525.Az

"İkitərəfli münasibətlərimizin inkişafına ümidlə baxıram"


 

SƏFİR KRİS KUTER: "AZƏRBAYCANDA KANADA BİZNES KAPİTALININ İNKİŞAFI MƏNİ YAXŞI MƏNADA TƏƏCCÜBLƏNDİRDİ"

"İkitərəfli münasibətlərimizin inkişafına ümidlə baxıram"<b style="color:red"></b>

Müsahibimiz Kanadanın Azərbaycandakı səfiri (iqamətgahı Ankara) Kris Kuterdir.

Qeyd edək ki, Azərbaycanla Kanada arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayında qurulub. 

Hazırda iki ölkə bir sıra sahələrdə əməkdaşlıq edir. Diplomat bu əməkdaşlıq sahələri barədə daha ətraflı danışıb.

-Cənab səfir, Azərbaycanla Kanada arasında münasibətlərin səviyyəsini necə dəyərləndirirsiniz?

-Ölkələrimiz arasında əlaqələrimizin inkişaf tendensiyasını müsbət hesab edirəm. Lakin qarşıda hələ bizi uzun bir yol gözləyir. Biz beynəlxalq təşkilatlar müstəvisində bir sıra məsələlər üzrə fikir mübadiləsi aparırıq. Lakin kanadalılar neçə onilliklər Azərbaycan və region haqqında az bilgiyə malik idilər. Ümumiyyətlə, kanadalılar Sovet İttifaqı dövründə bu region haqqında az məlumatlı idi. Bu baxımdan Azərbaycana səfir təyinatım eyni zamanda mənə azərbaycanlıların müstəqilliklərini əldə etmələrindən keçən 25 ildə öz ölkələrini, öz mədəniyyətlərini necə inkişaf etdirdiklərini öyrənmək üçün unikal imkan təklif edir. Mən ikitərəfli münasibətlərimizin qurulması istiqamətində görülən və bundan sonra görüləcək işlərə ümidlə baxıram.

Bu gün inkişaf edən turizm və enerji infrastrukturu sektorundakı güclü iqtisadi əlaqələr sayəsində xalqlarımız bir-birilərini daha yaxşı tanımağa başlayıb. Fakt budur ki, Azərbaycana səfərim zamanı ölkədə Kanada biznes kapitalının əhəmiyyətli inkişafı məni yaxşı mənada təəccübləndirdi. Bakıdakı iki beşulduzlu hotelin  "Four Seasons" və "Fairmont" ("Alov qüllələri") hər ikisinin baş ofis və operator şirkətləri Kanadada yerləşir. Azərbaycanda çalışan Kanada şirkətləri arasında bizim həmçinin neft istehsal edən və sizin dəmiryolları modernləşdirən kompaniyalarımız da var. Ən perspektivli sahələrdən biri Azərbaycandan Kanadaya gedən tələbə sayını artırmaqdır. Bu həm də azərbaycanlılar üçün böyük təhsil təcrübəsidir: bununla həm də uzunmüddətli şəbəkə qurulacaq ki, biz ticarət, investisiya, turizm və mədəni mübadiləni də inkişaf etdirə bilərik. Ümid edirik ki, çoxlu sayda azərbaycanlı tələbə Kanadanı seçəcək və bununla bizim müvafiq təhsil müəssisələri arasında əlaqələr daha da artacaq. Buraya film, animasiya, teatr və başqa incəsənət növləri sahəsində ixtisaslaşan universitet və kolleclərimiz də daxildir.

-Səfir təyinatından əvvəl Azərbaycanda olmuşdunuzmu?

 -Xeyr, mən ilk dəfə Bakıya ötən ilin noyabr ayında Azərbaycan prezidenti İlham Əliyevə öz etimadnaməmi təqdim edərkən getmişəm. Bakıda çox isti qarşılandım. Şəhərin gözəlliyi məni heyran etdi, son illər şəhərdə inşa olunan binalar müasir memarlıq nümunələri olaraq məni yaxşı mənada təəccübləndirdi. Xalça Muzeyi, Dənizkənarı park, qədim Bakı - İçərişəhər, Heydər Əliyev Mərkəzi haqqında təəssüratlarım indi də gözümün önündədir. Mənim şəhərdə gördüyüm iki müasir memarlıq nümunəsi də -bayaq adını çəkdiyim otellər yaddaşıma həkk olunub. Doğrudan da, paytaxtınızın mədəniyyəti müasir memarlıq və incəsənətdən mətbəxinə qədər çox diqqətəlayiqdir. Prezidentlə görüşdə də dediyim kimi, Bakının yenilənməsi sanki bir rəssamın gözü ilə çox diqqətlə düşünülmüşdür.   

-İki ölkənin mədəni əlaqələri necə inkişaf edir?

-Mədəni əlaqələrimizin güclü olması vacibdir. Hər bir ölkənin digərlərinin mədəni müxtəlifliyi haqqında məlumata ehtiyacı var və güclü mədəni əlaqələr digər sahələrdə də əməkdaşlığa zəmin yaradır. Bu həm də bizim ticarət əlaqələrimizi gücləndirəcək və aramızda inam, güvən yaradacaq ki, bu da digər sahələrdə də, məsələn, ətraf mühitin mühafizəsi və siyasi inkişafda, eləcə də çoxtərəfli təşkilatlarda daha yaxşı əməkdaşlıq etməyimizə imkan verəcək. Bu baxımdan son zamanlar mədəniyyət sahəsində əlaqələrin inkişaf etməsini müsbət qiymətləndirirəm. Azərbaycan Kanadada müxtəlif incəsənət festivallarında təmsil olunur.

Niaqara Beynəlxalq Musiqi Festivalında Azərbaycan fəal şəkildə təmsil olunur. Azərbaycan musiqiçilərinin iştirakı ilə hər il konsertlər təşkil olunur. Kanada tərəfi də bu tədbirlərə məmnuniyyətlə ev sahibliyi edir. Festivalda Azərbaycan mədəniyyət tədbirlərinin keçirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Onu da deyim ki, festivalın bədii rəhbəri, tanınmış skripkaçı Atis Bankas Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrinə görə Azərbaycan Təhsil Nazirliyi və Mədəniyyət və İncəsənət Universiteti tərəfindən fəxri diplomla təltif edilib. Bu tədbirlərə Azərbaycanın Kanadadakı səfirliyi, Azərbaycanın müvafiq qurumları da dəstək verir. Kanadada yaşayan azərbaycanlılar da mədəniyyət tədbirlərində, festivallarda fəal iştirak edir. Məsələn, Torontoda fəaliyyət göstərən "Araz" rəqs qrupu müntəzəm şəkildə konsert proqramları ilə çıxış edir. Azərbaycan pianoçusu Yeganə Axundova 2007-ci ildə Niaqara Beynəlxalq Musiqi Festivalının "Niaqaranın qızıl ilahəsi" mükafatına layiq görülüb. 2011-ci ildə Niaqara festivalında Azərbaycan heykəltəraşları və musiqiçilərinin iştirakı ilə Azərbaycan mədəniyyət və incəsənət günü keçirilib.

 - Turizm sahəsində əməkdaşlığın perspektivlərini necə görürsünüz?

- Əslində, Niaqara Beynəlxalq Musiqi Festivalı kimi tədbirlərlə biz əlaqələrin yaxşı bir başlanğıcını qoymuşuq. Kanadaya gedən azərbaycanlı tələbələrin artan sayı da qarşılıqlı əlaqələr, bir-birimizi tanımağımız baxımdan önəmlidir. Bütün bunlar öz növbəsində gələcək turizm əlaqələrinə zəmin yaradır. Əminəm ki, ölkənizdəki tarixi-mədəni məkanlar, Azərbaycanın mədəniyyət və incəsənəti, eləcə də turistik yerləri kanadalıların diqqətini cəlb edəcək. Kanada da turizm çox müxtəlifdir, bu sahədə daim yeniliklər baş verir. Turistlər həmişə Niaqara şəlaləsini, Kvebek şəhərini və silsilə dağları görmək istəyirlər. Lakin onlar getdikcə daha çox müxtəlif təcrübə də qazanmağı xoşlayırlar. Bu da turistlərə imkan verir ki, Kanadanın milli mədəniyyəti haqqında məlumat əldə etsinlər. Ölkəmizdə həmçinin şərabçılıq sənayesi inkişaf edib və Britaniya Kolumbiyasına və Ontario regionlarına şərabçılıq turu da populyardır. Kanada bütün dünyadan gələn turistləri böyük nəzakət və dostcasına qəbul edir. Ölkəmizə gələn azərbaycanlılar da turizmin təbliğatı ilə bağlı bəzi yeni ideyalar əldə edə bilərlər. Məsələn, təhsil müəssisələrində turizm idarəçiliyi ilə bağlı təcrübə qazanmaq imkanları genişdir. Yeri gəlmişkən, 2017-ci ildə həm də Kanada Konfederasiyasının yaranmasının 150 ili tamam olur. Yubiley münasibətilə genişmiqyaslı tədbirlər keçiriləcək və bu il Kanadaya səfər etmək üçün yaxşı bir il hesab olunur.

PƏRVANƏ

 





02.03.2017    çap et  çap et