala təzim etmək bəhanəsi ilə badalaq vurub, onu yıxmışdı.

Yalnız Karolinqlər sülaləsinin dövründə milli mərkəzi idarəetmə güclənməyə başladı. 1337-ci ildə başlanan İngiltərə ilə müharibə Fransaya böyük zərbə vurmuşdu, ölkə ərazisinin çoxu ingilislər tərəfindən işğal edilmişdi. Burqundiya da Fransa kralına qarşı əks-mövqeyə keçib, ingilislərlə müttəfiqlik edirdi. Müharibənin gedişində 1429-cu ildə müəyyən dönüş əmələ gəldi. Bu, Domremi kəndindən olan gənc qız Janna d`Arkın dofinin yanına gəlib, onu qələbəyə inandırması idi. Dofin Orleanı ingilislərin mühasirəsindən azad etmək üçün ona silahlı dəstə verdi. Janna fransız əsgərlərinə təsirli çağırışla müraciət edib, onları Orleanı azad etməyə səslədi. Möcüzə baş verdi, ingilislər məğlub olub, şəhərin mühasirəsini götürdülər. Buna görə Janna  “Orlean qızı” adını aldı.

Sonra Janna dofini inandırıb, onu düşmənin işğal etdiyi ərazilərdən keçirərək krallara ənənəvi olaraq tac qoyulan Reyms kilsəsinə apardı və burada ona VII Karl kimi kral tacı qoyuldu.

Lakin Jannanın Parisi azad etmək cəhdi uğursuz oldu və burqundiyalılar yaralanmış qızı əsir götürüb ingilislərə verdilər. İngilislər isə onu cadugər kimi fransızların dini məhkəməsinə verdilər. Məhkəməyə başçılıq edən yepiskop Koşon (bu söz fransızca “donuz” deməkdir) Jannanı ittiham etməklə, edama məhkum etmək üçün hər cür vasitələrə, iftiralara əl atırdı. O, bir dəfə bildirdi ki, dəniz xərçəngləri qılçasının biri zədələndikdə, onu caynaqları ilə qırıb atırlar ki, hərəkətinə mane olmasın. O, yeretik hesab etdiyi Jannanı din üçün belə zədəli ayağa bənzədirdi. Janna Allahın böyük mələyi Mixaildən tapşırıq aldığını, ona səslər gəldiyini bildirirdi. Koşon isə onu yalanda ittiham etməyə çalışırdı. Bu gənc qız ecazkar xüsusiyyətlərə malik idi. Əyanların arasında özünü tanıtmaq istəməyən dofinə yaxınlaşıb, əvvəllər görmədiyi şəxsi dəqiq müəyyən etmişdi. Digər əlamətlər  də onun xüsusi qabiliyyətlərə malik olduğunu göstərirdi. Dini məhkəmə isə ona cadugər yarlıkı yapışdırıb, onu edam etmək hökmünü verdi. 1431-ci ildə 19 yaşlı Janna d`Ark Ruanda tonqalda yandırıldı.

Lakin Jannanın möcüzəli igidliyi öz bəhrəsini verməyə başladı. Kral VII Karl ingilislərə möhkəm müqavimət təşkil edə bildi. Burqundiya Fransaya kömək etməyə cəlb edildi. 1453-cü ildə Yüzillik müharibə La-Manş boğazı sahilindəki Kale istisna olmaqla, ingilislərin bütün fransız torpaqlarından qovulması ilə başa çatdı. Elə həmin ili Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə də mühüm hadisə baş verdi, Osmanlı sultanı II Mehmet Fateh Konstantinopolu tutmaqla, Bizans imperiyasının mövcudluğuna son qoydu.

Jannanı cadugər elan edib, tonqalda yandırtdıran katolik kilsəsi az müddətdən sonra onun təqsirsiz olduğunu elan etdi. XX əsrdə isə Janna d`Ark müqəddəslər siyahısına daxil edildi. Parisin meydanlarından birini Jannanın at üstündə qızıl suyuna çəkilmiş heykəli bəzəyir. Təsadüfi deyildir ki, Notr-Damda da Fransanın himayəçisi kimi Orlean qızının heykəli qoyulmuşdur.

İkinci Dünya müharibəsi illərində isə Fransa müqavimət hərəkatına general Şarl de Qoll başçılıq etdi. 1940-cı ilin iyununda Paris almanlar tərəfindən işğal edildikdə, 16 iyunda İngiltərəyə gələn de Qoll Londondan radio ilə fransız xalqına müraciət etdi. O, fransızları mübarizəyə çağırdı və bildirdi ki, məğlubiyyətə baxmayaraq, müharibə davam edəcək və dünya müharibəsinə çevriləcəkdir. O, çıxışını bu sözlərlə bitirdi- “Biz qalib gələcəyik!” De Qolldan fərqli olaraq, Birinci Dünya müharibəsinin uğurlu sərkərdələrindən biri olan marşal Peten xəyanət yolunu tutdu, Hitlerlə saziş bağlayaraq, Vişidə öz kollaboratsionist hökumətini qurdu.

1944-cü ilin avqustunda general Leklerkin tank qoşunları Parisə girdikdən az sonra de Qoll xalqla birlikdə 25 avqustda Yelisey çölü avenyusu ilə Konkord meydanına qədər addımlamışdı. Bu, uzun əzablı mübarizdən sonra onun şərəf zirvəsinə yüksəlməsi əlaməti idi. Xain Peten isə müharibədən sonra ölüm hökmünə məhkum edildi, sonra həmin hökm azadlıqdan məhrum edilmə cəzası ilə əvəz edildi. General de Qoll 1968-ci ildə Konstitusiyanın dəyişilməsi ilə yaranan Beşinci Fransa respublikasının prezidenti oldu, 1969-cu ildə isə referendum onun təkliflərini rədd etdikdə, vəzifəsindən istefa verdi. De Qoll Fransanın müstəmləkəçiliyinin dağılmasına da öz töhfəsini verdi. Əlcəzairdə fransız hərbçilərinin putçunu yatırdıb, ölkənin müstəqillik elan etməsinə şərait yaratmışdı.

Fransız xalqı öz xilaskarı kimi general de Qolla da böyük ehtiram bəsləyir. Zəfər Tağının yerləşdiyi Ulduz meydanı indi onun adını daşıyır. 1970-ci illərdə istifadəyə verilən yeni və ən müasir aeroport da onun şərəfinə adlanmışdır.

Paris iki dəfə almanlar tərəfindən işğal edilmişdir. 1870-ci ilin sentyabrında Sedanda fransızların biabırçı məğlubiyyəti və imperator III Napoleonun almanlara əsir düşməsindən beş ay sonra, 1971-ci ilin yanvarında Paris alman qoşunlarına təslim olmuşdu. Daha dörd ay sonra isə Frankfurt sülh müqaviləsi ilə Fransa-Almaniya müharibəsi başa çatmışdı. İkinci dəfə isə Paris 1940-1944-cü illərdə, dörd ildən artıq bir müddətdə alman əsgərlərinin çəkmələri altında inildəməyə məcbur olmuşdu. Lakin Paris işğal altında olanda da düşmənə qarşı müqavimətini dayandırmamışdı.

Parisdə inqilablar timsalında da digər sarsıntılar baş verirdi. Onlar başlanğıcını XVII əsrdən götürür. 1648-ci ildə Fronda Parisdə kraliça-ana Anna Avstriyalıya və birinci nazir kardinal Mazariniyə qarşı üsyan qaldırmışdı. Fronda (hərfi mənada “sapand” deməkdir) sadə parisliləri birləşdirməklə, mütləqiyyət əleyhdarlarının mütəşəkkil ittifaqı idi. Müharibələr aparıldığına görə ölkədə kəndlilərdən alınan vergi artırdı. Kraliça-ananın Parisdəki parlament (qanunvericilik hakimiyyətinə malik deyildi) liderlərindən bir neçəsinin həbs edilməsi barədəki əmrinə cavab olaraq üsyan (“barrikada günü”) baş qaldırdı. Kral sarayı 1649-cu ilin yanvarında Parisdəki küçə döyüşlərindən və barrikadalardan beş ay sonra Sen-Jermenə qaçdı. Ona görə də bu vaxt on yaşı olan kral XIV Lui Parisə nifrət bəsləməyə başladı, sonralar da ondan uzaqlaşmaq üçün Versal sarayını tikdirib, təkcə özü və ailəsi ilə yanaşı, əyanlarını da bu sarayda yaşamağa məcbur etmişdi. Bu möhtəşəm kompleksin 10 min otağı olduğu bildirilir.

Frondanın isə müqaviməti uzun çəkmədi. Kardinal Mazarini 1652-ci ildə Frondanın dayağı olan Bordo ətrafında onları məğlub etməklə, ölkədə mütləqiyyətin möhkəmləndirilməsinə yol açdı. 1661-ci ildə Mazarinin ölümü ilə əlaqədar olaraq hakimiyyəti bütünlüklə öz üzərinə götürən kral XIV Lui bundan bolluca bəhrələnib, ölkədə tam mütləqiyyət idarəçiliyi qurdu. Məğlubiyyətdən sonra artıq Fronda da dağılmalı oldu.

22 yaşlı kral XIV Lui bəyan etdi ki, bu vaxtdan etibarən “onun özü özünün birinci naziri olacaqdır”. Daim qızlarla əylənən oğlunun bu sözlərinə doğma anası gülmüşdü. Lakin o, sözünə bütünlüklə əməl etdi, dövlətin idarə edilməsi yüyənini öz əlinə götürdü və 54 il ərzində hər gün dövlət işlərinə 8 saat vaxt sərf etdi.

O, taxt-taca Allahın ona bəxş etdiyi mükafat kimi baxırdı və inanırdı ki, monarxın istənilən arzusu onun təbəələri üçün qanundur. Kralın hakimiyyətinin təbəələri tərəfindən məhdudlaşdırılması onun üçün ən böyük biabırçılıqdır. Yalnız monarxın təkcə özü dövlətin faydasının nədən ibarət olduğunu bilir. Kral hakimiyyətini ilahiləşdirərək XIV Lui özünü dövlətlə bərabər hesab edirdi: “L`etat c'est moi” - “Dövlət mənəm” kimi ifrat ambitsiyadan xəbər verən sözlərin də müəllifi odur. Bir şeyi də inkar etmək olmaz ki, onun hökmranlığı Avropa tarixində ən uzun olmaqla yanaşı, məhz bu dövrdə Fransa öz zenitinə yüksəlmişdi. Onun sarayı da Avropadakı ən füsunkar saray idi, fransız ədəbiyyatı və incəsənəti bu vaxt özünün qızıl epoxasını yaşadı.

Ölkənin idarə olunmasını Kral Şurasının əlində cəmləşdirməklə kifayətlənməyib, sarayını ölkənin siyasi, inzibati, mədəni mərkəzinə çevirdi. Kral iqamətgahı 1682-ci ildə özünün tikdirdiyi və Parisdən 20 km aralıqda yerləşən Versal sarayına köçürüldü. Bir əsrdən çox müddətdə krallar burada yaşayıb, fəaliyyət göstərirdilər. Çünki sonrakı kralların fəaliyyətini tam dövlət işi adlandırmaq da çətin idi. 1789-cu ildə Fransa inqilabı başlayandan, Bastiliya alınandan az sonra ac kütlə Versala hücum edib, kral XVI Luini ailəsi ilə birlikdə buradan Parisə köçməyə məcbur etdi. Sonralar heç bir kral və ya imperator Versalda yaşamağa cəsarət etmədi.

Versal Günəş Kralın özünün iradəsi əsasında inşa edilməklə fransız klassitsizmi üslubunda idi. Saray kompleksi olduqca böyük zövqlə tikilmişdir. Nə London yaxınlığındakı Vindzor sarayı, nə İspaniyadakı Eskopial sarayı onun mükəmməlliyi və gözəlliyi ilə müqayisə edilə bilməz. Sankt-Peterburqdakı Qış sarayı Versala bənzədilmişdi.

Sarayın tikintisi iki görkəmli arxitektorun layihəsi əsasında aparılmışdı. Lakin kralın özü tikintiyə ciddi nəzarət edirdi. Versalın Güzgülü salonu məhz Günəş Kralın ideyasını reallaşdırmışdı. İri pəncərələrdən düşən günəş işığı nəhəng güzgülərin səthindən əks olunaraq, salonu güclü işıq seli ilə doldurur. Güzgülü salon XIV Luinin iftixar mənbəyi olsa da, Fransa dövlətini aşağılayan tarixi hadisənin də şahidi olmuşdu. 1871-ci ildə burada işğalçı Prussiuanın təşəbbüsü ilə Almaniyanın birləşməsi elan olundu, I Vilhelm təntənəli qaydada Almaniya imperiyasının kayzeri, Otto fon Bismark isə kansleri elan olundu. Buna qədər onlar müvafiq olaraq Prussiyanın kralı və kansleri idi. Lakin tarixin ironiyası da mövcuddur. 1819-cu ildə Versalda I Dünya müharibəsində məğlub olmuş Almaniya ilə qalib dövlətlər arasında almanları alçaldan şərtlərlə müqavilə imzalandı. Beləliklə, yarım əsr keçməmiş Almaniya imperiyası öz taleyinin acı sifəti ilə üzləşməli oldu.

Versal ən iri saray-park ansamblıdır. Sarayın qarşısında, bəzəkli hasardan bir az aralıda Günəş Kralın at üstündəki heykəli yerləşir. Böyük sarayla yanaşı, burada həmçinin hovuzları, fəvvarələri, çoxlu heykəlləri olan Böyük Trianon və mənzərə parkı ilə seçilən Kiçik Trianon vardır.

(Ardı var)

 





27.02.2017    çap et  çap et