525.Az

Sabir irsinin tədqiqi və öyrənilməsində yeni mərhələ


 

Sabir irsinin tədqiqi və öyrənilməsində yeni mərhələ<b style="color:red"></b>

Yusif ASLANOV
pedaqogika üzrə fəlsəfə doktoru, dosent 

Kitab rəfimi zənginləşdirən monoqrafiyaları mütaliə etdikcə alim zəkasının qüdrəti, dərin tədqiqatçılıq səriştəsi, arxiv materiallarını saf-çürük etmək bacarığı, iti qələm sahiblərinin məharəti məni heyrətləndirir, onlara dərin rəğbətimi daha da artırır. Oxuduğum kitablar arasında dahi satirik şairimiz M.Ə.Sabirlə bağlı yazılan kitab və monoqrafiyalar diqqətimi daha çox cəlb edir. Bu mənbələrdən son illərdə çap olunan “Mirzə Ələkbər Sabir – davam edir ənənələr” (B., 2012) monoqrafiyası ədəbiyyatşünaslıqda yeni bir hadisə kimi dəyərlidir. 2012-ci ildə nəfis şəkildə nəşr olunan “Sabirşünaslıq Azərbaycanda və xaricdə” monoqrafiyası faktların bolluğu, mükəmməlliyi və orijinallığı ilə seçilən dəyərli bir tədqiqat əsəridir. Müəllimimin uğurları, elmi diapozonunun genişliyi, Sabir irsini Azərbaycan və dünya ədəbiyyatşünaslıq kontekstində araşdırması sözügedən monoqrafiyanın elmi məziyyətləri, sanbalı ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək, gərgin əməyin nəticəsinə münasibət bildirmək zərurətini yaratdı.

Görkəmli alim, AMEA-nın müxbir üzvü Rafael Hüseynov monoqrafiyaya yazdığı “Sabirin güzgüsü” adlı ön sözdə Tərlan müəllimi Sabir haqqında kitab yazmaq xatirinə kitab yazan, böyük şairi yubileydən yubileyə, bayramdan bayrama yada salanlardan olmadığını və Sabiranə yazdığını ifadə etmişdir. Bu fikirlər bir daha təsdiq edir ki, T.Novruzov sabirşünaslıqda xüsusi mövqeyi olan, Sabiri dərk etmək və dərk etdirmək yolunda axtarışlar aparan yorulmaz tədqiqatçı, nüfuzlu pedaqoqdur.

Sabirşünaslıqda yeni töhfə hesab edilən monoqrafiyaya yazılmış ikinci bir rəydə də filologiya üzrə elmlər doktoru, tənqidçi Vaqif Yusifli Sabir ədəbi məktəbinin poetik bir sistem kimi öyrənilməsində, ayrı-ayrı problemlər üzrə Sabir irsinin araşdırılmasında T.Novruzovun tədqiqatının müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edir, sabirşünaslıqla bağlı heç bir mənbənin diqqət və təhlildən kənarda qalmadığını göstərir.

Böyük qürur hissi duyuruq ki, M.Ə.Sabir Azərbaycan ədəbiyyatı tarixində ədəbi məktəb yaratmış Xalq şairi, böyük satirik ustad, mahir pedaqoqdur. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə ənənələrini layiqincə davam etdirən Mirzə Ələkbər Sabirin satiraları özünəməxsusluğu, orijinallığı, sələflərinin poeziyasından fərqli xüsusiyyətləri ilə seçilir, şeirləri xələflərinə, ədəbi prosesə güclü təsir göstərən milli və bəşəri mövzulardır. Azadlıq ideyaları, istiqlal uğrunda mübarizə aparan şairin mövzu problematikası çox geniş, tənqid hədəfləri, ifşa üsulları güclüdür. Şairin xalqı qəflət yuxusundan oyatmaq, ictimai quruluşun dəyişməsi amalı yolunda apardığı mübarizə sərhəd tanımır, onu bir ölkə çərçivəsindən çıxarıb dünyanın şairinə, yoxsulların, əzilənlərin, hüquqları əlindən alınan insanların müdafiəçisinə çevirir. T.Novruzov da Sabir ədəbi məktəbinin ideya-estetik məziyyətlərini, təsir dairəsinin gücünü vurğulayaraq yazırdı ki, bu müqtədir şair yalnız Azərbaycan ədəbiyyatında deyil, onun hüdudlarından kənara çıxan, dünya bədii fikrinə daxil olan klassik sənətkardır.

Həqiqətən, Sabirin əsərlərinin Yaxın və Orta Şərqdə, keçmiş sovetlər məkanında, Avropada, Amerikada və başqa dünya ölkələrində yaşayan xalqların dillərinə tərcümə olunması, sevilə-sevilə “Hophopnamə”nin oxunması onu öz xalqının şairi olmaqdan daha çox dünyanın şairinə çevirir.

Şairin elmi tərcümeyi-halının yazılması, sənətkarlıq xüsusiyyətləri, poetikası, novatorluğu, dil və üslubu, təhsil və məktəb konsepsiyası, pedaqoji görüşləri, şifahi xalq ədəbiyyatı və mifologiya ilə bağlılığı, satirik poeziyada Sabir ənənələri, Sabir və mətbuat, Sabir və dünya ədəbiyyatı, Sabirin səyahətlərinin coğrafiyası və bu kimi aktual, dərin tədqiqat tələb edən mövzular monoqrafik mənbələrdə, dərsliklərdə, dissertasiyalarda, qəzet və jurnal məqalələrində araşdırılır, sabirşünaslıq elmi dəyərli əsərlərlə zənginləşdirilir. Bu tədqiqatların nəticələrinin ümumiləşdirilməsi, mübahisə doğuran məsələlərə aydınlıq gətirilməsi, Sabir irsinin mərhələlərlə öyrənilməsi və müasir ədəbiyyatşünaslıq elminin nailiyyətləri əsasında təhlil olunması T.Novruzovun tədqiqat fəaliyyətinin diapozonun genişliyini sübut edir.

Monoqrafiyada M.Ə.Sabir inqilabdan əvvəlki ədəbi fikirdə, Sabir irsinin öyrənilməsində yeni istiqamət (1920-30-cu illər), Sabirşünaslıq inkişafda (1940-50-ci illər), Sabir irsinin tədqiqinin müasir mərhələsi (60-70-ci illər), Sabir irsi son araşdırmalarda, Sabir irsi xaricdə problemləri sabirşünaslığın elmi istiqamətləri kimi araşdırılmış, zəngin elmi mənbələrin əsasında fundamental tədqiqat işi ərsəyə gətirilmişdir.

Mirzə Ələkbər Sabirin əsərləri həyatın aynası, özü isə əsrin şairi, gələcəyin görücüsü və bilicisidir. Bu aynada həyatın hər anı, hər üzü görünür, bədii sözün ifadəsində, təsir gücündə poetikləşir, müxtəlif şəkil və formaya salınır. Sabirin əsərləri ədəbiyyat, dil, tarix, iqtisadiyyat, din, təhsil, tərbiyə, məktəb, milli adət-ənənələr, etnoqrafiya, coğrafiya, mifologiya, folklor və s. sahələr ilə bağlı faktlarla zəngindir. Buna görə də Sabiri bütün insanlar sevir, filosof, ədəbiyyatşünas, folklorşünas, dilçi, iqtisadçı, pedaqoq, psixoloq, coğrafiyaşünas, etnoqraf və başqa elm sahələri ilə məşğul olan alimlər, sənət və peşə adamları əsərlərini öyrənir, tədqiq edir, ondan tərbiyələnirlər. Həqiqət budur ki, Sabirin poeziyası qəlbləri riqqətə gətirir, oxucunu düşündürür, saflığa, ucalığa aparır, tərbiyə edir, özünü özünə tanıdır, dərk etdirir. Görkəmli sabirşünas alim Abbas Zamanov yazırdı ki, Sabir gülüşünün vüsəti ölçüyə gəlməz. Sabir gülüşü nə böyük – kiçik, nə milli məhdudiyyət, nə də coğrafi sərhəd tanıyır.

Mirzə Ələkbər Sabir irsinin öyrənilməsi, tədqiqi və təbliğinə marağın artması şairin poeziyasının təbiiliyindən, fikirlərinin fəlsəfi dərinliyindən, çağdaş dövrümüzlə səsləşməsi ilə bağlılıqdan irəli gəlir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında 2012-ci ildə Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin layiqincə keçirilməsi də bu mənbədən, mövqedən qaynaqlanmışdır. Bu tarixi sərəncamın imzalanması Prezidentin ədəbiyyata, mədəniyyətə və incəsənətə göstərdiyi böyük diqqət və qayğının təzahürüdür: “Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapmışdır”.

Şairin söz inciləri elə bir məxəzdir ki, ondan öyrəndikcə yenə də nə isə axtarırsan, özünü bu hadisələrin içində rahat tapırsan, sözün sehrindən, işığından mənəvi dünyaya axan hərarəti, istiliyi duyursan, kimin kim olduğunu dərk edirsən. Tərlan Novruzovun monoqrafiyasınında sabirşünaslığın tədqiqi və təbliğində xüsusi bir mərhələ yaratmış Ə.Şərif, Ə.Mirəhmədov, M.Cəfərov, A.Zamanov, M.İbrahimov, K.Talıbzadə, Ə.Cəfər, T.Hacıyev, M.Məmmədov, A.Məmmədov (Bayramoğlu), N.Paşayeva, R.Məhərrəmova və başqa görkəmli alimlərin tədqiqat işləri ümumiləşdirilir, təhlillər aparılır və bugünki baxış müstəvisində dəyərləndirilir.

Müəllif arxiv materialları əsasında sübut edir ki, XX əsrin əvvəllərində Abbas Səhhət, Seyid Hüseyn, Firidun bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli və Tağı Şahbazi Simurqun Sabir irsinin öyrənilməsində xidmətləri böyükdür. Onların ədəbi-nəzəri fikirləri 20-30-cu illərdə davam etdirilmiş, Sabir irsinin öyrənilməsinə maraq güclənmiş, şairin ideyaları, mövzu problematikası, həyat və yaradıcılığının bəzi məqamları tədqiqat obyekti kimi götürülmüşdür.

Sabirşünaslıqda 40-50-ci illər dövrü daha məhsuldar bir mərhələ kimi tədqiqatçıların diqqət mərkəzində saxlanılır. M.Cəlal, H.Səmədzadə, Ə.Şərif, M.Hüseyn, M.Cəfərov, C.Xəndan və başqalarının yazdıqları monoqrafiyalar, məqalələr ədəbiyyatşünaslıq və ədəbi tənqidin nailiyyətləri  kimi qiymətləndirilir.

60-70-ci illər ədəbiyyatşünaslığında Azərbaycan və Şərq xalqları ədəbiyyatında realizmin ideya-estetik məziyyətlərinin, təkamül və inkişaf mərhələlərinin araşdırılması ilə yanaşı, tənqidi və romantik ədəbiyyatın öyrənilməsi problemləri də ciddi müzakirə obyektinə çevrilir. Azərbaycan ədəbiyyatşünaslığında Mirzə İbrahimov, M.Cəfər, Əziz Mirəhmədov, Əkbər Ağayev,  Yaşar Qarayev, Asif Hacıyev, Seyfulla Əsədullayev və başqaları bədii metodun metodologiyası ilə bağlı tədqiqatlar apardı, nəzəri konsepsiya hazırladılar. Akademik Kamal Talıbzadə isə öz müasirlərindən fərqli olaraq Sabirin ədəbi-tənqidi görüşlərini fundamental tədqiqata cəlb etdi və ədəbi-nəzəri fikir tarixinin inkişafında ciddi dönüş yaratdı. Bu mərhələdə sabirşünaslığın nailiyyətlərinin ümumiləşdirilməsi, elmi istiqamətlərə münasibətin bildirilməsi Tərlan müəllimin tədqiqatçılıq səriştəsinin güclü olduğunu bir daha təsdiq edir.

XX əsrin bu tarixi mərhələsində folklorun yazılı ədəbiyyata təsiri və qarşlıqlı əlaqəsinin tədqiqinə böyük əhəmiyyət verildi. Əli Saləddinin “Sabir və folklor” kitabının çap edilməsi də sabirşünaslıqda müsbət qiymətləndirildi. Müəllifin Sabir şeirlərinin xalq yaradıcılığı ilə əlaqəsi, Sabir və adət-ənənələr,  idiom, atalar sözü və məsəllərdən, folklorun müxtəlif janrlarından istifadə, Sabirin tipləri və folklor surətləri və s. problemlərlə bağlı söylədiyi mülahizələr də T.Novruzovun diqqət  mərkəzindən kənarda qalmamışdır.

Sabir irsinin tədqiqi tarixində görkəmli sabirşünas alim, professor Məmməd Məmmədovun “İdeal qardaşları”, “Şair-vətəndaş”, “Sabir və məktəb”, “Sabir və Azərbaycan demokratik mətbuatı”, “Sabir: mübahisələr, həqiqətlər” kitablarının orijinallığı, faktların zənginliyi baxımından fərqlənməsi də mövcud monoqrafiyanın sanbalı və dəyərini qat-qat artırmışdır.

Monoqrafiyada qeyd olunur ki, mövzu problematikası baxımından 60-70-ci illərdə ədəbiyyatımızın öyrənilməsində iki istiqamət özünü göstərirdi. Bunlardan birincisi, Şərq xalqları və dünya ədəbiyyatının Azərbaycan ədəbiyyatı kontekstində müqayisəli araşdırılması və tədqiqi, ədəbiyyatımızda realizmin təkamül və inkişaf mərhələlərinin təhlil predmetinə çevrilməsidir. Tarixi təkamül və inkişaf mərhələlərinə uyğun ayrı-ayrı ədəbi simaların, yaxud bir neçə əsərlərin müqayisəsinin aparılması zəminində poetika məsələlərinin tədqiqi ikinci meyil kimi ortaya qoyulmuş və əsas problem kimi M.Cəlalın, Y.Qarayevin ədəbi-nəzəri baxışlarına əsaslanılmışdır. Prof. Tərlan Novruzov da Mir Cəlalın Sabirin əsərlərində axtardığı realizm və tipikləşdirmə üsullarına, ümumiyyətlə, onun sənətkarlığına aid mülahizələrinə əsaslanaraq yazırdı: “Tədqiqatçı (M.Cəlal – Y.Y.Aslanov) hadisə və faktların daxili mahiyyətini, mənşəyini, səbəbini, başqa hadisələrlə əlaqə və münasibətlərini dərindən əks etdirməyi Sabir realizmini şərtləndirən əsas xüsusiyyətlər kimi müəyyənləşdirir”.

Ədəbiyyatımızda əruzşünaslıq məktəbinin banisi hesab edilən Əkrəm Cəfərin tədqiqatlarında Sabirin klassik irslə əlaqəsi, müxtəlif şeir şəkilləri müəyyən üsul və vasitələrlə izlənilir, nəzirə və bənzətmələri təhlil edilir, şairi sələfləri və xələflərindən fərqləndirən xüsusiyyətlər araşdırılır və ümumiləşdirilir. Bu istiqamətlərdə Tərlan müəllimin monoqrafiyada apardığı nəzəri təhllilər də diqqəti cəlb edir.

60-cı illərdən başlayaraq Sabir satiralarının dilinin tədqiqi də əsas elmi istiqamət mövzularından biri kimi araşdırıldı, tədqiqat obyekti kimi götürüldü. Bu dövrün elmi nailiyyətləri də professorun baxış prizmasında öz geniş elmi həllini tapdı və R.Məhərrəmova, T.Hacıyev, M.Adilovun monoqrafiyaları sabirşünaslıqda mühüm hadisə kimi qiymətləndirildi.

80-90-cı illərdə Sabir irsinin öyrənilməsi ədəbiyyatşünaslıq və ədəbi tənqidin əsas problemlərindən biri kimi daha da aktuallaşır, yeni kitablar çap olunur. Bu mərhələdə Tərlan Novruzovun özünün ardıcıl və sistemli tədqiqat işi aparması daha çox diqqəti cəlb edir. O, bir-birinin ardınca “M.Ə.Sabir irsinin tədqiqi və təbliği”, “M.Ə.Sabir (tədqiqat tarixindən)”, “Sabir və davamçıları”, “Sabir ədəbi məktəbi”, “M.Ə.Sabir”, “Mirzə Ələkbər Sabir – davam edir ənənələr” və s. kitablarını nəşr etdirdi. Professor Tərlan Novruzovun namizədlik və doktorluq işinin də Sabirlə bağlı olması da onun Sabir irsinə böyük məhəbbət və sevgisindən irəli gəlmişdir.

80-ci illərdən Sabirin elmi tərcümeyi-halının faktlar, arxiv materialları əsasında yenidən yazılmasına, mübahisəli məqamlara aydınlıq gətirilməsinə ehtiyac duyulurdu. Bu sahədə Alxan Məmmədovun (Bayramoğlunun) sabirşünaslığa gətirdiyi elmi yenilikləri T.Novruzov təhlil etmiş və yeni faktların üzə çıxarılması baxımından faydalı bir mənbə olduğunu üzə çıxarmışdır.

Milli müstəqillik dövründə sabirşünaslıqda ənənəvi ədəbi-nəzəri təcrübənin öyrənilməsi zəminində poetika məsələlərini tədqiqat predmetinə çevirmək aktual bir məsələ kimi qarşıya çıxır. Monoqrafiyada da qeyd olunur ki, ədəbi tənqid və ədəbiyyatşünaslığın ciddi müzakirə probleminə çevrilən poetika səpkili tədqiqatlar C.Xəndanın, A.Zamanovun, Ə.Cəfərin və başqa nüfuzlu alimlərin fikrinə əsaslanılmaqla davam etdirilir, monoqrafiyalar yazılır. Yaradıcılıq axtarışları, tədqiqatçı səriştəsi ilə fərqlənən və zəngin təcrübədən faydalanan Ənvər Əhmədin “Mirzə Ələkbər Sabirin poetikası”, Akif Əlinin “M.Ə.Sabirin satira sənətkarlığı” kitablarında da M.Ə.Sabir və klassik satira ənənələri, Sabir satiralarının bədii xüsusiyyətləri və sənətkarlığı, özünəməxsusluğu, M.Ə.Sabirin satira sənəti yeni dövr satirasının ideya və poetika zəmini kimi məsələlərə elmi-nəzəri baxış fonunda qiymət verilir, ədəbiyyatşünaslığın müasir nəzəri aspektləri kontekstində təhlillər aparılır.

XX əsrin 60-70-ci illərindən başlayaraq ədəbiyyatşünaslıqda sosioloji təhlildən uzaqlaşıb novatorluq məsələlərinin tədqiqi gündəmə gətirilir. Bu istiqamətlərdə aparılan tədqiqatlar 90-cı illərdə də davam etdirildi, uğurlu nəticələr əldə edildi. Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın 1997-ci ildə “Mütərcim” nəşriyyatında çap edilən “Sabir novatorluğu” kitabı bu sahədəki boşluğu tamamlamaq zərurətindən yarandı. İki fəsildən ibarət olan bu tədqiqat əsərində Sabir şeirində mövzu, məzmun və ideya novatorluğu, Sabir şeirində forma yenilikləri tədqiq olundu, elmi-nəzəri fikirlərin təhlilinə müasir ədəbiyyatşünaslıq fonundan düzgün qiymət verildi. Bu istiqamətlərdə aparılan ümumiləşmələr, nəzəri təhlillər T.Novruzovun tədqiqatında xüsusi vurğulanır və bu problemlərin sabirşünaslıqda böyük əhəmiyyət kəsb etdiyi göstərilir.

Sabir irsinin öyrənilməsində Sona Xəyalın “Mirzə Ələkbər Sabirə yeni nəzər”, N.Kərəmovun “Mirzə Ələkbər Sabirin səyahətləri”, S.Aslanovun “Sabir yalnız şair idimi” kitabları da əhəmiyyətli və tədqiqatçılar üçün faydalı mənbələrdir. Son illərdə çap olunan S.Aslanovun “M.Ə.Sabir və türk dövlətçiliyi tarixi məsələləri”, A.Səmədovun “M.Ə.Sabir: böyük satirik, mahir pedaqoq”, R.Hüseynzadənin “M.Ə.Sabirin pedaqoji görüşləri” məqalələri də Sabir irsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Monoqrafiyada Sabir irsinin öyrənilməsi və tədqiqi sahəsində keçmiş SSRİ məkanında, İranda, Türkiyədə, İraqda, Amerika Birləşmiş Ştatlarında sabirşünaslığın araşdırılması, öyrənilməsi və tədqiqi ilə bağlı mübahisəli məsələlər dəqiqləşdirilir və sabirşünaslıqda dəyərli bir tədqiqat əsəri ortaya qoyulur. ABŞ vətəndaşı, mənşəcə azərbaycanlı, Vaşinqton Universitetinin professoru Həsən Cavadinin Sabir haqqında iki məqaləsinin əldə edilməsi, tərcümə olunması və təhrif olunmuş bir neçə faktın dəqiqləşdirilməsi professorun cəfakeş, zəhmətsevər bir tədqiqatçı olmasını, qəlbən Sabirə bağlılığını bir daha təsdiq edir.

Ümumiyyətlə, Sabir irsinin tədqiqi və təbliği ilə bağlı aparılan tədqiqatların mövzu problematikası geniş, tədqiqatçıların sayı kifayət qədərdir. Sabir nəinki Azərbaycanda, hətta onun hüdudlarından çox-çox uzaqlarda tədqiq edilir, öyrənilir. Mən bu çətin, şərəfli omür yolunda müəllimimə uğurlar diləyir, sabirşünaslığı yeni-yeni elmi axtarışlarla zənginləşdirməyi arzu edirəm.

 





23.04.2013    çap et  çap et