525.Az

“Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib” (davamı)


 

“Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib”<b style="color:red"> (davamı)</b>

PROFESSOR ŞAHLAR ƏSGƏROV: “ÖLKƏDƏ ÜMUMMİLLİ İDEYA BİRLİYİNİN ƏLDƏ OLUNMASINDA DİNİ VƏ ETNİK TOLERANTLIĞIN BÖYÜK ROLU VAR” 

Azərbaycanın tanınmış elm adamlarından və ictimai xadimlərindən olan professor Şahlar Əsgərovla söhbətimizdə onun ölkəmizdə dini və etnik tolerantlığın – dözümlülüyün ənənələri, həmçinin qarşılıqlı xoşgörünün müasir səviyyəsi barədə fikirlərini öyrəndik. Bu mövzuda özünəməxsus düşüncə və mülahizələrini dilə gətirən müsahibimiz tolerantlığın ölkədə milli birliyin bərqərar olunması baxımından əhəmiyyəti, həmçinin dövlətin bu sahədə yürütdüyü siyasət, apardığı işlər haqqında da fikirlərini açıqladı.

Heydər Əliyevin bəzi fəlsəfi fikirləri ilə tanış olanda görürük ki, milli birlik və qüdrətli dövlət ideyası onun milli dövlətçilik fəlsəfəsinin əsas qayəsidir. Heydər Əliyev fərd-kütlə kontekstində xalqımızla bağlı belə bir fikir söyləyib: “Əgər bir azərbaycanlı ilə bir ermənini təkbətək meydana salsan, azərbaycanlı heç vaxt kürəyini yerə verməz. Heç vaxt! Amma millətimizi bu cür qəhrəman etmək bir-iki adamın işi deyildir. Bu, xalqın hamısının birlikdə işidir və xalqa rəhbərlik, başçılıq, sərkərdəlik edən adamların işidir. Xalqımızda bu qüdrət, cürət, qəhrəmanlıq keyfiyyətləri var”.

Bu fəlsəfi baxışın milli özünüdərk üçün əhəmiyyəti çox böyükdür. Bu kəlamda uğurumuz və qüsurumuz bir yerdədir. Fərddə olan qəhrəmanlıq potensialını topluma ötürməyin vacibliyini diqqət mərkəzinə çəkir və bu niyyətlə hamını, xüsusilə, elitar təbəqəni səfərbər olmağa çağırır.

Heydər Əliyev hadisələrin “şirin” yox, “acı” tərəflərini də görmək istəyirdi. Onun “Mənə şirin yalan söyləməyin, mənə acı həqiqəti deyin” fikri hamımıza yaxşı tanışdır. Geniş zaman kəsiyində Azərbaycan – Ermənistan münasibətini belə qiymətləndirib: “Bir həqiqəti də qəbul etmək lazımdır. Həmişə Ermənistan qəsbkarlıq siyasəti yeritmiş, biz isə müdafiə olunmuşuq, bəzən də geri çəkilmişik. İndi də belə mövqe tuturuq”.

Bu kəlama fəlsəfi yüksəklikdən baxsaq, acı həqiqəti qəbul etməli oluruq. Son yüz ildə Azərbaycan-Ermənistan münasibətinin və ya münaqişəsinin subyekti ermənilər olmuşdur. Biz bu prosesin passiv tərəfi sayılmışıq. Nəticədə torpaqlarımız 116 mindən 86,6 min kvadrat kilometrə qədər azalıb və bunun da 20 faizi hələ işğal altındadır.

– Bu itirmələr tarixdən nə kimi ibrət dərsləri almağımızı şərtləndirir?

– Bu tarixi-fəlsəfi müddəa tələb edir ki, proseslərin və hadisələrin inkişaf istiqamətini dəyişmək, onların obyekti yox, subyekti olmaq lazımdır. Heydər Əliyev 1991-ci ilin fevralında Ali Sovetin iclasında deyib: “Bundan sonra Ermənistan barəsində biz müdafiə mövqeyi deyil, hücum mövqeyi tutmalıyıq və burda deputatların dediyi kimi, verilmiş bütün torpaqların qaytarılması uğrunda mübarizə aparmalıyıq. İndi biz hücuma keçməliyik və mən də bu mübarizəyə hazıram”.

Bu fikirdə iki məqam diqqəti cəlb edir. Birincisi, hadisənin obyektindən çıxıb, subyektə çevrilmək məsləhət bilinir. İkincisi, indiyə qədər itirilmiş torpaqların qaytarılması uğrunda mübarizə aparmalıyıq. Həm birinci, həm də ikinci məqam qüdrətli dövlət olmağımızı şərtləndirir. XX əsrdə torpaqlarımızın itirilməsini Heydər Əliyev fəlakət adlandırmışdı. Çağdaş dövrümüzdə dövlətlərarası münasibətdə ikili standartlardan çox söhbət gedir. Sovetlər dönəmində bu düşüncə gündəmdə olmayanda belə, ulu öndər bir dövlət daxilində ikili standartların olmasını sadə dildə belə ifadə edib: “İyirminci ildən başlayaraq biz vaxtaşırı Azərbaycan torpaqlarını hissə-hissə itiririk. İyirmi ikinci ildən SSRİ-nin tərkibindəyik. SSRİ-nin tərkibinə daxil olan heç bir respublika belə bir fəlakətlə üzləşməyib. Heç bir müttəfiq respublika başqa müttəfiq respublika tərəfindən təcavüzə məruz qalmayıbdır”.

– Şahlar müəllim, bu da faktdır ki, nə qədər birləşsələr, torpağımızı işğal etsələr belə, Ermənistan əslində bizimlə müqayisədə zəif tərəfdir. Sizcə, burada üçüncü subyekt rol oynamayıbmı?

– Şübhəsiz, həm iqtisadi baxımdan, həm də insan potensialı baxımından Azərbaycandan zəif olan Ermənistana kənardan kömək olmasaydı, o təkbaşına bu üstünlüyü əldə edə bilməzdi. Deməli, erməniləri bu prosesin subyekti edən üçüncü qüvvə var. Sovetlər zamanında bu qüvvəyə rəhbərlik edən keçmiş ittifaq rəhbərliyi və hal-hazırda isə Minsk qrupunun üzvləridir. Rusiya sosialist sisteminin və SSRİ-nin dağılmasına razı oldu, ancaq özünə zərərli mövqeyindən əl çəkmədi. 1994-cü ildə Azərbaycan parlamentinin vitse-spikeri mərhum Cəlilovla BDU-ya gəlmiş Rusiya parlamentinin üzvü, IV çağırış Rusiya Dövlət Dumasının vitse-spikeri, hazırda “Xalq İttifaqı” partiyasının lideri Sergey Baburin dedi ki, Çauşesku ölümqabağı “lənətə gəlsin Qarabağ” sözünü demişdi. Yəni, bu o anlama gəlirdi ki, Çauşeskuya dəyən güllə öz başlanğıcını Qarabağla bağlı erməni ideyasından götürüb.  Bu onu göstərir ki, ermənilərin yaratdığı Qarabağ bəlası lokal yox, qlobal bir bəladır. Son yüz ildə başımıza gələn faciələri, soyqırımıları, saysız-hesabsız terror aktları, böhtanları, törədilən digər əməlləri və hadisələri, nəinki maddi, həm də mənəvi dəyərlərin oğurlanmasını bir yerə yığıb “səbəb-nəticə” kontekstində təhlil edərək ulu öndər onların gizli bir plan əsasında fəaliyyət göstərdikləri qənaətinə gəlmişdi: “Düşmənin Azərbaycanı parçalamaq, dağıtmaq, torpaqlarımızın bir qismini ələ keçirmək planlarının qarşısını almaq üçün, buna sinə gərmək üçün, bu planları pozmaq, Azərbaycanı qorumaq üçün hamının bir məqsədi olmalıdır”.  Deməli, ulu öndər Azərbaycanı zəiflətməyə yönəlmiş belə bir məkrli planın varlığını nəinki qəbul edir, hətta bizi xəbərdar edirdi ki, düşmən Azərbaycanı içəridən dağıtmaq istəyir. Qüdrətli dövlət naminə bu planı pozmaq üçün “hamının bir məqsədi olmalıdır” məsləhətini verir.

– Sizcə, erməni planının tərkib hissələri nədən ibarətdir?

– Hesab etmək olar ki, gizli erməni planının vacib taktiki müddəası qəsbkarlıq məqamını seçməkdir. Tarixin dönüş nöqtələrində- çar və sovet dövlətinin yıxılması, İkinci Dünya müharibəsinin başlanması qonşuların başı ictimai-siyasi proseslərə qarışanda, müharibə elan etmədən onların torpağının tutulmasıdır. Bu planı reallaşdırmaq yolunda ölməyə və öldürməyə qadirdilər. Amerika yazıçısı Pol Eldricin maraqlı bir fikri var: “İnsan ideya uğrunda ölümə gedə bilər, bir şərtlə ki, onu aydın başa düşməsin”. Deməli, ermənilərin bu planlarının əsasında qəsbkar bir milli ideya durur. Bu həm də “Dənizdən dənizə” – dövlət qurmaq ideyasıdır. Çox güman ki, bu ideyanın müəllifi üçüncü, dördüncü dövlətlərdir. Çünki onlar bu ideyanın reallaşmasına ermənilərdən az çalışmırlar.  Bu ideya bizim cəmiyyət üçün yeni deyil. Biz bunu dəfələrlə eşitmişik. Ancaq bizim qüsurumuz bundan ibarətdir ki, bu fikrin statusu cəmiyyət üçün düzgün dəyərləndirilməyib. Biz bunu ciddi, uzun müddətli-200-300 illik bir erməni planı yox,- sərsəm erməni düşüncəsi hesab edərək tarixən səhv mövqe tutmuşuq. Müdriklərin dediyi “əgər düşmənin zəifdirsə, sən onu çox qüdrətli bil” kəlamını diqqətdən qaçırmışıq. Milli birlik məsələsindən danışanda Heydər Əliyev məqsəd birliyinin vacibliyini həmişə diqqət mərkəzinə çəkib. Birlik prezident ətrafında olar. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə bu işə öz münasibətini aşkar bəyan edib: “Mən bütün vətəndaşların prezidentiyəm və Azərbaycanda yoxsul adam olmamalıdır”. Bu artıq güclü dövlətə gedən yolun başlanğıc nöqtəsidir. Birləşmək üçün problemlərimizin incəliklərini araşdırmaq, öyrənmək lazımdır ki, onun nəzəriyyəsini, ideologiyasını hazırlayıb, sonra isə cəmiyyətin bütün təbəqələrini birləşdirə bilən “sosial yapışqanı” hazırlayıb, milli birliyin təməlini möhkəmləndirmək  mümkün olsun.

Azərbaycanda “birlik problem”- inə sosial tələbat 1990-cı illərin əvvəllərindən kosmopolit –komprodor düşüncəyə alternativ olaraq yarandı. Əvvəlcə, Qarabağ probleminin həllinin çətinliyi, sonra müstəqillik arzusu, daha sonra müstəqilliyi əldə saxlamaq problemi birliyə milli tələbat və ehtiyac olduğunu gündəmə gətirdi. Bu səbəbdən də birlik problemi publisistikanın gündəmdə olan aktual mövzusuna çevrildi. Ziyalılarımız, jurnalistlərimiz, alimlərimiz, ictimai – dövlət xadimlərimiz bu fenomen ilə bağlı fikirlərini zaman – zaman qəzet səhifələrinə çıxarmışdılar. Dünyagörüşlü insanlar yaxşı bilirlər ki, keçid dövrünü yaşayan gənc dövlətin ayaq üstə möhkəm dayanması üçün əvvəlcə ona birlik lazımdır.  “Demokrat  dostlarımız” isə  müstəqilliyin ilk illərində büdrəməmiz üçün bəzilərinin xaos və başıpozuqluq mənbəyi kimi  başa düşdüyü “demokartiya”nı məsləhət bilərlər. Amerikalı psixoloq alim Deyl Karnegi öyrədir ki, sənin nə istədiyin hələ əsas deyil, əsas odur ki, o biri tərəf, yəni tərəf-müqabil nə istəyir. Bu fikrin işığında  birlik problemini araşdırsaq, görərik ki, biz azad, müstəqil olmaq, firavan yaşamaq istəyirik. O biri tərəf (o biri tərəf deyəndə, Azərbaycanın varında, torpağında gözü olan dövlətlər və düşmən qüvvələr nəzərdə tutulur) isə bunun əksini istəyir. Onlar istəyirlər ki, bizdə birlik olmasın, bu səbəbdən də dövlətimiz zəif olsun ki, bizim var dövlətimizin bir hissəsini öz ölkələrinə apara bilsinlər. “Parçala və hökmranlıq et” prinsipi (deved en inperiya) istismarçı qüvvələrin ən etibarlı ideoloji silahıdır.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





22.04.2013    çap et  çap et