525.Az

Şuşa Şəhər Kitabxanasının 120 illiyi qeyd edildi - Fotolar


 

Şuşa Şəhər Kitabxanasının 120 illiyi qeyd edildi - <b style="color:red">Fotolar</b>

Fevralın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Şuşa Şəhər Kitabxanasının yaranmasının 120 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Şuşa şəhərinin tarixinə, mədəniyyətinə və görkəmli şəxsiyyətlərinə dair foto və kitab sərgisi ilə tanış olublar.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycanda kitabxanaların yaranma tarixi ilə bağlı məlumat verib.

Sonra iştirakçılar Şuşa şəhərinin tarixini və mədəniyyətini özündə əks etdirən videoçarxı izləyiblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Şuşa şəhəri Azərbaycanın tarixi yaşayış məntəqəsi olmaqla bərabər, həm də mədəni qüdrətini yaşadır. Şuşa şəhəri hazırda ermənilərin işğalı altında olsa da, onun mənəvi və mədəni dəyərləri yaşayır, unudulmur. "Şuşa Azərbaycan tarixinin ləyaqətli və şərəfli bir səhifəsidir. Qarabağın tarixi və mədəniyyəti Azərbaycan xalqının yaddaşından silinməyəcək. Əminəm ki, Prezidentimiz İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət sayəsində işğal altında olan ərazilərimizi geri qaytaracağıq. Bu bizim mənəvi və vətəndaşlıq borcumuzdur", - deyə nazir vurğulayıb.

Nazir deyib ki, bu gün Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva beynəlxalq aləmdə Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində böyük layihələr həyata keçirir. Aparılan işlər nəticəsində işğal altında olan Qarabağ mövzusu beynəlxalq arenada həmişə aktualdır.

Əbülfəs Qarayev deyib: "Bədnam ermənilərin məkrli siyasəti nəticəsində Şuşa Şəhər Kitabxanasının fondu dağıdılaraq 150 min nüsxədən artıq mənbə məhv edilib. Bu rəqəm sadəcə bir kitabxanaya vurulan zərbə kimi yox, ümumilikdə Azərbaycan tarixinə qarşı törədilən zorakılıq və tariximizin mənimsənilməsi yolunda atılan addım kimi qiymətləndirilməlidir. Bu gün biz hər an, hər dəqiqə Azərbaycan mədəniyyətinə qarşı erməni təcavüzünün şahidi oluruq və mübarizəmizi davam etdiririk. Hər bir Azərbaycan vətəndaşı, Qarabağ sakini bu təbliğatda fəal olmalıdır. Milli mədəni sərvətlərin mənimsənilməsinə qarşı, o cümlədən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz bilik və bacarığını əsirgəməməlidir".

Qeyd olunub ki, bu gün itirilmiş Şuşa Şəhər Kitabxanasının zəngin xəzinəsi əlimizdə olmasa da, Bakıda fəaliyyətini davam etdirən filiallar daim öz fondlarını zənginləşdirir və möhtəşəm qayıdış gününə zəngin bir kitabxana ilə qayıtmaq ümidi ilə yaşayır: "Müharibədə düşmənə qalib gəlmək

üçün biz gənc nəsli maarifləndirməli və kitaba marağı daha da artırmalıyıq. Çünki kitabxanalar informasiya mənbəyi olaraq çox güclü bir silahdır. Bəzən kitablarda olan dəyərli bilgi hər hansı hərbi silahdan da güclü ola bilər".

Sonda nazir Şuşa Şəhər Kitabxanasının 120 illiyi münasibətilə Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) bir sıra əməkdaşlarını nazirliyin "Fəxri mədəniyyət işçisi" döş nişanı və fəxri fərmanlarla təltif edib.

Tədbirdə çıxış edən Şuşa rayon icra ha kimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatı Elman Məmmədov, icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və Şuşa rayon MKS-nin direktoru Gülsarə Abbasova çıxış edərək Şuşanın tarixi və görkəmli şəxsiyyətlərindən söz açıblar. Bildirilib ki, Azərbaycanda ilk kütləvi kitabxana 1894-cü ildə Nəriman Nərimanov tərəfindən yaradılandan sonra ikinci belə böyük kitabxana məhz Şuşada fəaliyyətə başlayıb. Şuşada ilk qiraətxana Pənah xan tərəfindən yaradılmış, Mir Mövsüm Nəvvab tərəfindən ilk daş basma üsulu ilə kitab çapı da məhz Şuşada həyata keçirilmişdir.

Tədbirdə müasir dövrdə Şuşa MKS nəzdində fəaliyyət göstərən kitabxanaların durumu və vəziyyəti barədə məlumat verilib.

Şuşanın mədəni mühiti, tarixi məkan və turizm imkanları ilə bağlı fikirlərini bölüşən natiqlər doğma yurda qayıdacaqları günün uzaqda olmadığına inamlarını ifadə ediblər.

Tədbir Şuşa Şəhər Uşaq Musiqi Məktəbi şagirdlərinin ifası ilə başa çatıb.

 





28.02.2017    çap et  çap et