525.Az

İlham Əliyev: “Hamımız dünyada, regionda sülh olmasını istəyirik”


 

İlham Əliyev: “Hamımız dünyada, regionda sülh olmasını istəyirik”<b style="color:red"></b>

Bu gün Azərbaycan prezidenti İlham Əliyev “MDB müsəlmanları sülh və sabit inkişaf naminə” mövzusunda Bakıda keçirilən konfransın iştirakçılarını qəbul edib.

525.az-ın xəbərinə görə, prezident konfransda mühüm və aktual mövzunun müzakirə edildiyini, xalqlar arasında qardaşlığın, qarşılıqlı münasibətlərin və ümumi məqsədin göstəricisi olduğunu deyib: “ Çünki hamımız istəyirik ki, bütün dünyada, bizim regionda, Qafqazda sülh olsun, müharibələr, əzablı günlər olmasın. Bir daha demək istəyirəm ki, belə bir mövzu düzgün seçilmişdi: “Müsəlmanlar sülh naminə”. Biz hamımız sülh istəyirik, hamımız buna can atırıq”.

Prezident qeyd edib ki, bu tədbirlər həm də ümumi köklərə, tarixə və ümumi məqsədə əsaslanan əməkdaşlığın baş tutmuş formatıdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə prezidentə minnətdarlığını bildirib: “Sizin bu gün bizi qəbul etməyiniz bir daha dinə, mənəviyyata olan münasibətinizin göstəricisidir”.

Şeyx Heydər Əliyevin prezident seçiləndən sonra ilk addımlarından birinin peyğəmbər əleyhissalamın mövludu günü Təzəpir məscidinə gəlməsi olduğunu xatırladıb: “Siz də Azərbaycanda və onun hüdudlarından kənarda məscidləri, kilsələri bərpa etdirirsiniz. Bakıya gələn din xadimləri də bunu xüsusi vurğulayırlar. Azərbaycan həm maddi, həm də mənəvi cəhətdən sürətlə inkişaf edir. Biz Prezidentimizlə, Azərbaycanımızla fəxr edirik.

Bu konfransın Bakıda keçirilməsi və mənim MDB Müsəlmanları Məşvərət Şurasına ikinci dəfə beş illiyə sədr seçilməyim Sizə, Azərbaycana yüksək hörmət və ehtiramın göstəricisidir. Biz - müxtəlif dinlərin xadimləri birlikdə sülh və qardaşlıq üçün öz təcrübələrimizdən istifadə etmək istəyirik. Biz Ümrə ziyarətində olduq. Peyğəmbərin məzarının yanında hamımız Heydər Əliyev həzrətlərinin və Zərifə xanımın ruhuna dua etdik və mən Quran oxudum”.

Şeyx qeyd edib ki, konfransın Bakıda keçirilməsi Azərbaycana verilən önəmin və hörmətin təsdiqidir.
Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri İsmayıl Berdiyev  deyib ki,

onlar hamının böyük hörmət etdiyi, sovet dövründə isə Siyasi Büronun üzvü olması ilə fəxr edilən Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Bakıya gəliblər: “Biz burada Sizin atanızın, ananızın ruhuna quran oxuduq, dualar etdik. Allah ruhlarını şad etsin. Sizə gəlincə, Siz də hər şeyi xalqınız üçün edirsiniz. Sizin qəlbinizdə iman işığı var. Şeyxin dediyi kimi, atanız Sizi özü ilə ilk dəfə məscidə ziyarətə aparıb və hamısı da bundan başlayıb. Biz Sizin Həcc ziyarətində olmağınızın kadrlarını görmüşük. Bütün bunlar sübut edir ki, Sizin qəlbinizdə iman və inam var. Allah sizi qorusun!”

Prezident din xadimlərinin arasında görüşlərin mütəmadi xarakter almasının vacibliyini vurğulayıb: “Biz həmişə bir yerdəyik, ünsiyyətdəyik. Mən sizin rolunuzu çox yüksək qiymətləndirirəm. Həm də müsəlman dünyasında böyük nüfuzu olan şeyximizin rolunu yüksək dəyərləndirirəm”.

Prezident dünyada cərəyan edən mürəkkəb proseslər fonunda tolerantlığın, dinc yanaşı yaşamanın və qarşılıqlı etimadın möhkəmləndirilməsinin əhəmiyyətindən də danışıb: “Təəssüf ki, bizim bütün səylərimizə baxmayaraq, dünyada həyəcanlı proseslər gedir. Antiislam, islamofobiya təbliğatı aparılır. Biz nə qədər çalışsaq da, hər halda kütləvi informasiya vasitələrində bu terminlər işlədilir. Terrorçuları “islamçı” adlandırırlar. Terrorçunun nə milləti, nə də dini var”.
 
Ölkə başçısı Azərbaycanda milli mənəvi dəyərlərin möhkəmləndirilməsi işinə dövlət səviyyəsində daim diqqət yetirildiyini, dini-tarixi abidələrin bərpası və mühafizəsi sahəsində mühüm tədbirlərin həyata keçirildiyini deyib. Prezident həmçinin Azərbaycanın başqa ölkələrdə də müxtəlif dinlərə məxsus məbədlərin bərpasında və tikintisində fəal iştirak etdiyini, bu işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Dövlət başçısı Azərbaycanın ən qədim məscidi olan Şamaxı “Cümə” məscidində gedən bərpa işlərindən də danışıb: “Bu, Azərbaycanın ən qədim məscididir. Bu məscid 743-cü ildə inşa edilib. Onu zəlzələlər dağıtmışdı. Şamaxı şəhəri zəlzələdən zərər çəkəndə paytaxt Bakıya köçürüldü. Sonra isə artıq XX əsrdə məscid erməni vandalizminə məruz qaldı, ermənilər tərəfindən yandırıldı. Bütün bunlar sənədləşdirilib. 1918-ci il bizim xalqımız üçün çox ağır il idi. O vaxt Bakıda, Şamaxıda, Qubada və digər regionlarda minlərlə azərbaycanlı qətlə yetirilib. Biz bütün tarixi və dini abidələrimizi bərpa edirik, onları əziz tutur, qoruyuruq. Biz xalqlarımızın rifahı naminə birlikdə çalışacağıq”.

Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Sultan Mirzayev də Bakıda keçirilən konfransın əhəmiyyətindən danışıb. O, MDB dövlətləri ilə yanaşı digər ölkələrin nümayəndələrinin də ilk dəfə bu tədbirdə iştirakını əlamətdar hadisə kimi dəyərləndirib. O, daha sonra gənclərin mənəvi cəhətdən formalaşmasının cəmiyyətin ümumi inkişafına göstərdiyi təsirdən, Azərbaycanın inkişafından danışıb: “Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndə çox ağır dövr idi. O, Azərbaycanı ayağa qaldırdı, ölkəni inkişaf etdirməyin yolunu göstərdi. Çox sağ olun ki, Siz də bu yolla gedirsiniz, olanları qoruyursunuz, inkişaf etdirirsiniz, genişləndirirsiniz”.
 
S. Mirzayev hazırda Çeçenistanda da sabitlik olduğunu deyib: “Bu gün Çeçenistanda sülh, sabitlik hökm sürür. Bu da Şimali Qafqazda çox mühüm rol oynayır. Bütün Şimali Qafqaz regionunun müftiləri bunu təsdiq edə bilərlər”.

Prezident qeyd edib ki, cəmiyyətin əsasında mənəvi-tərbiyəvi prinsiplər dayanır: “Əgər biz bunu itirsək, cəmiyyət olmayacaq. Onda biz bünövrəni itirmiş olarıq. Biz həm dinimizi, həm dilimizi, həm ədəbiyyatımızı, həm də incəsənətimizi qoruyub saxlamışıq. Müstəqillik illərində də bu mövqeləri möhkəmləndirmişik. Gənclər də milli ruhda tərbiyə olunmalı, savadlı olmalıdırlar”.

Ukraynanın müftisi Təmim Əhməd isə çıxışında Azərbaycan dövlətinin tolerantlığa, dini etiqada, mənəvi dəyərlərə göstərdiyi diqqətin cəmiyyətin ümumi inkişafına müsbət təsir etdiyini deyib. O, Kiyevdə ilk məscidin inşasına Azərbaycan dövlətinin göstərdiyi köməyə görə minnətdarlığını bildirib.
 
Serbiyanın müftisi Muhammed Yusifpahiç Azərbaycanda sülhün və əmin-amanlığın mövcudluğundan məmnunluq hissi keçirdiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlı olduğunu da bildirib: “Azərbaycana qarşı haqsızlıq olub və var. Ölkənin Dağlıq Qarabağla birlikdə 20 faiz ərazisi işğal altındadır”.

Serbiyanın müftisi dövlət başçısına Belqradda ölkənin qədim tarixi abidələrindən olan məscidin bərpasına, həmçinin pravoslav kilsəsinin təmirinə göstərilən yardıma görə təşəkkür edib.

Beynəlxalq İslam Missiyasının prezidenti, Qafqaz Müsəlmanları İdarəsinin Moskvadakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev qeyd edib ki, bu, onların ikinci konfransıdır: “İlk konfrans 2009-cu ildə Moskvada keçirilmişdi. İndi Bakıda toplaşmışıq. Buranı seçməyimiz təsadüfi deyil. Mənim həmkarlarımın, qardaşlarımın fikirlərinə qoşuluram ki, Bakı İslam mədəniyyətinin mərkəzlərindən biridir. Bu, Sizin xoş məramınızdır, Sizin iradənizdir. Biz Sizə çox minnətdarıq. Biz dua edirik ki, Allah-Təala Sizə həmişə kömək olsun və uğurlarınız daha da artsın”.

Prezident İlham Əliyev Məşvərət Şurası çərçivəsində əməkdaşlığın gələcəkdə də genişləndirilməsi işində Şura üzvlərinə uğurlar arzulayıb.

 





24.04.2013    çap et  çap et