525.Az

Əli bəy Hüseynzadənin 1916-cı ilin yanvarında Berlində Türk Xalqları Konqresindəki nitqi


 

CÜMHURİYYƏTƏ APARAN YOLLAR: TÜRK DÜNYASININ SÖZÇÜLÜYÜ MİSSİYASI

Əli bəy Hüseynzadənin 1916-cı ilin yanvarında Berlində Türk Xalqları Konqresindəki nitqi<b style="color:red"></b>

Müstəqillik elə nemətdir ki, onun uğrunda hər yola baş vurmaq olar.

Bənzər düşüncədən çıxış edən Qafqaz xalqları nümayəndələri (təbii ki, ermənilər istisna olunmaqla ilə) Rusiya imperiyasının Birinci Dünya savaşında uğradığı məğlubiyyətləri görüb ürəklərində yaşatdıqları azadlıq və milli dövlətçilik arzusunu gerçəkləşdirmək niyyətinə düşmüşdülər. Əgər hakimiyyətə gəlməyə can atan bolşeviklər Rusiyanın müharibədə məğlubiyyəti ideyasını təbliğ edirdilərsə, imperiya zülmü altındakı “ögey övladlar” - Rusiya türkləri vəziyyətdən nə üçün yararlanmamalı idilər? Belə bir şəraitdə  siyasi təşkilatlanma və aparıcı Avropa hökumətləri ilə danışıqlar yolunda  ilk təşəbbüslər göstərilmişdi.

Bu məqsədlə 1915-ci ilin payızında ilk “Qafqaz Komitəsi” yaradılmışdı. Onun tərkibinə knyaz Arçil Maçabeli, Kamil bəy Toqiridze (gürcü və acar), İssa Paşa, Əziz Meker (Qafqaz dağlıları) və azərbaycanlı Səlim bəy Behbudov (Paris Siyasi Elmlər Məktəbinin məzunu Səlim bəy 1935-ci ildə İsmayıl Qutqaşınlının məşhur “Rəşid bəy və Səadət xanım” romanını Azərbaycan dilinə tərcümə etməklə milli mədəniyyət tarixində özünə yer tutmuşdu-V.Q.) daxil idilər. Komitəyə Osmanlı imperiyasında yüksək məqam sahibi olan çərkəz əsilli Fuad Paşa rəhbərlik edirdi.  Komitə 1916-cı ilin yanvarında Vyana və Berlində olmuş, yanvarın 16-da  Antanta dövlətlərinə memorandum göndərmişdi. Sənəddə Qafqaz xalqlarının acınacaqlı vəziyyəti təsvir olunur, azadlıq uğrunda mübarizənin təmini, habelə gələcəkdə 4 müstəqil dövlətdən ibarət Qafqaz Konfederasiyasının qurulması üçün  maddi və mənəvi yardım göstərilməsi xahiş edilirdi.

Qafqaz Komitəsi ilə eyni vaxtda İstanbulda Yusif Akçuranın rəhbərliyi altında “Rusiya zülmü altındakı türk-tatar müsəlmanlarının hüquqlarını müdafiə komitəsi” adlı başqa bir qurum da yaradılmışdı. Komitənin üzvləri sırasına Əli bəy Hüseynzadə (Azərbaycan), Mehmet Əsəd bəy Çələbizadə (Krım), Mükiməddin Beycan bəy (Buxara) daxil idilər. Həmin dövrdə Osmanlı Məclisi-Məbusanının (Parlament) üzvü olan Əhməd Ağaoğlu qurumun rəsmi üzvləri sırasına daxil olmasa da, onun bütün tədbirlərində yaxından iştirak edirdi. İstanbulda yaranan təşkilat dövrün elmi ədəbiyyatında daha çox “Akçura-Hüseynzadə Komitəsi” kimi tanınırdı. Komitə Osmanlı imperiyasında, Bolqarıstanda, Almaniyada, Avstriya-Macarıstanda, İsveçrədə və b. ölkələrdə Rusiya türklərinin,ilk növbədə isə  azərbaycanlıların üzləşdikləri problemlərlə bağlı konfranslar, mühazirələr təşkil edir, çap materialları və sənədlər yayırdı.

Akçura-Hüseynzadə Komitəsi hələ 1915-ci ilin dekabrında Budapeştdə alman dilli “Pester Lloyd” qəzeti vasitəsi ilə yaydığı memorandumda Avropa ölkələrinin diqqətini Rusiya türklərinin faciəli vəziyyətinə və müstəqillik arzusuna cəlb etmişdi. Memorandum aşağıdakı təsirli sözlərlə bitirdi: “Əllərimizi göyə qaldıraraq yalvarırıq - bizi Rusiyanın əsarət zəncirindən xilas edin!”

Alman tarixçisi G.Yaşke 1937-ci ildə “Şimali Kafkasiya - Severniy Kavkaz” adlı mühacir nəşrdə çap etdirdiyi “Rusiyanın müstəmləkə əsatəri altındakı xalqları 1916-cı il Lozanna konfransında” adlı məqaləsində  Komitənin fəaliyyəti üzərinə işıq salaraq yazırdı: “Həmin dövrdə həlli o qədər də asan olmayan Rusiya türklərinin azadlığı ideyasını irəli sürən Akçura-Hüseynzadə Komitəsi bu işin praktiki həlli üçün siyasi konsepsiya hazırlamaq iddiasından uzaq idi. Lakin bununla belə, Rusiya türklərinin milli müstəqillik niyyətlərini beynəlxalq miqyasda yaymaq baxımından Akçura-Hüseynzadə Komitəsinin fəaliyyətinin, heç şübhəsiz, son dərəcə böyük əhəmiyyəti vardı”.

Göründüyü kimi, 1915-ci ilin sonlarından etibarən Türkiyə və Avropada Rusiya türklərinin müstəqilliyi uğrunda ideoloji mübarizə başlanmışdı. Bu mübarizənin öncülləri sırasında M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.Xan-Xoyski kimi görkəmli ictimai-siyasi xadimlərimizlə birlikdə Azərbaycandan kənarda yaşasalar da mənsub olduqları xalqın müstəqilliyi məsələsində dönməz mövqe tutan Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu kimi geniş əlaqələrə və böyük intellektual potensiala malik soydaşlarımız da vardı.

Əli bəy Hüseynzadənin  mətnini  aşağıda təqdim etdiyim nitqi 1916-cı il yanvarın 12-də “Rusiya zülmü altındakı türk-tütür müsəlmanlarının hüquqlarını müdafiə komitəsinin” Berlində keçirdiyi Türk Xalqları Konqresində söylənmişdir. Yuxarıda adı çəkilən professor G.Yaşkenin məlumatına görə həmin konqresin materialları Berlində çıxan “Das Grössere Deutschland” jurnalının 17-ci sayında (1916-cı il) çap edilmişdir.   

Rusiya idarəçiliyi altındakı türk xalqlarının hüquqlarını qorumaq məqsədi ilə səfərə çıxan dörd nəfərlik nümayəndə heyətimiz Budapeşt və Vyanada çox yaxşı qarşılandı. İndi də Berlində eyni haqların müdafiəsi üçün sizlərin hüzurunuzdayıq. Rusiya tək millətli  ölkə deyil. Oradakı türk-tatar xalqları say baxımından əhalinin böyük qismini təşkil edir. 1879-cu il siyahıyaalması zamanı ruslar türkləri mümkün qədər  az göstərməkdən ötrü ən müxtəlif  vasitələrə əl atsalar da, toplam saylarının  24 milyon olduğunu dana bilməmişlər. Son 18 ildə imperiyanın əhalisi əhəmiyyətli dərəcədə artmışdır. Ailə həyatına daha sıx şəkildə bağlı olan türklərin bu arada bir xeyli çoxaldıqları şübhə doğurmamalıdır.
 
Onlar olduqca  geniş torpaqlara yayılmışlar,  bəzi ləhcə fərqləri nəzərə alınmazsa, vahid dildə  danışırlar. Türk qövmlərinin indiki sayını təxminən belə müəyyənləşdirə  bilərik: Şimal türkləri - 7 milyon nəfər, qırğız-qazaxlar - 6 milyon, Türküstan türkləri - 6 milyon, türkmənlər - 1 milyon, Qafqaz türkləri -3 milyon, Krım türkləri - 500 min nəfər. Bu əhali Türküstan, Türkmən məmləkəti, qırğız-qazax məmləkəti, Bakı və Tiflis quberniyalarının bəzi yerləri, Kazan, Ufa, Orenburq və Həştərxanda üstünlük təşkil etməkdədir. Ümumilikdə götürsək, türk xalqı  nikaha erkən girir. Kənd adamlarının bəzən bir neçə ailəsi olur və onlar sürətlə artıb-çoxalırlar. Sağlıq qaydalarına o qədər də ciddi əməl olunmur. Lakin Quranın buyurduqlarına əsasən ruh və bədən təmizliyinə riayət etdiklərinə görə özləri ilə eyni sosial təbəqədən olan ruslardan daha irəlidədirlər. Əlimizdə doğum, evlənmə, boşanma və ölüm statistikası ilə bağlı məlumatlar yoxdur. Lakin bir müddət bundan əvvəl Orenburq Müftiliyi Kazan türklərinin sosial vəziyyəti ilə bağlı qeydlər aparmağa başlayıb.  Buradan da göründüyü kimi, Vilna və Smolinksin türk sakinlərinin sayı get-gedə azalmaqdadır. Başlıca səbəb yerli xalqın uzun zamandan bəri türk birliyindən ayrı düşməsi və rusların assimilyasiyasına məruz qalmalarıdır. Litva tatarları aristokratiyasının ilk rus istilası zamanından başlayaraq yuxarılarda təmsil olunmaq üçün dillərini və adlarını dəyişmələrini göz önünə gətirərək son yüz ildə eyni dini, siyasi və iqtisadi təzyiq sisteminin daha şiddətli tətbiqinə davam edildiyini söyləyə bilərik. Lakin bu təzyiqlər ümumilikdə rusların istədikləri nəticəni verməyib.

Rusiya türkləri içərisində artıq sosial siniflər mövcuddur. Şimalda sənaye və ticarət burjuaziyası formalaşıb inkişaf etməkdədir. Mişar tatarları və başqırdlar arasında kökü əski yüzilliklərə gedib çıxan zadəgan sindi mövcuddur. Bu ailələrdən bir qismi böyük mülklərə və malikanələrə sahibdir. Başqa bir qismi isə sənaye, habelə ticarətlə məşğuldur. Qırğızlar, türkmənlər və türküstanlılar daha mütəşəkkildirlər. Onlarda ən üst qatda Altın Keçəlilər - yəni xanların övladları və nəvələri dayanır. Daha sonra Ağ Keçəlilər - yəni əsilzadələr, sonda isə xalq gəlir. Qafqaz türklərinin əsilzadələri bəylərdir. Krımda isə əsilzadələr təbəqəsini gireylər, xanlar və murzalar təşkil edirlər. Sosial ierarxiyanın yaratdığı nizam daha çox qırğız-qazaxlar arasında qorunmuşdur. Türküstanda və Qafqazda aristokratiya ilə əkinçilik və maldarlıq məşğul olan xalq arasından bir də burjuaziya sinfi meydana çıxmaqdadır. İndi Bakı burjuaziyası bütün Rusiya müsəlmanları içərisində ən zənginidir. XIX yüzilliyin sonlarında neft sənayesinin inkişafı onun tarix səhnəsinə çıxmasına  təkan vermişdir. Yuxarıda sadaladıqlarımıza ayrıca olaraq həm də  imamlar, axundlar, müəllimlər, müdərrislər, işanlar (təqiqət başçıları), həkimlər, vəkillər, yazıçılar, qəzetçilər, siyasət adamları - bir sözlə, ruhanilər və ziyalı təbəqənin təmsilçiləri də əlavə edilməlidirlər.

Türk qövmlərini iqtisadi maraq və məşğuliyyət baxımından üç yerə bölmək mümkündür:  əkinçilik və maldarlıqla məşğul olan kəndlilər, ticarət və sənaye ilə məşğul olan, eyni zamanda torpaq və binalara da sahiblənən şəhərlilər, böyük malikanələri daimi gəlir qaynağı olan əsilzadələr. Bu siniflər arasında əsasən iri burjuaziyanın nümayəndələrindən bəziləri böyük sənaye sahblərinə çevrilmişlər ki, onların da ən tanınmışları Bakı, Simbirsk, Kazan, Orenburq və Saratov kimi şəhərlərdə yaşamaqdadırlar. Simbirsk və Saratov əyalətlərində tam şəkildə müasir tələblərə cavab verən 20-30 türk fabriki çalışmaqdadır. Türküstanın bir çox yerlərində də pambıq-iplik fabrikləri, buxarla işləyən dəyirmanlara təsadüf edilməkdədir. Omolsda bəzi qızıl və platin yataqları da türklərin əlindədir. 

Türklər son zamanlarda nəqliyyat sahəsi ilə də yaxından maraqlanırlar. Kineşmada bir tatarın Volqa çayı üzərində çoxlu yük gəmiləri daşımaçılıqla məşğuldur. Bakının ən  məşhur zəngini Hacı Zeynalabdin Tağıyevin Xəzər dənizində ticarət donanması mövcuddur. Orta Asiya ticarətində mühüm yer tutan Musabəyovlar yalnız bölgənin deyil, bütünlükdə Rusiyanın ticarət işləri ilə yaxından maraqlanmaqdadırlar. Lakin bütün bunlara baxmayaraq türk əhali sənaye sahələrindən daha çox əkinçiliyə, heyvandarlığa və ticarətə meyl göstərirlər. Şimalda yaşayan türklər artıq müasir metodları əkinçiliyə tətbiq etməyi bacarırlar. Kazan, Qasımov və Troitskin zəngin burjualarının ilxılarında yetişdirilən cins atlar Moskva, Nijni-Novqorod cıdırlarında tez-tez ən yüksək mükafatlara layiq görülür. Orta Asiya türklərinin ticarəti əsas etibarı ilə xammal satışından ibarətdir. Bunun müqabilində  Rusiya və Avropadan hazır məhsullar idxal edirlər. XVIII-XIX yüzilliklərdə Rusiya ilə Orta Asiya arasındakı ticarət əlaqələrində əsas rol oynayanlar Kazan türkləri idi. Onlar eyni fəaliyyəti bu gün də qismən davam etdirirlər. Son zamanlarda Kazanda bir də poliqrafiya sənayesi geniş yayılmağa başlayıb. Şərq və şimaldakı türklərin ehtiyac duyduqları əksər çap məhsulları burada nəşr olunmaqdadır.

Türklərin iqtisadi səviyyəsinin yüksəlməsi onların milli və dini kimliklərini mühafizə etmək baxımından böyük əhəmiyyətə malikdir. Bu milli kimliyin əsas qoruyucuları orta təbəqədir. Rusiya hökuməti təbəələrinin hamısından eyni miqdarda vergi toplasa da, türk təbəələrinin mənəvi ehtiyaclarını ödəmək üçün beş qara qəpik xərcləməyə də xəsislik edir. Ona görə də Rusiya türkləri təhsillə, habelə digər mənəvi ehtiyaclarla bağlı bütün xərcləri özləri çəkməli olurlar. Bu baxımdan yanaşdıqda, indiki şəraitdə hətta ikiqat vergi ödədiklərini söyləmək mümkündür. Rusiya hökuməti türklərin iqtisadi imkanlarının genişlənməsinin onların milli varlıqlarını mühafizə etmək yolunda sağlam təməl və əsas vasitə olduğunu yaxşı bildiyindən hər vasitə ilə bu iqtisadi müstəqilliyin qarşısını almağa çalışır. Türk əhalinin  sənaye və ticarət həyatlarını əngəlləyən müxtəlif yasaqlara, qadağalara əl atılır. Məsələn, Şimali Qafqaz türkləri iqtisadi inkişaf baxımından böyük uğurlar qazana biləcəkləri yerlərdə  torpaqlarını qoyaraq getməyi (XIX əsrin 60-cı illərindən etibarən qumuqların, noqayların, çərkəslərin və digər Şimali Qafqaz xalqlarının Osmanlı imperiyasına köç etmələri nəzərdə tutulur - Tərc.) daha fərz bilmişdilər. XIX əsrin sonlarından etibarən Rusiya bu cür ağrılı üsullara əl atmamağı tərcih edir. Əvəzində, ilk baxışdan daha üzə gülücü, xoş görünən metodlardan istifadə olunur.  Lakin yüz illər boyu davam edən bütün təzyiqlərə rəğmən türklər səbatla öz yerlərində dayanmaqda, hətta son illərdə irəli getməkdədirlər. Dillərini, dinlərini, məscidlərini, mədəniyyətlərini mühafizə etdikləri kimi XIX yüzilliyin ikinci yarısından başlayaraq intellektual sahədə  nəzəri çəkən uğurlar da qazanmağa başlayıblar. Bu hərəkat ilkin mərhələdə mədrəsələrdən qaynaqlansa da, tezliklə qərbyönlü fikirləri də mənimsəyib özündə ehtiva etmişdir. Proses orta təbəqədən də müdafiə görməkdədir.

İbtidai məktəb və mədrəsələr digər islam məmələkətlərində mövcud olanlardan o qədər də fərqlənmir. Buxara, Səmərqənd, Kazan, Şirvan, Dərbənd, Bağçasarayda  indi də bu tipli tədris müəssisələri fəaliyyət göstərməkdədir. Şəhər və qəsəbələrdə demək olar ki, hər bir məscidlərin yanında ən azı bir məktəb mövcuddur.  Qızlar  əsasən evdə təhsil alırlar. Məscid məktəblərində ərəbcə Quran təlimi, bir az da din dərsləri oxudulur. Bəsit şəkildə ana dili və hesab öyrədilir. Mədrəsələrdə isə ərəb dili, məntiq, ritorika, fiqh (müsəlman hüququ - V.Q.) və bir az fars dili artıq elmi-nəzəri tərzdə tədris olunur. Türk əhali arasında  belə tədris üsulu XIX əsrin 70-ci illərinə qədər davam etmişdir. Müasir pedaqogikanın tələblərinə cavab verməsə də, o,  həyatını idarə edə biləcək qədər ayıq və gözü açıq insan yetişdirməyə kafi idi. Quran qiraətinin hər bir müsəlman üçün vacib sayılması  rus kəndliləri ilə müqayisədə türklərin daha böyük hissəsinin savada yiyələnmələrini zərurətə çevirmişdi.

XIX əsrin ikinci yarısında türklər arasında yeni  intellektual hərəkat başlandı. Şimal türklərinin nümayəndələrindən Əbu Nəsr Kursevi, Şəhabəddin Mərcani və Kayyum Nasıri həmin hərəkatın öndərləri idi. Azərbaycan türkləri isə Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabinin simasında öncüllüyü əllərinə aldılar. Fəqət, hərəkat sözün əsl mənasında İsmayıl bəy Qaspralının gəlişi ilə canlandı. İsmayıl bəy 1882-ci ildə türkcə “Tərcüman” adlı qəzetin nəşrinə başladı. Yeni mətbu orqan ilk saylarından təhsil islahatı məsələsini bütün aydınlığı və kəskinliyi ilə ortaya qoydu. Son dörddə bir əsrlik müddət ərzində Rusiya türklərini məşğul edən məktəb  məsələsi ilk baxışdan asan görünür. İsmayıl bəy bütün tədris ocaqlarında təhsil dili kimi ana dilinin, müasir pedaqoji metodların tətbiqini son dərəcə mühüm sayırdı.

Onun maarif işi ilə bağlı tövsiyələri “üsuli-cədid” adı ilə tanındı. Yeni sistem getdikcə daha geniş yayılmağa başladı. Sosial həyatın çeşidli sahələrinə, fəaliyyətlərinə öz təsirini göstərdi. Zamanla “üsuli-cədid” tərəqqi hərəkatının başlıca formuluna çevrildi. Tərəqqi tərəfdarları ilə mühafizəkarlar arasındakı mübarizə Rusiya türklərinin son yüz ildəki həyatlarının başlıca məzmununu təşkil etmişdi. İsmayıl bəy yorulmaz əzmkarlıq və aydın məqsədlə otuz ilə yaxın mübarizəsini sürdürdü. Ölümünə yaxın (1914) fikirlərinin zəfərini görmək ona nəsib oldu. Qarşıya qoyulan hədəfdə iki cərəyan birləşirdi: türk qövmlərinin milli-mədəni özünəməxsusluğunun mühafizəsi, tərəqqi hərəkatında dini islahatın öncül yerlərdən birini tutması. Hərəkatın öndərləri də  mədrəsələrdə yetişmiş insanlar idi. İslamın müasir həyatla münasibətlərinin tənzimlənməsi onların fikirlərini ciddi  məşğul edirdi. Lakin buna baxmayaraq  yalnız XIX yüzilliyin sonlarına doğru  Musa Cərullah Biqiyev dini islahatın vacibliyi fikrini açıq şəkildə dilə gətirmişdi. Yalnız o, Allahla qul arasına girmək niyyətinə düşən nüfuz sahibləri ilə qarşı-qarşıya gəlmək üçün özündə qüvvə tapdı, bütün məsələlərdə yalnız Qurana əsaslanmağın vacibliyi qayəsi üzərində israrla dayandı. Təhsilinə Kazanda başlayan, Buxara, İstanbul, Hindistan və  Misirdə davam etdirən bu saratovlu din mübəlliği hər bir müsəlmanın dini və əxlaqi həyat qaydalarını Qurandan əxz etməli olduğu fikrini aşılayır və əks mövqedə dayanan təfsirçilərə qarşı qətiyyətlə çıxırdı. Onun inanclarına görə, islam  milliyyətə və milli dillərə münasibətdə əks mövqe tutmur. Hətta Allahın inayəti də yalnız müsəlmanlara aid deyildir. (“Rəhməti-ilahiyyə bürhanları” kitabından). Bu fikir də bizim Rusiya müsəlmanlarının orta təbəqələri arasında uğurla yayıldı.

Ədəbiyyat mövzusuna gəldikdə əski türk ədəbiyyatdan ətraflı bəhs açmağa burada imkan yoxdur. Əski ədəbiyyat xadimləri milli dili bütün saflığı ilə mühafizə etmişdilər. Yeni ədəbiyyata gəldikdə isə onun iki başlıca mərkəzi vardır: Bakı və Kazan. Hər iki şəhər mədəni mərkəz kimi yaşadığımız yüzilliyə qədər sürətli inkişaf yolu keçib. Bu nöqtədə Osmanlı türkləri və qismən də ruslar vasitəsi ilə yayılan Avropa ədəbiyyatının böyük təsirini də etiraf etmək lazımdır. Yeni türk ədəbiyyatı Qərbin yeni ədəbi janr və şəkillərini (roman, dram əsərləri, tənqid) əxz etməyi bacardı. Eyni zamanda onlardan istifadə zamanı milli olmağa da mühüm diqqət yetirdi. Həsən bəyin “Əkinçi” qəzeti ilə başlayan mətbuat fəaliyyəti 1905-ci il inqilabından sonra sürətlə inkişaf etməyə başladı.

İndiyədək pedaqoji istiqamətli ədəbiyyat daha zəngin nümunələri ilə tanınır. Rus mədəniyyətinin Rusiya türkləri üzərindəki faydalı təsirini inkar etmək olmaz. Lakin bu mədəniyyətin özünün qaynaqlarından biri Bizans ortodoks kilsəsidir. Məhz bu səbəbdən də orada Avropa mədəniyyətinin əsas keyfiyyət və xüsusiyyətlərini tapmaq müşkül məsələdir. Bu da rusların yaydıqları mədəniyyəti daim şikəst bir hala salmışdır. İşin pis tərəfi isə rusların öz mədəniyyətlərini yayarkən milli mədəniyyətləri yox etmək məqsədi güdmələridir. Əksər hallarda qeyri-rus millətlərin mədəniyyətinə qarşı çevrilmiş senzura tətbiqi və məhdudlaşdırmalar çox hücumçu xarakter alır. Quran tədrisinə də zaman-zaman təzyiqlər göstərilmiş, bəzi ayələrin məktəblərdə oxunmasına qadağa qoyulmuşdu. Türk xalqları oyundıqca, rusların da milli mədəniyyətə qarşı təzyiqləri artmağa başlamışdı. Dini mövzular istisna olunmaqla ərəbcə və türkcə təhsil yasaq edilmişdi. Təhsil qanununa görə hesab, tarix, coğrafiya kimi fənlər yalnız rus dilində tədris olunmalı idi. Bir müddət sonra eyni qanun yalnız hökumət məktəblərinə deyil, mədrəsələrə də şamil edildi. Ən sonda isə başqa bir qanunla ana dilində tədrisin yalnız ibtidai siniflərdə aparılmasına izn verildi. Amma  şiddətli təzyiq və ağır senzura şərtlərinin ardınca 1905-ci il inqilabı nəticəsində hər şey müəyyən müddətə dəyişdi. Türklər də liberal və tərəqqipərvər hərəkatlara qoşuldular.

Əsas etibarı ilə Qafqaz, Krım və Kazanda beş-altı mətbuat orqanı təsis olundu. 1905-1906-cı illərdə qəzet və dərgilərimizin sayı 30-a çatdı. Rus hökumətinin izin illər boyu əzməyə çalışdığı milli şüurun oyanış mərhələsinə qədəm qoyması artıq meydanda idi. Türklər Rusiya Müsəlmanları İttifaqı adlı  siyasi partiya qurdular. Bu partiyanın proqramı Konstitusiyalı Demokrat Partiyasının (kadetlər - Tərc.) proqramına bənzəyirdi. Birləşmə ideyasına yalnız üç qurultay keçirildikdən sonra gəlmək mümkün oldu. Rusiya türklərinin yaşadıqları bütün bölgələri təmsil edən 800 nəfərdən çox nümayəndənin qatıldığı Nijni-Novqoroddakı üçüncü qurultay zamanı Müsəlman İttifaqının proqramı böyük  coşqunluqla səsverməyə qoyuldu.
 
Gənc yazar və qəzetçilərdən ibarət kiçik bir zümrə proqrama müxalif mövqe tutdu.  Çünki onu tələb olunduğundan daha mötədil sayırdılar. Sosialist mövqelərində dayanan həmin radikal zümrənin rəhbərləri milliyyətçilik məcrasında İttihadın məqsəd və məramına daha çox yaxınlaşırdılar. Birinci və İkinci Dövlət Dumalarında Rusiya Müsəlmanları İttifaqı 30 millət vəkili mandatı qazana bilmişdi. Türklər siyasi fəaliyyətə ciddi bir nizam-intizamla başlamışdılar. Türkləri millət vəkilləri arasında rusların böyük heyrətlə qarşıladıqları Avropa universitetlərini bitirmiş yüksək bilik, mədəniyyət sahibləri vardı. Birinci və İkinci Dumada türk millət vəkilləri öz haqlarını əldə etmək üçün liberallarla birlikdə çalışdılar. 3 iyun 1907-ci il hökumət çevrilişi qeyri-rus  xalqlarla bir sırada həm də orta sinfə qarşı çevrilmişdi. Nəticədə Orta Asiya xalqları parlamentdə təmsilçilik hüququnu itirdilər. İkinci Dumadakı 39 türk millət vəkili ilə müqayisədə Üçüncü Dumada yalnız 10 türk millət vəkili qalmışdı. Lakin yenidən başlayan bütün təqiblərə baxmayaraq türklər mədəni muxtariyyətlərini qorumaq səylərindən geri çəkilmədilər. Amma bəziləri bunun çar Rusiyasına  boyun əymək, güzəştlərə getmək yolu ilə əldə ediləcəyini düşünürdülər. Son illərin hadisələri isə bu yolun  tamamilə qeyri-məqbul olduğunu göstərdi. Rusiya Türk-Tatar Xalqlarının Hüquqlarının Müdafiə Komitəsinin qurulması rus hökuməti ilə türklər arasında son dövrlərdə yaranmış münasibətin nəticəsidir. 

Türkcə mətn əsasında hazırlayan Vilayət Quliyev

 





27.02.2017    çap et  çap et