525.Az

"16 minə yaxın obyekt mühafizə edilir"


 

"16 minə yaxın obyekt mühafizə edilir" <b style="color:red"></b> Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin rəis müavini, polis polkovniki Daşqın Mehdiyevin müsahibəsi
 
- Məlumdur ki, ölkənin iqtisadi inkişafında sahibkarlığın müstəsna əhəmiyyəti var. Sahibkarlıq subyektlərinin sayının artması və inkişafı həmin obyektlərin təhlükəsizliyini zəruri şərt kimi qarşıya qoyur. Bu məsul və çətin iş bilavasitə Daxili İşlər Nazirliyinin üzərinə düşür. Daxili İşlər Nazirliyinin aidiyyəti bir qurumu olaraq, Baş Mühafizə İdarəsi də belə mürəkkəb vəzifənin öhdəsindən gələ bilirmi?
 
- Prezident İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən, respublikamızda sahibkarlığın inkişafı üçün fiziki və hüquqi şəxslərə münbit şərait yaradılıb. Dünyada özünü göstərən iqtisadi böhrana, iş yerlərinin itirilməsinə, əhalinin maddi rifah halının pisləşməsinə baxmayaraq, Azərbaycanda  ötən ildə də bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyat sahəsində dayanıqlı inkişaf təmin edilib. Qeyd etmək lazımdır ki, respublikamızda ictimai asayiş və sabitlik etibarlı qorunur, Daxili İşlər Nazirliyinin önəmli struktur vahidi olan mühafizə xidməti Nazirlər Kabinetinin və Daxili İşlər Nazirliyinin müvafiq normativ hüquqi aktları ilə tənzimləndiyindən digər xidmət sahələri ilə birlikdə əlaqəli xidmət aparır. Məlumat üçün bildirim ki, hüquqi və fiziki şəxslərə məxsus 16 minə yaxın obyekt, onlardan 5546-sı mənzil olmaqla polis mühafizəsinə qəbul olunub. Eyni zamanda, 1672 obyektdə digər xidmət növləri göstərilir. Mühafizənin etibarlığı 100 faiz təmin edilib.
 
- Mühafizə olunan müəssisələrdən neçə faizini sahibkarlıq subyektləri təşkil edir? Onlardan hansı böyük şirkətlərin adlarını sadalamaq olar?
 
- Qorunan obyektlərin təqribən 12 mini (75 faizdən çoxu) sahibkarlıq subyektləri təşkil edir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə həyat əhəmiyyətli obyektlər də tərəfimizdən mühafizə olunur. Bununla yanaşı, mərkəzi və yerli icra orqanlarının, beynəlxalq təşkilatların və çoxlu sayda iri şirkətlərin mühafizəsi də tərəfimizdən yüksək səviyyədə təmin edilir.
 
- Vaxtilə mühafizə daha çox «gecə keşikçiləri» adlanan mühafizə xidməti əməkdaşlarının canlı qüvvəsi hesabına təmin edilirdi. İndi texnogen  hadisə zamanı müasir avadanlıqlara yəqin ki, daha çox ehtiyac duyulur. Hansı müasir avadanlıqlardan istifadə edirsiniz?
 
- Obyekt və mənzillərin mühafizəsinin təmin edilməsində son dövrlər texniki vasitələrin imkanlarından daha geniş istifadə edilir. Mərkəzi Mühafizə Məntəqəsinin vasitəsi ilə 10889 obyekt, o cümlədən, 5534 mənzil mühafizə olunur. 2016-cı il ərzində məntəqələrdən daxil olmuş həyəcan siqnalına əsasən, 151 obyektdə oğurluq hadisəsinin qarşısı alınıb, 31 fakt üzrə 39 nəfər qorunan obyekt daxilində, onlardan 5 nəfər mənzillərdə yaxalanıb, ərazi polis orqanlarına təhvil verilib və nəticədə bir çox cinayət hadisəsinin üstü açılıb. Göstərilən faktlardan görünür ki, «gecə keşikçiləri» ifadəsi tarixə qovuşub və müstəqilliyimiz əldə olunan vaxtdan mühafizə polisi daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsidir.
 
- Bəzi müəssisələr öz işçilərindən ibarət mühafizə təşkil etməyə cəhd edir. Polis mühafizəsi ilə özəl mühafizə arasında hansı fərqlər var?
 
- Mühafizə polisi fiziki və hüquqi şəxslərin əmlakının etibarlı mühafizəsi ilə yanaşı, cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin olunmasında da fəal iştirak edir. Bunu cinayət törətmiş 215 nəfərin hadisə yerində yaxalanması, hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 889 nəfərin, ictimai qayda pozuntusuna görə isə 1368 nəfərin saxlanılması, eləcədə 23 ədəd odlu silah və 1753 ədəd döyüş sursatının aşkar edilməsi, 37 yanğın hadisəsinin qarşısının alınması kimi faktlardan da aydın şəkildə görmək olur. Qeyd etdiyiniz özəl mühafizə xidmətlərindən fərqli olaraq, tərəfimizdən obyekt və mənzillərin silahlı mühafizəsi təmin edilir. Bununla yanaşı, müasir texniki vasitələrlə təchiz edilmiş və peşəkarlıq səviyyəsi yüksək olan, hadisə yerinə 5 dəqiqəyə qədər çatan «Tutucu qruplar»ın imkanlarından geniş istifadə edilir. Dediyiniz mühafizə xidmətlərində bunların heç birini görə bilməzsiniz. Sahibkarlar bilməlidirlər ki, polis mühafizəsinin xidmətinin geniş maddi-texniki imkanları nəticəsində onların əmlakları cinayətkar qəsdlərdən, yanğın hadisələrindən etibarlı mühafizə edilir. Üstəlik, (indiyədək belə bir fakt olmayıb) mühafizə xidmətinin təqsiri nəticəsində obyekt və mənzillərə dəymiş zərər məhkəmə qaydasında tərəfimizdən ödənilir.
 
- Əməkdaşların peşə hazırlığını, sayıqlığını artırmaq üçün hansı tədbirlər görülür?
 

- Mühafizə xidməti əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə mütəxəssislərin iştirakı ilə mütəmadi olaraq peşə və fiziki hazırlıq dərsləri, təlim məşqləri keçirilir. Bununla yanaşı, hər hansı hüquqpozmanın, cinayət hadisənin qarşısını almaq üçün aidiyyəti polis orqanları ilə birgə təlimatlar keçirilir və şəxsi heyət ərazidə baş vermiş hüquq pozuntuları barədə tam məlumatlandırılırlar. Bunun nəticəsini əvvəldə qeyd etdiyim rəqəmlərdə də aydın şəkildə görmək olar.
 
- Mühafizə polisinin fəaliyyətindən istifadə üçün insanlarda böyük inam və etibar olmalıdır. Yeri gəlmişkən, təbliğat-təşviqat işiniz günün tələblərinə cavab verirmi?
 
- Əslində, görülmüş işlərin özü əhalidə xidmətimizə inam və etibarın qazanılmasının bariz nümunəsidir. Çünki hər bir fakt üzrə onlarla insanın mənafeyi qorunur və nəticədə mühafizə polisinə inam, etibar artır. Eyni zamanda, dövrü mətbuatda, müxtəlif televiziya və radio kanallarında görülmüş işlər barədə məlumatlar gedir, reklam çarxlarından və internet saytlarının imkanlarından da geniş istifadə edilir.

APA
 





28.02.2017    çap et  çap et