525.Az

Paris - könülü və xəyalı fəth edən şəhər


 

Paris - <b style="color:red">könülü və xəyalı fəth edən şəhər</b>

(Əvvəli ötən şənbə sayımızda)

Sarayla geniş tanışlıqdan sonra biz artıq şəhərə çevrilmiş Versalı da gəzdik. Bu düz və kəsişən küçələrdən ibarət olan bir şəhərdir, çoxlu otelləri, mağazaları, kafeləri vardır.

Hillari Klinton 2014-cü ildə Nyu-Yorkda çapdan çıxmış “Hard Choices”-”Çətin Seçimlər” adlı kitabında addımbaşı ziyafətdə və ya restoranda olduğunu yazır. Elə bil ki, bu onun diplomatik fəaliyyətinin ən başlıca hissəsidir. Mən onu təqlid etməkdən uzağam, lakin Versalda bir kafedə, yenə də açıq havada dondurmaya və kofeyə qonaq olduğumuzu qeyd etməyə bilmərəm. Ümumiyyətlə, biz Avropanın təklif etdiyi ekzotikadan imtina etmək istəmirdik, ona görə də Parisə qatarla, vaqonun ikinci mərtəbəsində oturub,  paytaxtın ətrafını seyr edə-edə qayıtdıq. 

Əsas məsələyə gəldikdə, möhtəşəmliyinə görə Versal bütün sarayları kölgədə qoymuşdu. Orada daim kral hakimiyyətinin kultu hiss olunurdu. Kral sarayı, həmçinin Fransanın mənəvi həyatının mərkəzi rolunu oynayırdı. XIV Lui öz xidmətinə görkəmli rəssamları və yazıçıları cəlb edirdi. Sarayın zövqü fransız incəsənətinin və ədəbiyyatının istiqamətini müəyyən etməyə başladı. Günəş Kralın siyasəti həm də Fransanın beynəlxalq nüfuzunun yüksəlməsinə yönəlmişdi.

Lakin XIV Lui müharibələr aparmaq aludəçisi idi, onun hökmranlığı dövründə gedən çox sayda müharibələr Fransanı taqətdən salmışdı. Müharibə sadə insanlar üçün cəhənnəmdir. Günəş kralın son müharibələri isə olduqca uğursuz olurdu. 1713-cü ildəki Utrext sülhü bağlananda o, yalnız Fransanın öz ərazilərini qoruyub saxlaya bilmişdi. Şimali Amerikadakı iki ərazini (Hadson körfəzini və Yeni Skotiyanı), həmçinin Nyufaundlend adasını Böyük Britaniyaya verməyə məcbur olmuşdu. İspaniyadakı və Niderlanddakı torpaqlardan da əl çəkməli oldu. Müharibələr Fransanı iqtisadi cəhətdən çox zəiflətmişdi, əhalinin vəziyyəti olduqca ağırlaşmışdı.

XIV Lui ölümü ərəfəsində öz səhvini başa düşərək, varisi, 5 yaşlı XV Luiyə müharibəyə girişmək barədəki səhvini təkrar etməməyi tapşırmışdı. Kralın ağır iqtisadi irsi XVIII əsrdə Fransanı bir sıra böhran halları ilə üzləşdirdi. Yeddiillik müharibədə (1756-1763-cü illərdə) Fransa Kanadanı, Şərqi Luiziananı itirdi, onlar və Hindistandakı çox sayda olan fransız mülkiyyəti Böyük Britaniyaya keçdi. 1789-cu ildə baş verən nəhəng siyasi kataklizm - Böyük Fransa inqilabı ölkəni və xalqı ciddi sarsıntılara məruz qoydu. Günəş Kral Əlillər evi, Versal kimi irsləri ilə öyünə bilsə də, Fransanı arasıkəsilməyən müharibələrə cəlb etməsi ilə ölkədə ağır iqtisadi böhran yaratması halı onun xatirəsinə heç də şərəf gətirmir.

Böyük Fransa inqilabı başlanandan üç il sonra kral XVI Luinin taxt-tacdan uzaqlaşdırılması ilə, monarxiyaya, sonrakı hadisələr nəzərə alınmaqla müvəqqəti olaraq son qoydu və Fransa Respublikasının yaradılması elan olundu. İnqilabın rəhbərlərindən biri olan Robespyer ürəklərdə monarxiyaya nifrəti daha da möhkəmləndirməyə çağırırdı.

XVI Lui, arvadı Mariya-Antuanetta və övladları ilə birlikdə 1792-ci ilin ilk yay gecəsi gizli qaydada Parisdən qaçdı, məqsədi xarici ölkələrin birində gizlənmək idi. Lakin bir sərhədçi onu sikkə puldakı portretindən tanıdıqdan sonra qaçqınlar geri qaytarıldılar. Sonra isə, 13 avqustda Tyulri sarayındın qovulan kral və arvadı həbs olundular. 1793-cü ildə isə əvvəlcə kral, sonra isə kraliça Mariya-Antuanetta gilyotina bıçağı altında həyatla vidalaşmalı oldular. Bu, Fransa monarxının birinci və axırıncı edamı idi. İngiltərə bu məsələdə Fransanı qabaqlamış, 1649-cu ildə inqilaba başçılıq edən Oliver Kromvel kral I Karlın boynunu vurdurmuşdu. Böyük Fransa inqilabı həm də yeni tarixin əsasını qoydu, “Azadlıq, bərabərlik, qardaşlıq” şüarlarını irəli sürdü, vətəndaşların hüquqlarını öz Bəyannaməsində təsbit etdi.

1830-cu ilin iyul-avqustunda Fransada İyul inqilabı baş verdi. Lui- Filippin (keçmiş Orlean hersoqunun) kral elan edilməsi heç də təkcə sülalənin dəyişilməsi demək deyildi. Belə qayda qoyuldu ki, azad şəkildə seçilən hökmdar taxt-taca çıxmamışdan, palataların iştirakı ilə xalqın hüququna hörmət edəcəyi və konstitusiya qanunlarına vicdanla riayət edəcəyi barədə and içməlidir.         

Yeni Fransız inqilabının əks-sədası bütün Avropaya yayıldı. Belçikada üsyan qalxdı. Almaniyada, İsveçrədə, İtaliyada həyəcanlar baş qaldırdı, Polşada üsyan başlandı. Fransız rəssamı Ejen Delakruanın “Xalqa başçılıq edən Azadlıq” tablosu da İyul inqilabına həsr olunmuşdur. 1848-ci ildə isə Fevral inqilabı baş verdi. Kral qoşunları narazılıq həyəcanında mübarizəyə qalxan silahsız nümayişçiləri gülləbarana tutdu. 24 fevralda kral Lui-Filipp taxt-tacdan əl çəkdi. Bir gün sonra Fransada yenidən respublika elan edildi. Qərbi Avropadakı inqilabi hadisələr Habsburqlar imperiyasında da xalq çıxışlarını sürətləndirdi, Avstriyada və Macarıstanda üsyanlar başlandı.

Paris haqqındakı təəssüratlara tarixin ardıcıl olaraq müdaxilə etməsi heç də təsadüfi deyildir. Axı bu şəhər tarixi yaradanların, onlara təsir göstərən dahi şəxsiyyətlərin vətəni olmuş, burada baş verən hadisələr şəhərin hüdudlarında donub qalmamış, Avropaya, bəzən isə hətta bütün dünyaya öz təsirini göstərmişdi. Günəş Kralın ədəbiyyata və incəsənətə himayəsi, gözəlliyin yüksək dəyər səviyyəsinə qaldırılması digər ölkələrə də keçmişdi. Avropa xalqları, hətta rusiyalılar fransızlardan, əsasən parislilərdən modaya aludəçiliyi əxz etmişdilər. XVIII əsrdə Fransız dili Avropada indi ingilis dilinin dünyada oynadığı bir rolu öz üzərinə götürmüşdü, ən işlək ədəbi dil, ziyalıların ünsiyyət vasitəsi idi, başqa sözlə, lingua franca idi. Çox sonralar Şərqi Avropada bu rolu alman dili oynamağa başladı. Almaniyada, Rusiyada kübarlar fransız dilində danışırdılar. Prussiya kralı Böyük Fridrix fransız dilində yazırdı. Rusiya çariçası II Yekaterina fransız maarifçiləri Didro və Volterlə fransız dilində yazışırdı. Lev Tolstoy “Hərb və sülh” romanında yazırdı ki, 1812-ci ildəki Borodino döyüşündə təkcə fransızlar deyil, rus zabitləri də fransızca danışırdılar, ona görə də onları bir-birindən danışıqlarına görə fərqləndirmək çətin idi. Rus şairləri A. S. Puşkin və P. A. Vyazemski bir-birləri ilə fransız dilində məktublaşırdılar. Almaniyada isə xalqın doğma dili həmin Böyük Fridrixin vaxtında daha çox ordu və atla davranış dili hesab olunurdu. Bəziləri buna təəccüblənə bilər, ancaq elə dil vardır ki, məhz bu təməl üzərində təşəkkül tapmışdır. Məsələn, pakistanlıların dili onlar hələ vahid Hindistanda yaşayanda ordu dili kimi formalaşmış, buna görə də “ordu” sözünə yaxın olan bir sözlə- urdu dili adlanır.

Böyük Çin mütəfəkkiri Konfutsi ritualı ön plana çəkən kimi, XIV Lui də öz sarayında, xüsusən Versalda rituala, mərasimə riayət edilməsinə ciddi fikir verirdi. Kral təkbaşına yemək stolunun arxasına əyləşib, 40 adam üçün hazırlanmış xörəklərdən yeyir, bəzilərinin dadına baxırdı. Bu vaxt əyanlar ayaq üstə dayanıb, onun nahar etməsinə tamaşa etməli idilər.

Konfutsidən fərqli olaraq, Günəş Kral sevgi macəralarına və ova böyük diqqət verirdi. O, gündə üç dəfə məşuqələri ilə intim yaxınlıq edir, hər gün ova gedirdi. Lakin bunlar onun dövlət işləri ilə məşğul olmasına maneçilik törətmirdi, dövlət işinə o, birinci dərəcəli əhəmiyyət verirdi. Hətta yaslı vaxtı yoğun bağırsağındakı fəsada görə ağır cərrahiyyə əməliyyatına məruz qaldığı günün axşamı Kral Şurasının iclasına başçılıq etmişdi.

Təəssüf ki, onun varisləri keyf, işrət məsələlərində onu təqlid etməyə çalışsalar da, dövlət işinə münasibətdə ona qətiyyən oxşamırdılar. Sonrakı Fransız kralları qədim Roma imperatorları kimi məşuqələrini də “məşhurlaşdırırdılar”. Roma imperatoru Klavdi iki arvadına görə biabır olmuşdu, biri əxlaqsızlıq simvolu olan Messalina, digəri isə doğma qardaşı qızı, Neronun anası Kiçik Aqrippina idi. XIV Luinin madam Montespan və madam de Mentonon kimi məşuqələri Messalinaya bənzəmirdilər, axırıncıya isə ondan üç yaş böyük olsa da, dindar olduğundan, kral, öz arvadı ispaniyalı Mariya-Tereziya 1683-cü ildə öldükdən sonra gizli surətdə evlənmişdi. Çünki bu, morqanatik nikah idi. Onun varisi XV Lui 15 yaşında olanda özündən 7 yaş böyük olan polşalı Mariya Leşşinskayaya evlənmişdi. Yeniyetməliyində əldə etdiyi təcrübə onu sevgi macəralarına aludəçiliyə sövq etmişdi. Onun madam de Pampadur, madam du Barri və madam du de Şuazel kimi məşuqələri hakimiyyət dövrünün tarixçəsini bəzəyirlər. Markiza de Pompadur incəsənətə, ensiklopediya naşirləri Didro və d`Alamberə qayğı göstərdiyinə görə böyük nüfuz qazanmışdı. O, Avropa sarayları ilə diplomatik danışıqlar aparır, dövlət idarələrinə təsir göstərirdi. Məşuqələri, ümumiyyətlə, dövlət işlərini müzakirə edirdilər. XV Lui 1774-cü ildə başa çatan bütün həyatını eyş-işrətə, sevgi intriqalarına həsr etmişdi.

XVI Lui isə qadınlara münasibətdə sələflərindən fərqlənirdi. Ona yenicə evləndiyi arvadı, Avstriya imperatriçəsi Mariya Terezanın qızı Mariya-Antuanetta daim müəyyən problemlər törədirdi. Lui hələ prints (dofin) olarkən, 1770-ci ildə bu qıza evlənmişdi. Lakin 7 il ərzində o, gənc arvadı üçün fiziki cəhətdən ər funksiyasını yerinə yetirə bilməmişdi. Artıq o, 3 il idi ki, kral idi, lakin bir kişi kimi arvadına intim yaxınlığı icra etməkdə gücsüz olaraq qalırdı. Ona görə də Mariya-Antuanettanın böyük qardaşı, gələcək Avstriya imperatoru İosif onun yanına gəlib, məsələnin birdəfəlik həll edilməsini tələb etdi. Qardaşı bunu deməsə də, cavan bir qızın dəbdəbə içərisində həyat sürməsi ilə yanaşı, mühüm həyati tələbatının ödənilməməsi onu rahat buraxa bilməzdi. Ona görə də onunla yaxınlıq etmək istəyənlər barədə söz-söhbətlər dolaşırdı. İosifin təkidi ilə XVI Lui riskə gedib, bədənində cərrahiyyə əməliyyatı aparılmasına razılıq verdi. Alman yazıçısı Tomas Mann bunu  Luiyə sünnət edilməsi adlandırır. Bundan sonra ər-arvadın intim yaxınlığı qaydaya düşdü və uşaqları olmağa başladı, lakin birinci oğlanları belindən xəstə olduğundan, uşaq vaxtı həyatdan köçdü. İnqilab ərəfəsində isə Mariya-Antuanettaya nifrət daha da artmışdı, onun əxlaqı barədə nalayiq karikaturalar çəkilir, Parisdə yayılırdı.

Parisin olduqca maraqlı, keşməkeşli tarixi vardır, onu öyrənməyə maraq da böyükdür. Fransız yazıçısı madam de Stal özünün “Korinna və ya İtaliya” adlı çox qiymətli əsəri ilə İtaliya, onun tarixi barədə geniş məlumat verir, oxucunu italyan mədəniyyətini sevməyə sövq edir. Bu populyar kitab İtaliya üçün bələdçi rolunu oynayır, onun arxitekturasını, abidələrini təbliğ edir. Jermena de Stal həm də cəsarətli qadın idi. O, ilk dəfə Napoleonu “azadlığın qəbir qazanı” adlandırmışdı və ona görə sürgünə yollanmışdı. Nə sürgün, nə Napoleon Fransasında ona bəslənən pis münasibət bu istedadlı qadının yaradıcılığının qarşısını kəsə, ona kölgə sala bilməmişdir.

Fransa və ya Paris barədə də belə bir kitab mövcud olsaydı, onu oxumağa böyük həvəs olardı. Axı kitablar bəzən ölkəni, şəhəri tanımaqda əvəzsiz bələdçi rolunu oynayırlar. Fransız tarixçisi Aleksis Tokvilin “Amerikadakı demokratiya haqqında” kitabı (1835-ci il) Avropa oxucusuna Amerikanı tanımaqda çox kömək etdi. Yaxud amerikan yazıçısı Ceyms Klavellin “Syoqun” romanı 1600-cü illər Yaponiyası barədə zəngin məlumat verir, həmin dövrün yaponlarının müsbət və qəddarlıqdan xəbər verən mənfi cəhətlərini açıb göstərir. Şəhərlərin görməli yerlərinin nümayişində populyar kinofilmlər da az rol oynamır. Altı onillik bundan əvvəl ekranlara çıxmış “Vaterloo körpüsü” Londonun, “Roma tətilləri” isə əbədi şəhərin görməli yerlərini təbliğ edir. Məşhur aktyorlar Odri Höpbernin və Qreqori Pekin çəkildiyi axırıncı filmdə Romadakı tarixi abidələr - Kolizey, Panteon, San-Ancela qəsri, Trevi fəvvarəsi və sairə bol-bol göstərilir. Paris haqqında isə belə film yoxdur. Parisi vəsf edən və populyar dildə yazılmış kitab və film də oxucuların və tamaşaçıların, bu gözəl şəhəri sevənlərin böyük marağına səbəb ola bilərdi.

(Ardı var)

 





06.03.2017    çap et  çap et