525.Az

“Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib” (davamı)


 

“Tolerantlıq Şərqdə, xüsusən də Azərbaycanda mədəni dəyərə, əxlaq normasına çevrilib” <b style="color:red">(davamı)</b>

PROFESSOR ŞAHLAR ƏSGƏROV: “ÖLKƏDƏ ÜMUMMİLLİ İDEYA BİRLİYİNİN ƏLDƏ OLUNMASINDA DİNİ VƏ ETNİK TOLERANTLIĞIN BÖYÜK ROLU VAR” 

Azərbaycanın tanınmış elm adamlarından və ictimai xadimlərindən olan professor Şahlar Əsgərovla söhbətimizdə onun ölkəmizdə dini və etnik tolerantlığın – dözümlülüyün ənənələri, həmçinin qarşılıqlı xoşgörünün müasir səviyyəsi barədə fikirlərini öyrəndik. Bu mövzuda özünəməxsus düşüncə və mülahizələrini dilə gətirən müsahibimiz tolerantlığın ölkədə milli birliyin bərqərar olunması baxımından əhəmiyyəti, həmçinin dövlətin bu sahədə yürütdüyü siyasət, apardığı işlər haqqında da fikirlərini açıqladı.

– Milli birliyin formalaşmasında dilin və əlifbanın da rolunu qeyd etmək yerinə düşər, yəqin ki...

– Sovetlər zamanı cəmiyyətdə ikidillilik mövcud idi. Azərbaycanda bütün qurultaylar, konfranslar, müşavirələr, icilaslar və digər rəsmi toplantılar öz dilimizdə yox, rus dilində aparılırdı. Azərbaycan dili cəmiyyətdə birinci yox, ikinci dil rolunu oynayırdı. Bu siyasətin təsiri altında  cəmiyyət Azərbaycan dili azərbaycanlılara və rusdilli azərbaycanlılara parçalanmışdıq. Hətta misal göstərmək olar ki, öz əsərlərini Azərbaycan dilli oxucular üçün yazan yazıçı, şair öz törəmələrini rus dilində oxutmağa üstünlük verirdilər. Məktəbin birində qardaşın biri Nizamini, Füzulini, Sabiri, Vurğunu, digərində isə o biri qardaş Krılovu, Puşkini, Dostayevskini, Qorkini öyrənməklə müxtəlif dünyagörüşlü olurlar. Bu qrupların birinin içindən milli köklərə bağlı, digərinin içərisindən komprodor (komprodorlar o kəslər hesab olunurlar ki, onlar öz ana dilini və mədəniyyəti ikinci, hakim millətin mədəniyyəti və dilini isə birinci sayırlar) insanlar, daha doğrusu ziyallılar yetişirdi. Deməli, başqa dili siyasi meydana çəkməklə xalqı parçalamaq, onun birliyinə çat salmaq, müxtəlif dünyagörüşlü, müxtəlif mədəniyyətli, mentalitetli etmək olar. Qeyd etmək lazımdır ki, hal –hazırda neokolonialist ölkələr bu siyasəti bütün üçüncü dünya ölkələrində tətbiqində maraqlıdırlar. Beləliklə, bu nəticəyə gəlmək olar ki, öz dilimizdən geniş (monopol) istifadə etmək bizi birləşdirər. Bu problemlə bağlı yenə ulu öndər Heydər Əliyev bizə doğru yolu göstərmişdi: “İndi biz müstəqil dövlətik. Bizim dövlət dilimiz, ana dilimiz Azərbaycan dilidir. Tədris hər yerdə Azərbaycan dilində getməlidir”. Xalqı parçalamağın digər yolu da onun əlifbasını dəyişdirməkdir. Belə olan halda keçmiş ilə gələcək arasında əlaqə qırılır. Keçmişin milli-mənəvi dəyərləri gələcək nəsillərə ötrülməsi çətinləşir. Canlı varlıqlar gücü torpaqdan aldığı kimi, xalq da gücü həm də keçmişdən, tarixdən alır. Təzə əlifba ilə keçmişi öyrənmək çətinləşir. Yəni keçmiş ilə çağdaş dövr arasında tarixi və mənəvi üzvi əlaqə qırılır. Biz bu əsrdə üç dəfə “əlifba əməliyyatına” məruz qalmışıq və dörd əlifbadan istifadə etmişik. Azərbaycan Demokratik Cümhuriyyətinin varisləri olan bizlər o quruluşun dövlət sənədlərini oxuya bilmirik, tarixi təcrübədən ya istifadə edə bilmirik, ya da çox zəif istifadə edirik. Birlik deyəndə, təkcə indi yaşayan həmvətənlərin birliyini düşünmək azdır. Birlik deyəndə dünyasını dəyişənlərin də bu birliyə qoşulmasını nəzərə almaq lazımdır. Əlifba dəyişikliyi keçmişdə yaşayanların bu birlikdə iştirakına imkan vermir. Onların qoyub getdiyi irslərdən, məsləhətlərdən, nəsihətlərdən istifadə etmək çətinləşir.

– Milli birliyin əldə olunmasında dinin rolu nədən ibarətdir?

– Dinin milli birlikdə rolunu ümummilli liderimiz Heydər Əliyev belə izah edib: “İnsanların mənəvi sərvətlərinin hamısında dinin fərqi ondadır ki o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət edib”. Azərbaycanın müsəlman ölkəsi olması məlumdur. Ancaq bu da məlumdur ki, Azərbaycanda müxtəlif dini təriqətlər yanaşı şəkildə rahat yaşayırlar. Bu rahatlıq görünür, düşmən qüvvələri narahat edir. Verdiyiniz suallarla bağlı Heydər Əliyevin yanaşmasına, fəlsəfəsinə dəfələrlə müraciət etməyim təsadüfi deyil. Çünki ulu öndər bu məsələlərlə bağlı çox tutarlı kəlamlar söyləyib, müstəsna fikirlər dilə gətirib. Heydər Əliyev həmişə qeyd edirdi ki, dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

Ancaq onu da yaddan çıxarmayaq ki, düşmən qüvvələr etnik zənginlikdən pis niyyətlə istifadə etmək istəyirlər. Azərbaycan xalqını soy-kökünə görə millətlərə bölmək istəyənlər də az deyil. Bu problemi öyrənmək üçün müxtəlif QHT-lərə qrant da ayırırlar. Ancaq milli məsələlərə münasibətdə dövlətimizin apardığı “azərbaycançılıq” ideologiyası düşmənlərin bu niyyətini puça endirir. “Azərbaycançılıq” ideyası bütün etnik qruplar tərəfindən təqdir edilir və bu ideya birləşdirici qüvvəyə malikdir.  Bu ideya həm də regionçuluğa da qarşı böyük potensiala malikdir. Biz gündəlik söhbətlərimizdə əgər bir-birimizə qarabağlı, şirvanlı, naxçıvanlı, dağlı, aranlı, ermənistanlı, tat, kürd, ləzgi, talış deyiriksə, milli birlik və dövlətçilik baxımından özümüzü çox məsuliyyətsiz aparırıq. Başa düşməliyik ki, bu cür söhbətlər Azərbaycan xalqını parçalayır, bu isə düşmən dəyirmanına su tökmək deməkdir. Vətən bizi birləşdirir. Biz Vətənin daşlarıyıq. Məhz buna görə bir Vətənin övladlarına vətəndaş deyirik. Əgər özümüzü dərk edə bilsək, bizi Vətənin daşı, torpağı, havası, çayı, dənizi, dili, dini, mədəniyyəti və milli mənafeyi birləşdirə bilər. Vətən təbiətinin maddi, xalqının mənəvi dəyərləri ətrafında birləşmək olar. Bu təbii istək milli dərk prosesi əsasında mümkündür. Vətən sevgisi birləşdirici qüvvəyə malikdir.

– Söylədiklərinizdən belə anlaşılır ki, bütün bunlar milli özünüdərkin formalaşmasını, dərinləşməsini də təmin edir...

– Bütün millətlər bir-birindən öz mentalitetləri ilə fərqlənirlər. Coğrafi parçalamanın ən böyük zərərlərindən biri mentalitetdə çat yaratmasıdır. Mentalitet deyəndə mən hər millətə məxsus olan düşüncə tərzi, milli psixlolgiya və əqli inkişafı nəzərdə tuturam. Coğrafi parçalanma nəticəsində bu komponentlərin hər birində sürüşmə və ya çat əmələ gəlir. Hər bir yaşayan və düşünən millət bu çatı sağaltmağa cəhd etməlidir. Cənublu qardaşlarımızla bizim mentalitetimiz arasında sürüşmə olduğunu heç kəs inkar edə bilməz. Milli mənəvi dəyərləri, adət –ənənələri qoruyaraq bəşəri dəyərlər sisteminə əlavə etmək lazımdır. Bəşəri dəyərlər sistemi içərisində onların əriməsinə yol vermək olmaz.

Mənəviyyatın birləşdirici keyfiyyəti haqqında yenə böyük öndər Heydər Əliyevə istinad edək:  “Xalqı həmişə mənəviyyat birləşdirib. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür”.

Birlik probleminin yaradılmasında mədəniyyətin, təhsilin böyük potensialı var. Bu potensialdan indiyə qədər dəyərincə istifadə edilməyib. Bizim hamımızın öyrəndiyi bir kitab yoxdur.  Bizim hamımızın oxuya bildiyi bir mahnı yoxdur. Bizim hamımızın zövqlə oynaya bildiyi bir milli rəqs yoxdur. Hamımızın əzbər bildiyi bir şer parçası yoxdur. Bizim hamımızın öyrəndiyimiz milli dəyərlər toplusu varmı? Bu problemlər milli təhsilin və milli mədəniyyətin qarşısında duran ən vacib məsələlərdəndir. Sovet dövrünün kosmopolit mədəniyyətinin, təhsilinin əvəzinə bizə milli mədəniyyət və milli təhsil lazımdır. Mənəviyyatı korlamaqla toplum parçalanır.  Milli dəyərlərə biganəlik yaranır. Halallığın, paklığın böyük birləşdirici qabiliyyəti vardı.

– Fikrinizcə, başqa hansı milli birləşdirici dəyərləri önə çəkməliyik?

–Adət-ənənələr birləşdirmə qabiliyyətinə malikdir. Milli musiqi, incəsənət xalqı birləşdirir, siyasi özünüdərketmə prosesində böyük rol oynayır. Elə buna görə də bu adətlərin çoxu zaman-zaman metropol tərəfindən qadağan olunub. Toy –yas mərasimlərində biz bir yerə toplaşaraq şadlanırıq, qəmlənirik, dərdləşirik. Novruz bayramı hamımızı birləşdirir. İstehsal və iqtisadi əlaqələr birləşdirici xassəyə malikdir. Siyasi sferadan yanaşsaq, milli birlik yaratmaq missiyası həm iqtidarın, həm də müxalifətin boynuna düşən milli yükdür. Müxalifət öz müxalifliyini milli birliyə xələl gətirən qüvvələr qarşısında daha qəti bildirməlidir. Böyük öndər Heydər Əliyev milli birliyin dəyərini belə qiymətləndirərək deyib: “Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün, harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur”.

Sevinc MÜRVƏTQIZI

 





23.04.2013    çap et  çap et