525.Az

Radioyayımın tarixi: Markonidən “Titanik”ə qədər


 

Radioyayımın tarixi: <b style="color:red">Markonidən “Titanik”ə qədər</b>

Bir çox nəsnələr kimi radio da birdən-birə yaranmayıb. Əslində, elektron mediumlar arasında ən köhnəsi olan radionun - bu “qulaq dostumuzun”  yaranmasının uzun bir tarixi var.

Hazırda gördüyümüz, daha doğrusu, dinlədiyimiz radionun ərsəyə gəlməsi Morze, Bell və Hertsin ixtiraları ilə başlayıb. İtalyan əsilli Markoninin ixtirası isə bu mediumun formalaşıb tamamlanmasında olduqca vacib addımlardan biri olub. Nə edib Markoni, nə idi onun ixtirasının məğzi? 

Markoni və onun simsiz teleqrafı  

1894-cü ildə varlı ailədən olan gənc italiyalı mühəndis Qulyelmo Markoni Morzenin, Bellin və Hertsin işlərini oxuduqdan sonra simsiz texnologiya təcrübəsini həyata keçirməyi qərara aldı. 20 yaşlı Qulyelmo mühəndisliyi özü öyrənmişdi. Öz sələflərindən fərqli olaraq Markoni siqnalların hava vasitəsilə ötürülməsinin nəzəriyyəsi ilə deyil, təcrübəsi ilə - ideyanın həyata keçirilməsi ilə maraqlanırdı. Markoni anlayırdı ki, xəbərləri uzaq məsafəyə yüksək sürətlə göndərmək üsulunun inkişafı kommunikasiya və silahlı qüvvələr sahəsindəki vəziyyəti, eləcə də ticarətdə yük daşınması yollarını köklü surətdə dəyişəcək. O zamanlar telefon və teleqraf yeni texnologiyalar olsa da, simli kommunikasiya növü kimi funksiyaları məhdud idi. Öz otağına qapanaraq az qala qidalanmağı belə unudan Markonini sadəcə bir məsələ -siqnalları simsiz ötürmək yollarının tapılması düşündürürdü. Nəhayət, gərgin axtarışlar öz bəhrəsini verdi - tezliklə Markoni simdən istifadə etmədən özünün yuxarı mərtəbədə yerləşən otağından aşağıya zəng vura bildi. Bir qədər sonra isə Markoni artıq simsiz texnologiya vasitəsilə siqnalları doqquz millik məsafəyədək göndərə bilirdi. “Bundan sonra mən sakit həyatın nə demək olduğunu unutdum” - Markoni bu ixtiradan sonra baş verənləri belə ifadə etmişdi.

İtaliya hökuməti Markoninin tapıntısının unikallığını anlamadan onun ixtirasını patentləşdirməkdən imtina etdi. Markoni anasının əlaqələrindən (onun anası irlandiyalı idi) istifadə edərək öz ixtirasına Britaniyada dəstək axtarmağa qərar verdi. O zaman qlobal imperiya sayılan, dünyanın ən geniş hərbi donanmasına və ticarət gəmiçiliyinə malik olan İngiltərə bu ixtiraya böyük maraq göstərdi. Beləliklə, Markoni 1896-cı ildə İngiltərəyə gedərək orada özünün simsiz teleqraf ixtirasına patent almağa müvəffəq oldu. Markoni 1897-ci ildə Londonda Simsiz Teleqraf Şirkətini yaratdı və sonralar “Britaniya Markoni”  kimi tanınan bu şirkət Britaniya hərbi dəniz və özəl ticarət gəmilərində teleqraf texnologiyasını qurmağa başladı. 1899-cu ildə o, Birləşmiş Ştatlarda şirkətin filialının əsasını qoydu və onu “Amerika Markoni” adlandırdı. Həmin ildə o, ilk dəfə olaraq simsiz Morze kodu siqnalını La-Manşdan Fransaya göndərdi, 1901-ci ildə isə ilk simsiz siqnalı Atlantik okeanı üzərindən ötürməyə müvəffəq oldu. Lakin Markoni yenilikçi və işgüzar bir insan olmasına baxmayaraq, uzaqgörən deyildi. O, simsiz teleqrafa yalnız ikitərəfli kommunikasiya vasitəsi kimi baxır, ünsiyyətin bu forması vasitəsilə bir nəfərin, qurumun kütləvi media və ya böyük auditoriya ilə əlaqə qurmaq imkanlarını gözdən qaçırırdı. Markoni həmçinin öz ixtirasını yalnız hərbi və ticarət gəmiləri sahəsində tətbiq etməklə onun əhəmiyyətini və fəaliyyət orbitini daraldırdı. Lakin bu ixtiranın tarixi əhəmiyyəti var idi. Patentlərini Morze-kodunun ötürülməsi ilə məhdudlaşdıran Markoni, səs və musiqinin simsiz ötürülmə yollarının sonrakı tədqiqi üçün yol açdı. 

De Forest simsiz telefonu ixtira edir  

1899-cu ildə ixtiraçı Li De Forest (o, özünü “radionun atası” adlandırırdı) fəlsəfə doktoru adını almaq üçün simsiz texnologiyalar üzrə yazdığı tədqiqat işinin - bu sahədə ilk dissertasiyanın müəllifi oldu. Markoninin ixtirasını yaxşı anlayan De Forest qərara aldı ki, italiyalı mühəndisin etdikləri ilə kifayətlənməyib simsiz texnologiyalar sahəsində daha böyük yeniliklərə imza ata və tarixdə iz qoya bilər. 1902-ci ildə De Forest simsiz kommunikasiya sahəsində lider olan “Amerika Markoni” ilə rəqabət aparmaq üçün Simsiz Telefon Şirkətini təsis etdi. Markoni ilə De Forest arasında ən böyük fərq ondan ibarət idi ki, sonuncu, səs və musiqinin simsiz ötürülməsi yolları ilə daha çox maraqlanırdı. Bəzən başqalarının fikirlərini oğurlamaqda ittiham edilən De Forest üç yüzdən çox ixtiranı patentləşdirmişdi. De Forestin ən böyük nailiyyəti Audion və ya triod - elektron lampanı inkişaf etdirməsi oldu. Faktiki olaraq, bir çox tarixçilər De Forestin elektron lampanı təkmilləşdirməsini müasir elektronikanın başlanğıcı hesab edirlər. Səsin ilk dəfə yayımlanması şərəfi isə Tomas Edisonun keçmiş kimyaçısı, kanadalı mühəndis Reynald Fessendenə nəsib oldu. 1906-cı ildə Milad bayramı ərəfəsində Fessenden Mərkəzi Elektrik şirkətinin dəstəyi ilə  ilk dəfə olaraq Massaçusetsdəki Brent Rok stansiyasından radio dalğaları vasitəsilə səs ötürdü. Radio tarixçisi bu hadisəni belə təsvir edir:

“O gecə gəmi operatorları və adi insanlar Brent Rokun ətrafında səslər eşidirdilər: “Kimsə danışır!... Qadının səsi mahnı ilə birgə yüksəldi... Daha sonra kimsə şeir oxudu”. Fessenden öz skripkasında “Müqəddəs Gecə”ni ifa etdi. Dinləyicilər eşitdikləri səslərə valeh olmuşdular.  Bundan sonra heç bir səs Morze kodunun sadə nöqtələri ilə məhdudlaşdırıla bilməzdi”.

 1907-ci ildə De Forest, Fessendenin ilk eksperimentini davam etdirərək Metropoliten Opera tenoru Enriko Karuzonun ifasını və radio səslərini Nyu- Yorkdakı dostlarına göndərdi. Sonrakı il De Forest həyat yoldaşı Nora ilə Parisdə Eyfel qülləsinin başından mikrofonla səs ötürdü. Siqnallar dörd yüz millik məsafəyə qədər yayılmışdı. Radio bir ixtiraçının adi həvəsindən işgüzar biznes sahəsinə keçərək kütləvi mediada bir “partlayışa” səbəb oldu. 

“Titanik” faciəsi və radio: Onları nə birləşdirirdi? 

1900-cü illərdə radioyayımın inkişafına təsir edən beynəlxalq əhəmiyyətli iki ən əsas məsələ gəmidə radioya olan tələbat və siqnallardan istifadə idi. 1910-cu ildə Konqres Simsiz Gəmi Qanununu qəbul etdi. Bu qanuna əsasən əllidən çox sərnişin daşıyan və iki yüz mildən çox məsafəyə səyahət edən gəmilər simsiz siqnalötürmə cihazı ilə təchiz olundu. Bu cihaz yüz mildən çox məsafəni əhatə edə bilirdi. Bu qanunun əhəmiyyəti iki il sonra - tarixdə “Titanik” fəlakəti ilə yadda qalan böyük faciə ilə bir daha təsdiqləndi. Yeni, lüks Britaniya gəmisi “Titanik” 1912-ci ildə Atlantik okeanının soyuq sularında batdı. Bu faciə zamanı min beş yüzdən çox insanın həlak olmasına baxmayaraq “Titanik”in yerinin dəqiqliklə müəyyən olunması və xilasetmə gəmilərinin yeddi yüzdən çox həyatı qurtara bilməsində radioqəbuledici ilə məlumatların ötürülməsi həlledici rol oynadı. “Titanik” faciəsinin ardınca  Konqres 1912-ci ilin Radio Qanununu qəbul etdi. Əslində, bu Qanunun faciədən sonra qəbul olunması təsadüfi deyildi. Faciə baş verən vaxtlarda radio yayımında güclü xaos hökm sürürdü. Efir spektrinin təşkilindəki qarışıqlıq səbəbindən gələn xəbərlər çaşdırıcı və mübahisəli xarakter daşıyırdı. Həvəskar operatorlar faciə zamanı sağ qalmış şəxslərin sayı haqqında yanlış məlumat verir, rəsmi strukturlar isə çoxsaylı siqnalların efirdə yaratdığı küy və qarışıqlıq səbəbindən vacib informasiyanı ötürməkdə çətinlik çəkirdilər. Belə bir dramatik durumun yaranması onunla bağlı idi ki, mövcud olan bəzi qaydaların işə salınmasını təmin edəcək tənzimləyici bir qurum yox idi. Nəticədə isə tam qarmaqarışıqlıq yaranmışdı: spektrdə dəqiq bölgü aparılmadığından siqnalların bir-birinə qarışması qaçılmaz idi ki, bu da effektiv kommunikasiyanı mümkünsüz etdi.

Simsiz media isə sürətlə ikiyönlü rabitə vasitəsindən çoxyönlü kommunikasiya vasitəsinə keçməyə başlamışdı. Artıq kütləvi kommunikasiya növü kimi radio verilişləri səsləri və musiqini minlərlə insana çatdıra bilirdi. Əsasən kənd təsərrüfatı termini olan və toxumları geniş əraziyə səpərək yaymaq mənasını verən “yayım” (ingiliscə - “broadcasting”) sonralar  radio dalğalarının (sonra isə TV siqnallarının) geniş auditoriyaya ötürülməsi mənasında işlənməyə başlandı. Radiodan əvvəl simsiz ötürülmə teleqraf və telefon kimi ikiyönlü kommunikasiya növü hesab edilirdi.

 





06.03.2017    çap et  çap et