525.Az

Vəfa borcu...


 

Vəfa borcu...<b style="color:red"></b>

Ötən həftə Təhsil naziri Misir Mərdanovun vəzifədən azad olunması və İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərovun vəzifəsindən gedəcəyi xəbərləri ölkə gündəminin əsas mövzusuna çevrildi. Mətbuatda, sosial şəbəkələrdə hər iki xəbərlə bağlı fərqli münasibətlər ortaya çıxır: biri sevinir, o biri kədərlənir, kimisi ümidlənir, kimisi məyus olur.

Xüsusən, sosial şəbəkələrdə “hər ağızdan bir avaz gəlir” və hansı avazdan həqiqətin daha çox əks olunduğunu ayırd eləmək fərasəti.

15 ilin nazirinə minnətdarlıq mesajları... 

Misir Mərdanov 15 il Təhsil naziri vəzifəsində çalışıb və bu müddətdə təhsilimizin simvoluna çevrilib. Bəzən neqativ məqamlar daha çox qabardılsa da, bu illərdə Misir Mərdanovun həm nazir, həm də ömrünü təhsilimizə həsr etmiş insan kimi gördüyü işləri, xidmətləri heç kim dana bilməz. Yəqin ki, zaman keçdikcə, emosiyalar azaldıqca Misir Mərdanovun təhsil sahəsindəki gördüyü işləri daha soyuqqanlı təhlil etmək imkanı olacaq.

Misir Mərdanovun sanballı, dörd cilddən ibarət “Azərbaycan təhsil tarixi”  əsərində təhsilimizin keçdiyi tarixi yol, çətinliklər, problemlər, uğurlar öz əksini tapıb. Bu gün dünyanın müxtəlif ölkələrində təhsil alan minlərlə tələbə təkcə repetitor hesabına uğur qazanmayıb. Onlar Azərbaycan təhsilinin yetirmələridir. Təhsilimizdə qazanılan uğurlar barədə çox danışmaq olar. Misir müəllim Azərbaycan hökumətində ictimaiyyətə, mediaya ən açıq nazir olub. Geniş, çoxşaxəli sahə olan təhsil sistemindəki hansısa problemlərdən, hətta hamıdan öncə danışmaqdan belə çəkinməyib, çatışmazlıqları müzakirə etməkdən qaçmayıb. Bu 15 ildə onun ən böyük xidmətlərindən biri təhsilin ictimailəşdirilməsi olub. Misir müəllim həssas, xeyirxah, hər bir insanı diqqətlə dinləməyi bacaran nazir olub. Bu fikirləri sosial şəbəkələrdə vurğulayanlar da az deyil. Misir müəllimə gördüyü işlərə, xeyirxah əməllərinə görə vəfa borcu göstərib minnətdarlıq edənlərin sayı, əks mövqedə duranlardan xeyli artıqdı. İctimaiyyətin minnətdarlığı öz yerində, biz də media ilə münasibətində açıqlığına, heç vaxt mətbuatdan qaçmadığına görə minnətdarlığımızı çatdırmağı özümüzə borc bilirik.

Gənc telejurnalist Leyla Quliyevanın göz dolduran sözləri... 

İsmayıl Ömərovun İctimai Televiziyanın (İTV) baş direktorluğundan gedəcəyi xəbəri təəccüblə qarşılandı. Həm də birmənalı qarşılanmadı. Amma kim nə deyir-desin, ən müxtəlif tənqidlərə məruz qalsa da, bu 8 ildə İ.Ömərovun heçdən sanballı bir televiziya kanalı yarada bilməsi göz önündədir. Heç kim görünən bu işləri dana bilməz. Buna əmin olmaq üçün İ.Ömərovun 8 illik fəaliyyəti barədə yayılan hesabata nəzər salmaq kifayətdir.

Bu müddətdə görülən işlərin ən önəmlilərindən biri, bəlkə də, baş direktor kimi İsmayıl Ömərovun televiziyada yaradıcı mühit formalaşdırmağa nail olmasıdır. İnkişaf üçün istedadın və yaradıcı keyfiyyətlərin müstəsna önəm daşıdığı bir fəaliyyət sahəsində yaradıcı mühit olmadan hansısa uğurdan, gənc kadrların yetişməsindən danışmaq yersizdir. Bu gün birmənalı demək olar ki, onlarla gənc jurnalistin yetişməsində İTV-dəki mühit də əvəzsiz rol oynayıb.

Bunu İTV-də yetişən və tanınan gənc jurnalist, “Yeni gün” səhər proqramının aparıcısı Leyla Quliyeva dünən birbaşa efirdən dediyi bir neçə kəlmə ilə bir daha təsdiqlədi. Gənc jurnalist emosiyalarını saxlaya bilmədi, kövrəldi, göz yaşlarını zorla tutdu: proqramın çərçivəsindən qəsdən kənara çıxaraq gördüyü işlərə görə, gənclərə, həm də şəxsən ona dəstəyinə görə İsmayıl müəllimə təşəkkürünü bildirməkdən çəkinmədi. “Avroviziya” aparıcılığından tanıdığımız bu gənc qızın, indi artıq tanınmış telejurnalistin, aparıcının içdən gələn bu sözləri, bu jesti çox təsirli idi – bu, görülən işlərə, edilən yaxşılıqlara səmimi minnətdarlıq jesti idi, Müəllimə ehtiram, sədaqət, vəfa borcu idi...

lll

Bugünkü cəmiyyətimizdə çatmayan məqamlardan biri də, bizcə, budur – unutqan olmaq, insandan elədiklərinə görə haqqı olan minnətdarlıq borcunu əsirgəmək, əməllərini görməzdən gəlmək, “uf” da demədən bir anın içindəcə hər şeyin üstündən xətt çəkmək. Əslində isə, gördüyü işlərə, çəkdiyi zəhmətə görə kiməsə minnətdarlıq eləmək insana ancaq başucalığı gətirər, onun özünü ucaldar...

AZAD

 





23.04.2013    çap et  çap et