525.Az

Sənətşünaslığın çətin yolu


 

Sənətşünaslığın çətin yolu<b style="color:red"></b>

Möhbəddin Səməd

Azərbaycanda sənətşünaslığın tarixi çox qədimdir. Bu sahənin ilk qaranquşu 1533-cü ildə Təbrizdə dünyaya göz açmış Sadiq bəy Əfşar olub. Hələ gənc yaşlarından: “Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan, özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil” deyimini özü üçün həyat və yaradıcılıq devizi seçən Sadiq bəy Əfşar hərtərəfli yaradıcılıq imkanlarına malik bir sənətkar idi. O, milli incəsənət tarixi səhifələrinə qüdrətli miniatürçü rəssam, şair və sənətşünas kimi düşüb.

Keçmiş sovetlər dönəmində də xeyli milli sənətşünas kadrlarımız fəaliyyət göstərmişlər və araşdırmalar aparıb bir-birindən maraqlı yazılar, toplular, kitablar ortaya qoymuşlar. Əlbəttə onların gördükləri bu işlər xüsusi diqqətəlayiqdir. Ona görə diqqətəlayiqdir ki, bu sahə olduqca çətin, səbr tələb edən, savad tələb edən, bunların müqabilində bu sahə ilə məşğul olan sənətşünasları maddi və iqtisadi cəhətdən yetərincə təmin etməyən bir sahədir.  Bu sahədə hər adam yox, yalnız sənətşünaslığa sonsuz sevgi və məhəbbətləri olan fanatlar duruş gətirib fəaliyyət göstərə bilərlər. Çağdaş günlərimizdə belələri barmaqla sayılacaq qədər az olsalar da vardır və bu çətin yolda inamla irəliləyirlər. Onlardan biri də Əsəd Quliyevdir.

Əsəd Quliyev hələ çox gəncdir. O, 1985-ci ildə anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsinin Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisasının bakalavr (2006) və magistr (2008) pillələrini fərqlənmə diplomu bitirib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantıdır, incəsənətimizin tədqiqi ilə məşğuldur. Onda bu sahəyə maraq hələ Rəssamlıq Akademiyasında təhsil aldığı illərdən başlayıb. Tələbə olduğu dövrlərdə bir çox rəssam və heykəltəraşların yaradıcılıqlarını araşdırıb qəzet və jurnallarda onlar haqda maraqlı analitik yazılarla çıxış edib. Ali məktəbi bitirdikdən sonra yaradıcılıq sahəsində daha məhsuldar işləyib. Və nəticədə “XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər” kitabı meydana gəlib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2012-ci ildə “Təhsil” nəşriyyatında çap olunmuş bu kitabda gənc sənətşünasın iyirmi beşə qədər rəssam və heykəltəraş barədə seçmə oçerkləri toplanıb. Kitabdakı yazılar Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələri Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Ömər Eldarov, Mikayıl Abdullayev, Tokay Məmmədov, Asəf Cəfərov, Vəcihə Səmədova, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Böyükağa Mirzəzadə,Toğrul Nərimanbəyov, Nadir Əbdürrəhmanov, Rasim Babayev, Oqtay Sadıqzadə, Nəcəfqulu İsmayılov, Altay Hacıyev, Oqtay Şıxəliyev, Cəmil Müfidzadə, İsmayıl Məmmədov və başqa fırça və tişə ustalarının həyat və yaradıcılığını əhatə edir.

Sənətşünas Əsəd Quliyevin “XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər” kitabının uğuru ondadır ki, Bəhruz Kəngərli haqqında yazdığı “Azərbaycan rəssamlıq sənətinin banisi” adlı oçerkində diqqətçəkən yeni faktlar ortaya qoyur. Hətta ayrı-ayrı dönəmlərdə, ictimai-siyasi və ideoloji formasiyalarda Bəhruz Kəngərli yaradıcılığına sənətşünasların şübhəli yanaşmalarına son qoyur. Müəllif yazır: “...Bəhruz Kəngərlinin yaradıcılığının böyük bir hissəsini mənzərə janrında yaratmış olduğu əsərlər təşkil edir. Bunu əsas götürən əksər sənətşünaslar nədənsə, əslində, səhv olaraq rəssamı mənzərə rəssamı kimi xarakterizə edirlər. Fikrimizcə belə dəyərləndirmə rəssamın əhatəli yaradıcılığının məhdudlaşdırılması deməkdir. Bu yerdə rəssamın mənzərə əsərlərinin bir çoxunun  tariximizin ən parlaq dövrlərinin özündə əks etdirilməsini də vurğulamağa ehtiyac duyuruq. Belə ki, rəssamın bu əsərlərini təkcə mənzərə janrında yaradılmış əsərlər kimi yox, real tariximizin canlı əksi kimi xarakterizə etmək lazımdır”.

Müəllif belə bir paraleli ünlü rəssam Səttar Bəhlulzadə haqqında yazdığı “Əsrin dahisi, sənətin fədaisi” oçerkində də aparır. Qeyd edir ki, çoxları Səttar Bəhlulzadə yaradıcılığından söz açarkən nədənsə Azərbaycan təbiətindən, güldən, çiçəkdən və s. dən danışmağa başlayırlar. Sənəti belə dəyərləndirmək ən azı insafsızlıqdır. Rəssamın 60-cı illərdən sonra yaratdığı hər hansı bir əsərinə tamaşa etsək orada real təbiət təsvirinə-materiyaya rast gəlmək mümkün deyil. Düzdür rəssam mövzu olaraq Azərbaycan təbiətini seçmişdir, ancaq mahiyyət etibarı ilə rəssamın yaratdığı əsərlər Azərbaycan təbiətinin zahiri mahiyyətindən qat-qat yüksəkdə dayanır. ...Əgər azərbaycanlı rəssamın əsərləri bu cür yüksək bədii dəyərli olmasaydı, Səttar Bəhlulzadəni dünya səviyyəsində qəbul etməzdilər.

Keçmiş SSRİ-nin Xalq rəssamı, Dövlət və Cəvahirəl Nehru mükafatları laureatı, akademik Mikayıl Abdullayev hələ öz sağlığında ümumxalq məhəbbəti qazanmış bir sənətkar idi. Təsviri sənətin bütün sahələrində yaradıcılıq uğurları qazanmış bu sənətkar, rəngkarlıq, monumental divar rəssamlığı, səhnə tərtibatı və kitab qrafikası, eləcə də heykəltəraşlıq sahəsinə böyük töhfələr bəxş etmişdi. Müəllif bu universal rəssamın çoxçalarlı yaradıcılığını “Azərbaycan rəssamlığının Mikayıl Abdullayev zirvəsi” adlı oçerkində hərtərəfli araşdıraraq onu zaman kontekstində dəyərləndirməyə çalışıb. Və bu ünlü rəssam barədə təxminən belə bir düstur yaradıb. Düstur belədir: “...Hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq, sənət ideallarını daha uzaq zamanlara hesablayaraq yaradan sənətkar”. Çox təbii ki, müəllif bu düstur-aforizmi elə-belə işlətməyib. Onun arxasında sətiraltı fəlsəfi bir məna var. Bu fəlsəfi məna belədir: onların yaratdıqlarının  zamanın dönəmi dəyişdikcə öz əhəmiyyətini daha da artıracağı və düçündürə biləcəyi və yaxud əksinə olacağı qorxusu mövcuddur. Düşünürük ki, müəllifin gəldiyi bu qənaət olduqca məntiqi qənaətdir. Sənətkarın yaratdıqları yalnız yaşadığı zaman kəsiyi və yaxud ictimai-siyası və ideoloji formasiya üçün yox, bütün zamanlar üçün hesablanmalıdır. Bizə belə gəlir ki, bu düstur-aforizm gənc sənətşünasın bütün yaradıcılıq sahələrində çalışan yaradıcı adamlara ünvanladığı bir mesajdır. O, istəmir ki, sənət adamlarının yaratdıqları əsərlərin ömrü qısa olsun. Əksinə çalışır ki, Azərbaycan rəngkarlarının və tişə ustalarının yaratdıqları da ünlü dünya rəssamlarının əsərləri kimi bütün zamanlara hesablansın...

Təsviri sənətdə daim göz önündə olan, həm özünü, həm də müəllifini yaşadan bir sahə var. Bu monumental heykəltəraşlıq sahəsidir. Düzdür, heykəltəraşlığımızın tarixi o qədər də qədim deyil. Amma buna baxmayaraq qısa zaman içində bu sahədə böyük uğurlar əldə etmişik. Bunu ölkəmizin və onun paytaxtı Bakının timsalından da aydınca görmək olar. Fikir verin Bakının bütün diqqətçəkici guşələrində Nizaminin, Füzulinin, Nəsiminin, M.F.Axundzadənin, C.Cabbarlının, M.Ə.Sabirin, S.Vurğunun, X.B.Natəvanın, Y.Məmmədəliyevin, Ə.Vahidin, Ü.Hacıbəylinin, M.Maqomayevin, Bülbülün, Koroğlunun, H.Cavidin, N.Nərimanovun, Ə.Əzimzadənin və onlarla başqalarının monumental heykəl və büstləri  ucaldılıb. Əsəd Quliyevin “XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər” adlı kitabında bu abidələri reallaşdıran tişə ustalarının bir neçəsi haqqında oçerklər verilib. Bu baxımdan Azərbaycan milli heykəltəraşlıq məktəbinin ilk nümayəndəsi və bu məktəbin əsasını qoymuş Xalq rəssamı Fuad Əbdürrəhmanova həsr edilmiş “Azərbaycan heykəltəraşlığının banisi” incəsənətimizin müasir mərhələsində özünəməxsus yaradıcılıq yolu ilə seçilən Xalq rəssamı Ömər Eldarovun həyat və yaradıcılığından bəhs edən “Görkəmli heykəltəraş Ömər Eldarovun yaradıcılıq dühası”, eləcə də Azərbaycan heykəltəraşlıq məktəbinin formalaşmasında və inkişafında müstəsna xidmətləri olan Xalq rəssamı Cəlal Qaryağdının çoxçalarlı yaradıcılığından bəhs edən “Görkəmli tişə ustası Cəlal Qaryağdı”, Xalq rəssamı Tokay Məmmədov yaradıcılığından söz açan “Xalq rəssamı Tokay Məmmədovun yaradıcılığı” adlı oçerkləri xüsusi maraq doğurur. Çünki sənətşünas Əsəd Quliyev bu nəhənglərin yaradıcılıqlarını hərtərəfli araşdırıb və obyektiv dəyərləndirib. Heykəllərin kompozisiya orijinallığı, plastikası, daxili və xarici ekpressiyası və nəhayət fəlsəfi-estetik mahiyyəti araşdırılıb üzə çıxarılıb. Müəllif bu tendensiyanı haqqında söhbət açmadığımız digər sənətkarların yaradıcılığını araşdırarkən də davam etdirib.

Sənətşünas Əsəd Quliyevin “XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər” kitabında bir neçə xanım sənətkarımız barədə də yazılar yer alıb. Belə yazılardan biri özünü xüsusi yaradıcılıq istedadı ilə həmkarlarından fərqləndirən və dövrünün sənət adamlarının diqqətini cəlb edən Əməkdar incəsənət xadimi Vəcihə Səmədovaya həsr edilmiş “Azərbaycan təsviri sənətinin kraliçası” adlı oçerkdir. Bu gün gənclərin çoxlarının yaradıcılığına az bələd olduqları Vəcihə Səmədova milli təsviri sənətimizdə yeni ab-hava yaratmış bir sənətkardır. Müəllif rəssam barəsində yazır: “Rəssamın yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi forma və məzmun dolğunluğunu, mövzuya sərbəst yanaşma ustalığını və professional kompozisiya qurma məharətini, zəngin kolorit həllini və sərbəst yaxı manerasını, ritmik rəng keçidlərini, plastikanın dinamikliyini və işıq kölgə münasibətlərinin mahiranə əlaqələndirilməsi bacarığını qeyd etmək olar”. Göründüyü kimi bu yanaşma müəllifin obyektinə dərindən yanaşmasının və professionallığının nəticəsidir.

Əsəd Quliyev ölkəmizdə və onun hüdudlarından kənarda yetərincə tanınan Maral Rəhmanzadənin və Elmira Şahtaxtinskayanın yaradıcılıqlarına hərsr edilmiş oçerklərində paralellər aparıb və onların yaradıcılıqlarında özünü biruzə verən bəzi xarakterik xüsusiyyətləri araşdırıb üzə çıxarır. Bu, sənət əsərlərinin obyektiv qiymətləndirilməsində ən önəmli, ən diqqətçəkən cəhətdir.

Bildiyimiz kimi Xalq rəssamları, Dövlət mükafatları laureatları Tahir Salaov və Toğrul Nərimanbəyov   dünya miqyasında tanınan və qəbul edilən fırça ustalarıdır. Sərt və poetik üslubda işləyən bu sənətkarların ən böyük uğurları yaradıcılıqlarında milliliklə bəşəriliyin harmoniyası və ifadə yönünün orijinallığı, rəng yaxılarının ritmik ahəngidir. Əlbəttə, hər iki rəssamın yaradıcılığında özünü qabarıq biruzə verən bu keyfiyyətlər barədə həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda çox yazılıb. Sözsüz ki, yaradıcılıqları barədə tez-tez yazılan, sənətşünas alimlər tərəfindən elmi təhlildən keçirilən bu sənətkarlar barədə yazmaq, təzə söz demək çox çətindir. Gənc sənətşünas Əsəd Quliyevin uğuru ondadır ki, o, qorxmadan, çəkinmədən hər iki dünya şöhrətli rəssamın yaradıcılıq dünyasına daxil ola bilmiş və yeni rasional fikirlər söyləməyə nail olmuşdur.

Kitabda toplanan hər bir oçerk barədə geniş söhbət açmaq, onları analitik elmi təhlildən keçirmək o qədər də asan deyil. Ona görə belə qərara gəldik ki, bir neçə oçerk qəhrəmanının timsalında yeni çapdan çıxmış bu sənətşünaslıq nümunəsinin rəssamlıq sənətimizdə oynayacağı rolu müəyyənləşdirək. Bununla əlaqədar cəsarətlə onu deyə bilərik ki, gənc yaşında sənətşünaslıq aləminə kitabla qədəm qoyan Əsəd Quliyevin “XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər” kitabı təsviri sənətimizə yeni müasir baxışın bəhrəsidir. Bu kitab rəssamların və tişə ustalarının təbliğində, eləcə də gənc nəslin təsviri sənət sahəsində yetişib formalaşması işində bir dərslik kimi önəmli rol oynayacaq.

 





23.04.2013    çap et  çap et