525.Az

Tehranın küçə musiqiçiləri


 

Tehranın küçə musiqiçiləri<b style="color:red"></b>

Dünyanın bir çox şəhərlərinin mərkəzi küçə və meydanlarında, eləcə də turistlərin gəzməyə gəldikləri yerlərdə küçə musiqiçilərinin ifa etdikləri həzin melodiyaları dinləmək adi haldır.

İranın paytaxtı Tehranda küçə musiqiçiləri də sakinlərlə yanaşı, turistlərin diqqətini cəlb edib, pul qazanmağa çalışırlar. Müxtəlif musiqi alətlərinin ifaçıları bu işlə heç də ehtiyac üzündən məşğul olmurlar. Onların əksəriyyəti əlavə qazanc əldə etməklə yanaşı, malik olduqları istedadı da nümayiş etdirirlər.

Peşəkar olmasalar da, mahir ifaları ilə insanları cəlb etməyi bacaran bu musiqiçilər tək və qrup halında olurlar. Onlar yalnız fars dilində olan İran musiqisi deyil, müxtəlif ölkələrə məxsus musiqiləri səsləndirir və mahnılar oxuyurlar.

Cümə günləri (İranda istirahət günü) Tehranın “Qeytəriyyə”, “Laləpark” kimi böyük parklarında çalışan musiqiçilər burada istirahət edənlərdən sifariş də qəbul edirlər. Sifariş edilən musiqini ifa edib qarşılığında o qədər də çox olmayan məbləğdə pul alırlar. Sifariş üçün konkret pul məbləği təyin edilməyib. Sifariş verən imkanı daxilində musiqiçini qiymətləndirir.

Qeyd edək ki, küçə musiqiçiləri təkcə Tehranda deyil İranın turist mərkəzi hesab edilən İsfahan, Şiraz, Ramsar şəhərlərində də fəaliyyət göstərirlər.

AzərTAc

 





03.03.2017    çap et  çap et