525.Az

"Kəlbəcər həsrəti günbəgün daha da dözülməz olur"


 

80 YAŞLI ŞAİR ƏYYUB CABBAROV YARADICILIQDA DƏDƏ ŞƏMŞİRİ ÖRNƏK ALDIĞINI, ONDAN TƏSİRLƏNDİYİNİ DEYİR

"Kəlbəcər həsrəti günbəgün daha da dözülməz olur"<b style="color:red"></b>

Ağsaqqal qələm sahiblərimizdən olan şair Əyyub Cabbarov martın 5-də 80 illik yubileyini qeyd etdi.

O, 1937-ci ildə Kəlbəcər rayonunun Məmmədsəfi kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1956-cı ildə Bərdə rayonunda orta təhslini başa vuran Ə.Cabbarov 1964-cü ildə Bakı Plan İqtisad Texnikumunu bitirib.

İlk şeirləri və yazıları oxuduğu məktəbin divar qəzetində dərc olunmağa başlayıb, sonralar isə respublika miqyasında dövri mətbuata çıxıb. 1997-ci ilə qədər müxtəlif idarələrdə baş mühasib işləmiş Əyyub Cabbarov hazırda təqaüddədir. Ancaq özünün də yarızarafat qeyd etdiyi kimi, ədəbi yaradıcılıqdan "təqaüdə çıxmaq" fikrində deyil, əvvəlki şövqlə yazıb-yaradır. Gəncədə məskunlaşmış şairlə yubileyi ərəfəsində redaksiyamızda söhbətləşdik, 80 illik ömrünə, yaradıcılıq yoluna qısaca nəzər saldıq.

- Böyüdüyüm kənddəki mühitin təsiri ilə mən də aşıq ədəbiyyatına meylli olmuşam. Ustad aşıq Dədə Şəmşir Kəlbəcər ədəbi mühitində müstəsna nüfuza sahib olub. İndi də belədir, onun sözünün, yaradıcılığının cazibəsi güclüdür. Dədə Şəmşir uzun müddətdir ki, bizdən ötrü böyük örnəkdir, istinad mənbəyidir. Elə mən də ondan bəhrələnərək müxtəlif vaxtlarda xeyli şeirlər, yazılar yazmışam. 

- Bəs bu yazıların bəhrəsi - kitablar necə?

- Açığı, kitablarımı çap etdirməyə çox can atıb tələsməmişəm.1999-cu ildə "Azərnəşr"də "Yamanca tutulduq qarğışa, dağlar" adlı birinci kitabım çap olundu. Bir qədər ara verəndən sonra 2006-cı ildə iki kitabım işıq üzü gördü. Biri "Ayrılıq görüşdən qabağa düşdü", digəri "Günahlı dünya" adlanır. 2012- ci ildə 4-cü - "Ay arxadan baxan illər" kitabım çıxdı. Bundan başqa, ilk kitabım olan "Yamanca tutulduq qarğışa, dağlar" İranda, ərəb əlifbasıyla, amma Azərbaycan dilində 5000 nüsxə tirajla çap edilib. Nəhayət, 2017-ci ildə "Duz yüklü ömür karvanı" adlanan son kitabım nəşr olundu.

- Eşitdiyimə görə, haqqınızda dastan da qoşulub...

- Doğrudur. Dastanın mətni mənim şeirlərimə əsaslanır, amma nəsr hissəsinin müəllifi də, nəşri ilə məşğul olan da istedadlı yazıçı-publisist Cəmilə Çiçəkdir. 2005-ci ildə kitab şəklində işıq üzü görən 2000 nüsxədən ibarət dastan "Əyyub və Sənəm" adlanır. 

- Kitabınızı vərəqləyəndə diqqətimi çəkdi: Kəlbəcər mövzusu yaradıcılığınızda qırmızı xətt kimi keçir.


- Həmişə qələmə aldığım mövzulardan ikisi xüsusilə öndə olub: vətən və məhəbbət... "mən-mən" deyərək özüm haqqında böyük danışmaq istəmirəm. Bacardığım qədər yaxşı yazmağa çalışmışam. Qaldı Kəlbəcər mövzusuna, yazdıqlarımda əsas xoşagələn bir cəhət varsa, o da Kəlbəcər, Gəncə ədəbi mühiti, aşıq Şəmşirin adıyla bağlıdır. Ondan həmişə bəhrələnmişəm, bu gün də mütaliə yoluyla, yardıcılığım onlardan qidalanır. Aşıq Şəmşir məktəbindən bəhrələnən Bəhmən Vətənoğlu, Sücaət, Ənvər Rza, Məmməd Aslan kimi görkəmli şairlərimiz ədəbi istedadlarıyla özünəməxsus ad-san sahibi olublar. Mən də bu yolla gedib nələrsə yaratmağa cəhd etmişəm. Azərbaycanın hər guşəsi vətənimizdir, amma Kəlbəcər Azərbaycanın iki gözünün biridir. Məqsədim kəndimi, rayonumu tərifləmək deyil. Amma düzünü desək, orarda çoxlu şəfa ocaqları, gözəl bulaqlar, valehedici mənzərə, əzəmətli dağlar, geniş düzənliklər vardı. Bəzən yadıma düşəndə özümü nə qədər möhkəm tutsam da, Kəlbəcər həsrəti yaman güc gəlir, günbəgün daha da daha da dözülməz olur.
Dəlidağın işğalda qalması, Kəlbəcər rayonunun talan olması içimi göynədir, gözlərimi yaşardır. İnsan doğulduğu kənd qədər başqa yerə bağlana bilmir. Anam qədər doğmadır, əvəzsizdir o yerlər mənə. Yurd itkisi çox ağırdır. Bizim bu vaxtacan dözüb dayanmağımız yalnız o yerlərə bir də dönmək istəyimizin gücündəndir. İnanıram ki, işğal müvəqqətidir, ordumuzun qüdrəti, hər azərbaycanlının boynuna düşən vətən borcu yerinə yetiriləcək, torpaqlarımız azad olunacaq. Hələliksə əlimdən gələn budur ki, doğma el-obaya, Kəlbəcərə, anadan olduğum kəndə, oraların möcüzəvi gözəlliklərinə həsrətli şeirlər yazıram.

- Kimləri oxuyur, kimləri örnək alırsız?

- Dünya ədəbiyyatından Puşkinin, Bayronun, Tolstoyun, Hüqonun əsərlərini maraqla oxumuşam, başqa dahiləri də mütaliə edirəm. Azərbaycan ədəbiyyatında, poeziyamızda Səməd Vurğunun yaradıcılığına böyük məhəbbətim var. Az qala bütün əsərlərini əzbər bilirəm. Ordubadinin romanları, Eyyub Abbasovun "Zəngəzur" əsəri, Anarın, Əli Kərimin yaradıcılığı çox sevdiyim ədəbi nümunələrdir. Gəncədə yaşayıb fəaliyyət göstərən Qərib Mehdinin yaradıcılığına da marağım var.

- Ədəbi mətbuatla, dərgilərlə əlaqələriniz necədir?

- Sovet dövründə yazılarım müxtəlif mətbu orqanlarda çap olunub. Amma çox çap edilmək həvəsində olmamışam. İndi də qəzetlərlə, dərgilərlə əlaqəm zəifdir. Sizin qəzetdə, "Azərbaycan" qəzetində yazılarım və haqqımda yazılanlar çap edilib.

- Yaradıcılığınızın mövzu mənbələrindən danışdınız, bəs şeirlərinizin ilham qaynağı? Şeir yazmaq ovqatına necə köklənirsiniz?


- Məncə, şeir havasına köklənmək doğrudan da ilhamla, coşqun duyğularla bağlıdır. Bu duyğular bəzən təbiətlə, bəzən kiməsə məhəbbətlə, bəzən yurd həsrətilə əlaqəli üzə çıxır. Məndə bunlardan ən üstün olanı, dediyim kimi, vətənə və insana məhəbbət duyğularıdır. Yaradıcılığa təsiri öz yerində, ümumiyyətlə, insan o vaxt ölür ki, məhəbbət duyğuları itir. Güclü məhəbbət isə insanı ruhlandırır, yaradıcılığa sövq edir.

Əyyub CABBAROV

Dədə Şəmşir

Yamanca çətinə düşmüşəm yenə,
Bu işi yoluna qoy, Dədə Şəmşir!
Kimə ağız açdım səni göstərdi,
Şahidimdi yerlə-göy, Dədə Şəmşir!

Pay ayrıldı, püşküm düşdü bir aza,
Sən olmasan gedəcəkdi güdaza.
Bir təcnisdi, məni yığıb boğaza,
Yetiş harayıma, ay Dədə Şəmşir!

Təbim korşalıbdı, fikrim tarimar,
Şeir hatəmisən, mahir sənətkar.
Səndən bir qafiyə ehtiyacım var,
Ver Əyyub balana pay, Dədə Şəmşir!

Ağdaban faciəsi

7-si aprelin qanlı gecəsi
Yardı qaranlığı odlu güllələr.
Göyləri inlətdi min fəryad səsi,
Qalxdı Ağdabanda ərşə nalələr.

8 qoca, 2 körpə, 7 ana,
Saya bir bax - 2 itkin, 5 girov,
8 nəfər diri-diri yanana,
Şahə qalxdı, üzə durdu od-alov.

Sözə sığışmayan fəlakətə bax: -
Çingiz güllələdi doğma bacısın!
Ürək oda yanır, qovrulur dodaq,
Duyduqca Aygünün ömür acısın!

Xəstə Qənaətin cismin, bədənin
Vəhşi nərəsiylə kəsdi Diqiran!
Sonra barmağıyla oydu gözlərin,
Tarixdə belə hal görməyib insan!

Gülzar göz yaşını tökmədi hədər,
Baxdıqca düşmənin vəhşi oynuna;
Qoru namusunu, ay ana Tərtər,
Qayadan şığadı sellər qoynuna!

Soydular Saşanın üz dərisini,
Qəmərdə güllələr xaç şəkli çəkdi!
Gizləyib tarixin faciəsini,
Dedilər: - Kim görüb, kim görəcəkdi?!

Musa ilə Həyat, Bakirlə Qulu,
Ağdabanda diri-diri yandılar!
İgid Ziyəddinin doğrandı qolu,
Vəhşi caynağında parçalandılar!

BTR yeridi Rayətin üstə,
Xıncım-xıncım edib torpağa qatdı.
O mənfur faşistlər durmuşdu qəsdə,
Ölü cəsədlərdən tonqal yaratdı!

Qurban külliyyatı, Şəmşir xəzinəsi,
Düşmən əlləriylə oda qalandı,
Rayətin torpaqda "intiqam" səsi
Elə haray çəkdi, yer yırğalandı!

Ömür deyil nə göz yaşı, nə də yas,
Ordumuz torpağı azad edəcək!
Hələ qarşıdadır qisasa-qisas,
Zəfər bayrağıyla gəlir, gələcək!

Qocalıq tutub yaxamdan

Qocalıq tutub yaxamdan,
Mənlə uşaqlıq eləyir.
Nə qanır, nə də qandırır,
Tez-tez "axmaqlıq" eləyir.

Diz taqətsiz, yoxuş uca,
Zayıllayır qocaldıqca...
Gözəllərin arxasınca,
Baxır, qorxaqlıq eləyir.

Neylədiyin özü bilmir,
Fikrinə nə gəldi, deyir.
Əlindən bir iş də gəlmir,
Yersiz şıltaqlıq eləyir.

Çox qış gördüm, çox da bahar,
Nə oldu, nələr də olar?
Əyyubun nə günahı var?
Səhvi qocalıq eləyir.

Moskva, 11.01.2014

Səndən sənə olan şikayət imiş

Bəlkə istəmişəm qədərdən artıq,
Bəlkə də olanlar kifayət imiş.
Nə qədər yaxınsan, o qədər uzaq,
Sonu görünməyən nəhayət imiş.

Gözlərin sinənə yeridi getdi,
Gözəlliyin məni bürüdü getdi.
Baxışım qoynunda əridi,
Cənnət belədisə qiyamət imiş.

Dil açmamış qəlbimdəkin bilərdin,
Təmənnamı yayındırıb gülərdin.
Nəyin azalardı, nə itirərdin?
Səndən sənə olana şikayət imiş.

Gözlərinə baxdım, məni görmədin,
Dilimdə gül açdı, birin dərmədin.
Mənə hər şey verdin, könül vermədin,
Camalını görmək ziyarət imiş.

Söylə indən belə neyləyəcəksən?
Yoxsa son köçümü əyləyəcəksən.
Vallah yoxluğuma göynəyəcəksən,
Əyyub nağıl imiş, hekayət imiş.

24.07.2014

Qoymur

Sənin baxışında şeytan tükü var,
İlişib qalıram, getməyə qoymur.
Qarşında dönürəm sarı bülbülə,
Elə baxırsan ki, ötməyə qoymur.

Qarşındayam, dili yoxdu sözün də,
Hekayət var bu lal sözün özündə,
Sevda çiçəyisən dünya üzündə,
Ayrı çiçəkləri bitməyə qoymur.

Məndən olsa sənə yetib gedərdim,
Qəlbinin içində bitib gedərdim,
Olmasan, dünyadan itib gedərdim,
Varlığın Əyyubu itməyə qoymur.

Moskva, 16.12.2013

 





07.03.2017    çap et  çap et